İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ölkə başçısı və hökumət kabinetinin üzvləri ilə bu gün (bazar ertəsi) günortadan sonra baş tutan görüşündə “Nəhcül-bəlağə”nin dərin mənalı, ali təlimlərindən bəziləri haqda söhbət açdı, həmçinin bir neçə mənəvi-əxlaqi məqama toxundu.
Çıxışının ilk hissəsində Ali Məqamlı Rəhbər Həzrət Əmirəl-möminin Əlinin (ə) Malik Əştərə yazdığı məktubda idarəçilik məsələləri ilə bağlı əksini tapan bəzi ümumi göstərişlərə toxunaraq o həzrətin beytül-maldan ehtiyatlı olmaq, onun hansı işlər üçün xərclənməsinə həssaslıqla yanaşmaq, hirsli vaxtı tələskən davranmaqdan, tündxasiyyətlilikdən, acıdillilikdən, təkəbbür və eqoizmdən çəkinmək kimi tövsiyələrini xatırlatdı. O həmçinin dedi: “Həzrət Əli (ə) bu arzuolunmaz xasiyyət və davranışlardan yaxa qurtarmağın yeganə yolunu insanın Uca Yaradanla əməldə və qəlbən rabitə quraraq öz nəfsinə hakim olmasında görür”.
Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, Quranı onun mənasına diqqət yetirərək oxumaq, mübarək Ramazan ayının yaratdığı fürsətdən, bu ayın əməllərindən yararlanmaq da Allah-Taala ilə rabitə qurub nəfsinə hakim olmaq üçün ən önəmli vasitələrdəndir.
Həzrət Ayətullah Xamenei bəzi mənəvi-əxlaqi məqamları qeyd etdikdən sonra mədəniyyət mövzusuna, bu sfera ilə bağlı duyulan narahatlıqlara toxundu. Mədəniyyət sahəsində yol verilən xəta və yanlışlıqları asanlıqla aradan qaldırmağın mümkün olmadığını deyən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “Dövlətin mədəniyyət sferası ilə bağlı siyasətləri düzgün dərk və tətbiq edilməlidir”.
O həmçinin vurğuladı: “Mədəni kursun İslam dövlətinin müəyyən etdiyi çərçivədən istənilən formada sapınması cəmiyyətdə mənəvi-ideoloji intizamın pozulmasına, toplumun öz həqiqi kimliyini əldən verməsinə gətirib çıxaracaq”.
Çıxışının davamında aqrar sektorun əhəmiyyətinə toxunan Ali Məqamlı Rəhbər əkin sahələrinin istifadə üzrə təyinatının dəyişdirilməsindən narahatlıq keçirdiyini bildirərək dedi: “Əkin sahələrinin məhv edilməsi ilə ölkəyə kompensasiya edilməsi qeyri-mümkün olan bir ziyan dəyə bilər. Əkinçilik Cihadı Nazirliyi və Ətraf Mühiti Mühafizə Təşkilatı bu hala qarşı ciddi şəkildə mübarizə aparmalıdır”.
Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei Qəzzada baş verən acınacaqlı hadisələrə, Fələstin əhalisinin, xüsusilə də qadın və uşaqların rəhmsizcəsinə qətlə yetirilməsinə toxunaraq qeyd etdi ki, İranın ölkə başçısı və dövlət rəsmiləri baş verənlərə qarşı çox münasib və layiqli mövqe tutmuş, zəruri olan addımları atmışlar. O həmçinin vurğuladı: “Qəzzada baş verənlər, doğrudan da, faciəlidir. İsrail rejimi İslam dünyasının məlumatsızlığından istifadə edərək bu faciələri törədir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Qəzza əhalisinin qəsbkar sionistlərin əli ilə qətlə yetirilməsi müsəlman dövlətlərini və xalqlarını özlərinə gətirməli, onlar konfliktlərdən əl çəkib bir yumruqda birləşməlidirlər”.
Görüşün əvvəlində ölkə başçısı Höccətül-İslam vəl-muslimin Ruhani hökumət kabinetinin 11 aylıq fəaliyyəti ilə bağlı hesabat verərək dedi: “11-ci hökumətin ən mühüm fəaliyyət proqramları və tədbirləri sırasında ölkənin müxtəlif bölgələrində asayişin təmin olunması, inflyasiyanın idarə edilməsi, iqtisadiyyatdakı durğunluq probleminin aradan qaldırılması və iqtisadiyyatın rövnəqləndirilməsi, “Subsidiyaların ünvanlandırılması” layihəsinin yeni etapının icrası, risk qrupuna daxil olan təbəqələrin ərzaq təhlükəsizliyinin təmin edilməsi, səhiyyə xərclərinin azaldılması və əhalinin bütünlüklə sığortalanması, ekoloji problemlərin həlli istiqamətində proqramların hazırlanması, sərhəd sularına nəzarət, aqrar sektorun günün tələblərinə uyğun surətdə yenilənməsi, neft və qaz emalı potensialının artırılması yer alır”.
“Hökumət qazandığı uğurları Allahın lütfünə, xalqın və Ali Məqamlı Rəhbərin dəstəyinə borcludur” – deyən cənab Ruhani əlavə etdi: “Ümidvarıq ki, hökumətin həyata keçirdiyi tədbirlər xalqımıza daha yaxşı bir gələcək nəsib edəcək”.
Sonda görüş iştirakçıları Ali Məqamlı Rəhbərin imaməti ilə məğrib və işa namazlarını qılaraq onunla birgə iftar etdilər.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir