Bu gün (çərşənbə günü) günortadan sonra ölkə universitetlərində çalışan yüzlərlə professor və müəllim Ali Məqamlı Rəhbərlə görüşərək elm, ali təhsil, mədəniyyət, sosial həyat, iqtisadiyyat və siyasətlə bağlı müxtəlif mövzular ətrafında söhbət edib fikir mübadiləsi apardılar.
2 saatdan artıq davam edən görüşün əvvəlində universitet müəllimlərindən 7 nəfəri çıxış edərək rəy və görüşlərini dilə gətirdilər. Daha sonra çıxış edən Ali Məqamlı Rəhbər İranın və İslam dünyasının müqəddəratını müəyyən edəcək əsas amil kimi elmi hərəkatın ciddi, sürətli və hərtərəfli şəkildə davam etdirilməsinin əhəmiyyətini vurğulayaraq dedi: “Bu mühüm hədəfin gerçəkləşməsi üçün vətəninin və xalqının inkişafını arzulayan şəxslərin cihad əzmli fəaliyyətinə, idarəçiliyinə ehtiyac var”.
Universitet müəllimləri ilə keçirdiyi görüşlərin onun üçün ən xoş və ürəyəyatan görüşlərdən olduğunu bildirən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, belə görüşləri keçirməkdə əsas məqsədi ölkənin elmi ictimaiyyətinə, ziyalılarına, düşünən beyinlərinə sonsuz hörmət ifadə etməkdir.
Görüş əsnasında bəzi universitet müəllimlərinin vurğuladıqları məqamların çox yaxşı və olduqca faydalı olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İnşallah, qurulan fəaliyyət proqramlarında, rəsmilərlə aparılan fikir mübadilələrində bütün bu məsələlərdən istifadə olunacaq. Burada vurğulanan məqamların təsiri hiss olunmalıdır”.
Bu giriş sözlərindən sonra Ali Məqamlı Rəhbər ölkənin elmi hərəkatı ilə bağlı bir neçə məsələyə toxundu. İlk olaraq o vurğuladı ki, ölkənin elmi hərəkatı heç bir vəchlə durdurulmamalı, ətalətə düçar olmamalı, daha da sürətli templə davam etdirilməlidir.
Ali Məqamlı Rəhbər dedi: “Ölkənin elmi hərəkatı ölkəmizin, cəmiyyətimizin, hətta İslam dünyasının gələcəyi üçün əsas mövzudur”.
O, əlavə etdi: “Elmi işlərin əhəmiyyəti illərlə vurğulandıqdan sonra hazırda ölkə elmi böyük nailiyyətlər qazanıb, dünya miqyasında da tanınır və əslində belə demək olar ki, İran İslam Respublikasının elmi hərəkatı bütün dünyada bir fakt kimi qəbul olunur”.
Ali Məqamlı Rəhbər ölkənin elmi nailiyyətləri ilə bağlı mühüm və narahatedici bir məqamın mövcud olduğunu qeyd edərək dedi: “Bizim ən mühüm nigarançılığımız ondandır ki, illərlə çəkilmiş zəhmət və əzab-əziyyətdən sonra çətin bir yol keçib yolun yarısına gəlmiş elmi hərəkatımız durğunluğa və ətalətə düçar olar”.
Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Bu yolda baş verəcək istənilən durğunluq, ölkənin elmi hərəkat tempinin ətalətlə üzləşməsi geriləmə ilə müşayiət olunacaq”.
O, əlavə etdi: “Əgər bu elmi hərəkat durğunluğa düçar olsa, onu geri qaytarmaq çox çətin olacaq. Odur ki ölkənin elmi hərəkatına hər kəs var gücü ilə yardım etməlidir”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, ölkənin elmi inkişafının durdurulması İslam dövlətinə düşmən olan cəbhənin başlıca planlarından biridir. O, “düşmən” kəlməsindən dönə-dönə istifadə etməsi ilə bağlı aşağıdakıları dedi: “Bəziləri “düşmən” sözündən istifadə edilməsinə və bu kəlmənin dönə-dönə təkrarlanmasına həssaslıqla yanaşırlar. Halbuki Qurani-Kərimdə də “şeytan” və “iblis” sözləri dəfələrlə təkrar olunur. Həmin ayələr şeytandan – düşməndən qafil olmamağın vacibliyini çatdırır”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Düşmən məsələsinin önə çəkilməsi daxildəki problem və nöqsanlara diqqət yetirilməməsi demək deyil, lakin xaricdəki düşməni diqqətə almamaq bizi ziyana uğradacaq böyük və strateji bir səhvdir”.
O, aşağıdakıları da vurğuladı: “Düşmənin xəbis plan və tədbirlərinə qarşı mübarizə aparmaq üçün elm sahəsində cihad ruhlu idarəetməyə, rəsmilərin və universitet müəllimlərinin buna qarşı düzgün və tədbirli şəkildə iş aparmasına ehtiyac var”.
Ali Məqamlı Rəhbər Elmlər Nazirliyinin və universitetlərin rəsmilərinə, habelə müəllimlərə ölkənin elmi inkişafının sürətli templə davam etdirilməsi üçün ciddi əzm göstərməyi təkidlə tövsiyə edərək dedi: “Təəssüflər olsun ki, müəyyən dövrlərdə biz universitetlərdə ziyalı gəncləri ölkəni tərk etməyə vadar edən xoşagəlməz tendensiyalar müşahidə etmişik, yaxud hansısa illərdə Elmlər Nazirliyinin özündə müəyyən şəxslər ölkənin elmi inkişafına maneçilik törədiblər. Bu kimi hallar heç bir vəchlə təkrar olunmamalıdır”.
Həzrət Ayətullah Xamenei həmçinin əlavə etdi: “Universitetlər ölkənin elmi inkişafına heç bir dəyər verməyən şəxslərin yox, İranın elmi inkişafını arzulayan, bunun ölkə və xalqın müqəddəratındakı əhəmiyyətini dərk edən insanların ixtiyarında olmalıdır”.
Ali Məqamlı Rəhbər eyni zamanda həm uzun, həm də qısamüddətli zaman prizmasından yanaşdıqda ölkənin elmi inkişafının çox mühüm faydaları olduğunu, o cümlədən sanksiyaları neytrallaşdıra biləcəyini qeyd edərək dedi: “Düşmən sanksiyalar vasitəsilə İran insanının milli qüruruna təzyiq göstərmək, xalqımızı təhqir etmək istəyir. Elmi inkişaf hərəkatının durmadan davam etdirilməsi bu vasitəni də təsirsiz qoyacaq”.
“Elmlə sənaye və kənd təsərrüfatı arasında bağlantı qurulmasında təsirli amillərdən biri də rəsmilərin elmi əsaslı şirkətlərə diqqət və qayğı ilə yanaşmasıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Lazımi meyar və standartlara cavab verən, həqiqətən, elmi əsaslı şirkətlər ölkənin elmi inkişafının davam etdirilməsində mühüm rol oynaya bilərlər”.
Ali Məqamlı Rəhbər İranın elmi inkişafına bir fakt kimi şübhə ifadə edən bəzi KİV nümayəndələrinə toxunaraq dedi: “Bu kimi söhbətlərin səbəbi məlumatsızlıqdır. Belə insanlar üçün müxtəlif sahələrə elmi ekskursiyalar keçirmək lazımdır ki, onlar tibb, nüvə, nano texnologiyaları, kök hüceyrələri və digər sahələrdə qazanılmış təqdirəlayiq uğurlarla tanış olsunlar və daha məlumatsız şəkildə nə isə danışmasınlar”.
“Ölkənin kompleks elmi planının hazırlanması strateji bir məsələdir. Bu plan elmi cəhətdən müxtəlif sahələr üçün tənzimlənən dövlət proqramları üçün bazadır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Kompleks elmi planın hazırlanmasında müxtəlif universitetlərin payı müəyyən olunmalıdır ki, elmi mərkəzlər öz imkan və potensiallarına uyğun olaraq bu mühüm sənədin ərsəyə gəlməsində öhdələrinə düşən məsuliyyəti yerinə yetirsinlər”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, elmi işlərin ölkənin ehtiyaclarına maksimum dərəcədə uyğunlaşdırılması başlıca zərurətdir. O, əlavə etdi: “Əlbəttə ki, İran professorlarının dünyada aparıcı mövqe tutan elmi məqalələri ölkəmizə başucalığı gətirir və onun inkişafından xəbər verir, lakin elmi məqalələr və aparılan bütün elmi tədqiqat işləri daxildəki ehtiyacların təmin edilməsinə yönəldilməlidir ki, universitetlər ölkənin idarəçiliyinə yardım işində öhdələrinə düşən rolu layiqincə ifa edə bilsinlər”.
Ali Məqamlı Rəhbərin universitet müəllimləri ilə görüşü zamanı vurğuladığı digər bir mühüm məqam müəllimlərin davranışının, danışığının və xarakterinin tələbələrə spesifik təsirə malik olması ilə bağlı oldu. O dedi: “Müəllimin elmi nailiyyətləri ona tələbələrin düşüncəsinə və şəxsiyyətinə müstəsna təsir gücü qazandırır. Bu effektiv gücdən pozitiv, optimist, gələcəyə ümidlə baxan, cəsur, imanlı, özünə güvənən, dövlətin əsaslarına inanan, xalqa xidmət əhval-ruhiyyəsinə malik, vətənə və mənəvi dəyərlərə bağlı olan gənclərin yetişdirilməsi üçün istifadə etmək lazımdır”.
Qərb mədəniyyəti qarşısında aldanıb məğlub olan insanları tənqid edən Həzrət Ayətullah Xamenei aşağıdakıları dedi: “Belələri bu vətənə, xalqa aid olan, özümüzün olan hər bir şeyi müstəqim və ya qeyri-müstəqim şəkildə təhqir edir, istehza obyektinə çevirir, bu hərəkətləri ilə də tələbələri pessimizmə, məyusluğa düçar edirlər. Bu, olduqca yanlış bir davranışdır”.
Ali Məqamlı Rəhbər universitetlərdə tədris olunan din dərslərinin çox dəyərli bir fürsət olduğunu qeyd edərək dedi: “Dini bilgilərdən dərs deyən müəllimlər auditoriyada tələbələrin qarşısına günün tələblərinə uyğun, dərin məlumatlarla çıxıb bu fənni müdrikliklə tədris etsələr, ölkəyə və cəmiyyətə ən gözəl şəkildə fayda verə bilərlər. Ali Rəhbərlik Məqamının universitetlərdəki nümayəndəlikləri bu məsələyə diqqətlə yanaşaraq lazımi proqramlar hazırlamalıdırlar”.
“Humanitar elmlərdə əsaslı dəyişiklər edilməsinə, doğrudan da, ehtiyac var” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları da əlavə etdi: “Humanitar elmlərdə dəyişiklik edilməsi o demək deyil ki, Qərbdə aparılan elmi-tədqiqat işləri ilə tanış olmağa qətiyyən ehtiyac yoxdur”.
Sözügedən elm sahələrində dəyişiklik edilməsinə nəyə görə zəruri ehtiyac olduğunu izah edən Ali Məqamlı Rəhbər dedi: “Qərbdə humanitar elmlər maddiyyata, dindən kənar amillərə əsaslanır, halbuki bu elmlər fərd və cəmiyyət üçün yalnız o zaman faydalı ola bilər ki, dini, islami dünyagörüşünə əsaslansın. Bu istiqamətdə uyğun sürət tempi ilə – nə ləng, nə də tələsik bir formada iş aparmaq lazımdır”.
Çıxışının sonunda Həzrət Ayətullah Xamenei bir daha mühüm bir məqamı vurğulayaraq dedi: “Aidiyyəti olan qurumların rəsmiləri və rektorlar elm mərkəzlərinin siyasi cərəyanların at oynatdığı məkanlara çevrilməsinin qarşısını ciddi surətdə almalıdırlar”.
Universitetlərin siyasiləşməsinin ölkənin elmi inkişafı üçün öldürücü zəhərə bərabər olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüf ki, biz müəyyən dövrlərdə bu ziyanlı təzahürün şahidi olmuşuq”.
Tələbələr arasında siyasi baxışların, siyasi dərk və siyasətə meylin olmasını normal qəbul edərək dəstəklədiyini deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Lakin bu, elm mərkəzlərinin siyasi cərəyanların at oynatdığı məkanlara çevrilməsindən fərqli bir şeydir”.
O həmçinin dedi: “Universitetlərdəki sakitlik və asayiş ölkənin uğurlu elmi inkişafı üçün zəmin yaradacaq və bu inkişafı sürətləndirəcək. Əgər Allah eləməmiş, bu asayişə zərbə dəysə, elmi hərəkatımız dayana, İran təzədən geriləyə bilər”.
Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər mübarək Ramazan ayının xüsusi bir saflıq, mənəviyyat, sidq və ixlas atmosferinə malik olduğunu qeyd edərək hər kəsə bu bərəkətli aydan maksimum dərəcədə faydalanmağı, Allah-Taala ilə aralarında olan rabitəni möhkəmləndirməyi, ictimai münasibətlərdə nikbinlik, etimad, sevgi və xeyirxahlıq əhval-ruhiyyəsini artırmağı tövsiyə etdi.
Görüşün əvvəlində universitetlərin müxtəlif fakültələrini təmsil edən 7 nəfər müəllim çıxışı edərək öz rəy və görüşlərini ifadə etdilər:
- Dr. Seyid Əhmədrza Xizri – İlahiyyat və sivilizasiyanın tarixi sahəsi üzrə Tehran Universitetinin professoru
- Dr. Abbas Əliabadi – Tehran, İsfahan və Malik Əştər universitetlərinin elmi şurasının üzvü, mexanika mühəndisliyi üzrə mütəxəssis
- Dr. İbrahim Purcəm – Pedaqoji Universitetin dosenti
- Dr. Şəhla Baqiri – Xarəzmi adına Universitetin dosenti, sosioloq
- Dr. Seyid Mehdi Rizayət – Tehran Tibb Universitetinin farmakologiya sahəsi üzrə professoru
- Dr. Məhəmmədbaqir Xorrəmşad – Əllamə Təbatəbayi adına Universitetin siyasi elmlər üzrə dosenti
- Dr. Şəhram Ələmdari – Şəhid Beheşti adına Tibb Universitetinin dosenti, endokrinologiya və metabolizm xəstəlikləri üzrə ixtisaslaşmış mütəxəssis
Natiqlər öz çıxışlarında əsasən aşağıdakı məsələlərə toxundular:
- müqavimət iqtisadiyyatı istənilən şəraitdə ölkənin yüksələn xətt üzrə davamlı inkişafının yeganə yoludur
- müqavimət iqtisadiyyatı məsələsində ölkədə mövcud olan imkan və potensialı, zəif və güclü cəhətləri düzgün dəyərləndirməyin vacibliyi
- ölkənin elmi inkişaf hərəkatının sürətli templə davam etdirilməsi və özünəinam ruhiyyəsinin gücləndirilməsi
- özəlliklə bakalavr pilləsində ali təhsilin keyfiyyətinin yüksəldilməsi
- universitetlərlə sənaye müəssisələri arasında əlaqə yaradılması məsələsinə obyektiv və planlı surətdə diqqət yetirilməsi
- İran-İslam sivilizasiyasını dirçəldəcək amillər və bunun üçün tələb olunan zəmin
- yeni İran-İslam sivilizasiyasının formalaşdırılmasına təkan verəcək başlıca amil kimi elmi-intellektual inkişaf hərəkatının əhəmiyyətinin vurğulanması
- aqrar sektor üzrə hökumət strukturlarında islahatların aparılması üçün ixtisaslaşmış işçi qruplarının təşkil edilməsi təklifi
- kənd təsərrüfatı məhsulları bazarının istehsalçının xeyrinə idarə edilməsi üçün müvafiq proqramların işlənib hazırlanması
- qidalanma modelinə düzəliş edilməsi və buna müvafiq təbliğat siyasətinin aparılması
- Elmlər Nazirliyində təmsil olunan rəsmilərin ali təhsil müəssisələrində asayiş və sakitliyin qorunmasına xüsusi diqqət yetirməsinin vacibliyi
- siyasi, iqtisadi və sosial təhlillərdə mədəniyyətin aparıcı roluna diqqət yetirməyin vacibliyi
- kulturologiya elminin inkişafına təkan verilməsi, mədəniyyət sahəsində diskursun formalaşdırılması məqsədilə yeni sahələrin yaradılması
- Elmlər Nazirliyinin Humanitar Elmlərdə Dəyişikliklər Şurasının qəbul etdiyi qərarlara daha da diqqətlə yanaşması
- mədəniyyət sahəsində sistemləşdirmə işinin əhəmiyyəti
- mədəniyyət sahəsi ilə bağlı təşkilat və qurumların koordinasiyasız şəkildə, fərqli istiqamətlər üzrə fəaliyyət göstərməsinin tənqidi
- dərin və tətbiqi mahiyyətli elmi tədqiqatların aparılmasının vacibliyi
- nano elmləri sahəsində qazanılmış təqdirəlayiq nailiyyətlər İran insanının müxtəlif elm sahələrində yüksək bacarıq və istedada malik olmasının sübutu kimi
- “elmi biliklər – son məhsul” tsiklinin bütün mərhələlərinə dövlətin qayğı və dəstəyinin artırılmasının vacibliyi
- dünya və regionda gedən sürətli proseslərə vaxtında və müdrik reaksiya vermək üçün bu proseslərin ardıcıl şəkildə izlənməsinin vacibliyi
- İran İslam Respublikasının diplomatik korpusunun regionda və müsəlman dünyasında daha aktiv fəaliyyətə keçməsinə ehtiyac duyulması
- islami oyanışı təhdid edən amillərin təhlili, fəal cərəyanlara ideoloji qida vermənin əhəmiyyəti
- dünya imperializminin istəklərini həyata keçirən bir faktor kimi mürtəce təkfirçi cərəyana qarşı sayıq və ehtiyatlı olmaq
- “6-cı inkişaf proqramı”nda böhranların idarə edilməsinə və passiv müdafiəyə xüsusi diqqət yetirilməsi
- təhsil sisteminin əsas yanaşmasının əzbərçilik deyil, təfəkkür istiqamətində dəyişdirilməsinin əhəmiyyəti
- səhiyyə sahəsindəki başlıca siyasətlərin balanslaşdırılmış, praktik, dəyərləndirilməsi mümkün olan göstəricilərə çevrilməsi
- təhsilin müxtəlif mərhələlərində mənəvi sağlamlığa diqqət yetirmənin əhəmiyyəti
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir