Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ramazan bayramı münasibəti ilə əfv fərmanı imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei mübarək Ramazan bayramı münasibəti ilə Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli  Laricaninin xahiş məktubuna əsasən, ölkənin Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş bir qrup məhkumun cəzasının əfvi, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Ayətullah Amoli Laricaninin xahiş məktubunun və Ali Məqamlı Rəhbərin cavabının tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin mübarək məhzərinə,

Sizə salamlarımı və salamatlıq diləklərimi çatdırır, mübarək Fitr bayramının gəlişi münasibətilə təbrik edirəm.

İran İslam Respublikası Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndinin icrasını rəhbər tutaraq, növbəti əfvin şərt və kriterilərini Sizə təqdim edirəm. Ali Məqamlı Rəhbərlik tərəfindən müsbət cavablandırılacağı təqdirdə, hazırkı müraciətə əsasən, Ümumi və İnqilab Məhkəmələri, İqtisadi Cinayətlər Komitəsi və Hərbi Tribunal tərəfindən mühakimə olunmuş, aşağıda şərh ediləcək şərtlər üzrə cəzasının əfvi, yaxud yüngülləşdirilməsi üçün zəruri tələblərə cavab verdiyi müəyyən edilmiş məhkumlara həqiqi əfv, yaxud cəzanın yüngülləşdirilməsi aktı şamil olunacaq, onlar islami mərhəmətdən bəhrələnəcəklər.

a) Hazırda cəzaçəkmə müəssisələrində həbsdə olan şəxslər:

1. Bir ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2. Bir ildən beş ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının 1/2-i;

3. Beş ildən on beş ilə qədər azadlıqdan məhrum edilmiş şəxslərin cəzasının 1/3-i;

4. On beş ildən artıq müddətə azadlıqdan məhrum edilmiş, bu müddətin ən azı 10 ilini həbsdə keçirmiş şəxslərin cəzasının qalan hissəsi;

5. Ömürlük həbs cəzasına məhkum edilmiş və bu günə qədər cəzasının ən azı 15 ilini çəkmiş məhkumların cəzasının qalan hissəsi.

6. İslami Cəzalar Məcəlləsinin 718 və 719-cu maddələrində qeyd olunmuş hallar (02.03.1375-ci ildə təsdiqlənmiş həbs cəza və sanksiyaları) istisna olunmaqla, qəsdən cinayət törətməmiş bütün şəxslərin cəzasının qalan hissəsi;

7. Himayədarlıq Haqqında Qanuna əsasən, övladlarının himayəsi öhdəsində olan qadın məhkumların cəzasının qalan hissəsi;

8. Ağır xəstəliyi olan, yaxud sağalmaz infeksion xəstəliyə tutulmuş məhkumların cəzasının qalan hissəsi; Həmin məhkumların xəstəlik dərəcəsi və həbsdə qalmalarının mümkünsüz olması 29.12.1393-cü il tarixinə qədər Məhkəmə Tibbi Komissiyası tərəfindən təsdiq olunmalıdır. Aydındır ki, Ümumi və İnqilab Məhkəmələri Cinayət Prosessual Məcəlləsinin 291-ci maddəsinin icrası istiqamətində məhkəmələrin gördüyü tədbirlər hazırkı əfvin tətbiqi üçün maneə deyil.

9. Şəxsiyyətini təsdiq edən sənədə əsasən, yaşı 18-dən aşağı olan (cinayət törətdiyi vaxt) məhkumların cəzaçəkmə, islah və tərbiyə müəssisələrində həbs cəzasının və nağd pulla cərimə cəzasının qalan hissəsi; şəxsiyyətini təsdiq edən etibarlı bir sənədi olmayan xarici ölkə vətəndaşlarının yaşı vilayət mərkəzlərinin Məhkəmə Tibbi Komissiyalarının rəyi əsasında təsdiq olunmalıdır;

Qeyd: Hazırkı əfvlə bağlı qeyd ediləcək istisna hallar 8, 9-cu bəndlərdə qeyd edilən məhkumlara şamil olunmayacaq.

10. Şəxsiyyətini təsdiq edən sənədə əsasən yaşı 65-dən yuxarı olan kişi və yaşı 50-dən yuxarı olan qadın məhkumların həbs və nağd pulla cərimə cəzasının qalan hissəsi; şəxsiyyətini təsdiq edən etibarlı bir sənədi olmayan xarici ölkə vətəndaşlarının yaşı vilayət mərkəzlərinin Məhkəmə Tibbi Komissiyalarının rəyi əsasında təsdiq olunmalı və onlar 1 ildən artıq həbs cəzasına məhkum edilmiş odluqları təqdirdə cəzalarının ən azı 1/5 hissəsini,  ömürlük həbs cəzasının isə ən azı 5 ilini çəkmiş olmalıdırlar;

b) Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan məhkumlar:

1. 500  milyon riala qədər olan cərimələrə görə həbsə məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2. 500 milyon 1 rialdan 1 milyard riala qədər olan cərimələrə görə həbsdə yatan şəxslərin cəzasının 4/5 hissəsi;

d) Əfvin şamil olma şərtləri:

1. Əvvəlki məhkumluqlarında əfvdən yararlanmama;

2. Həbs, yaxud icazəli məzuniyyət müddətində yenidən və qəsdən İslami Cəzalar Məcəlləsinin 01.02.1392-ci ildə təsdiqlənmiş 19-cu maddəsində nəzərdə tutulan 1-6-cı dərəcəli cinayətlərdən birinə yol verməmə;

3. Xüsusi bir şikayətçinin olmaması; Belə bir şikayətçi olduğu təqdirdə, onun razılığı alınmalı, yaxud 29.12.1393-cü il tarixinə qədər zərərçəkmişə (istər fiziki, istərsə də hüquqi şəxs olsun) dəymiş ziyan kompensasiya edilməlidir;

e) Hazırkı əfv aşağıda sadalanan cinayətlərə görə həbs cəzasına məhkum edilmiş şəxslərə şamil olunmur:

1. Silahlı, yaxud işgəncə ilə müşayiət olunan soyğunçuluq hallarına görə məhkum olunma, oğurluğa görə 5 ildən artıq həbs cəzasına məhkum olunma, yaxud daha əvvəl analoji cinayətə görə məhkum olunma;

2. Silahlı, yaxud külli miqdarda narkotik maddə qaçaqmalçılığı (külli miqdarda narkotik maddə qaçaqmalçılığı deyərkən “Narkotik Maddələrlə Mübarizə” haqqında qanuna düzəlişlər və əlavə maddələr” qanununun 4-cü maddəsinin 4-cü, 5-ci maddəsinin 6-cı və 8-ci maddəsinin 6-cı bəndində qeyd olunmuş cinayətlər nəzərdə tutulur);

3. Silah-sursat qaçaqmalçılığı;

4. Daxili və xarici təhlükəsizliyin pozulmasına cəhd;

5. Adam oğurluğu;

6. Zorlama;

7. Fəsad və əxlaqsızlıq yuvası qurma;

8. Yeyinti, rüşvətxorluq, dələduzluq;

9. Saxta əsginas və qəlp sikkələr hazırlama;

10. Kimyəvi maddə ilə fiziki xəsarət yetirmə;

11. Spirtli içkilərlə bağlı cinayətlər.

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

Sadiq Laricani

25 tir 1393

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Sizə salamlarımı, salamatlıq diləklərimi və mübarək Ramazan bayramı münasibətilə təbriklərimi çatdırır, əfv təklifinizin şərtləri ilə razı olduğumu bildirərəm.

Allahın salamı və mərhəməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
4 mordad 1393



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /