Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Gəlin məzlumun köməyinə qalxaq və İslam dünyasının zülm qarşısında sakit oturmayacağını göstərək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) dövlət rəsmiləri, müsəlman ölkələrinin İrandakı səfir və attaşeləri, habelə xalqın müxtəlif təbəqələrini təmsil edən yüzlərlə insanla görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər bütün müsəlmanları Fələstindəki məzlum insanlara yardıma səsləyərək aşağıdakıları vurğuladı: “İslam dünyası konfliktləri bir kənara qoyaraq Qəzza əhalisinin ehtiyaclarını təmin etmək üçün bütün gücünü səfərbər etməli, sionistlərin həyasız cinayətləri ilə mübarizə aparmaqla bərabər, onları himayə edənlərə, özəlliklə Amerika və İngiltərəyə qarşı nifrət və etirazını bildirməlidir”.

Bütün müsəlman xalqlarını mübarək Ramazan bayramı münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei bu bayramın vahid ümmətin bayramı olduğunu dedi. O, əlavə etdi: “Təəssüf ki, islami təlimlərin əksinə olaraq, bu gün güc və hakimiyyət məqsədi güdən siyasi motivlər müsəlman ümmətini təfriqə və konfliktlərə düçar edib”.

Müsəlman ölkələrinin rəsmilərini bu kimi motivlərə əhəmiyyət verməyib onları bir kənara buraxaraq vahid, güclü və qüdrətli bir ümmət yaratmağa dəvət edən Ali Məqamlı Rəhbər dedi: “Hakimiyyət hərisliyi, cürbəcür asılılıq və pozuntular İslam ümmətinin arasına ayrılıq sala bilməsə, heç bir imperialist dövlət müsəlman ölkələrinə təcavüz edib təzyiq göstərməyə və ya müsəlman dövlətlərindən bac-xərac tələb etməyə cürət etməz”.

“Sionistlərin Qəzza əhalisini həyasızcasına qətliam etməsi İslam dünyasında olan konfliktlərin nəticəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qərbdəki gizli senzura Qərb millətlərinin Qəzzada baş verən hadisələrin əsl mahiyyəti haqda məlumat almasına imkan vermir, lakin bu cinayətlər o qədər faciəvi və ürəkparçalayandır ki, onların hətta bir hissəsinin Qərb mediasında işıqlandırılması qeyri-müsəlman xalqları sarsıdaraq küçələrdə etiraza qalxmağa vadar edib”.

Çarəsiz Qəzza əhalisinin tək-tənha qaldığını deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Biz müsəlman dövlətlərinə açıq bir mesaj ünvanlayırıq: gəlin məzlumun köməyinə qalxaq və İslam dünyasının zülm qarşısında sakit oturmayacağını göstərək”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Bu məqsədin reallaşması üçün bütün müsəlman dövlətləri aralarındakı siyasi və qeyri-siyasi konfliktləri bir kənara qoymalı, bir olub, qaniçən sionist canavarının pəncəsində çapalayan məzlumların köməyinə tələsməlidirlər”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, onu da qeyd etdi ki, İslam dünyasının gündəliyində vacib surətdə iki əsas vəzifə yer almalıdır: birincisi, Qəzza əhalisini həyat üçün zəruri olan ilkin ləvazimatla təmin etmək, ikincisi isə qatil İsrail rejimi və onun himayədarlarına qarşı güclü və layiqli reaksiya vermək.

Əzab-əziyyət içərisində olan, mübariz Qəzza əhalisinin təcili surətdə yemək, su, dərman, tibbi ləvazimat və evlərin bərpası üçün lazım olan texnikaya ehtiyac duyduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Özünü müdafiə etmək üçün bu xalqın silaha da ehtiyacı var”.

Bir daha müsəlman dövlətlərinə səslənən Həzrət Ayətullah Xamenei dedi: “Gəlin Qəzza əhalisinə yardımlarımızı çatdırmaq, sionistlərin bu yolda törətdiyi maneələri aradan qaldırmaq üçün bir olub əl-ələ verək, öz dini və insani vəzifəmizi yerinə yetirək”.

“Uzun illərdir Qəzza əhalisinə zülm edənlərə qarşı mübarizə aparmaq İslam dünyasının ikincisi vəzifəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Sionist canilər və onların himayədarları Qəzzada törətdikləri heyrətamiz insan qırğınını, nifrət doğuran körpə qətllərini həyasızcasına izah edərək əsaslandırırlar. Bu isə onların pik həddə xəbis və utanmaz olduqlarını göstərir”.

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, imperialistlərin, özəlliklə də Amerika və İngiltərənin İsraili açıq-aşkar himayə etməsi, BMT də daxil olmaqla  beynəlxalq təşkilatların sionistlərin törətdiyi faciələri dolayısı ilə və ya aşkar şəkildə dəstəkləməsi onların qaniçən rejimin cinayətlərinə şərik olması və əl birliyi deməkdir.

O, əlavə etdi: “Müsəlman xalqları və dövlətləri Tel-Əviv administrasiyasının başında duran cinayətkarlara havadarlıq və himayədarlıq edənlərə qarşı nifrət və etiraz bildirməli, imkan daxilində onlara qarşı iqtisadi və siyasi müstəvidə mübarizə aparmalıdırlar”.

Ali Məqamlı Rəhbər Qəzza əhalisini açıq-aşkar dəstəkləyən İran xalqının tükənməz əzmini, işğalçılıq və xəbisliyə qarşı mübarizliyini yüksək dəyərləndirdiyini bildirərək dedi: “Ramazan ayının son cümə günündə dünya ictimaiyyəti İrandan uca səslə qalxan məzluma dəstək çağırışlarını eşitdi. Xalqımız bu formada dəstək olmaqdan əlavə, əlindən gələn hər bir şeyi tam qətiyyəti ilə edəcək”.

Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Ruhani görüş iştirakçılarını mübarək Ramazan bayramı münasibətilə təbrik edərək bu bayramın insan fitrətinə xas bir bayram, eyni zamanda müsəlman dünyasının ən böyük bayramı olduğunu qeyd etdi.

Ölkə başçısı Qəzza hadisələrinə toxunaraq aşağıdakıları vurğuladı: “Oruc tutmaq əxlaqi çirkinliklərlə, yaxud müharibə istəyən cinayətkarlar qarşısında susmaqla uyğun gəlmir”.

Regionun və İslam dünyasının iki çirkin törəməyə düçar olduğunu deyən cənab Ruhani əlavə etdi: “Bu günlərdə aqresivləşən murdar sionist törəməsi zeytun diyarını yerlə-yeksan edərək məzlum körpələrin tikə-parça olmuş bədənlərinin səpələndiyi bir torpağa çevirib”.

“Digər bir çirkin törəmə isə İslam, din, xilafət və əmirlik adı altında insanları, müsəlmanları qətlə yetirir” – deyən ölkə başçısı əlavə etdi: “Bütün təhlillər bunu deyir ki, hər iki törəmənin kökü bir yerə gedib çıxır”.

Qəzza hadisələrini bəşəriyyətə qarşı cinayət adlandıran cənab Ruhani aşağıdakıları vurğuladı: “İnsanlıqdan dəm vuran beynəlxalq qurum və təşkilatların hamısı bütün məhkəmə və tribunallarını xəbis mahiyyəti dünya ictimaiyyətinə günü-gündən daha da aydınlaşan cinayətkarların mühakiməsi üçün hazırlamalıdır”.

Cənab Ruhani həmçinin dedi: “Bu problemlərin həlli üçün İslam dünyasının bir yumruqda birləşməsindən, Rəhman Allahın göndərdiyi əsl İslamı dünyaya tanıtdırmaqdan, irtica və fanatizmdən uzaq durmaqdan başqa yolumuz yoxdur”.

Ölkə başçısı İran İslam Respublikasının beynəlxalq müstəvidə sülh və ədalət, İslam dünyasında isə qardaşlıq, vəhdət, vahid İslam ümməti formalaşdırma strategiyası yürütdüyünü qeyd edərək dedi: “Yatıb yuxusunda İslamın və müsəlmanların zəiflədiyini görənlər bu arzunu özləri ilə məzara aparacaqlar”.

Cənab Ruhani son olaraq aşağıdakıları vurğuladı: “İran İslam Respublikası bütün güc və imkanları ilə regionda sabitlik və təhlükəsizliyin təmin olunması, insan qırğını və tökülən qanların qarşısının alınması, ədalətli sülhün bərqərar edilməsi üçün çalışır. Allahın köməyi ilə, İslam dünyası vəhdət, oyanış və sayıqlıq şəraitində qələbəyə nail olacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /