İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hökumət nümayəndələri, müxtəlif dövlət qurumlarının rəsmiləri və ordunun yüksək rütbəli zabitləri ilə bu gün (bazar ertəsi) günortadan sonra keçirdiyi görüşdə daxili və xarici məsələlərlə bağlı mühüm məqamlara toxunmaqla yanaşı qeyd etdi ki, hazırda imperializmin, özəlliklə də Amerikanın ən başlıca hədəfi İslam Respublikasının dövlət qurumlarının və rəsmilərinin hesablamalarında çaşqınlıq yaratmaq üçün çoxcəhətli və dolaşıq planlar həyata keçirməkdir. Hazırda dünya və regionda olduqca həssas bir vəziyyətin hökm sürdüyünü, dünyanın, doğrudan da, tarixin çətin bir dönəmindən keçməkdə olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslam Respublikası xalqın ideallarını gerçəkləşdirmək naminə tutduğu qürurverici yolu öz məntiqi hesablamalarının əsas prinsipləri – yəni Allaha və yaradılış qanunlarına etimad, düşmənini tanıyıb ona inanmamaq prinsipləri əsasında, xalqına arxalanaraq, qazandığı təcrübələrdən yararlanaraq, ardıcıl səy və zəhmətlə davam etdirir”.
Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayını şeytanın və şeytani davranışların təqva, ibadət və rəhmani davranışlarla üz-üzə gəldiyi bir müstəvi adlandıraraq dedi: “Bu qarşıdurma meydanında şeytanın mühüm bir hədəfi, təqvanın da çox vacib bir funksiyası var. Şeytanın məqsədi insanların məntiqi düşüncəsində çaşqınlıq yaratmaq, onları yanlış hesablamalara sürükləmək və bu yanlışlıqlar əsasında davranmağa sövq etməkdir, təqva isə insanın məlumatlılığı və gözüaçıqlığı, haqla batili bir-birindən ayırd etməsi üçün zəmin yaradır”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, insanları yanlış məntiqə sövq etmək üçün şeytanın istifadə etdiyi iki başlıca vasitə qorxu aşılama və şirnikləndirmədir. O dedi: “Şeytan bir yandan insanları təhdid edərək qorxuya salır, digər tərəfdən isə aldadıcı vədlərlə onların gözü önündə ilğım kimi yalançı və uydurma bir gələcək canlandırır”.
Çıxışının bu hissəsində Həzrət Ayətullah Xamenei Amerikanın və digər imperialist dövlətlərinin davranışları ilə bağlı mühüm bir məqamı qeyd edərək dedi: “İmperialist dövlətlərin və Amerikanın davranışları şeytanın davranışına bənzəyir, çünki onlar daim təhdid və şirnikləndirmə yolu ilə, xüsusilə də heç vaxt üstündə durmadıqları vədlərlə başqa ölkələri aldadıb öz ağalıqları altına keçirməyə çalışırlar. Şeytan da təhdid və şirnikdirmə yolu ilə insanın məntiqi düşüncəsini çaşdırmağa, onu yanlış mühakimələrə sövq etməyə çalışır”.
İnsanın öz düşüncə və hesablamalarında səhvə yol verməsinin onun üçün ən böyük təhlükələrdən biri olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hər kəs özünü bu böyük təhlükədən gözləməlidir. Belə ki insanın yanlış düşüncə və hesablamaları onun gücü və iradəsinin, faktiki olaraq, qəbul etdiyi yanlış qərarın gerçəkləşdirilməsi istiqamətində hədər getməsinə səbəb olur”.
“Rəsmilərin bu mövzuda ehtiyatlı olması ikiqat həssas və vacib bir məsələdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İnsanın öz hesablamalarında yol verdiyi ən böyük səhvlərdən biri də onun mənəvi amilləri, ilahi qanunları görməzliyə vurması, yalnız gözlə görünən, sırf maddi amillərin çərçivəsində ilişib qalmasıdır”.
Ali Məqamlı Rəhbər onu da qeyd etdi ki, xoşbəxtlik və bədbəxtlik, inkişaf və tənəzzülün səbəbləri yalnız maddi amillərlə məhdudlaşmır. O vurğuladı: “Mənəvi amillər, Allah-Taalanın müəyyən etdiyi dəyişməz qayda-qanunlar olduqca effektiv amillərdəndir. Onları görməzliyə vurmaq düzəldilməsi mümkün olmayan bir səhvdir”.
Həzrət Ayətullah Xamenei mənəvi amillərin, ilahi qayda-qanunların mövqe və əhəmiyyətini daha da aydınlaşdırmaq üçün bir neçə Quran ayəsindən misallar gətirərək onların müasir dövrdə gerçəkləşməsinə faktiki nümunələri qeyd etdi. O dedi: “Allah-Taala buyurur ki, əgər siz Onun yolu ilə gedib Onun dininə yardım etsəniz, Allahın da sizə yardımı mütləq olacaq. Allahın müəyyən etdiyi bu qayda tarixdə dəfələrlə təkrarlanıb, onun ən yaxın nümunəsi isə tarixin ən parlaq etaplarından biri olan İran İslam İnqilabının qələbəsidir”.
Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər üzünü rəsmilərə tutaraq aşağıdakıları vurğuladı: “İmkan verməyin ki, düşmən təhdid və şirnikdirmə yolu ilə sizin məntiqi düşüncənizə və hesablamalarınıza təsir etsin”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər İran İslam Respublikası ilə imperializm arasında gedən qarşıdurmanı peyğəmbərlərlə şeytanlar və tağutlar arasında gedən qarşıdurmanın davamı kimi xarakterizə edərək dedi: “Şeytanların bütün zahiri ehtişam və parıltısına baxmayaraq, İran xalqının ilahi hərəkatı günü-gündən daha da dərinləşərək genişlənir”.
“İmperialist düşmənin iki əsas taktikasının – hərbi hücum təhdidləri və sanksiyaların heç bir təsir göstərməməsi onu İranın hakim dairələrinin və dövlət rəsmilərinin hesablamalarında çaşqınlıq yaratmaq kimi bir üsula əl atmağa vadar etdi” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Sanksiyaları müqavimət iqtisadiyyatı yolunda cihad ruhlu gərgin səylərlə neytrallaşdırmaq lazımdır, hərbi hücum təhdidləri isə onlar üçün sərfəli bir variant olmadığı üçün elə sözdə hədə səviyyəsində qalacaq”.
Sanksiyalara qarşı əsas mübarizə yolu haqda daha ətraflı danışan Ali Məqamlı Rəhbər bunları dedi: “Möhtərəm prezidentin də qeyd etdiyi kimi, iqtisadi proqramları tənzimləyərkən və icra edərkən belə bir ehtimalı əsas götürmək lazımdır ki, düşmən sanksiyaları zərrə qədər də olsun azaltmayacaq”.
Həzrət Ayətullah Xamenei bəzi ABŞ rəsmilərinin sanksiyaların hətta nüvə məsələsində razılıq əldə olunacağı təqdirdə də davam etdiriləcəyi barədə səsləndirdikləri bəyanatlara toxunaraq dedi: “Dəfələrlə qeyd etdiyimiz kimi, nüvə məsələsi yalnız bir bəhanədir. Bu olmasa belə, onlar insan haqları, qadın haqları və s. kimi başqa qondarma bəhanələr tapacaqlar”.
Ali Məqamlı Rəhbər Amerikanın işlətdiyi ikinci əsas taktika – hərbi hücum təhdidləri ilə bağlı aşağıdakıları da qeyd etdi: “İnsan qırğını, qətl və cinayətlər, soyğunçuluq – bunlardan heç biri Amerika üçün çəkindirici amil hesab olunmur. Lakin reallıq budur ki, bu gün hərbi hücum Amerika üçün sərfəli bir variant deyil. Məhz buna görə də İran xalqı kimi, prosesləri kənardan izləyən və nə baş verdiyini gözəl bilən digər dünya ölkələri və xalqları da ABŞ-ın bu təhdidlərini ciddiyə almırlar”.
Ali Məqamlı Rəhbər Amerikanın Səddam adlı yırtıcı canavarı himayə etməsinə, İrana məxsus sərnişin təyyarəsinə hücum edərək yüzlərlə günahsız qadın və uşağın ölümünə səbəb olmasına, İraq və Əfqanıstanda yüz minlərlə insanı qətlə yetirməsinə, müxtəlif ölkələrdə “rəngli inqilab” adı altında qanlı böhranlara rəvac verməsinə toxunaraq dedi: “Amerika üçün xalqların həyatının, asayiş və təhlükəsizliyinin heç bir dəyəri yoxdur, əgər harasa hücum etməyi özü üçün sərfəli hesab etsə, bir an belə olsun ləngiməz”.
Ali Məqamlı Rəhbər Amerikanın guya İsrailin İrana hərbi hücumuna mane olduğu barədə gəzən bəzi söz-söhbətlərə toxunaraq aşağıdakıları vurğuladı: “Bu sözlər doğrudursa da, Amerikanın bu şəkildə davranmağının səbəbi hücumu sərfəli bir variant kimi qiymətləndirməməyidir. Biz özümüz də bunu qətiyyətlə vurğulayırıq ki, İran İslam Respublikasına hərbi hücum heç kəs üçün sərfəli olmayacaq”.
Həzrət Ayətullah Xamenei çıxışının bu hissəsini yekunlaşdıraraq dedi: “Düşmən istər sanksiyalar, istərsə də hərbi hücum müstəvisində heç nə edə bilməyəcək, bir şərtlə ki, biz imanlı olaq və meydanda, doğrudan da, var olaq”.
Daha sonra Ali Məqamlı Rəhbər çıxışının ana xəttini təşkil edən mövzu – yəni imperializmin, özəlliklə də Amerikanın İran rəsmilərinin məntiqi düşüncəsinə yanlış hesablamalar aşılamaq cəhdləri ilə bağlı incə bir məqamı qeyd edərək dedi: “Düşmən bilir ki, İslam Respublikası qarşısına bir hədəf qoyduqda ona nail olur, buna görə də İran rəsmilərinin hesablamalarında çaşqınlıq yaratmaqla elə etmək istəyir ki, onlar öz fəaliyyət proqramlarında Amerikanın mənafeyinə uyğun olmayan heç bir şeyə yer verməsinlər. Mənim hələ illər öncə vurğuladığım yumşaq müharibə də elə budur”.
Amerikanın bu planının da məğlubiyyətə məhkum olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam Respublikası ilk gündən rasional məntiqə və iki başlıca prinsipə – Allaha və yaradılış qanunlarına etimad və düşmənini tanıyıb ona inanmamaq prinsiplərinə əsaslanaraq öz davranış və siyasətlərini ağlın gücü ətrafında mərkəzləşdirib, bundan sonra da belə olacaq!”
Bu iki başlıca məntiqi prinsipin dayağı olan amillərdən danışan Ali Məqamlı Rəhbər dedi: “Xalqa, onun səmimi hiss və emosiyalarına, “Biz bacaracağıq!” ruhiyyəsinə inam, əməksevərlik, ətalət və tənbəllikdən uzaq olmaq, Allahın yardımına inam, şəri vəzifəsini yerinə yetirmək yolunda çətinliyə qatlaşmaq, keçmiş təcrübələrdən yararlanmaq, müstəqilliyi üzərində möhkəm duraraq imperialistlərin xalqlara qarşı rəftarına diqqət yetirmək İslam Respublikasının rasional gücünü, yəni dövlətin siyasətinin və atdığı addımların bazasını təşkil edən amillərdir”.
O, əlavə etdi: “İmperializmin İslam Respublikasına qarşı çıxması da, əslində, elə bu təfəkkürə qarşı çıxmasından qaynaqlanır, yoxsa İslam dininin sırf adı və zahiri atributları onlar üçün əhəmiyyətli və qıcıqlandırıcı deyil”.
Ali Məqamlı Rəhbər Amerikanın siyasi ekspertlərindən birinin: “İranla Amerika arasında barışıq mümkündür, İslam Respublikası ilə Amerika arasında isə yox” – deyə səsləndirdiyi fikirlərə toxunaraq aşağıdakıları qeyd etdi: “Bu, doğrudur, çünki Amerikanın Pəhləvi dövründəki xaricdən asılı İranla heç bir problemi yox idi. Müstəqillik, iman, zülmə qarşı mübarizə və islami birliyə dəvət edən İranla isə Amerika düşmənçilik etməyə bilməz”.
Ali Məqamlı Rəhbər hökumət rəsmiləri qarşısında çıxışını bir neçə mühüm tövsiyəsi ilə davam etdirdi.
İlk tövsiyəsində o, dünya və regionda formalaşmış son dərəcə həssas vəziyyətə toxunaraq dövlət rəsmilərinə xitabən aşağıdakıları vurğuladı: “Hazırda biz tarixin, sözün həqiqi mənasında, çətin bir mərhələsindəyik. Əgər güclü olmasaq, hər kəs bizə qarşı zorakılıq edəcək. Odur ki daha da güclü olmalıyıq”.
Ölkənin qüdrətini artıracaq amillərdən daha da ətraflı danışan Həzrət Ayətullah Xamenei dedi: “Yüksək əhval-ruhiyyə, optimist yanaşma, əməksevərlik, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik sferasındakı boşluqları müəyyən edərək onları doldurmaq, hökumət qurumlarının öz arasında, eləcə də həmin qurumlarla xalq arasında koordinasiyanın olması İranın qüdrətini artıran amillərdəndir”.
Ali Məqamlı Rəhbərin hökumət rəsmilərinə verdiyi ikinci tövsiyə işləmək, xalqa xidmət etmək fürsətinin qiymətini bilməklə bağlı oldu. O dedi: “İşləməyə imkan vermirlər” deməyin, çünki əvvəlki dövrlərdə də işlədilən bu bəhanə qəbuledilməzdir. Mövcud imkanlardan istifadə etmək və iş üçün bircə anı belə fövtə verməmək lazımdır”.
Öz üçüncü tövsiyəsində Həzrət Ayətullah Xamenei ölkə rəsmilərinə xitabən aşağıdakıları vurğuladı: “Öz davranışlarınızı inqilabın prinsipləri əsasında tənzimləyin, kənar məsələlərə vaxt ayırmaqdan çəkinib bütün səy və diqqətinizi xalqın problemlərinin həlli üzərində cəmləyin”
Ali Məqamlı Rəhbərin dövlət rəsmilərinə verdiyi dördüncü tövsiyə hakimiyyətin 3 qolu və müxtəlif hökumət sferaları arasında koordinasiyanın vacibliyi ilə bağlı oldu. Çıxışının bu hissəsində o, hakimiyyət qüvvələrinin başçıları arasında müştərək iclasların keçirilməsi, hakimiyyət qüvvələri arasında müştərək və ikitərəfli iclasların təşkil olunması, fikir mübadiləsi, qarşılıqlı məsləhətləşmələrin nəticələrindən istifadə, həmçinin cihad ruhlu idarəetmə kimi mühüm məqamlara diqqət çəkdi.
Ali Məqamlı Rəhbər çıxışının ardında hökumət kabinetinə münasibətlə bağlı bir neçə tövsiyə verdi, həmçinin hökumət nümayəndələrinə xitabən də bir neçə mühüm tövsiyəsini açıqladı.
Həzrət Ayətullah Xamenei hökumət kabinetinə münasibətlə bağlı aşağıdakıları vurğuladı: “Mən hökuməti dəstəkləyir və himayə edirəm, bunu etmək üçün səlahiyyətimdə olan bütün imkanlardan istifadə edəcəyəm və ölkəmizin bütün yüksək ranqlı rəsmilərinə etimad bəsləyirəm”.
O, Ali Rəhbərlik Məqamının əvvəlki dövrlərdə xalq tərəfindən seçilmiş bütün hökumətləri dəstəklədiyini qeyd edərək dedi: “Həmin hökumətlərin hamısının güclü və zəif cəhətləri olub. Əvvəlki hökumətləri mütəxəssis yanaşması əsasında tənqid etmək lazımdır. Bunu kütləvi tribunalardan etmək bir o qədər də məqsədəuyğun deyil”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, hazırkı hökumətə ünvanlanan bütün tənqidlər də vicdan, hörmət və canıyananlıqla olmalı, hökumətin işinə istənilən formada əngəl törətmək, rəsmilərə əziyyət vermək məqsədi daşımamalıdır”.
Həzrət Ayətullah Xameneinin hökumət nümayəndələrinə də tövsiyələri oldu. İlk olaraq o, hökumət rəsmilərinə müqavimət iqtisadiyyatının siyasətlərini ciddiyə almağı tövsiyə edərək dedi: “Möhtərəm prezident və rəsmilərdən bəziləri müqavimət iqtisadiyyatının siyasətlərinə dəstək olmaq mövzusunda az-çox danışıblar, lakin bu məsələdə əsas etibarilə iş görməyə, hərəkətə keçməyə ehtiyac var. Biz müqavimət iqtisadiyyatını dildə dəstəkləyib, iş görməkdə süstlük etməməliyik”.
O həmçinin vurğuladı: “Müqavimət iqtisadiyyatının əsasında daxili istehsalın önə çəkilməsi və ölkə iqtisadiyyatının daxili müqavimətinin möhkəmləndirilməsi durur”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “İqtisadiyyatın rövnəqlənməsi də başqa bir şeylə yox, məhz daxili istehsalla, daxili imkan və potensialın fəallaşdırılması ilə reallaşacaq”.
Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının siyasətlərinin icrası ilə bağlı banklara, eləcə də sənaye və mədən sferalarına da bəzi tövsiyələr verdi. Banklarla bağlı o, aşağıdakıları qeyd etdi: “Banklar müqavimət iqtisadiyyatının siyasətlərinin icrası istiqamətində müsbət rol oynamalı, bu siyasətlərlə, dövlətin onların icrası istiqamətində hazırladığı proqramlarla uyğunlaşmalıdırlar”.
Ali Məqamlı Rəhbərin sənaye və mədən sferalarına ünvanladığı mühüm tövsiyə isə bundan ibarət oldu: “Səylərinizi, dinamikliyinizi ikiqat artırın, çünki durğunluqdan çıxmağın əsas yükü sənaye və mədən sferasının öhdəsinə düşür”.
Aqrar sektorun da həlledici əhəmiyyətə malik olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dövlətin öz siyasətində bu olduqca mühüm sferaya dəstək verməli olduğunu vurğulayaraq dedi: “Kənd təsərrüfatı sektorunu himayə etməklə yanaşı, əkinçi və maldarların problemlərini də aradan qaldırmaq lazımdır”.
Çıxışının ardında Ali Məqamlı Rəhbər 11-ci hökumətin şüarı olan “Mötədillik” şüarına toxunaraq dedi: “Mötədillik” şüarı çox yaxşı və dəstəklənməyə layiq bir şüardır, çünki ifrat hər zaman qəbuledilməzdir”.
O, sözügedən şüarla bağlı hökumətə bir tapşırıq da verərək dedi: “Diqqətli olun ki, ölkənin siyasi arenasındakı bəzi qüvvələr mötədillik şüarı ilə dini tendensiyanı kənara sıxışdırmasın. Çünki, əslində, təhlükə anında hamıdan əvvəl sinəsini sipər edən, problemli situasiyalarda da dövlətə, doğrudan da, yardım edən məhz o dini tendensiyanın təmsilçiləri olur”.
Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Mötədillik elə İslam deməkdir; kafirlərə qarşı kəskin mübarizə, bir-birinə qarşı mehribanlıq, “əmr be məruf və nəhy əz münkər” – yaxşılığa dəvət və pisliklərdən çəkindirmək deməkdir. Mötədillik dindar insanların özləri üçün dini vəzifə hesab etdikləri işlərin qarşısını almaq demək deyil”.
Daha sonra Ali Məqamlı Rəhbər bəzi siyasi cərəyanlara və media nümayəndələrinə də mühüm bir tövsiyə verərək dedi: “Xalqın mənəvi-psixoloji asayişi çox əhəmiyyətli bir məsələdir. Bəzi əsassız məsələləri ortaya atıb xarici medianın dediklərini təkrar etməklə xalqın əsəbləri ilə oynamaq, camaatın psixologiyasını korlamaq lazım deyil”.
Çıxışının davamında nüvə məsələsinə toxunan Həzrət Ayətullah Xamenei bunun həssas bir məsələ olduğunu qeyd etdi. O, prezidentin nüvə məsələsi ilə bağlı səsləndirdiyi fikirləri təsdiqləyərək dedi: “Reallıq budur ki, nüvə məsələsində qarşı tərəf bizi hədəflərimizdən çəkindirmək üçün qarşıya maksimum tələblər qoyur və məşhur xalq məsəlində deyildiyi kimi, ölümdən yapışıb ki, qızdırmaya razı olaq”.
Uranı zənginləşdirmə imkanlarının qarşı tərəflə fikir ayrılığına səbəb olan əsas məqamlardan biri olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Onların məqsədi budur ki, uranı zənginləşdirmə potensialı mövzusunda İslam Respublikasını 10 min ədəd sentrifuqaya razı salsınlar. Əlbəttə ki, onlar əvvəlcə 500, 1000 ədəd sentrifuqadan başladılar. İndi razı olduqları 10 min sentrifuqa da daha əvvəl bizdə olmuş və indi də olan köhnə nəsil sentrifuqalardır. Halbuki əlaqədar rəsmilərin dediyinə əsasən, ölkəmizin qəti surətdə 190 min sentrifuqaya ehtiyacı var”.
“Nüvə silahı ilə bağlı narahatlıq keçirdiklərini bəhanə edən, əslində isə İranda yerli nüvə elmi və texnologiyasının inkişafına qarşı çıxan amerikalılar haqsız və məntiqsiz danışırlar” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu və ya digər ölkənin nüvə silahı əldə etməsinin qarşısını almaq üçün konkret yollar, rəsmi qurumlar var. İran İslam Respublikasının bu kimi məsələlərə heç bir iradı yoxdur və nüvə silahı əldə etmək niyyətində olmadığına zəmanət də verib. Amerikanın isə hansısa ölkənin nüvə silahı əldə etmə ehtimalına qarşı narahatlıq ifadə etməyə haqqı yoxdur. Çünki ABŞ özü bu silahdan istifadə edib, hazırda da əlində bir neçə min atom bombası var”.
Həzrət Ayətullah Xamenei amerikalılara xitabən aşağıdakıları dedi: “Nüvə silahından istifadədə sizin törətdiyiniz əməllərə baxsaq, deyə bilərik ki, nüvə silahı ilə bağlı narahatlıq keçirmək qətiyyən sizə aid bir şey deyil”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Sözsüz ki, mən danışıqlarda ölkəmizi təmsil edən komandaya etimad bəsləyirəm və əminəm ki, onlar ölkəmizin və xalqımızın haqlarına, milli qürur və heysiyyətimizə əl uzadılmasına razı olmayacaq, belə bir şeyə imkan verməyəcəklər”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, nüvə tədqiqatlarının aparılması, bu sahədə davamlı inkişafa nail olunması danışıqlarda gözlənməli olan mütləq şərtlərdən biridir. O, əlavə etdi: “Qarşı tərəfin xüsusilə vurğulayaraq həssaslıq göstərdiyi mühüm məqamlardan biri də dağıdılması düşmən üçün qeyri-mümkün olan nüvə obyektinin qorunub saxlanmasıdır”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Onlar Fərdo obyekti ilə bağlı narahatlıq bildirirlər, belə ki bu müəssisə onlar üçün zərbə hədəfi kimi əlçatan deyil. Amerikalılar sözügedən obyektin buraxılmasını məhz buna görə istəyirlər, bu isə gülüncdür”.
Çıxışının ardında Ali Məqamlı Rəhbər regionda gedən proseslərə, özəlliklə də İraqda baş verən fitnəyə toxunaraq dedi: “Allahın köməyi ilə mömin İraq xalqı bu fitnəni yatıracaq, region xalqları maddi-mənəvi inkişaf və yüksəlişə doğru günü-gündən daha artıq irəliləyəcəklər”.
Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei mübarək Ramazan ayını tövbə və Allaha qayıdış ayı, pis əməl, niyyət və düşüncələrin cəhənnəmindən yaxşı əməl, niyyət və düşüncələrin cənnətinə doğru irəliləmək üçün zəmin yarandığı bir ay adlandıraraq dedi: “Mübarək Ramazan ayının dualarının insana öyrətdiyi ali təlimlərdən biri də ağılla, hədəfini müəyyən edərək hərəkət etmək, tənbəllik və işsizlikdən uzaq olmaq, həvəssizlik, səhlənkarlıq, rəhmsizlik, mühafizəkarlıq və qəflətdən çəkinməkdir. Bu dəyərli təlimlərə riayət etməkdə adi insanlarla müqayisədə rəsmilərin öhdəsinə daha ağır və çətin vəzifələr düşür”.
Ali Məqamlı Rəhbərdən öncə çıxış edən ölkə başçısı Höccətül-İslam vəl-muslimin Ruhani Ramazan ayının bərəkətli mənəvi-əxlaqi təlimlərindən danışaraq qeyd etdi ki, İslam İnqilabının hədəfi elə yer üzünə ilahi peyğəmbərlərin göndərilməsində gözlənilən hədəf – yəni əxlaqi dəyərlərin təkmilləşdirilməsidir. O dedi: “Hökumət özəlliklə “Mədəniyyət və iqtisadiyyat ili” adlandırılmış cari ildə mədəniyyətlə bağlı məsələləri, o cümlədən müqavimət iqtisadiyyatının başlıca siyasətlərinin icrasını özü üçün ən mühüm vəzifələr hesab edir”.
Cənab Ruhani cari ildə hökumətin mədəniyyət sferasında həyata keçirdiyi ən başlıca proqramlar sırasında 3 mühüm dövlət sənədinin: “Mədəniyyətin idarə edilməsi”, “Təhsil sistemində əsaslı dəyişikliklər” və “Elm xadimləri” adlı dövlət proqramlarının icrasını qeyd edərək dedi: “Mədəniyyət sferası ilə bağlı vəzifələrin böyük bir hissəsi də teoloji mərkəz kimi dini-ictimai qurumların, ziyalıların və incəsənət xadimlərinin, mədəniyyətsevərlərin öhdəsinə düşür”.
Bu sahədə mərcə-təqlidlərin və ruhani dairələrin misilsiz dərəcədə önəmli rola malik olduqlarını deyən ölkə başçısı əlavə etdi: “Bu gün mərcəiyyət institutu imperializm və sionizmin məkrli planları qarşısında güclü bir səddir. Biz bunun açıq-aşkar nümunəsini İraqda müşahidə edirik”.
Çıxışının ardında ölkə başçısı aşağıdakıları vurğuladı: “Hökumət öz fəaliyyət proqramında elmi əsaslı şirkətlərin gücləndirilməsinə mühüm yer ayırır. Bu şirkətlərin himayə edilməsi məqsədilə Elmi İnkişaf və İnnovasiyalar Fonduna 1 trilyon tümən maddi vəsait ayrılmışdır”.
Ölkə başçısı hesabatının ardını iki mühüm mövzunu: inflyasiya və iqtisadi inkişaf mövzularını önə çəkməklə dövlətin iqtisadiyyat sferasındakı fəaliyyətinə həsr etdi.
İqtisadiyyat sferası ilə bağlı ümumi şəkildə dəyərləndirmə aparan cənab Ruhani hökumətin 11 aylıq fəaliyyəti dövründə bəzi göstəricilərin gözlənildiyi səviyyədən də yüksək olduğunu qeyd etdi. O, 1392-ci ildə (2013) müşahidə olunmuş 45 faizlik inflyasiya göstəricisinin tədricən azalaraq cari ildə 14.6 faizə endiyini bildirərək dedi: “Bir il ərzində inflyasiyada bu dərəcədə azalmanın müşahidə olunması parlament, Məhkəmə Hakimiyyəti, Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura və Silahlı Qüvvələrin köməyi və dəstəyi ilə baş tutmuşdur və əvvəlki hökumətlərin tarixində görünməmiş bir haldır”.
Cənab Ruhani mövzu ilə əlaqədar aşağıdakıları da əlavə etdi: “Hökumət 1394-cü ildə (2015) inflyasiyanın səviyyəsini 20 faizdən aşağıda saxlamaq, 1395-ci (2016) ildə isə birrəqəmli bir göstəriciyə endirmək niyyətindədir”.
Davamlı iqtisadi inkişafı təmin etməyin inflyasiyanı idarə etməkdən daha çətin olduğunu deyən ölkə başçısı aşağıdakıları əlavə etdi: “Hökumət müqavimət iqtisadiyyatının başlıca siyasətləri əsasında durğunluğa son qoymağı, istehsalı yüksək rəqabət qabiliyyəti və ixracat istiqamətinə yönəltməyi qərara alıb. Durğunluqdan çıxış məqsədilə hazırlanmış hökumət proqramları tezliklə geniş ictimaiyyətə təqdim olunacaq”.
Cənab Ruhani həmçinin dedi: “İqtisadiyyatın rövnəqlənməsi üçün dünya ölkələri, xüsusilə də qonşu ölkələrlə müsbət və konstruktiv əlaqələr quraraq əməkdaşlıq etmək lazımdır. Hökumət isə bu istiqamətdə effektiv addımlar atıb”.
Ölkə başçısının hesabatının növbəti hissəsi ölkədə səhiyyə ilə bağlı vəziyyətə, bu sahədə həyata keçirilən dəyişikliklər layihəsinə həsr olunmuşdu. Cənab Ruhani “Səhiyyə sistemində dəyişikliklər layihəsi”ndən 1 milyon 200 min nəfər insanın yararlandığını, 4 milyondan artıq insanın isə səhiyyə sığortası ilə sığortalandığını qeyd etdi.
Çıxışının ardında cənab Ruhani dövlətin xarici siyasət sferasındakı strategiyası və fəaliyyət istiqaməti ilə bağlı məlumat verərək bildirdi ki, imperializm cəbhəsinin yaratdığı iranafobiya səddi artıq yıxılmış, bəhanəçilik siyasəti iflasa uğramışdır. O dedi: “Zülmkar sanksiyalar divarında bərpaedilməz bir yarıq əmələ gəlib”.
Cənab Ruhani həmçinin vurğuladı: “Nüvə danışıqlarında güclü məntiq və arqumentlərlə çıxış edən İslam Respublikası xalqının hüquqlarından zərrə qədər olsun geri durmayacaq. Dövlətimiz xalqın danılmaz haqqı olan nüvə texnologiyalarından sülhməramlı istifadə hüququ ilə yanaşı, bu sferada maliyyə və texnologiyalar bazarına çıxış əldə etmək hüququnu da tələb etmək niyyətindədir”.
Ölkə başçısı onu da əlavə etdi ki, bu gün danışıqlar düşmənin haqsız tələbkarlığı ucbatından nəticəsiz qalsa da, dünya bunun məsuliyyətinin qarşı tərəfin üzərinə düşdüyünü anlayır və İran İslam Respublikası özünün qanuni kurs üzrə irəliləyişini xalqının əvvəlkindən də güclü dəstəyi ilə davam etdirəcək.
Cənab Ruhani hökumətin daha bir mühüm strategiyasına toxunaraq dedi: “Hökumətin cari il və gələcək illər üçün nəzərdə tutduğu iqtisadi dəyişikliklər proqramı sırf sanksiyaların qırılmasına, yaxud aradan qaldırılmasına hesablanmayıb və hətta düşmən tərslik etsə belə, Allahın köməyi ilə biz inkişaf və yüksəliş yolumuza davam edəcəyik”.
Ölkə başçısı çıxışının yekun hissəsini son zamanlar regionda yaşanan narahatedici hadisələrə həsr etdi. O bildirdi ki, “islami cihad” kimi müqəddəs anlayışlardan sui-istifadə edərək müsəlmanlar arasında təfriqəçi cərəyanlar yaratmaq İslam ümmətinin düşmənlərinin qurduğu məkrli bir plandır. Bu planın məqsədi isə İslam İnqilabının dinə əsaslanan xalq hakimiyyəti, müstəqillik, mübarizlik, vahid İslam ümmətinin formalaşdırılması kimi mühüm mesajlarının dünyaya yayılmasının qarşısını almaqdır. Cənab Ruhani həmçinin dedi: “İslam Respublikası sabitlik və təhlükəsizliyin təmin edilməsində, cəhalət, ekstremizm, vəhşilik və zorakılığa qarşı mübarizədə öhdəsinə düşən məsuliyyəti lazımınca dərk edir və regionda qan axıdılmasının, insanların qətlə yetirilməsinin, sabitliyin pozulmasının heç kəsin xeyrinə olmayacağını düşünür”.
Sonda ölkə başçısı bir daha aşağıdakıları vurğuladı: “Dövlət bütün uğurlarını xalqın iştirakı, birlik və həmrəyliyi, Ali Məqamlı Rəhbərin tövsiyə və istiqamətləndirməsi, Allah-Taalanın lütf və inayəti, İmam Mehdi Sahibəzzamanın (ə.f) diqqəti sayəsində qazandığına inanır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir