Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İntizar psixologiyası bəşər cəmiyyəti üçün ən böyük qurtuluş qapılarından biridir

Bu gün (çərşənbə günü) – bəşəriyyətin xilaskarı Həzrət Sahibəzzamanın (ə.f) mübarək mövludu ərəfəsində İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei “Darülhədis” (Hədis evi) elmi müəssisəsində aparılan elmi-tədqiqat işlərini əks etdirən sərgiyə baxış keçirdi. Sərgiyə baxış əsnasında bu müəssisənin təşəbbüsü ilə hazırlanmış “İmam Mehdi (ə.f)” ensiklopediyası da təqdim olundu.

Ali Məqamlı Rəhbər sərgiyə baxış keçirdikdən sonra “Darülhədis” elmi müəssisəsinin, eləcə də Quran və Hədis Araşdırmaları Mərkəzinin professorları, tədqiqatçıları, rəsmiləri və sıravi kollektivi qarşısında çıxış edərək “İmam Mehdi (ə.f)” ensiklopediyasını ərsəyə gətirdikləri üçün bu insanlara səmimi təşəkkürünü bildirdi, bu əsəri boşluqların müəyyən edilməsi və problemli məqamların düzgün qiymətləndirilməsinə gözəl bir nümunə, böyük bir bayram olan “Nimeye-Şəban” ərəfəsində müsəlman toplumuna və elmi ictimaiyyətə təqdim edilən dəyərli bir hədiyyə adlandırdı. Ali Məqamlı Rəhbər əlavə etdi: “İmam Mehdinin (ə.f) zühuru məsələsi Allahın qəti vədidir. Bəşəriyyətə verilmiş ilahi vədlərin tarix boyu gerçəkləşməsi, əslində, insanları o böyük vədin bir gün mütləq gerçəkləşəcəyinə, bir növ, əmin edir”.

Ali Məqamlı Rəhbər İran İslam İnqilabının qələbəsini bəşəriyyətdə əminlik yaradan həmin o vədlərdən birinin gerçəkləşməsi kimi dəyərləndirərək dedi: “Kimin ağlına gələrdi ki, bu olduqca həssas regionda, bu olduqca əhəmiyyətli ölkədə, beynəlxalq güclər tərəfindən hərtərəfli himayə edilən bir rejimin hakimiyyətdə olduğu bir yerdə dinə, fiqhə, şəriətə əsaslanan bir inqilab qələbə çalacaq”.

Mövzu ilə əlaqədar olaraq, Qurandan da bir nümunə gətirən Həzrət Ayətullah Xamenei dedi: “Qurani-Kərimdə Həzrət Musanın (ə) uşaqlıq dövründən danışılarkən Allah-Taala o həzrətin anasına iki vəd verir: birincisi, dənizə atdığı körpənin geri qaytarılacağı, ikincisi isə Həzrət Musanın (ə) peyğəmbərlik məqamına çatacağı”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Birinci vədin Uca Yaradan tərəfindən çox qısa bir zamanda gerçəkləşməsi, əslində, sonrakı illərdə gerçəkləşəcək ikinci vədə əminlik yaratmaq üçün idi”.

“İmam Zamana (ə.f), bəşər karvanının bu dünyadakı hərəkətinin bir gün sona çatacağına etiqad ilahi dinlərdə dünyagörüşünün mühüm hissələrindən biridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün səmavi dinlər bu əqidədədir ki, bəşəriyyətin karvanı yolun sonunda gözəl, ürəkaçan və arzulanan bir mənzil başına yetişəcək. Onun ən mühüm özəlliyi isə ədalətdir”.

O həmçinin dedi: “Yaradılışın ilk günündən bəri bəşəriyyətin karvanı rahat və hamar bir yola çıxmaq üçün çətin və dolanbac yollardan, tikanlıq və bataqlıqlardan keçir. Həmin rahat və hamar yol isə İmam Mehdinin (ə.f) zühuru dövrüdür”.

İmam Mehdinin (ə.f) zühurundan sonra da gözəl və arzulanan vəziyyətin birdən-birə qurulmayacağını deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Həmin dövrdə də bəşərin təbiətində xeyirlə şərin mübarizəsi davam edəcək və yaxşı insanlarla yanaşı, pis insanlar da olacaq. Lakin o dövrdə insanların yaxşı olması, ədalətin gerçəkləşməsi üçün çox münasib zəmin olacaq”.

“Bəşər karvanının çıxdığı yolun sonu çox ümidvericidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qurtuluşun intizarında olmaq insana ümid və güc verir və intizar psixologiyası bəşər cəmiyyəti üçün ən böyük qurtuluş qapılarından biridir”.

Sonda Ali Məqamlı Rəhbər “İmam Mehdi (ə.f)” ensiklopediyasının hazırlanması üçün çəkdikləri zəhmətə görə Höccətül-İslam vəl-muslimin Reyşəhriyə, habelə “Darülhədis” müəssisəsinin professorlarına və elmi tədqiqatçılarına təşəkkürünü bildirdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə “Darülhədis” elm-mədəniyyət mərkəzinin direktoru Höccətül-İslam vəl-muslimin Məhəmmədi Reyşəhri çıxış edərək “İmam Mehdi (ə.f)” ensiklopediyasının o həzrətin mövludu ərəfəsində işıq üzü gördüyünü dedi. Cənab Reyşəhri qeyd etdi ki, mənbələrin mötəbərliyinin daha da dəqiqliklə araşdırılması, şiə və sünni mənbələrinə geniş surətdə istinad edilməsi, İmam Mehdinin (ə.f) zühuru ilə bağlı qeyri-nəqli dəlillərin tənqidi və dəyərləndirilməsi, kompleks yanaşma, müfəssəl izah və təhlillərin verilməsi, müxtəlif görüşlərin tənqidi və araşdırılması, bəşəriyyətin xilaskarı ilə bağlı digər dinlərin inanclarını əks etdirmək, ziddiyyətli məlumatların bir yerə toplanması və təhlili, şübhə və sualların cavablandırılması, xurafatçı görüşlərlə bağlı xəbərdarlıq edilməsi bu ensiklopediyanın ən mühüm özəllikləridir.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /