Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İsrail və Amerikanı çıxmaqla, bütün dünya ilə əməkdaşlıq etməyə hazırıq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xarici İşlər Naziri, İİR-in xarici ölkələrdəki səfirlik və nümayəndəliklərin rəsmiləri ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, ölkənin diplomatik korpusu İranın milli mənafeyini, hədəflərini və kapitalını müdafiənin ön sıralarında durur. İran diplomatiyasının özəlliklərini açıqlayan Ali Məqamlı Rəhbər hal-hazırda yaşanan və olduqca mühüm əhəmiyyət kəsb edən yeni qlobal sistemə keçid mərhələsində fəal və müdrik diplomatiyanın vacibliyini vurğuladı, habelə Amerika ilə diplomatik əməkdaşlığın faydasız olduğu barədə mühüm fikirlər səsləndirdi.

Diplomatik fəaliyyətin əhəmiyyətindən danışan Həzrət Ayətullah Xamenei dedi: “Fəal və müdrik diplomatiya heç bir yolla, o cümlədən böyük xərclər tələb edən, təhlükəli müharibələr vasitəsilə ilə əldə edilməsi mümkün olmayan, olduqca mühüm siyasi, iqtisadi və sosial nailiyyətlərin əldə olunması ilə nəticələnə bilər. Bu reallıq diplomatik korpusun bir ölkənin ümumi administrasiyasındakı çəkisini və yerini göstərir”.

Ali Məqamlı Rəhbər son bir neçə ildə regionda baş vermiş hadisələrin sözügedən reallığa nümunə olduğunu qeyd edərək dedi: “Müəyyən dövlətlər zorakılıq və silah gücünə öz mənafelərini təmin etməyə çalışsalar da, heç nəyə nail ola bilmədilər. Lakin kimlərsə incə siyasət və ağılla hərəkət edərək öz mənafelərinin çox yaxşı təmin etməyi bacardılar”.

Ali Məqamlı Rəhbər Xarici İşlər Nazirliyini ölkə diplomatiyasının nizamlı ordusu adlandıraraq dedi: “Xarici siyasət sferasında digər strukturların da rolu və təsiri var, lakin Xarici İşlər Naziri vəzifəli bir qurum, nizamlı bir ordu kimi əsas məsuliyyəti çiynində daşıyır”.

Uğurlu diplomatik fəaliyyətin şərtlərini açıqlayan Həzrət Ayətullah Xamenei hədəflərin dəqiq və aydın surətdə müəyyən edilməsinin vacibliyini vurğulayaraq dedi: “Bu hədəflərdən bəziləri ümummilli miqyaslı, böyük ideallardır, bəziləri regional miqyaslı, strateji hədəflər hesab olunur, bəziləri isə konkret mərhələdə konkret mövqe ilə bağlıdır. Bu hədəflər bütün müstəvilərdə dəqiqliklə müəyyən olunmalıdır ki, diplomatik korpusun bütün rəsmi və sıravi nümayəndələri öhdələrinə düşən vəzifələri lazımınca bilsinlər”.

Müvafiq təşkilatlanmanın uğurlu diplomatiyanın ikinci şərti olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu təşkilatlanma hədəflərə uyğun surətdə, eyni zamanda imkanları nəzərə alaraq aparılmalıdır”.

Həzrət Ayətullah Xamenei səriştəli kadrlardan yararlanmanı uğurlu diplomatiyanın daha bir şərti adlandırdı. “Diplomatik səriştə” anlayışı haqda daha ətraflı danışan Ali Məqamlı Rəhbər diplomatik zəka və məharət, lazımi məqamda elastiklik nümayiş etdirmək, mühüm situasiyalarda təsir altına düşməmək, hədəflərə dərindən və sədaqətlə bağlılıq kimi amillərə toxundu.

Diplomatik zəkanın nə demək olduğunu açıqlayan Ali Məqamlı Rəhbər aşağıdakıları qeyd etdi: “Bu xüsusiyyət qarşılıqlı müzakirə və əməkdaşlıqlar zamanı insana qarşı tərəfin hədəf və davranışlarını öncədən proqnozlaşdırmaq və öz addımlarını buna uyğun planlaşdırıb həyata keçirmək qabiliyyəti qazandırır”.

“Diplomatik məharət” anlayışını güc və elastiklikdən yerində və məqamında istifadə etmək kimi mənalandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu xüsusiyyətin digər bir mənası qəhrəmancasına yumşaqlıq göstərməkdir. Bunun tarixdəki ən möhtəşəm nümunəsi isə İmam Hüseyn Müctəbanın (ə) sülh sazişinə getməsidir”.

O, əlavə etdi: “Bəzi yozumlardan fərqli olaraq, qəhrəmancasına yumşaqlığın mənası açıq-aydındır və onun bariz nümunəsini güləş yarışlarında müşahidə etmək mümkündür. Əsas hədəfin qarşı tərəfi məğlub etmək olduğu bu yarışlarda idmançı güclü olduğuna baxmayaraq, yerində lazımi elastikliyi tətbiq etməsə, heç şübhəsiz, məğlub olur, güc və elastiklikdən məqamında istifadə etdikdə isə tərəf müqabilinin kürəyini yerə vurur”.

Ali Məqamlı Rəhbər həmçinin hədəf və ideallara dərindən, sədaqətlə bağlılıqdan da danışaraq dedi: “Dinə imanı, hədəf və amallara dərin inamı olmadan diplomatiya sahəsində fəaliyyət göstərən şəxs, sözsüz ki, işində uğur qazanmayacaq”.

Diplomatiya arenasını döyüş meydanına bənzədən Həzrət Ayətullah Xamenei dedi: “Reallıq budur ki, diplomatiya arenası döyüş, çarpışma meydanıdır. Hədəfinə güclü inamı olmadan bu işə girişən şəxs ya dərhal, ya da sonda məğlubiyyətə uğrayacaq”.

Ali Məqamlı Rəhbər uğurlu diplomatiyanın daha bir şərti kimi, dayanmadan, dinamik fəaliyyət göstərməyin vacibliyindən danışdı.

O dedi: “Yüksək dinamika diplomatiyanın vacib tələblərindən biridir və buna ciddi diqqət yetirilməlidir”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər hazırkı etapı yeni bir qlobal sistemə keçid etapı kimi dəyərləndirərək dedi: “Asiya, Afrika və Latın Amerikasında meydana ənənəvi oyunçulardan başqa, yeni oyunçular da daxil olub. Onlar formalaşması gözlənən yeni sistemdə öz mövqelərini sübut etməyə çalışırlar”.

O həmçinin vurğuladı: “Belə bir dövrdə güclü və effektiv diplomatiya ikiqat əhəmiyyət kəsb edir. Məhz buna görə də bu gün XİN-in öhdəsinə əvvəlkindən daha həssas bir vəzifə düşür”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər hazırkı etapda ölkəmizin diplomatik korpusu fəal, müdrik və güclü bir iştirak nümayiş etdirə bilsə, gələcək bir neçə onillikdə yeni qlobal sistemdə İran İslam Respublikasının nüfuz və mövqeyi diqqətəlayiq dərəcədə möhkəmlənəcək. Əks təqdirdə, daim inkişafda olan dünyada biz lazımi mövqe tuta bilməyəcəyik”.

Ali Məqamlı Rəhbərin ölkənin diplomatik rəsmiləri qarşısında vurğuladığı digər bir məqam fürsətləri yaxalayıb onlardan düzgün istifadə etmək oldu.

O dedi: “Dünyada və regionda çox sürətli dəyişikliklər gedir. Onları anında izləyib yüksək operativliklə hər bir hadisəni dərhal analiz etmək, həmin olayın dövlətimizin hədəf və amalları ilə uyğun gəlib-gəlmədiyini dəyərləndirərək ona qarşı mövqeyimizi müəyyən etmək lazımdır”.

Ali Məqamlı Rəhbər diplomatik korpusun rəsmiləri qarşısında çıxışının ardını irimiqyaslı hədəf və siyasətlər ətrafında quraraq bu mövzunun daim xarici siyasətin rəsmilərinin diqqət mərkəzində durmalı olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı qeyd etdi ki, İslam Respublikasının məntiqini, yəni dinə əsaslanan xalq hakimiyyətini yüksək tribunalardan dünya ictimaiyyətinə çatdırmaq ölkənin diplomatik korpusunun böyük bir hədəfidir. O həmçinin vurğuladı: “Bu məsələdə heç bir güzəştə getmədən davranın, çünki özəlliklə müsəlman regionunda bu hədəfin reallaşması tamamilə mümkündür”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, xarici siyasət rəsmilərinin daha bir hədəfi İran diplomatiyasının özəllik və imtiyazlarını dünyaya tanıtdırmaqdır.

O, əlavə etdi: “Fərdi və ictimai davranışlarda, diplomatik görüşlərdə şəriətin qayda-qanunlarına əməl etmək, böyük dövlətlərin, o cümlədən Amerikanın heybətindən qorxmamaq İran diplomatiyasına xas olan bir özəllikdir. Buna ciddi diqqət yetirilməlidir”.

Ali Məqamlı Rəhbər dedi: “İmperialist dövlətlərdən qorxmamaq inqilabdan sonra İslam Respublikasının xarici siyasətinin bariz xüsusiyyətinə çevrilib. Bu xüsusiyyət dünya xalqlarının qəlbində həm xalqımıza və dövlətimizə qarşı sevgi və maraq yaradıb, həm də dünya siyasətçilərini – bunu etiraf etsələr də, gizlətsələr də – bizə hörmətlə yanaşıb təqdir etməyə vadar edir.

Həzrət Ayətullah Xamenei İran diplomatiyasının daha bir özəlliyi kimi məzlumların açıq, qətiyyətli və həqiqi müdafiəsini qeyd edərək dedi: “İnqilabdan sonra bu xüsusiyyət daim Fələstin və Livan xalqlarının, onların mübariz oğularının müdafiəsində, eləcə də digər bənzər situasiyalarda özünü biruzə verib”.

Ali Məqamlı Rəhbər imperializmə qarşı ciddi müxalifətin İslam Respublikasının xarici siyasətinin bariz xüsusiyyətlərindən olduğunu qeyd edərək dedi: “Bizim rəsmilərimiz heç nədən çəkinmədən möhtəşəm bir şəkildə imperialistlərin, özəlliklə də Amerikanın dünyanın istənilən yerində iştirakına qətiyyətlə mübarizə aparıblar və aparırlar.”

“ Milli mənafeyin təmin olunması dünyanın bütün diplomatik aparatlarının ortaq hədəfidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran diplomatiyasında isə milli mənafeyin təmin olunması üçün göstərilən səylərdən əlavə, milli sərmayənin qorunması da olduqca əhəmiyyətlidir. Çünki milli sərmayə əldən çıxarsa, diplomatik aparatın dayağı olmaz və milli mənafeyi təmin etmək də mümkün olmaz”.

Ali Məqamlı Rəhbər iranlıların milli, islami, inqilabi və tarixi kimliyinin onların milli sərmayəsi olduğunu qeyd edərək dedi: “İslam inqilabından doğmuş müstəqillik, din, mömin xalq, inqilabi ruhlu gənclər, hegemonlara qarşı qətiyyətli mövqe, elmi inkişaf, ziyalılar və elm xadimləri – bütün bunlar milli sərmayənin tərkib hissələridir və diplomatiya arenasında qorunmalıdır ki, milli mənafe təmin olunsun”.

Ali Məqamlı Rəhbər çıxışının son hissəsini dünya ilə əməkdaşlıq mövzusuna həsr etdi. O, iki gün öncə səfirlər və səlahiyyətli nümayəndələrlə görüş zamanı ölkə başçısının bütün dünya ilə əməkdaşlığın vacibliyi ilə bağlı vurğuladığı fikirləri təsdiqləyərək dedi: “Burada iki istisna var: İsrail və Amerika”.

Ali Məqamlı Rəhbər Amerika ilə əməkdaşlığın mümkünsüz olduğunu bir neçə arqumentlə əsaslandıraraq aşağıdakıları vurğuladı: “Müstəsna halları çıxmaq şərti ilə, İran İslam Respublikası üçün Amerika ilə əlaqədə olub danışıqlar aparmağın nəinki heç bir xeyri yoxdur, hətta mən deyərdim ki, ziyanı da var. Ağlı olan adam da xeyirsiz bir işin arxasınca gedərmi?!”

O, əlavə etdi: “Bəziləri belə bir fikir formalaşdırmağa çalışırdılar ki, əgər Amerika ilə danışıqlar masasına otursaq, problemlərimizin çoxu həll olunar. Əlbəttə ki, biz bunun belə olmadığını bilirdik, son 1 ildə baş verənlər isə bu reallığı artıq neçənci dəfə sübuta yetirdi”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Əvvəllər ölkəmizin rəsmiləri ilə Amerika rəsmiləri arasında heç bir əlaqə yox idi, son bir ildə isə həssas bir məsələ olan nüvə məsələsi ilə bağlı olaraq, həm də bir təcrübə olsun deyə Xarici İşlər Nazirliyi səviyyəsində rəsmilərimizin Amerika rəsmiləri ilə diplomatik münasibət qurması, toplantı və müzakirələrdə iştirak etməsi qərara alındı. Lakin bu əlaqələr nəinki heç bir fayda vermədi, əksinə, amerikalılar dövlətimiz haqqında daha da kəskin və təhqiramiz tonla danışmağa başladılar, danışıqlar masasında və beynəlxalq tribunalarda daha da tələbkar iddialarla çıxış etməyə başladılar”.

O, əlavə etdi: “Əlbəttə ki, rəsmilərimiz onların bu tələbkarlığına daha da güclü, bəzən isə daha sarsıdıcı cavablar verdilər, lakin ümumilikdə hamıya aydın oldu ki, bəzilərinin təsəvvür etdiyinin əksinə olaraq, Amerika ilə danışıqlar heç nəyə kömək etməyəcək”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar, sanksiyaların artırılması məsələsinə toxunub dedi: “Amerikalılar nəinki düşmənçiliyi azlatmadılar, əksinə, saksiyaları artırdılar. Əlbəttə ki, onlar bu sanksiyaların yeni olmadığını deyirlər. Amma əslində, onlar yenidir və sanksiyalar mövzusunda müzakirələrin də heç bir faydası olmayıb”.

O, əlavə etdi: “Əlbəttə ki, mən rəsmilərimizi nüvə mövzusu ətrafında müzakirələrin davam etdirməkdən çəkindirmirəm və Doktor Zərif və həmkarlarının başlatdığı, bu günə qədər də yaxşı bir şəkildə apardıqları iş hələ davam edir. Lakin bu, hamımız üçün, sadəcə, daha bir qiymətli təcrübə oldu ki, Amerika ilə oturub-durub söhbət aparmağın onların düşmənçiliyinin azalamasına heç bir vəchlə təsir göstərmədiyini və faydasız olduğunu anlayaq”.

Amerika ilə danışıqlaırn ziyanlı cəhətlərindən danışan Ali Məqamlı Rəhbər dedi: “Bu, dünya ictimaiyyəti və dünya dövlətlərinin bizi tərəddüddə ittiham etməsinə yol açır və qərblilərin öz genişmiqyaslı təbliğatlarında İslam Respublikasının qətiyyətli mövqeyindən geri durduğu, hökumət daxilində ikitirəlik yarandığı ilə bağlı fikirlər yaymasına səbəb olur”

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, Amerika ilə danışıqlara getməyin daha bir mənfi nəticəsi onların yeni tələblər irəli sürməsi üçün zəmin yaranmasıdır”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər İsrail rejimi ilə qarşılıqlı əməkdaşlığın qapanmış bir mövzu olduğunu qeyd edərək Amerika ilə bağlı isə aşağıdakıları vurğuladı: “Nə vaxta qədər ki, hazırkı vəziyyət, yəni Amerikanın düşmənçiliyi, ABŞ hökuməti və konqresinin İranla bağlı düşmən mövqeli bəyanatları davam edir, onlarla əməkdaşlıq variantı da heç bir vəchlə real deyil ”.

Ali Məqamlı Rəhbər sionistlərin Qəzzada törətdiyi cinayətlərdə onlarla əlbir olduqlarına görə xalqların Amerikaya qarşı nifrətinin daha da artdığını bildirərək dedi: “Amerikanın qəsbkar, canavar xislətli, qatil, kafir və zalım sionist rejiminin törətdiyi cinayət və soyqırımlarına ortaq olmadığına düyada heç kim inanmır. Məhz buna görə də hazırda Amerikanın mövqeyi daha da zəifləyib.

Bu günlərdə məzlum Qəzza əhalisinin düşdüyü vəziyyətdən danışan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Fələstinlilərin atəşkəslə bağlı məntiqi doğrudur. Onlar deyirlər ki, atəşkəsi qəbul etmək yırtıcı və qaniçən İsrail rejiminin istədiyi faciəni törətməsi, sonra da heç bir əvəz ödəmədən hücumdan əvvəlki vəziyyətə, yəni blokadanın və şiddətli təzyiqlərin davam etdiyi günlərə qayıtması mənasındadır”.

Həzrət Ayətullah Xamenei dedi: “Fələstinlilərin də dediyi kimi, bu qədər cinayətin bir kompensasiyası olmalıdır ki, bu da Qəzzanın blokadasına son verilməsidir. Heç bir insaflı insan onların bu tələbinin haqlı olduğunu inkar edə bilməz”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər İraqdakı vəziyyətə də toxunaraq aşağıdakıları dedi: “İnşallah, İraqda yeni baş nazirin təyin olunması ilə işlərin düyünü açılar və İraqda fitnə salmaq məqsədi güdmüş və güdən ünsürlərə layiqli dərs verə biləcək, işgüzar bir hökumət kabineti təşkil olunar”.

Ali Məqamlı Rəhbər diplomatik korpusun rəsmilərinə və fəallarına işlərində uğurlar diləyərək dedi: “Mən daim Allahdan möhtərəm Xarici İşlər Nazirimizə və onun həmkarlarına mənəvi dəstək olmasını diləyirəm”.

Həzrət Ayətullah Xameneinin çıxışından öncə ölkəmizin Xarici İşlər Naziri Dr. Məhəmmədcavad Zərif İİR-in xaricdəki səfirlik və nümayəndəliklərində çalışan rəsmilərin iştirakı ilə keçirilmiş forum haqqında məlumat verərək qeyd etdi ki, forumun keçirilməsində məqsəd fikir mübadiləsi aparmaq, xarici siyasəti ali dövlət sənədlərinə uyğun surətdə tənzimləmək və Ali Rəhbərlik Məqamının tövsiyə və istiqamətləndirmələrindən bəhrələnməkdir.

XİN-ə fəaliyyətində dəstək olduğuna görə Ali Məqamlı Rəhbərə təşəkkürünü bildirən cənab Zərif hazırkı etapı tarixin özünəməxsus bir dönüş nöqtəsi adlandıraraq dedi: “Qlobal və regional siyasətin hazırkı özəllikləri sırasında beynəlxalq arenanın qarışıqlığını, güc mənbələrinin çoxalmasını və yeni fiqurlar üçün təsir imkanlarının yaranmasını qeyd etmək olar”.

“Xarici siyasət aparatının vəzifəsi daxildə və xaricdə yaranan müstəsna fürsətlərdən istifadə etməkdir” – deyən cənab Zərif aşağıdakıları vurğuladı: “İmam Xomeyni (r.ə) və Ali Məqamlı Rəhbərin diskursu, dinə əsaslanan xalq hakimiyyəti, ideallara doğru realistcəsinə can atma sayəsində, hazırda İslam Respublikasının ideoloji gücü İranda daxili sabitliyi təmin edib və dövlətimizi regional miqyasda güclü bir dövlətə çevirərək ona regionda müqavimət və İslamı genişləndirmə potensialı qazandırıb”.

Cənab Zərif dövlətçiliyin qoruyucusu kimi XİN-in öhdəsinə düşən vəzifələrə toxunaraq dedi: “Biz Ali Məqamlı Rəhbər tərəfindən müəyyən edilmiş xarici siyasət kursunu ən yüksək səviyyədə həyata keçirməkdə qərarlayıq, bu işdə Allah-Taalanın sonsuz qüdrətinə güvənirik və heç bir dövləti super-dövlət hesab etmirik”.

Xarici İşlər Naziri həmçinin dedi: “Biz xalqımızın gücünə və öz professionallığımıza inanırıq və məhz bu inama söykənərək heç bir zahiri gücün qarşısında məğlub olmayacağıq”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /