Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İraqda baş verən fitnənin aparıcı fiqurları İraqın müstəqilliyini istəyən mömin sünnilərə də elə şiələrə olduğu qədər düşməndirlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Məhkəmə Hakimiyyətinin sədri və yüksək vəzifəli rəsmiləri, habelə ostan mərkəzlərinin məhkəmə sədrləri və baş prokurorları ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər Ayətullah Amoli Laricaninin sədrliyi ilə yeni 5 illik fəaliyyəti dövründə Məhkəmə Hakimiyyətinin qarşısında duracaq 6 başlıca prioritetin hansılar olduğunu açıqlamaqla yanaşı qeyd etdi ki, ölkənin ümumi mənafeyi ilə bağlı irimiqyaslı məsələlərdə hakimiyyətin 3 qolunun başçıları arasında birlik, həmkarlıq və həmrəyliyin olması olduqca vacib və mühümdür. O, İraqda gedən son proseslərə toxunaraq vurğuladı ki, bu ölkədə baş qaldırmış fitnə və od-alovun pərdəarxasında başda Amerika olmaqla imperialist Qərb ölkələri durur. Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, Amerikanın İraqın daxili işlərinə hər cür müdaxiləsinin kəskin şəkildə əleyhinə olan İran İslam Respublikası İraq xalqının, İraq dövlətinin və ölkənin dini liderlərinin bu qan-qadaya son qoymaq iqtidarında olduqlarına inanır.

Görüş zamanı Həzrət Ayətullah Xamenei 7 tir şəhidlərinin, xüsusilə də Şəhid Ayətullah Beheşti və Şəhid Ayətullah Quddusinin xatirələrini ehtiramla yad edərək bildirdi ki, hakimiyyətin digər qolları ilə müqayisədə Məhkəmə Hakimiyyətinin ən mühüm özəlliyi haqq-ədalətin İslam dövlətinin bütün strukturları tərəfindən bərqərar edilməsinə zamin olmaqdır. O, əlavə etdi: “Məhz elə buna görə də Məhkəmə Hakimiyyətinə qarşı gözləntilər son dərəcə yüksəkdir. Quruma təqdirəlayiq keyfiyyətlərə malik, dindar, müctəhid, ziyalı, inqilabçı ruhlu, problemlərin mahiyyətini dərk edən, cəsarətli, bacarıqlı və səriştəli bir alimin başçılıq etdiyini nəzərə alaraq demək olar ki, bu gözləntilərin, Məhkəmə Hakimiyyəti üçün nəzərdə tutulan hədəflərin reallaşması mümkündür”.

Ötən 5 illik fəaliyyət dövründə göstərdikləri səylərə görə Məhkəmə Hakimiyyətinin sədrinə və qurumun yüksək vəzifəli rəsmilərinə təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər yeni dövr üçün qarşıda 6 əsas prioritetin durduğunu dedi.

Ali Məqamlı Rəhbərin qeyd etdiyi ilk prioritet siyasətlərin icrası üçün xüsusi və aydın mexanizmin işlənib hazırlanması oldu. O dedi: “Məhkəmə Hakimiyyəti ilə bağlı siyasətlərin icrası və monitorinqi, bu siyasətlərin fəaliyyət proqramlarına çevrilərək reallaşdırılması üçün xüsusi və aydın mexanizmlər işlənib hazırlanmalıdır”.

Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin qarşısında duran ikinci əsas prioritetin məhkəmə sədrləri və hakimlər də daxil olmaqla məhkəmə strukturlarının fəaliyyətinə nəzarət etmək olduğunu qeyd etdi. O dedi: “Bu nəzarət elə ciddi və geniş formada həyata keçirilməlidir ki, ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı şikayət və iradlar mümkün qədər ən aşağı səviyyəyə endirilsin”.

Ali Məqamlı Rəhbər 3-cü prioritet kimi, məhkəmə qərarlarının icrasının təxirə salınmaması məsələsinə toxunaraq dedi: “Məhkəmə qərarlarının icrasının bəzi hallarda uzun müddət təxirə salınması bəzi nöqsanların ortaya çıxmasına səbəb olur. Bu kimi hallar müəyyən edilərək ortadan qaldırılmalıdır”.

Ali Məqamlı Rəhbər məhkəmə proseslərinin uzadılması ilə bağlı bir məqama toxunaraq dedi: “Məhkəmə proseslərinin uzadılması ilə bağlı orta statistik göstəricinin aşağı düşməsi müsbət haldır, lakin bu statistikada maksimal zaman müddəti ərzində nə qədər məhkəmə işinə baxıldığına diqqət yetirmək lazımdır. Bu göstəricilər yüksəkdirsə, aşağı endirilməlidir”.

4-cü prioritet kimi, yaşlı kadrları əvəz edəcək yeni kadrların yetişdirilməsi məsələsinə toxunan Həzrət Ayətullah Xamenei 5-ci mühüm prioritet kimi, cinayətin qarşısının alınmasını qeyd edərək dedi: “Cinayətin qarşısının alınması tək başına Məhkəmə Hakimiyyətinin imkanlarını aşan bir məsələdir. Odur ki Məhkəmə Hakimiyyəti bu məsələyə aidiyyəti olan qurumlarla əlaqələrini daha da möhkəmləndirməli, müştərək imkanlarını daha da gücləndirməlidir”.

O, əlavə etdi: “Cinayətin qarşısının alınması eyni zamanda tamamilə elmi mahiyyətə malik bir məsələdir. Buna görə də bu sahənin mütəxəssisləri ilə əməkdaşlıq edərək  cinayətə yol açan amilləri, cinayət əməllərindən qaynaqlanan risk və təhlükələri müzakirə etmək lazımdır”.

Ali Məqamlı Rəhbərin qeyd etdiyi 6-cı – sonuncu prioritet hakimiyyətin 3 qolu arasında əməkdaşlığın artırılması məsələsi oldu. O dedi: “Mən daim, təkidlə  hakimiyyət qüvvələrinin başçılarına öz aralarında əməkdaşlığı artırmağı tapşırıram. Bura iki sferada – struktur daxili və ölkə miqyaslı məsələlərdə əməkdaşlıq şamil olunur”.

O həmçinin vurğuladı: “İslam dövlətində hakimiyyət qüvvələrinin başçıları müxtəlif məsələlərdə bir-birinin səsinə səs verməlidirlər”.

Məhkəmə Hakimiyyətinin başçısı Ayətullah Amoli Laricaninin müxtəlif məsələlərlə bağlı çox müsbət, möhkəm, əsaslandırılmış və məntiqli mövqe tutduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Hakimiyyətin 3 qolunun başçıları arasında həmrəylik və əməkdaşlığın artırılması bu mövqeyin hakimiyyətin müxtəlif sferalarına ötürülməsinə yardımçı ola bilər”.

Ölkənin milli mənafeyinin hər şeydən yüksəkdə durduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Hakimiyyət qüvvələrinin başçıları müştərək iclaslarının sayını artırmalıdırlar, çünki bu iclaslar arada olan bəzi giley və narazılıqların ortadan qaldırılmasına, işlərin irəli getməsinə böyük kömək göstərə bilər”.

Ali Məqamlı Rəhbər ölkədəki mühüm problemlərlə bağlı aşağıdakıları qeyd etdi: “Ölkəmizdə mövcud olan problemlərin, hətta bəzilərinə problem kimi görünən məsələlərin hamısının həlli mümkündür, bir şərtlə ki bir az özümüzə, öz daxili imkan və potensialımıza arxalanaq”.

O, əlavə etdi: “Ölkənin əsas çətinliklərindən biri imperializm sisteminin İslam dövlətinə qarşı yürütdüyü ciddi düşmənçilik və müxalifətdir. Bu həqiqəti dərk etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Əgər imperializm sisteminin düşmənçiliyini diqqətə almasaq, ölkəmizin üzləşdiyi çətinliklərin təhlilində səhvə yol vermiş olacağıq”.

“Düşmən cəbhəsinin ədavət dolu davranışlarını qəbul etməmək düşmənin qarşısında gözlərini yummağa bənzəyir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları əlavə etdi: “İmperializm sisteminin İran İslam Respublikasına qarşı düşmənçiliyinin əsas səbəbi İslam dövlətinin dünyaya çatdırdığı, bu sistemin əsaslarını sarsıtmış yeni mesajlardır”.

Ali Məqamlı Rəhbər İraqda gedən son proseslərlə bağlı aşağıdakıları dedi: “İraq məsələsində imperialist Qərb dövlətləri və konkret olaraq ABŞ öz iradəsi ilə hərəkət etməyən bir qrup ünsürün cahillik və fanatizmindən istifadə etmək niyyətindədir”.

O, əlavə etdi: “İraqda baş verən son proseslərdə əsas məqsəd bu ölkənin xalqını Amerikanın müdaxilə və iştirakına rəğmən qazanılmış nailiyyətlərdən məhrum etməkdir. Həmin nailiyyətlərin ən mühümü isə xalq hakimiyyətidir”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Amerika İraqda yaranmış hazırkı situasiyadan, yəni xalqın geniş iştirakı şəraitində seçkinin keçirilməsindən, xalqın etimad bəslədiyi şəxslərin hakimiyyətə gəlməsindən razı deyil. Çünki Amerika İraqın asılılıq altına düşməsini, bu ölkədə onun sözü ilə oturub-duran insanların hakimiyyətə gəlməsini istəyir”.

Ali Məqamlı Rəhbər İraqda baş verənləri məzhəblərarası konflikt kimi qələmə verməyə çalışan Amerika rəsmilərinin bəyanatlarına toxunaraq dedi: “İraqda baş verənlər sünni-şiə davası deyil. Əslində, imperializm sistemi əsas fiqurlar kimi Səddam rejiminin qalıqlarından və piyada qüvvələr kimi fanatik və təkfirçi ünsürlərdən istifadə etməklə İraqda asayiş və sabitliyi pozmaq, bu ölkənin ərazi bütövlüyünü təhlükə altına salmaq istəyir”.

O, əlavə etdi: “İraqda baş verən fitnənin aparıcı fiqurları İraqın müstəqilliyini istəyən mömin sünnilərə də elə şiələrə olduğu qədər düşməndirlər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “İraqda dava, əsasən, ölkəni Amerikanın düşərgəsinə qatmaq istəyənlərlə İraqın müstəqilliyini istəyənlər arasında gedir”.

“İraqlılar özləri bu qanlı-qadalı konfliktə qarşı mübarizə aparmağa və onu yatırmağa qadirdirlər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz Amerikanın və ya başqalarının İraqın daxili işlərinə müdaxilə etməsinin kəskin şəkildə əleyhinəyik və bunu qətiyyən dəstəkləmirik, çünki inanırıq ki, İraq dövləti və xalqı, ölkənin dini liderləri bu fitnəyə son qoymaq gücündədirlər və inşallah, son qoyacaqlar da”.

Görüşün əvvəlində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani Məhkəmə Hakimiyyətinin ötən 5 il ərzindəki fəaliyyəti haqqında məlumat verərək dedi: “Məhkəmə Hakimiyyətinin həyata keçirdiyi mühüm tədbirlər sırasında kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yüksəldilməsi, staj keçmə və əmək fəaliyyəti dövründə təlimlərin aparılması, Qum və Tehran şəhərlərində iki ixtisaslaşmış tədqiqat mərkəzinin təsis olunması ilə Məhkəmə Hakimiyyətinin elmi cəhətdən inkişaf etdirilməsi, Hakimlərin İntizam Məhkəməsi, Ali Məhkəmə və Ədliyyə Sisteminin Mühafizə və İnformasiya Mərkəzinin nəzarət mexanizmlərinin gücləndirilməsi, yeni texnologiyalardan istifadə və elektron xidmətlərin genişləndirilməsi, struktur təşkilatlarda islahatların aparılması, ədliyyə sisteminin ehtiyac duyduğu mühüm layihələrin, o cümlədən ədliyyə polisi və kompleks vəkalət layihəsi kimi layihələrin işlənib hazırlanmasını qeyd etdi”.

Ali Məqamlı Rəhbər Məhkəmə Hakimiyyətinin üzləşdiyi ən önəmli problemlərin büdcə və kadr seçimində müstəqillik olduğunu qeyd edərək məhkəmə işlərinə baxılması üçün ayrılan müddətin azalması ilə bağlı aşağıdakıları dedi: “Ölkəmizdə məhkəmə proseslərinin sona çatması üçün tələb olunan ortalama zaman müddəti digər ölkələrlə müqayisədə məqbul səviyyədədir”.

O həmçinin hakimiyyət qüvvələri arasında qarşılıqlı əməkdaşlıq məsələsinə də toxunaraq aşağıdakıları vurğuladı: “Biz Məhkəmə Hakimiyyətinin fəaliyyətində müstəqilliyi qorumaqla yanaşı, qanunverici və icraedici hakimiyyətlərlə müsbət əməkdaşlıq etməyə çalışırıq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /