Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qeyri-ilahi motivlərlə əldə olunmuş elmi inkişaf bəşəriyyəti çoxsaylı əzab-əziyyət və çətinliklərə düçar edib

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Akademik Cihad Təşkilatının sədri, rəhbər işçiləri və təşkilatda təmsil olunan universitet xadimləri ilə bu gün (bazar ertəsi) səhər baş tutan görüşündə qeyd etdi ki, ölkənin elmi hərəkatını düzgün kurs üzrə və sürətli templə davam etdirmək üçün cihad ruhlu əmək və idarəetməyə, dini-inqilabi tendensiyanın qorunması şərti ilə “Biz bacaracağıq!” ruhiyyəsinin gücləndirilməsinə, “Kompleks elmi plan” çərçivəsində mövqe və vəzifələrin dəqiqliklə müəyyən edilməsinə ehtiyac var. O vurğuladı: “Ölkəmizdə aparılan elmi hərəkatın məqsədi bəşəri dəyərlər çərçivəsində dünya elmini yeni, hələ öyrənilməmiş töhfələrlə zənginləşdirmək olmalıdır”.

Görüş zamanı Ali Məqamlı Rəhbər iştirakçıları Gənclər Günü münasibətilə təbrik edərək bildirdi ki, akademik cihadın ən mühüm özəlliyi sıralarında gənc, eyni zamanda cihad məfkurəli və elmi cəhətdən ixtisaslaşmış insanların təmsil olunmasıdır. O dedi: “Akademik Cihad mühüm bir qurumdur, çünki həm elmin səngəri, ölkə elminin inkişaf mərkəzi kimi, universitetlərlə əlaqədədir, həm də bir cihad həyata keçirir, qarşısındakı maneə və çətinliklərə baxmayaraq, irəliləyişindən qalmır”.

“Pəhrizkarlıq, saf ilahi niyyət və Uca Yaradana təvəkkül cihad fəaliyyətinin zəruri şərtləridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Elmi işlərdə belə yanaşma və əhval-ruhiyyə ilahi inayətin elm xadimlərimizə cəlb olunmasına, elmi inkişafa aparan qapıların onların üzünə açılmasına səbəb olacaq”.

Mövzu ilə əlaqədar olaraq, Ali Məqamlı Rəhbər bəzi insanları narahat edən bir suala toxunub dedi: “Bəzilərini belə bir sual düşündürə bilər ki, əgər ilahi təqva elmi inkişaf üçün zəmin yaradırsa, bəs təqvası olmayan, hətta Allahın varlığına belə inanmayan bəzi alimlər qazandıqları elmi nailiyyətləri necə əldə edə biliblər?”

Həzrət Ayətullah Xamenei sualı cavablandırmaq üçün Allahın Qurani-Kərimdə verdiyi bir vədi – çalışıb-vuruşub iş görən hər kəsin çıxdığı yolda nəzərdə tutduğu hədəfə qovuşacağı vədini xatırladaraq dedi: “Lakin ilahi niyyətlə görülən işin nəticəsi olaraq əldə olunan məhsul və inkişafla qeyri-ilahi motivlərlə əldə olunan məhsul və inkişaf arasında əsaslı bir fərq var”.

Ali Məqamlı Rəhbər bu fərqin nədən ibarət olduğunu açıqlayaraq dedi: “Bu gün müxtəlif sferalarda əldə olunmuş genişmiqyaslı elmi nailiyyətlərə baxmayaraq, bəşəriyyət üçün müəyyən təhlükə və ziyanlar, tənəzzül amilləri, güc çəkişmələri də meydana gəlib və bu bəlalar insanları çoxsaylı əzab-əziyyət və çətinliklərə düçar edib”.

O həmçinin dedi: “Əgər elmi fəaliyyətlər ilahi təqva və tendensiya ilə həyata keçirilsə, sözsüz ki, onların məhsulu, nəticəsi faciə və zərərlərdən uzaq olacaq və bəşəriyyətin mənafeyinə xidmət edəcək”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu yanaşmaya əsasən, belə bir nəticəyə gəlmək olar ki, ölkənin elmi ictimaiyyətinin və universitetlərinin son 35 ildə əldə etdiyi nailiyyətlər cihad ruhiyyə və şəraitinin olmadığı eyni zaman kəsiyində qazanılacaq uğurlardan, mütləq surətdə, daha artıq və daha keyfiyyətlidir”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Odur ki əgər bu elmi hərəkat gələcək 150 ildə də davam etdirilsə, İran xalqının uğur və nailiyyətləri Amerika kimi bir ölkənin 150 ildə əldə etdiyi elmi inkişafdan dəfələrlə artıq olacaq”.

Qərb dünyasının elmi inkişaf baxımından şərq və Asiya ölkələrini günü-gündən geridə qoyduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu boşluğu doldurmaq üçün cihad əzmli elmi hərəkata ehtiyac var”.

“Saf ilahi niyyət, Uca Yaradanla mənəvi rabitə, Pərvərdigarın qarşısında tam itaətkarlıq, ilahi hədəflərdən uzaqlaşmamaq cihad ruhlu idarəetmə və fəaliyyətin əsas dayaqlarıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu ruhiyyə yaransa, Allah-Taala ölkənin idarəçiliyi, elmi, siyasi, ictimai sferalarda işlərin idarə olunması və beynəlxalq əlaqələr də daxil olmaqla bütün meydanlarda Öz bəndələrinə yardım edər və onlar üçün yolları açar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, özünəinam psixologiyasının, “Biz bacaracağıq!” əhval-ruhiyyəsinin gücləndirilməsi cihad hərəkatının vacib şərtlərindəndir. O həmçinin əlavə etdi: “Təəssüf ki, uzun illər boyu İran insanına heç bir işin öhdəsindən gələ bilməyəcəyi təlqin olunub, lakin İslam İnqilabının qələbəsindən sonra dahi İmam Xomeyni (r.ə) ölkənin inqilabi-siyasi mədəniyyətinə və leksikonuna “Biz bacaracağıq” ruhiyyəsini gətirdi. Bunun nəticəsini isə bu gün İran xalqının müxtəlif sferalarda bariz şəkildə üzə çıxmış imkan və bacarıqlarında müşahidə etmək olar”.

Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabının qələbəsindən sonrakı illərdə xalqımıza “Biz bacaracağıq!” psixologiyasının aşılanmasına baxmayaraq, inqilaba qədər mövcud olmuş yanlış “bacarmarıq” psixologiyasının kökü hələ də tam olaraq kəsilməyib. Təəssüflər olsun ki, bəzi insanlar hələ də cürbəcür sahələrdə gözlərini yadellilərə – onların elmi, siyasi, hərbi və maddi nailiyyətlərinə dikiblər”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar, bir məqamı da vurğulayaraq dedi: “Biz bacaracağıq!” psixologiyası başqalarından hansısa elmi bilikləri öyrənməkdən, onların elmi nailiyyətlərini mənimsəməkdən boyun qaçırmaq demək deyil. Lakin diqqət etmək lazımdır ki, başqalarından elmi öyrənəsən, daha elmlə birgə onların yanlış dəyər və mədəniyyətini də götürməyəsən”.

Həzrət Ayətullah Xamenei bunları da vurğuladı: “Elmi inkişaf məsələsində qarşıya qoyulan məqsəd yalnız bu olmalıdır: dünya elmini inkişaf etdirmək, bəşər elminə yeni-yeni töhfələr vermək”.

O həmçinin dedi: “Ölkəmizin qazandığı elmi nailiyyətlər sayəsində bu gün biz dünyadakı ən yeni və mürəkkəb texnologiyalardan bəzilərini istehsal edə bilirik və bu, qürurverici bir haldır. Lakin bu uğurlar daha öncə başqa ölkələrin alimləri tərəfindən əldə edilib. Odur ki biz bəşər elminin bu günə qədər əldə edə bilmədiyi, yeni və eyni zamanda bəşəriyyət üçün dağıdıcı təsirləri olmayacaq elmi məhsulların istehsalını qarşıya məqsəd qoymalıyıq”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, bəşəriyyətin ən mühüm və mürəkkəb elmi nailiyyətlərindən biri kimi, nüvə texnologiyalarına toxundu. O dedi: “Böyük əhəmiyyətə malik olmasına baxmayaraq, bu elmi biliklər yüzdə-yüz bəşəriyyətin əleyhinə olan, dağıdıcı atom silahının istehsalı üçün zəmin yaradıb”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz öz elmi inkişaf yolumuzda insanların həyatını bəşəri dəyərlərə uyğun bir şəkildə yaxşılaşdıracaq, eyni zamanda bəşəriyyət üçün dağıdıcı təsirləri olmayacaq yeni, bu günə qədər bilinməyən elmi nailiyyətlərin kəşfini qarşımıza məqsəd qoymalıyıq”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər Akademik Cihadın inqilabi məfkurə əsasında formalaşdırıldığını qeyd edərək dedi: “Akademik Cihadın inqilabi kurs və tendensiyasını qoruyub saxlamaq lazımdır. Bu mühüm elmi mərkəzin siyasi labirintlərdə ortaya çıxan təhlükələrdən, siyasət arenasının sağa-sola yanlış çəkişmələrindən zərər görməsinə imkan vermək olmaz”.

“Siyasət arenasındakı eniş-yoxuşlarda qarşıya çıxa biləcək təhlükələrdən biri də insanların dəyişikliyə uğramasıdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bir vaxtlar qatı inqilabi ideyalar əsasında hərəkət etmiş elə insanlar var ki, hazırda baxışları 180 dərəcə dəyişib və hətta İslam İnqilabının əsas prinsipləri belə onlar üçün məna kəsb etmir. Diqqətli olmaq lazımıdır ki, bu xüsusiyyət Akademik Cihad kollektivinə yol tapmasın”.

Həzrət Ayətullah Xamenei Akademik Cihadın rəsmilərinə inqilabi ideyaların daşıyıcısı olan gənclərdən istifadə etməyi, elmi fəaliyyətlərinə dəstək vermək yolu ilə bu cür gənclərin akademik dairələrdə iştirakını güclü və stabil bir vəziyyətə gətirməyi tövsiyə edərək dedi: “Ölkənin elmi inkişaf hərəkatında mühüm rol oynamış, inqilabi ideyaların daşıyıcısı olan, mömin kadrlara misal olaraq, mərhum Dr. Kaziminin adını çəkmək olar. Bu imanlı və ixlası insan Royan Elmi Tədqiqatlar Müəssisəsində bir çox uğurlar əldə etməklə yanaşı, görkəmli elm xadimləri də yetişdirmişdir”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Akademik cihadda ən mühüm işlərdən biri də inqilabi tendensiyaların daşıyıcısı olan, inqilabi ideyalara sadiq, mömin və qabaqcıl elm xadimlərinin yetişdirilməsidir”.

“Ölkənin kompleks elmi planı”nda müəyyən olunmuş mövqe və vəzifələri çərçivəsində Akademik Cihad üçün orta və uzunmüddətli perspektiv plan işləyib hazırlamaq lazımdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Akademik Cihadın rəsmiləri fundamental bir elmi iş həyata keçirərək müxtəlif universitetlərlə əməkdaşlıq metodları və bu əməkdaşlığın idarə edilməsi ilə bağlı düzgün bir proqram işləyib hazırlamalıdırlar ki, hədəflərini dəqiq surətdə müəyyən edərək ölkənin irimiqyaslı kompleks elmi planında özlərinə aid olan xanaları düzgün şəkildə doldura bilsinlər”.

Sonda Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Akademik Cihad ikinci dərəcəli, xırda məsələlərdən çəkinməli, əsas əhəmiyyət kəsb edən, daha dərin işlərlə məşğul olmalıdır”.

Görüşün əvvəlində Akademik Cihad Mərkəzinin direktoru cənab Dr. Teyyibi çıxış edərək Akademik Cihadın hədəf və perspektivləri, fəaliyyət proqramları haqda məlumat verdi. O dedi: “Malik olduğumuz dini-mənəvi dayaqlar, insan potensialı və cihad ruhlu kadrlarımız bizi İslam İnqilabının diskursunu möhkəm əzmlə müdafiə etməyə, inqilabi cihadı akademik mühitlə uzlaşdırmağa həvəsləndirir”.

Cənab Teyyibi Akademik Cihad Mərkəzinin ən mühüm fəaliyyət istiqamətləri və həyata keçirdiyi proqramlar sırasında aşağıdakıları sadaladı: daxili imkan və potensiala inam, yerli elementlərin qorunması şərti ilə kreativlik və novatorluğun gücləndirilməsi, müxtəlif elmi-tədqiqat mexanizmlərinin layihələndirilməsi, tələbələr üçün iş mühitinin yaradılması, sənaye üçün maddi-texniki təchizat və sistemlərin layihələndirilməsi və istehsalı, kök hüceyrələri sahəsində elmi biliklərin əldə edilməsi, elmi tədqiqat işi aparan insanlarda özünəinam hissinin gücləndirilməsi, Akademik Cihad üçün müqavimət iqtisadiyyatına uyğun şəkildə 5-ci inkişaf proqramının işlənib hazırlanması, elmi əsaslı şirkətlərin təsis edilməsi. O həmçinin bu inqilabi strukturun ümummilli elmi hərəkatda yeni-yeni işlər görməyə hazır olduğunu da vurğuladı.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /