Ali Məqamlı Rəhbərin informasiya bloku

Qəzza əhalisinə siyasi cəhətdən dəstək olmaq bütün müsəlman və qeyri-müsəlman xalqların borcudur

Bu gün günortadan sonra ölkənin müxtəlif universitet və ali təhsil müəssisələrini təmsil edən minə yaxın tələbə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə üz-üzə görüşərək tələbə ictimaiyyətinin narahat edən məsələləri, öz rəy və görüşlərini onunla bölüşdülər. 2 saat yarım müddətində Ali Məqamlı Rəhbərin çıxışını, ona ünvanlanan suallara verdiyi cavabları dinləyən tələbə gənclər bir daha ölkə və regionda gedən müxtəlif proseslərin, prioritetlərin mahiyyətinə vardılar.

Həzrət Ayətullah Xamenei 90 dəqiqə ərzində tələbə birlik və təşkilatlarının nümayəndəsi qismində çıxış edən gənclərin çıxışlarını dinlədikdən sonra sözə başlayaraq ilk növbədə ölkənin tələbə ictimaiyyətində müşahidə olunan yüksək əhval-ruhiyyəni, tələbkarlığı, dərin düşüncəni, tənqidi yanaşmanı və eyni zamanda məsuliyyət hissini yüksək qiymətləndirərək Qəzzada baş verən faciəvi hadisələrin köklərini, buna səbəb olan amilləri izah etməyə başladı. O vurğuladı: “Bu ağlasığmaz cinayətlər körpə qatili olan yırtıcı İsrail rejiminin iç üzünü göstərir. Bu canavar xislətli rejimin yeganə əlacı məhv olub yer üzündən silinməkdir. O günə qədər isə, sözsüz ki, bu vəhşi rejimə qarşı yeganə mübarizə yolu Fələstin xalqının qətiyyətli və silahlı müqaviməti, bu müqavimətin bütövlüklə İordan çayının qərb sahilinə yayılmasıdır. Eyni zamanda biz hamımız Amerika və Qərbin sionistlərin bu cinayətlərini həyasızcasına müdafiə etməsindən mühüm bir təcrübə kimi yararlanaraq Qərb dövlətlərinin iç üzünü tanımalı, onlara qarşı mövqe və davranışlarımızda bunu nəzərə almalı, Amerikanın əslində kim olduğunu anlamalıyıq. İran xalqı isə Qüds günü öz möhtəşəm hərəkatı ilə məzlumun dostu, zalımın isə düşməni olduğunu göstərəcək”.

Məzlum Qəzza əhalisinin üzləşdiyi müsibətlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu hadisələr qondarma və qeyri-legitim İsrail dövlətinin öz 66 illik həyatı boyunca dönə-dönə, fəxrlə, həyasızcasına yürütdüyü açıq-aşkar, aqressiv dəmir yumruq siyasətinə bir nümunədir”.

O həmçinin vurğuladı: “İmam Xomeyninin (r.ə) buyurduğu kimi, İsrail yer üzündən silinməlidir. Əlbəttə ki, yeganə real çıxış yolu kimi İsrailin məhvi regionda yaşayan yəhudi xalqının yox olub aradan getməsi mənasında deyil. Bu məntiqi çıxış yolunu həyata keçirmək üçün praktik bir mexanizm mövcuddur və İran İslam Respublikası beynəlxalq təşkilatlarda bunu təklif kimi irəli sürmüşdür”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Xalqların müsbət qarşıladığı bu mexanizmə əsasən, regionda yaşayan, bura aid olan əhali bəyəndiyi və dəstəklədiyi hökuməti referendum yolu ilə elan etməlidir. Bu yolla qondarma və qəsbkar İsrail rejimi də yox olub gedəcək”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Əlbəttə ki, Allahın köməyi ilə  daşürəkli, qatil İsrail rejiminin məhv olub aradan gedəcəyi günə qədər bu dağıdıcı dövlətin yeganə əlacı ona qarşı kəskin mövqe tutmaq, silahlı və qətiyyətli müqaviməti davam etdirməkdir”.

Ali Məqamlı Rəhbər fikirlərinə aşağıdakıları da əlavə etdi: “Heç kəs düşünməsin ki, əgər Qəzzanın raketləri olmasaydı, İsrail ona qarşı daha yumşaq davranardı. Belə ki İordan çayının qərbində raket və ya tüfəng yoxdur və xalqın yeganə silahı daşdır, amma İsrail oranın əhalisini də qətlə yetirərək təhqir edir”.

Yasir Ərəfatın sionistlərin əli ilə təhqir olunaraq zəhərləndiyini xatırladan Ali Məqamlı Rəhbər dedi: “İşğalçılar sazişçi qruplara heç əhəmiyyət də vermirlər. Yalnız fələstinlilərin kəskin və qətiyyətli reaksiya verəcəkləri təqdirdə onların öz mövqelərini yumşaltması ehtimalı ola bilər”.

Sionistlərin atəşkəsə can atdıqlarını qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnsan təfəkkürünə və təsəvvürünə sığışmayacaq həddə cinayətlərə yol verən İsrail fələstinlilərin qətiyyətli müqaviməti nəticəsində çarəsiz vəziyyətdə qalıb və çıxış yolu arayır. Bu sübut edir ki, sionistlər yalnız gücün dilini anlayırlar”.

O həmçinin dedi: “Məhz bu reallığı nəzərə alaraq biz düşünürük ki, İordan çayının qərb sahili də Qəzza kimi silahlanmalı, Fələstinin müqəddəratına biganə olmayan şəxslər öz güc və qətiyyətləri, sionist düşmənin zəiflədilməsi sayəsində Fələstin xalqının ağrı və kədərini azaltmağa səy göstərməlidirlər”.

“Qəzza əhalisinə siyasi cəhətdən dəstək olmaq bütün müsəlman və qeyri-müsəlman xalqların borcudur” – deyən Ali Məqamlı Rəhbər xalqların vəhşi İsrail rejiminə qarşı nifrət ifadə etdiklərini qeyd edərək aşağıdakıları vurğuladı: “İnşallah, Qüds günü dünya İran xalqının möhtəşəm hərəkatını müşahidə edəcək, xalqımız bu müsəlman diyarında Fələstinə dəstək ruhunun hər zamankı kimi güclü olduğunu nümayiş etdirəcək”.

Həzrət Ayətullah Xamenei fitnəkarların irəli sürdüyü “Nə Qəzza, nə Lian!” şüarına toxunaraq dedi: “Bir qrup insan bu şüarla İran xalqının həqiqi mövqeyini tam tərsinə təqdim etmək istəyirdi. Amma xalqımız buna imkan vermədi və cümə günü də bir daha göstərəcək ki, məzlumun dostu, zalımın isə düşmənidir”.

Amerika başda olmaqla imperialist dövlətlərin sionistlərin təsvirə sığmayan qəddarlığına və törətdikləri faciələrə utanmadan qahmar çıxaraq onları himayə etdiklərini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qəzzada baş verənlər son dərəcə kədərlidir, lakin daha mühüm olanı Qəzzada gedən proseslərə daha dərindən nəzər salaraq olanların fonunda müstəmləkəçilərin davranışını gözdən keçirib təhlil etməkdir”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Qərb dövlətlərindən bir neçəsi, xüsusilə də xəbis Amerika və İngiltərə heç bir normal insanın qəbul etməyəcəyi cinayətləri açıq-aşkar müdafiə edir. ABŞ prezidenti Qəzzada törədilən bu qədər uşaq qətlləri, dağıntılar, əhalinin çəkdiyi əzab-əziyyət qarşısında gülünc bir məntiqlə: “İsrailin öz təhlükəsizliyini qorumağa haqqı var” – deyir. Bəs fələstinlilərin öz həyat və təhlükəsizliklərini qorumağa haqqı yoxdurmu?”

O həmçinin dedi: “İmperialist dövlətlərin rəsmiləri anlamırlar ki, murdar və dağıdıcı sionistlərin cinayətlərinə qahmar çıxmaqla dünya xalqları qarşısında özlərini və ölkələrini nüfuzdan salırlar. Tarix şərik olduqları bu faciələrə görə onları çox sərt şəkildə mühakimə edəcək”.

Qərb dövlətlərinin bu həyasız davranışlarının köklərini araşdıran Həzrət Ayətullah Xamenei dedi: “Sionist cinayətlərini müdafiə etməyin kökləri liberal demokratiya sistemində, əxlaqi dəyərlərdən cüzi dərəcədə də olsun faydalanmayan, heç bir insani emosiyaya malik olmayan məntiqdədir”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Müxtəlif məsələlərlə bağlı İran İslam Respublikasının əleyhinə çıxış edən Amerikanın reallığı budur. Bu olanlardan biz Amerikanı daha da yaxşı tanımalıyıq, bu mühüm təcrübə bizim Amerikaya qarşı olan yanaşmamıza, davranışımıza və mövqe seçimimizə təsir göstərməli, xalqımız, tələbə gənclərimiz, ziyalılarımız və ümumilikdə hamımız üçün bir meyara çevrilməlidir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperialistlərin məzlum Qəzza əhalisinə edilən zülmə qarşı sərgilədiyi yanaşma sübut edir ki, onlar insana, insan haqlarına və insanlığa qəti şəkildə heç bir dəyər vermirlər, azadlıq və insan haqları barədə danışdıqlarının hamısı bu məfhumlara istehzadır”.

O, bir daha vurğuladı: “Mən bu sözləri Amerika rəsmilərinə öyüd-nəsihət kimi demirəm. Bunları özümüz üçün deyirəm ki, öhdəmizə düşən vəzifəni bilək, mühakimə və təhlillərimizdə kiminlə qarşı-qarşıya olduğumuzu unutmayaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Ölkəmizdə irəli sürən antiimperiliast, antiamerika və antiqərb məzmunlu şüarlar Amerikanın mahiyyətinə, reallığına əsaslanır, bəziləri isə yanlışlıqla bu şüarların təəssübkeşlikdən doğduğunu, düşüncə və məntiqdən uzaq olduğunu güman edirlər”.

O həmçinin dedi: “İranda mövcud olan antiamerika və antiqərb yanaşması məntiqli, real təcrübəyə və düzgün hesablamaya əsaslanan bir yanaşmadır”.

Ali Məqamlı Rəhbər ölkə rəsmiləri ilə son görüşü zamanı səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Bundan əvvəl də qeyd etdiyimiz kimi, düşmənin əsas məqsədi hökumətimizin hesablamalarında yanlışlıq yaratmaqdır. Bir hesablama sistemində yanlışlıq yaranarsa, verilənlər düzgün olsa belə, yanlış nəticə alınacaq və hətta təcrübə də ona heç bir fayda verməyəcək”.

Ali Məqamlı Rəhbər iranlıların son bir neçə onillikdə Qərb dövlətlərinin davranışları ilə bağlı topladığı bir neçə təcrübəni sadalayaraq dedi: “Quldur Rza şah rejiminin qəddar diktaturasını hakimiyyət başına gətirmələri, 20-ci illərdə İranı işğal etmələri, neft mənbələrini qarət etmələri, 28 mordad qiyamı, Məhəmməd Rza Pəhləvi diktaturasını hərtərəfli himayə etmələri, İslam İnqilabının qələbəsi qarşısında törətdikləri əngəllər, Səddama hərtərəfli dəstək olmaları, eləcə də onlarla digər məkrli planlar Amerikanı İran xalqına daha real şəkildə və dərindən tanıtdıran dəyərli təcrübələrdir. Lakin bəzi qərbyönlü ziyalılarımızın hesablamaları yanlış olduğu üçün onlar hətta bu acı təcrübələrdən belə, düzgün nəticə çıxarmırlar”.

“Düzgün və rasional təfəkkürün dirçəlişi İslam İnqilabının ən mühüm xidmətlərindəndir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xalqdan fərqli olaraq, bəzi əllər o rüsvayçı qərbyönlü cərəyanların ölkədə hakimiyyəti yenidən ələ almasını istəyirlər. Bu tendensiyaya qarşı mübarizə aparmaq lazımdır və bu mübarizə tam düzgün və məntiqlidir”.

Çıxışının ilk hissəsində Ali Məqamlı Rəhbər tələbələrlə keçirdiyi bugünkü görüşün çox gözəl bir görüş olduğunu, ölkə gəncliyində iman, ruh yüksəkliyi, məntiq və stimulun mövcud olmasından xəbər verdiyini qeyd etdi. O dedi: “Tələbə təşkilatlarının təmsilçilərinin bu gün toxunduğu məsələlər tələbələr arasında məhz belə bir əhval-ruhiyyənin olduğunu göstərir”.

Ali Məqamlı Rəhbər həmçinin əlavə etdi: “Ortaya qoyulan bəzi məsələlər yanlış, bir qədər məntiqdən uzaq və ya reallaşması qeyri-mümkün ola bilər, buna baxmayaraq, tələbələrdə belə optimizm və ruh yüksəkliyinin, tələbkarlıq ruhunun olması son dərəcə sevindirici bir haldır”.

O vurğuladı: “Gənc tələbə tələbkar, həvəsli, dinamik, ictimai-siyasi məsələlərdə iştiraka hazır, ölkədə gedən proseslərə qarşı diqqətli olmalıdır. Allahın lütfü sayəsində bu gün tələbələrimiz arasında bu əhval-ruhiyyə var”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, tələbələrdə tələbkarlıq və tənqid əhval-ruhiyyəsi etik normalara, şəri qaydalara riayət etməklə, eləcə də insafla yanaşı olmalı, onlar başları çıxmayan və ya tam olaraq bilmədikləri məsələlərə toxunmaqdan çəkinməlidirlər”.

Ali Məqamlı Rəhbər tələbələrə xitabən dedi: “Ümidvaram ki, bu vəzifəsini dərk etmək, tələbkarlıq və tənqid əhval-ruhiyyəsi ölkənin gələcək rəsmiləri kimi vəzifə məsuliyyətini ələ alacağınız günə qədər sizdə qalacaq. Çünki yalnız belə olacağı təqdirdə ölkəmiz nicat tapar”.

Ali Məqamlı Rəhbər tələbələrdən bəzilərinin ölkədə qazanılan elmi nailiyyətləri tətbiq etmək, elmi inkişaf hərəkatını ölkə və cəmiyyətdəki problemlərin həllinə yönəltmək lazım olduğu barədə səsləndirdikləri fikirlərə toxunaraq aşağıdakıları dedi: “Bu gün ölkəmizdə, universitetlərimizdə təqdirəlayiq, uğurlu və dinamik elmi işlər gedir, lakin bütün bu fəaliyyətlər ölkədəki problemlərin həlli istiqamətində görüləcək tədbirlərin başlanğıcı olmalıdır”.

O həmçinin vurğuladı: “Dünyanın mötəbər elmi jurnallarında məqalələr çap etdirmək tərifəlayiq bir işdir, lakin nəticə etibarilə ən çox arzuladığımız budur ki, elmi işlər ölkənin bu sahədəki ehtiyaclarına cavab versin”.

Tələbələrin toxunduğu daha bir məqam iqtisadiyyatın idarə edilməsi metodları ilə cəmiyyətdə hakim olan mədəniyyət arasındakı əlaqə idi. Ali Məqamlı Rəhbər sözügedən mövzu ilə bağlı aşağıdakıları qeyd etdi: “İqtisadiyyatı idarə etmə metodunun cəmiyyətdəki mədəni tendensiyalara təsir edə biləcəyini mən də qəbul edirəm, lakin mədəni tendensiya və yanaşmalar daha mühüm və həyat əhəmiyyətli bir məsələdir. Buna bütün sferalarda diqqət yetirilməlidir”.

O, əlavə etdi: “70-ci illərdə hökumətin iqtisadiyyatı idarəetmə metoduna qarşı etirazlar mövcud olduğu halda, Ali Rəhbərlik Məqamı düşmənin mədəniyyət sferasındakı hücumları məsələsini qaldırdı. Bunun səbəbi mədəniyyət mövzusunun, mədəni tendensiyaların istənilən etapda olduqca yüksək və müstəsna əhəmiyyətə malik olması idi”.

Həzrət Ayətullah Xamenei tələbələrdən birinin əsgərlik müddətinin tələbələrin nikaha daxil olmasına əngəl yaratması ilə bağlı səsləndirdiyi fikrə də münasibət bildirərək dedi: “Gənclərin ailə qurması önəmli bir mövzudur. Cəmiyyətdə bu mövzuya etinasız yanaşılması gələcəkdə xoşagəlməz nəticələr verə bilər”.

O, əlavə etdi: “Əsgərlik gənclərin ailə qurmasına əngəl olursa, bu problemin həlli yolu hərbi xidmət müddətinin qısaldılması deyil. Bunun üçün digər metodlardan istifadə etmək lazımdır. Lakin daha əhəmiyyətlisi gənclərdə ailə qurmaq, nikaha daxil olmaq stimulunun mövcud olmasıdır və bu stimulun azalmasına imkan vermək olmaz”.

Ali Məqamlı Rəhbər özəlliklə qızlar arasında nikah yaşının yüksəlməsindən təəssüf hissi keçirdiyini qeyd edərək vurğuladı: “Gənclər, onların ailələri və universitet rəsmiləri universitet mühitində nikahların rəvac tapmasına zəmin yaratmaq, nikah yaşının yüksəlməsinin qarşısını almaq üçün bir araya gələrək düşünməli, çıxış yolları axtarmalıdırlar”.

Bəzi yanlış inanc və ənənələrin gənclərin ailə qurmasına maneçilik törətdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Daim tələbkarlıq əhval-ruhiyyəsi nümayiş etdirən, yeni metodlar təklif etməyə meyilli olan gəncliyimiz bu yanlış inanc və ənənələrin aradan qaldırılması üçün zəmin yaratmalıdırlar”.

Ali Məqamlı Rəhbər gözəl bir ənənə olan nikahın maddi və mənəvi bərəkətləri olduğunu qeyd edərək dedi: “Gənclər və tələbələr arasında nikahın rəvac tapması üçün cəmiyyətdə ciddi bir hərəkata start verilməlidir”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər “İnsanların, tələbələrin və tələbə təşkilatlarının siyasi mövqeyi Ali Rəhbərlik Məqamının rəyinə uyğun olmalıdırmı?” – deyə sual vermiş bir  tələbənin sualını cavablandıraraq dedi: “Xeyr, bu, yanlış bir təsəvvürdür ki, insanların, o cümlədən cəmiyyətin qabaqcıl təbəqəsi olan tələbələrin mövqeyi Ali Rəhbərliyin fikirlərini əks etdirməli, onu örnək götürməlidir”.

O, əlavə etdi: “Tələbə müstəqil düşüncəsi olan, imanlı bir müsəlman kimi, proseslərə nəzər salaraq onları özlüyündə analiz etməli və bu analiz əsasında ayrı-ayrı insanlara, siyasətlərə, cərəyanlara və hökumətlərə qarşı öz mövqeyini müəyyən etməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Təhlilin yeganə düzgün meyarı təqva – yəni tərəfdarlıq və ya müxaliflik, tənqid və ya tərif edərkən nəfsin istəklərinə yer verməmək olmamalıdır”.

Həzrət Ayətullah Xamenei fikirlərinə aşağıdakıları da əlavə etdi: “Elə düşünmək lazım deyil ki, hər kəs əvvəlcə Ali Rəhbərlik Məqamının hansısa şəxs və ya siyasətlə bağlı mövqe bildirməsini gözləməli və yalnız bundan sonra qalanları ona uyğun mövqe seçməlidir”.

O vurğuladı: “Belə bir hal işləri düyünə sala bilər”.

Ali Məqamlı Rəhbər həmçinin əlavə etdi: “Ali Rəhbərlik Məqamının öhdəsinə düşən vəzifələr var ki, Allahın köməyi ilə onları yerinə yetirəcək, lakin tələbələrin də çiyinlərinə müəyyən vəzifələr düşür ki, onları təqva meyarı ilə, mövcud vəziyyəti nəzərə alaraq yerinə yetirməlidirlər”.

Həzrət Ayətullah Xamenei daha bir məqama toxunaraq dedi: “Əlbəttə ki, Ali Rəhbərlik Məqamı hansısa məsələ ilə bağlı öz rəyini ifadə edirsə, bu rəy ona nikbin yanaşan insanların mövqe seçiminə təsir göstərə bilər, lakin bu, başqalarının öz mövqe və rəylərində sərbəst olmadığı anlamına gəlmir”.

“Tələbələr müxtəlif mövzulara narahatlıqla yanaşmalı, prosesləri gözüaçıqlıqla izləməlidirlər” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Əslində, tələbələr millətin oyaq vicdanının güzgüsü, cəmiyyətdəki ümumi tendensiyaların göstəricisidir. Elə buna görə də onlar müxtəlif proseslərə tam məlumatlı şəkildə, açıq gözlə, öhdələrinə düşən vəzifəni dərk edərək nəzər salmalı, ölkə və regiondakı vəziyyətə, risk və şans faktorlarına, düşmənlərə və düşmənçiliklərə lazımınca bələd olmalıdırlar”.

Çıxışının yekun hissəsində Həzrət Ayətullah Xamenei tələbələrə bir neçə tövsiyəsini də verdi. Onun ilk tövsiyəsi elmi fəaliyyətlə yanaşı, dini və siyasi araşdırmalarını da gücləndirmək, analiz qabiliyyətlərini artırmaqla bağlı oldu. O, tələbələri müxtəlif məsələlər haqda dərindən düşünməyə çağıraraq proseslərə emosional, populist yanaşmadan çəkinməyin vacib olduğunu vurğuladı və dedi: “Bir çox mövzular, o cümlədən bu gün tələbələrin burada qeyd etdiyi məsələlər bir müddət öncə gündəmə gətirilmiş azad fikir tribunalarında, eləcə də universitetlərdə təşkil olunan sərbəst debatlarda müzakirə olunmalıdır”.

Ali Məqamlı Rəhbərin tələbələrə verdiyi ikinci tövsiyə universitetlərdə güclü məntiq və qarşı tərəfə münasibətdə dözümlülük şərti ilə diskurs rəqabətinin aparılması ilə bağlı oldu. O dedi: “Qarşı tərəfə heç vaxt təəccüb, qorxu və ya aqresiya ilə yanaşmaq lazım deyil. Əksinə, öz prinsip və arqumentlərini gücləndirərək diskurs rəqabətinə girmək və qarşı tərəfin görüşlərinə dözümlü yanaşmaq lazımdır”.

Görüşün əvvəlində aşağıda adları sadalanan şəxslər çıxış edərək təmsil etdikləri tələbə təşkilatının elm, ali təhsil, tələbə ictimaiyyəti, iqtisadi, siyasi, mədəni və sosial problemlərlə bağlı rəy və görüşlərini ifadə etdilər:

- Səid Əsğəriyan – Tələbə İslam Cəmiyyəti birliyinin nümayəndəsi;

- Əli Bəyani – Vəhdətin Möhkəmləndirilməsi İdarəsinin nümayəndəsi;

- Ehsan Çənarani – Ədalətpərvər Tələbə Hərəkatının nümayəndəsi;

- Seyid Möhsün Mirhacı – Tələbə Bəsic Təşkilatının nümayəndəsi;


- Əlirza Kərimi – Müstəqil İslami Tələbə Təşkilatları Birliyinin nümayəndəsi;

- Vəhid Qəribi – Cihad Dəstələri  Təşkilatının nümayəndəsi;

Tələbə təşkilatlarının nümayəndələri, əsasən, aşağıdakı məqamları vurğuladılar:

- humanitar elm sahələri üzrə keçilən fənlərin dərsliklərini yenidən və daha dərindən gözdən keçirməyin vacibliyi;

 - iqtisadi problemlərin nüvə danışıqlarında dövlətin müstəqil mövqeyinin ortaya qoyulmasına əngəl olmamasına diqqət yetirilməsi;

- ölkənin diplomatik korpusunun regiondakı problemlərə münasibətdə daha dinamik fəaliyyətə keçməsinin vacibliyi;

- bəzi rəsmilərin mədəniyyətlə bağlı məsələlərə yanaşmasının, dəyərlərlə bağlı olan, başlıca məsələlərə qarşı etinasızlığın tənqidi;

- rəsmilərin müqavimət iqtisadiyyatının siyasətlərinin icrası üçün praktik fəaliyyət proqramları işləyib hazırlamalarının vacibliyi;

- bəzi vəzifəli şəxslər, o cümlədən universitet rəsmiləri arasında fitnəkar ünsürlərin olması ehtimalından doğan nigarançılıq;

- rəhbər vəzifələrin gənclərə həvalə edilməsi məsələsinə daha artıq diqqət yetirilməsinin vacibliyi;

- iqtisadi korrupsiyaya qarşı mübarizədə, iğtişaşlarda fəallıq göstərmiş şəxslərin mühakiməsi, eləcə də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hallarının araşdırılması zamanı məhkəmə orqanlarının qətiyyətli davranmasının vacibliyi;

- imam-cümələrin və vəli-fəqihin yerlərdəki nümayəndələrinin gənclər və onların problemləri ilə daha yaxından maraqlanmasının vacibliyi;

- yalançı aristokratiya və dəbdəbəli həyat kimi təzahürlərə qarşı düzgün formada mübarizə aparmaq;

- təqdirəlayiq elmi nailiyyətlərin davam etməsi üçün fəaliyyət proqramlarının işlənib hazırlanması;

- liberal iqtisadiyyat siyasətlərinin yenidən önə keçməsin, kooperasiya sahəsinə daha az diqqət yetirilməsinin tənqidi;

- əhalinin məişət rifahı ilə bağlı məsələlərə hərtərəfli diqqət yetirilməsinin vacibliyi;

- universitetlərdə düzgün siyasi, islami və inqilabi tərbiyəyə diqqət yetirilməsi;

- nüvə danışıqlarında iştirak edən komandanın Qərbin ölkənin nüvə imkanlarını məhdudlaşdırmaq məqsədilə qurduğu məkrli planlara tam və hərtərəfli diqqət yetirməsinin vacibliyi;

- ölkə və əhali üçün kompensasiya edilməsi mümkün olmayan ziyanlarla nəticələnmiş 1388-ci il (2009) iğtişaşlarının əsas ünsürləri kimi, bu fitnəyə başçılıq etmiş şəxslərə qarşı ciddi tədbirlər görülməsi;

- hakimiyyətin 3 qolunun başçılarının, eləcə də mədəniyyətlə bağlı qurumların rəsmilərinin universitetlərdə olub tələbələrlə görüşməyə etinasızlıq göstərməsinin təəssüf doğurması;

- imperialistlərin İslam İnqilabına qatı düşmənçilik bəsləmələri səbəbindən Qərbə etimad siyasətinin faydasız olması;

- dövlətin daxili iqtisadiyyatın imkanlarını aktivləşdirmək üçün ciddi fəaliyyətə keçməsinin vacibliyi;

- hökumətin özəlliklə səhiyyə sahəsində gördüyü tədbirlərin təqdir və təşəkkürə layiq olması, habelə elan edilmiş şüar və hədəflərin ötən bir ildə nə dərəcədə reallaşdırıldığını gözdən keçirməyin vacibliyi;

- bəzi mətbuat orqanlarında getdikcə genişlənməkdə olan, Amerika və imperializm cəbhəsini təmizə çıxarmaq məqsədi güdən tendensiyaya qarşı sayıqlıq;

- cihad ruhlu layihə və tədbirlərin yayğın bir idarəetmə modelinə çevrilməsinin vacibliyi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /