Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şairin vəzifəsi xalqın mədəni kimliyinin keşiyində durmaqdır

Həzrət İmam Həsən Müctəbanın (ə) mövludu gecəsində mədəniyyət xadimlərindən, fars şeiri və ədəbiyyatının ustadlarından, ölkənin qocaman və gənc qələm sahiblərindən, eləcə də Tacikistan, Hindistan, Əfqanıstan və Pakistanın farsdilli şairlərindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Görüş zamanı Ali Məqamlı Rəhbər iştirakçıları İmam Həsən Müctəbanın (ə) mövludu münasibətilə təbrik edərək onlara qədr gecələrinin mənəvi-ilahi aurasından bəhrələnməyi tövsiyə etdi. Poeziyanın ilkin və təbii funksiyasının şairin düşüncələrinə, emosiyalarına və mənəvi sıxıntılarına cavab vermək olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, poeziyanın başlıca funksiyası insanın xəlvətə çəkilib öz düşüncələri və qəlbi ilə tək qaldığı anlarda onunla birlikdə olub ona təsir göstərmək, oxucu üçün zehni-mənəvi qida olmaqdır”.

“Öz şeytani dəyərlərini insana aşılamaq istəyən Şeytan onun öz düşüncələri ilə təkbətək qaldığı bu anlara müdaxilə etməyə çalışır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hər bir şairin borcu həmin xəlvət anlarına fars ədəbiyyatı tarixinin dahi şairləri kimi ustalıqla daxil olmaq, oxucusuna ümid, ruh yüksəkliyi, dinamiklik, inkişaf həvəsi aşılayaraq onun mənəviyyatını zənginləşdirmək, xalqın gerçək kimliyini formalaşdıran bu elementləri gücləndirməkdir”.

“Sosial problemlərin islahı insanların daxilən islah olunmasından, cəmiyyətin motivasiya, optimizm və ruh yüksəkliyindən asılıdır” – deyən Ali Məqamlı Rəhbər poeziyanın ictimai funksiyası ilə bağlı aşağıdakıları vurğuladı: “Bir xalqın mədəniyyətinə xas olan xarakterik cəhətlər, mədəni dəyərlər onun mədəni kimliyini, mahiyyətini təşkil edir. Poeziya da bu mədəni kimliyin keşiyində durmalı, onu zənginləşdirməli, saflaşdırmalıdır”.

Mədəni kimlik anlayışının əhəmiyyətini açıqlayan Ali Məqamlı Rəhbər bunları dedi: “Xalqın mədəni kimliyi elə onun yaşamının, dəyərlərinin əsasını, mənşəyini təşkil edən milli-mənəvi müdrikliyidir. İslam İnqilabı və dahi liderimiz İmam Xomeyni (r.ə) də ali müdriklik və məfkurədən qaynaqlanan həmin mədəni kimliyin bəhrəsidir”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, insanlarda mədəni kimliyin keşiyində durma stimulunun mövcud olması onların düşmənin milli kimliyə etdiyi açıq-aşkar hücumlara qarşı mübarizəni özlərinə vacib vəzifə hesab etmələri üçün zəmin yaradır. O, əlavə etdi: “Problem ondadır ki, bəziləri xalqımızın mədəni-islami kimliyinə qarşı çıxan qatı düşmən cəbhəsinin genişmiqyaslı hücumlarını görmürlər. Baxmayaraq ki, ortada bu hücumların açıq-aşkar göstəriciləri var. Qəlbi və mənəviyyatı incəsənətə köklənmiş, narahat ruhlu və itibaxışlı şairlər isə bu kimliyin müdafiəsinə qalxırlar”.

Çıxışının davamında müasir dünyanın acı reallıqlarını xatırladan Həzrət Ayətullah Xamenei böyük dövlətlərin xalqların istiqlaliyyətinə, sərvətinə, dininə, mənəviyyatına, namusuna və əxlaqına əl qoymasından, ixtiyarlarında olan təbliğat imkanlarından istifadə edərək həqiqətləri tam fərqli təqdim etmələrindən danışdı, Qəzzadakı kədərli hadisələrə toxunaraq dedi: “Bəzən elə olur ki, dünyanın harasındasa öldürülmüş bir heyvana görə böyük səs-küy salıb təbliğat aparırlar, Qəzzaya edilən son hücum, əksəriyyəti məsum və məzlum körpələr olan 100-ə yaxın insanın qətlə yetirilməsi isə onlar üçün nəinki əhəmiyyətli deyil, hətta Amerika və İngiltərə bu hücumları rəsmi şəkildə dəstəkləyirlər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Dünyanın bugünkü reallığı budur: imperialistlər mənafelərinə uyğun gələn istənilən pislik, çirkinlik, fəsad və murdarçılığı heç nədən çəkinmədən dəstəkləyir, mənafelərinə uyğun gəlməyən hər cür saflıq və müqəddəsliyə qarşı isə barbarcasına davranaraq mübarizə aparırlar”.

Həzrət Ayətullah Xamenei bu kədərli reallığı qeyd etdikdən sonra belə bir sualla çıxış etdi: dərin düşüncəsi, dərketmə qabiliyyəti və sözünün qüdrəti olan şairin öhdəsinə bu acı reallıqlar qarşısında nə kimi bir vəzifə düşür?

Sualını cavablandıran Ali Məqamlı Rəhbər dedi: “Şair, əslində, ilahi nemət və höccət olan bu üstünlüklərindən yararlanaraq məzlum cəbhənin köməyinə çatmalı, şeirləri ilə haqqı və həqiqəti bəyan etməlidir”.

Sonda Ali Məqamlı Rəhbər ölkənin poeziya karvanının, xüsusilə də gənc şairlərin və inqilabi poeziyanın əldə etdiyi nailiyyətlərdən məmnunluq duyduğunu bildirərək dedi: “Şeirin qalıcı və effektiv olmasının əsas şərti yaxşı məna və məzmundan əlavə, sənət nümunəsi kimi də güclü olmasıdır”.

Ali Məqamlı Rəhbərin çıxışından öncə qocaman və gənc şairlərdən bir neçəsi öz şeirlərini oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /