Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Bu gün İslam ümməti daha uzaqgörəndir, daha məlumatlıdır, bu isə onun düşmənlərini qorxudur

Rəhmət və ilahi ziyafət ayı, Quranın baharı sayılan mübarək Ramazan ayının ilk günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə nurlu Quran ayələrinin rayihəsinə qərq oldu, hafizlərdən, qarilərdən və Qurani-Kərim ustadlarından bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin hüzurunda Quranla gözəl bir ünsiyyət məclisi qurdular. Mərasimdə iştirak edən xor qrupları da Qurandan ayələr tilavət etdilər, Uca Yaradanı həmd edən ilahi nəğmələr oxudular.

Bu nurlu məclis əsnasında çıxış edən Ali Məqamlı Rəhbər İslam toplumunu ilahi kitabı dərk etməyə, onunla ünsiyyətdə olmağa daha da yaxınlaşdıran Quran fəallarının işini olduqca dəyərli, mühüm və strateji bir iş kimi dəyərləndirərək dedi: “Bu istiqamətdə aparılan işləri elə formada qurmaq lazımdır ki, camaat Qurandakı məna və anlayışlarla yaxın ünsiyyətdə olsun”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Quranla günü-gündən daha çox ünsiyyətdə olmağın təsiri nəticəsində İslam toplumu daxildən möhkəmlənir. Müxtəlif toplumlara çətinliklərdən keçib irəli getmək gücü qazandıran da məhz bu daxili möhkəmlidir”.

Həzrət Ayətullah Xamenei Quranla ünsiyyətin bərəkətli nəticə və faydaları sırasında Allaha iman və təvəkkülün, ilahi vədlərə inamın güclənməsini, maddi problem və çətinliklərin insanda yaratdığı qorxunun aradan qalxmasını qeyd edərək dedi: “Quran ayələrinin mənası haqqında düşünmək İslam toplumunu xurafat və azğınlığın zülmətindən, qorxu və gümanın qaranlığından çıxararaq Allahı tanımağa doğru hidayət edir. Bu gün isə bu, müxtəlif çətinliklərlə üzləşən İslam toplumunun əsas ehtiyaclarından biridir”.

Bu gün İslam ümmətinin daha uzaqgörən və məlumatlı olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu reallıq İslam düşmənlərini qorxudur və onlar İslam adı, İslam pərdəsi altında İslama qarşı mübarizə aparmağa çalışırlar”.

Ali Məqamlı Rəhbər İmam Xomeyninin (r.ə) Amerikanın İslamı ilə saf Məhəmməd (s) İslamının müqayisəsi ilə bağlı söylədiyi müdrik kəlamları xatırladaraq dedi: “Amerikanın İslamı zahirdə İslam adını daşısa da, zalımlarla, sionistlərlə dil tapıb yola gedir, imperialistlərin rəhbərliyini qəbul edir və büsbütün tağutun, Amerikanın məqsədlərinə xidmət edir”.

“Bəzi İslam toplumları arasında, o cümlədən İraqda qəsdən törədilən problem və münaqişələrdə düşmənin casus xidmətlərinin mütləq rolu var, baş verənlərin arxasında onların xəbis əlləri durur. Buna açıq-aşkar dəlil-sübutlar var” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam ümmətinin Quranla ünsiyyətdə olması, ilahi kitabın kəsb etdiyi mənalarla yaxından tanışlığı bu kimi hadisələrin, Quran təlimlərinə qarşı xəyanətə yol verilməsinin qarşısını alacaq”.

Sonda Ali Məqamlı Rəhbər Quran fəallarına dini qayda-qanunlara ciddi surətdə sadiq qalmağı tövsiyə edərək dedi: “Ölkəmizin qürurverici Quran ictimaiyyəti gənclər üçün əməli bir örnək olmalıdır”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /