İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei 7 tir hadisəsi nəticəsində həlak olmuş insanların, eləcə də paytaxt Tehrandan olan şəhid və veteranların ailə üzvləri ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə ölkə və cəmiyyətin şəhidlərin mesajını dərk edib daim izləməli olduqlarını vurğulayaraq bildirdi ki, xalq şəhidlərin nurlu və unudulmaz yoluna sadiq qalmaqda davam etdiyi müddətdə imperializmin məkrli planları da puç olmaqda davam edəcək. O, regionda, o cümlədən İraqda baş verən hadisələrə toxunaraq dedi: “İraqda baş verənlər qərbyönlü, terrorist qüvvələrlə terrorizmin əleyhdarları, xalqların müstəqilliyini istəyənlər arasında gedən müharibədir”.
Çıxışının başlanğıcında Ali Məqamlı Rəhbər irəlidə Ramazan ayının gəldiyini qeyd edərək bu əzəmətli ayın Uca Yaradanın dərgahına ixlas, saf niyyət, sevinc və ruh yüksəkliyi ilə diqqət yönəltmə ayı olduğunu bildirdi. O, xalqa bu mübarək ayı qənimət bilib Allahdan mənəvi dəstək, rəhmət və bağışlanma istəməyi tövsiyə etdi.
1360-cı ilin 7 tir gününü (28 iyun, 1981-ci il) tarixi əhəmiyyətli, unudulmaz bir gün adlandıran Həzrət Ayətullah Xamenei dedi: “Şəhidlərin bizə ehtiyacı yoxdur, əksinə, bizim onların bizə ünvanladığı mesajları duymağa, onların hədəf və amallarını dərk etməyə, səadət bəxş edən yollarını davam etdirməyə ehtiyacımız var”.
Qurani-Kərimin ayələrinə istinad edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, qorxu, qüssə və kədərdən uzaq olmaq şəhidlərin İslam toplumuna ünvanladığı müjdə dolu mesajdır. O, əlavə etdi: “Biz bu mesajı dərk edərək İslam İnqilabının nurlu hədəflərini gerçəkləşdirmə yolunu daha böyük ruh yüksəkliyi və həvəslə davam etdirməliyik”.
Şəhid və veteranların ailə üzvlərinin səbir və başucalığını təqdir edən Ali Məqamlı Rəhbər 7 tir hadisəsini, başda görkəmli mütəfəkkir, elm və siyasət xadimi Ayətullah Behişti olmaqla İmam Xomeyni (r.ə) və İslam İnqilabının yaxın silahdaşlarından olan onlarla görkəmli insanın şəhid edilməsini İran xalqının və onun düşmənlərinin davranışı haqda açıq-aydın təsəvvür yaradan bir təzahür adlandırdı.
Həzrət Ayətullah Xamenei mövzu ilə bağlı aşağıdakıları da qeyd etdi: “Böyük bir cinayət olan 7 tir hadisəsini dərindən araşdırıb öyrəndikdə görünür ki, İslam Respublikasının məntiqi, İran xalqının təfəkkürü və mədəniyyəti qarşısında özünü zəif və məğlub hiss edən qlobal zülm maşını bu dəhşətli cinayəti törətmiş ünsürlərdən əlavə, bu diyarın 17 minə yaxın dövlət adamını və sadə xalqının nümayəndəsini qətlə yetirmiş terrorçu ünsürləri də himayə etmişdir”.
Həzrət Ayətullah Xamenei 7 tir hadisəsinin insan haqları iddiaçılarını büsbütün rüsvay etdiyini bildirərək dedi: “O cinayətin səbəbkarları, eləcə də minlərlə iranlını terror etmiş digər ünsürlər o vaxtdan qərblilərin qanadının altına sığınıblar və elə bu gün də Amerika və Qərbin parlamentlərində, mühüm dövlət qurumlarında müsbət qarşılanırlar”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “İnsan haqlarının tərəfdarı olduqlarını iddia edən qərblilər İran xalqını qanlı terrora məruz qoymuş ünsürlərə qucaq açdıqları halda, özü terrorizmin, insan haqlarının pozulmasının qurbanı olmuş İran İslam Respublikası bu kimi işlərdə ittiham olunur. Bu, qərblilərin iddialarını dəyərləndirmək üçün yaxşı bir meyardır”.
Həzrət Ayətullah Xamenei həmçinin 1366-cı ilin 8 tir günündə Sərdəştdə əhalinin Səddam rejimi tərəfindən kimyəvi bombalarla bombalandığını da xatırladaraq dedi: “Amerika və Avropa, Sərdəşt, ondan əvvəl də Hələbçə əhalisini kimyəvi silahlarla bombaladığına baxmayaraq, Səddam rejimini illərlə dəstəkləyərək himayə etdi və nə qədər ki Səddamdan istifadə etmək imkanı var idi, ona heç bir etiraz bildirmədi. Qərblilərin iddialarının iç üzünü bilmək üçün bu da daha bir meyardır”.
İran xalqının düşmənlər qarşısında müqavimətini yüksək dəyərləndirərək təqdir edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu xalq mübarizliyinin bahası olan ağır çətinliklərə tab gətirərək düşmənlə qarşıdurmada öz məntiqini mətinliklə qalib edib. Belə ki bu gün insafı olan hər kəs İran İslam Respublikasını və İran xalqını məzlum, amma qüdrətli, dəyərli, müstəqil və inkişaf etməkdə olan bir ölkə və xalq hesab edir. Allahın lütfü, xalqın şəhidlərin yoluna sadiqliyinin bərəkəti nəticəsində ölkəmiz bu kursunu daha da sürət və qüdrətlə davam etdirəcək”.
“Düşmənlərin son 30 ildə düçar olduğu uğursuzluqlar onlarda İran xalqına qarşı kin-küdurətin yığılıb qalmasına səbəb olub” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İmam Xomeyniyə, İslam İnqilabına və İran xalqına nifrət edən dünya imperialistləri öz hiyləgər planlarından əl çəkmirlər. Elə buna görə də xalqımız və rəsmilərimiz tam sayıq və ehtiyatlı olmalıdırlar”.
Regionda baş verən hadisələrə toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu gün İslamın düşmənləri camaatı etnik və məzhəb qarşıdurmaları adı ilə bir-birinin canına salmaq üçün bütün səylərini xalqlar arasında vətəndaş müharibələrini qızışdırmağa yönəldiblər”.
Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, imperialistlərin İraq və bəzi digər ölkələrlə bağlı apardığı təbliğat onların sünni-şiə davasına rəvac verməyə ümid etdiklərini göstərir. O, əlavə etdi: “İraqda Səddam rejiminin tör-töküntüləri məlumatsız, cahil, düşüncə və mənəviyyatdan uzaq bir qrup insanın köməyi ilə cinayətlər törədir, düşmənlər isə bu hadisələri sünni-şiə davası adlandırırlar. Lakin bu, sadəcə, bir xam xəyaldır”.
Ali Məqamlı Rəhbər mövzu ilə bağlı fikirlərinə aşağıdakıları da əlavə etdi: “Onlar İraqda baş verənləri yalandan sünni-şiə davası adlandırırlar, əslində isə bu, terrorizmlə terrorizmin əleyhdarları, Amerika və Qərbin məqsədlərinə qulluq edənlərlə xalqların müstəqilliyinin tərəfdarları, insanlıqla barbarlıq, vəhşilik arasında gedən bir davadır”.
İslam düşmənlərinin İraqda baş verən hadisələri bəzi digər ölkələrdə də təkrarlamağa çalışdıqlarını deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Xalqlar bu kimi cəhdləri sayıqlıqla nəzərə alaraq bilməlidirlər ki, müsəlmanların müstəqilliyini və heysiyyətini məhv etmək istəyən düşmən heç nədən çəkinmir”.
“Sünni-şiə davasını ortaya salmağa çalışan imperializm cəbhəsinin bunu etməkdə əsas səbəbi İslam dünyasında baş qaldırmış islami oyanış hərəkatı ilə bağlı narahatlıqdan qurtulmaqdır” – deyən Həzrət Ayətullah Xamenei düşmənlə əsas mübarizə yollarının hansılar olduğunu açıqlayaraq qeyd etdi ki, İslama əsaslanan xalq hakimiyyəti misilsiz və xilaskar bir variantdır.
O, əlavə etdi: “Allahın köməyi sayəsində dəyərli və cəsur İran xalqı bu günə qədər birlik, sayıqlıq və uzaqgörənliklə düşmənlərini nakam qoyub və heç şübhəsiz, bundan sonra da imperializmin bütün hücumlarını və məkrli planlarını nəticəsiz qoyacaq. İslami oyanışa qarşı mübarizə aparan imperializm cəbhəsi sonda qəti məğlubiyyətə düçar olacaq”.
Çıxışının sonunda Həzrət Ayətullah Xamenei xalqa, özəlliklə də vəzifəli şəxslərə, ziyalılara, incəsənət xadimlərinə, qələm əhlinə, elm adamlarına və universitet tələbələrinə İslam İnqilabının şanlı şəhidlərinin dəyərli mirasını qorumağı, onların əzəmətli ruhu qarşısında öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyi tövsiyə etdi.
Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, Şəhid və Veteranlar Fondunun sədri Höccətül-İslam vəl-muslimin Şəhidi Məhəllati çıxış edərək bildirdi ki, fədakarlıq, cihad və şəhidlik mədəniyyəti İslam İnqilabının gerçəkləşməsinin və möhkəmlənməsinin əsas dayağı olmuşdur. O, Şəhid və Veteranlar Fondunun fəaliyyət proqramlarında mədəniyyətlə bağlı tədbirlərin prioritet təşkil etdiyini qeyd edərək dedi: “Şəhid və Veteranlar Fondunun həyata keçirdiyi ən mühüm tədbirlər sırasında Şəhidlik və Fədakarlıq Mədəniyyətinin Genişləndirilməsi Ali Şurasının katibliyinin təşkil olunmasını, “Sizə minnətdarıq” layihəsi çərçivəsində əlil və veteranlara verilən imtiyazların yüksəldilməsini və bu insanlara cəmiyyət tərəfindən təşəkkür və minnətdarlığın ifadə edilməsini, ölkənin icraedici strukturları ilə qarşılıqlı əməkdaşlığın artırılmasını qeyd etmək olar”.
Görüş əsnasında Ali Məqamlı Rəhbər zalda iştirak edən əlil və veteranlarla yaxından söhbət edərək hal-əhval tutdu.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir