İslam İnqilabının dahi memarı İmam Xomeyninin (r.ə) vəfatının 25-ci ildönümündə ölkənin dörd bir yanından axışıb gəlmiş Xomeynisevərlər o həzrətin nurlu məqbərəsi yaxınlığında misilsiz bir ehtişam, mübarizlik, qürur və İslam İnqilabının amallarına sevgi nümunəsi təcəssüm etdirdilər, İran xalqının haqq dünyasına qovuşmuş əziz liderinin ideya və amalları ilə bir daha sədaqət əhd-peymanı bağladılar.
Bu möhtəşəm və canlı izdiham qarşısında çıxış edən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei xalqların güclü və günü-gündən inkişaf edən İslam Respublikası fenomenini daha yaxından öyrənməyə qarşı göstərdikləri böyük həvəs və marağın köklərini araşdıraraq səbəblərini şərh etdi. İslam şəriəti və bu şəriətdən qaynaqlanan xalq hakimiyyətini İmam Xomeyni (r.ə) məktəbinin iki başlıca sütunu adlandıran Ali Məqamlı Rəhbər xalq və rəsmilərin bu yeni siyasi-mədəni formasiyaya sadiq olduqlarını vurğulayaraq dedi: “Amerikanın qəsdən törətdiyi problemlər, eləcə də İmam Xomeyni hərəkatının əhval-ruhiyyə və kursunun öz aktuallığını itirməsi İran xalqının qarşısında duran iki əsas çətinlikdir. Xalqımız bu çətinliklərə düzgün qiymət verib onlara qalib gələrək dahi İmam Xomeyninin (r.ə) səadət dolu, qürurverici yolunu davam etdirəcək”.
Bu ümummilli əhəmiyyətli, möhtəşəm gündə çıxış edən Ali Məqamlı Rəhbər əvvəlcə dünya xalqları, özəlliklə də müsəlman xalqları arasında İmam Xomeyniyə və İslam Respublikasına rəğbət və marağın günü-gündən artmasını mühüm bir reallıq adlandıraraq dedi: “Bu gün – İslam İnqilabının dahi liderinin vəfatından 25 il ötdükdən sonra İslam dünyasında xalqın müxtəlif təbəqələri, xüsusilə də gənclər və ziyalılar dinə əsaslanan xalq hakimiyyəti fenomeni, fəqihin rəhbərliyi nəzəriyyəsi və İslam İnqilabına aid digər məsələlər haqda məlumat almağa daha da böyük maraq və həvəslə can atırlar”.
Ali Məqamlı Rəhbər düşmənlərin İslam Respublikasına qarşı durmadan, həddən artıq geniş miqyasda siyasi-təbliğat hücumları həyata keçirməsini xalqlarda İslam İnqilabına qarşı marağın artmasına səbəb olmuş amillərdən biri adlandıraraq dedi: “İslam dünyasının ictimaiyyəti bu misli-bərabəri görünməmiş, ardıcıl hücumlara hədəf olan hökumət quruluşunun mahiyyəti və reallıqları haqda öyrənməyə, onun müqavimət qabiliyyətinin və uğurlarının sirrini anlamağa əvvəlkindən də böyük maraqla can atır”.
“İslami oyanış və antiimperialist emosiyalar xalqların İslam İnqilabına qarşı marağının və bu inqilabın mahiyyətini dərk etməsinin nəticələrindən biridir” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İmperializm cəbhəsi strateji bir səhvə yol verərək islami oyanışın kökünü kəsdiyini düşünür. Lakin islami oyanışın ortaya çıxması ilə nəticələnmiş şüur və məfkurəni məhv etmək mümkün deyil və gec-tez bu təzahür geniş bir miqyas alacaq”.
İran xalqının milli iqtidarının və ardıcıl inkişafının xalqlarda İslam Respublikasına, dinə əsaslanan xalq hakimiyyətinə qarşı maraq oyatmış daha bir amil olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dünyasının gənc nəsli belə bir mühüm və tarixi suala cavab axtarışındadır: İslam Respublikası 35 il ərzində düşmənlərin aqressiv hərbi, siyasi və təbliğat hücumları, Amerikanın misli görünməmiş sanksiyaları qarşısında nəyə görə və necə duruş gətirə bilib və mühafizəkarlıqdan uzaq bir formada günü-gündən daha da inkişaf edərək qüdrətlənib?”
İslam Respublikasına qarşı rəğbət və marağın artmasının səbəblərini daha da ətraflı şərh edən Həzrət Ayətullah Xamenei dedi: “İslam dünyasının xalqları və gənc, ziyalı nəsli İran xalqının aero-kosmos sahəsində əldə etdiyi uğurları görürlər, İranın ən yeni elm sahələrinin əksəriyyəti üzrə inkişaf etmiş 10 ölkə arasında yer aldığına, elmi inkişafının dünya ölkələrinin orta elmi inkişaf göstəricisi ilə müqayisədə 13 dəfə sürətli olduğuna şahiddirlər və anlayırlar ki, regional siyasətdə İran ilk sözü deyir, qəsbkar İsrail rejiminə qarşı çıxır, məzlumu müdafiə edərək zülmə qarşı mübarizə aparır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu reallıqlar hər bir insanda maraq doğurur və İslam Respublikası fenomenini daha da yaxından öyrənib tanımağa sövq edir”.
Ali Məqamlı Rəhbər son 35 ildə ölkədə 32 seçkinin, özü də əhalinin yüksək və təqdirəlayiq iştirakı şəraitində baş tutmasını, həmçinin xalqın 22 bəhmən və Qüds günü yürüşlərində izdihamlı iştirakını dünya ictimaiyyətində İrana qarşı ciddi maraq oyadan digər reallıqlar adlandıraraq dedi: “Biz bu şeylərə adət etdiyimiz üçün onların əzəməti və əhəmiyyəti gözümüzə görünmür. Lakin bu ürəkaçan həqiqətlər kənardan bizə baxan dünya ictimaiyyəti, başqa ölkələrin xalqları üçün olduqca diqqətəlayiq və təəccüblüdür”.
Ali Məqamlı Rəhbər insanda ruh yüksəkliyi yaradan bütün bu gözəl reallıqların İslam İnqilabının dahi memarı İmam Xomeyninin (r.ə) bacarıqlı əllərinin, novator düşüncəsinin məhsulu olduğunu deyərək çıxışını İmam Xomeyni məktəbinin qısa, lakin dolğun xarakteristikasını verməklə davam etdi.
Çıxışının bu hissəsində Həzrət Ayətullah Xameneinin vurğuladığı başlıca məqam bu reallıq oldu ki, məqsədə çatmaq üçün yolu azmamaq, yolu düzgün qət etmək üçün isə o mahir və müdrik memarın əsl planını dərk etmək lazımdır.
Ali Məqamlı Rəhbər bildirdi ki, islam rasionalizminə əsaslanan bir siyasi-mədəni quruluşun əsasını qoymaq İmam Xomeyninin (r.ə) əsas planı idi. O əlavə etdi: “Xaricdən asılı, çürük və istibdadçı şah rejiminin süqutu və o rejimə xas xüsusiyyətlərin kökünün kəsilməsi möhtəşəm bir binanın əsasının qoyulması demək idi ki, imam bu işi öz möhkəm əzmi və xalqın dəstəyi ilə həyata keçirdi”.
İmam Xomeyninin nəzərdə tutduğu siyasi-ictimai quruluş modelinin əsas dayaqları haqda daha ətraflı danışan Ali Məqamlı Rəhbər iki başlıca və tamamilə bir-biri ilə əlaqəli elementə toxunaraq aşağıdakıları vurğuladı: “Bu elementlərdən birincisi İslam Respublikasının ruhunu, canını-qanını təşkil edən İslam şəriəti, ikincisi isə xalq hakimiyyəti və seçkilər yolu ilə işlərin xalqa həvalə edilməsidir”.
O, əlavə etdi: “Heç kəs elə bilməsin ki, İmam Xomeyni seçkini Qərb mədəniyyətindən əxz edərək İslam məfkurəsinə gətirib. Çünki əgər seçkilər və xalq hakimiyyətini İslam şəriətinin özündən əxz etmək mümkün olmasaydı, açıqsözlü və qətiyyətli imamımız bunu, heç şübhəsiz, bəyan edərdi”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “İmam Xomeyni məktəbinə görə, İslam dövlətində bütün işlərdə, qanunvericilikdə, siyasətlərin müəyyən edilməsində, vəzifə təyinatları və vəzifədən kənarlaşdırmalarda, ictimai münasibətlərdə və digər məsələlərdə dövlətin həqiqət və mahiyyəti olaraq, İslam şəriətinə tam diqqət yetirilməlidir. Eyni zamanda bu siyasi-mədəni sistemdə işlərin idarəçiliyi elə həmin şəriətdən qaynaqlanan xalq hakimiyyətinə əsaslanır və camaat birbaşa və ya dolayısı ilə bütün ölkə rəsmilərinin seçimində iştirak edir”.
Həzrət Ayətullah Xamenei İslam şəriətinə mükəmməl surətdə əməl etmək üçün 4 başlıca elementə ehtiyac olduğunu dedi: müstəqillik, azadlıq, ədalət və mənəviyyat. O, əlavə etdi: “Səadət bəxş edən İslam şəriətinə bağlılıq fərdi və ictimai azadlıqlardan əlavə, xalqın imperializmin buxovlarından azad olmasını, yəni milli istiqlalı da təmin edir, ədaləti reallaşdırır və ardınca mənəviyyatı gətirir”.
Daha sonra Ali Məqamlı Rəhbər İmam Xomeyni məktəbinə xas daha bir mühüm və başlıca məqama toxunaraq dedi: “İmam Xomeyni məktəbi zor və silah tətbiqi ilə əldə olunan heç bir qüdrət və qələbəni qəbul etmir. Xalqın seçimindən qaynaqlanan qüdrət və qələbə isə, əlbəttə ki, hörmətlə qarşılanaraq qəbul olunur və ona qarşı heç kəs müqavimət göstərməməlidir. Bunu edən şəxs fitnəyə yol vermiş olur”.
İmamın irəli sürdüyü siyaci-ictimai modelin dünyanın siyasi terminologiyasında yeni bir paraqraf olduğunu deyən Həzrət Ayətullah Xamenei bu yeni modelin daha bir elementinə toxunaraq dedi: “Məzluma kömək və zülmə qarşı mübarizə İmam Xomeyni məktəbinin başlıca elementlərindən biridir”.
Mövzu ilə əlaqədar olaraq, o, İmam Xomeyninin məzlum Fələstin xalqını durmadan, hərtərəfli dəstəklədiyini qeyd edərək dedi: “Zalıma qarşı çıxmaq, zalımların ehtişamını açıq-açığına dağıtmaq İmam Xomeyni məktəbinin mühüm prinsiplərindəndir. Bu prinsiplər daim xalqın və rəsmilərin diqqət mərkəzində olmalıdır”.
“İmamın siyasi-mədəni quruluş modelinin əməli surətdə gerçəkləşməsi onun məktəbi ilə sırf nəzəri konsepsiyalar arasındakı açıq-aşkar fərqlərdən biridir” – deyən Ali Məqamlı Rəhbər belə bir mühüm sualla çıxış etdi: Görəsən, imamın tam müvəffəqiyyətlə yerinə yetirdiyi iş davam etdiriləcək?
O, bu sualı müsbət cavablandırsa da, müəyyən şərtlərə bağladı və dedi: “İmamın bu gözəl və cəlbedici cədvəlində, təbii ki, boş xanalar var və onları doldurmaq, bu taleyüklü yolu davam etdirmək tamamilə mümkündür. Lakin bir şərtlə: xalqımız əzmkarlıq nümayiş etdirsin və gözüaçıq olsun, həmçinin bu yolun bəzi vacib nüanslarına riayət etsin”.
Xalqın İmam Xomeyninin (r.ə) hədəf və amallarına qarşı sədaqət və bağlılığını yüksək təqdir edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Dahi liderin ölümündən 25 il sonra xalqın nümayiş etdirdiyi davranışlar bu cədvəlin bütün boş xanalarını doldurur. İmamın yolunu davam etdirməsi sayəsində əziz İranımız, Allah qoysa, qüdrətin zirvəsinə yetişəcək”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər görüş iştirakçılarının və bütövlükdə xalqın diqqətini daha bir mühüm məqama çəkdi: İstənilən böyük hədəf kimi, İmam Xomeyni yolunun davam etdirilməsi, o dahi insanın amallarının gerçəkləşdirilməsi də cürbəcür maneə və çətinliklərlə qarşılaşmağı tələb edir. Əgər biz həmin maneə və çətinlikləri müəyyən edib aradan qaldırmasaq, bu yolu davam etdirmək çətin, yaxud qeyri-mümkün olacaq.
Mövzunu davam etdirən Ali Məqamlı Rəhbər bu yolda mövcud olan ən mühüm çətinliklərin daxili və xarici çətinliklər olduğunu qeyd edərək dedi ki, gənclər, intellektual elita, ziyalı və mütəxəssislər, düşünən beyinlər bu çətinliklərə diqqət yetirərək onları dərindən araşdırmalıdırlar.
Xaricdən qaynaqlanan çətinliklərin nədən ibarət olduğunu izah edən Həzrət Ayətullah Xamenei dünya imperializminin və konkret olaraq Amerikanın İran üçün törətdiyi problem və maneələrə toxundu. O dedi: “Əlbəttə ki, Qərbin bəzi siyasi mütəfəkkirləri bütün bunların faydasız olduğunu deyiblər, lakin Amerika bu irimiqyaslı planını hələ də davam etdirməkdədir”.
Ali Məqamlı Rəhbər amerikalıların dünya ölkələrini, dünyadakı siyasi cərəyanları və liderləri “itaətkar ölkələr”, “hələlik ümumu dil tapıb yola getdikləri ölkə və cərəyanlar” və “itaətsizlik göstərən ölkə və cərəyanlar” olmaqla 3 qrupa böldüklərini bildirərək aşağıdakıları əlavə etdi: “Amerikalılar itaətkarlıq göstərib əmrlərinə tabe olan ölkələri tam şəkildə və hərtərəfli himayə edir, onların çirkin əməllərinə dünya ictimaiyyətinin önündə don geydirirlər və əlbəttə ki, heç nəyi əsirgəmədikləri bu himayənin qarşılığında öz xeyirləri üçün həmin ölkələrin sərvətini sümürüb aparırlar”.
Həzrət Ayətullah Xamenei bəzi mürtəce və qatı istibdadçı rejimlərin Amerikanın hərtərəfli himayəsi altında olduqlarını qeyd edərək dedi: “Amerika seçkilərin keçirilmədiyi, xalqa danışmaq hüququ verilmədiyi bu ölkələrdə hakimiyyətdə olan rejimləri diktatura deyil, monarxiya adlandırır”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikanın təsnifatında ikinci qrupu o ölkələr təşkil edir ki, hələlik Amerika ümumi mənafe naminə onlarla ümumi dil tapıb yola gedir, lakin fürsət tapan kimi xəncəri ürəklərinə saplayacaq”.
Avropa ölkələrinin bu tip ölkələrə nümunə olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Amerikalılar mənafelərini gözə alıb Avropa ölkələri ilə yola getsələr də, bu ölkələrdə vətəndaşların və rəsmilərin şəxsi həyatı ilə bağlı casusluq edir və hətta buna görə üzr istəməyə belə hazırlaşmırlar”.
O, əlavə etdi: “Əlbəttə ki, avropalılar Amerikanın mənafeyinə xidmət etməklə milli mənafelərinə zidd olan böyük və strateji bir səhvə yol verirlər”.
Həzrət Ayətullah Xamenei 3-cü qrupa aid olan ölkələrin Amerikanın zorakılığına tabe olmayan ölkələr olduğunu qeyd edərək dedi: “Amerikanın bu ölkələrə qarşı yürütdüyü siyasət onlara zərbə endirib çökdürmək üçün heç bir sərhəd tanımadan bütün mümkün vasitələrdən istifadə etməkdən ibarətdir”.
Ali Məqamlı Rəhbər Amerikanın Vaşinqtona bac verməyən ölkələrlə mübarizə üsullarını açıqlayaraq dedi: “Əlbəttə ki, İraq və Əfqanıstana etdiyi hücumlar nəticəsində böyük həcmdə ziyan çəkməsi ilə əlaqədar olaraq, bu gün hərbi hücumlar Amerikanın planlarında prioritet təşkil etmir”.
“Amerikanın sözə baxmayıb müqavimət göstərən ölkələrə qarşı işlətdiyi strategiyalardan biri də həmin ölkələrdəki asılı ünsürlərdən istifadə etməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikanın asılı ünsürlərdən istifadə edərkən işlətdiyi ən əsas üsullar qiyamlar təşkil etmək, xalqı küçələrə çıxarmaqdır”.
O həmçinin dedi: “Hökumətin xalqın seçimi ilə hakimiyyətə gəldiyi istənilən ölkədə həmin hökumətə səs verməyən azlıq, mütləq, ona müxalif olur. Bundan istifadə edən Amerika müxalif qüvvələri təhrik etməklə xalqın bir hissəsini də küçələrə çəkir”.
Ali Məqamlı Rəhbər bu gün Avropanın müəyyən hissəsində Amerikanın bu davranışının açıq-aydın nümunələrinin müşahidə olunduğunu qeyd edərək dedi: “Əlbəttə ki, biz bu məsələ ilə bağlı mühakimə yürütmək istəmirik, lakin amerikalı senatorların küçələrdə mitinqə çıxan etirazçıların arasında, doğrudan da, nə işləri var?”
“Amerikanın onun ağalığına tabe olmaq istəməyən ölkələrə qarşı işlətdiyi daha bir mübarizə metodu terrorçu qrupları fəallaşdırmaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İraq, Əfqanıstan, bəzi ərəb ölkələri və doğma İranımız amerikalıların bu mübarizə metodunun əsas qurbanlarıdır”.
Amerikanın terrorçu “Münafiqlər” qruplaşmasını himayə etdiyinə toxunan Ali Məqamlı Rəhbər bu terror təşkilatının üzvlərinin Amerika administrasiyası, o cümlədən konqreslə əlaqədə olduqlarını qeyd edərək dedi: “İranın bir sıra elm adamlarını, siyasət və mədəniyyət xadimlərini, eləcə də sadə vətəndaşını terror etmiş bu qruplaşma Amerikanın himayəsi altındadır”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi ki, Amerikanın bac vermək istəməyən, müstəqil ölkələrə qarşı işlətdiyi daha bir strategiya hakim dairələr içərisində ixtilaf və ikitirəlik yaratmaq, habelə əhalini dini-ideoloji prinsiplərindən sapındırmaqdır. O, əlavə etdi: “Allahın lütfü ilə, Amerika bütün bu sferalarda İran xalqı qarşısında məğlub olub və onun bütün planları, o cümlədən hərbi çevriliş, iğtişaşçıları dəstəkləmək, əhalinin bir qismini küçələrə çıxarmaq, rəsmilər arasında uçurum yaratmaq cəhdləri xalqın imanı və sayıqlığı sayəsində nəticəsiz qalıb”.
Ali Məqamlı Rəhbər xaricdən qaynaqlanan çətinliklərin müxtəlif aspektlərini gözdən keçirdikdən sonra dövlətin üzləşə biləcəyi daxili çətinlikdən danışdı. O dedi: “Bu böyük təhlükə və problem o zaman meydana çıxa bilər ki, xalq və rəsmilər İmam Xomeyni (r.ə) hərəkatının mahiyyətini və kursunu diqqətdən yayındırıb unutsunlar”.
Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, dostla düşməni müəyyənləşdirərkən səhvə yol vermək, əsl düşməninlə ikinci dərəcəli düşmənini tanıya bilməmək kimi məsələlərə toxunaraq dedi: “Hamımız diqqətli olmalıyıq ki, müxtəlif hadisələrin gedişində əsl düşmənimizi nəzərdən qaçırmayaq”.
Əsas və ikinci dərəcəli düşməni ayırd etmək mövzusuna nümunə gətirən Həzrət Ayətullah Xamenei bəzi nadan, cahil təkfirçi, vəhhabi və sələfi qruplaşmalarının şiələrin əleyhinə törətdikləri çirkin əməllərə toxunaraq dedi: “Hər kəs anlamalıdır ki, əsl düşmən bu qruplaşmaları maddi vəsait və silahla təmin edən yadelli kəşfiyyat orqanlarıdır”.
O həmçinin vurğuladı: “Əlbəttə ki, İslam Respublikasına əl uzatmaq istəyən hər kəs xalqın möhkəm yumruğu ilə üzləşəcək, lakin biz yenə də bu fikirdəyik ki, bizim əsl düşmənimiz həmin aldanmış qruplaşmalar yox, müsəlmanları bir-birinin canına salan və bu gün bir o qədər də gizli olmayan düşmən əlləridir”.
Ali Məqamlı Rəhbər İslam dövlətinin ölkə daxilində üzləşə biləcəyi çətinliklər sırasında milli birliyin itirilməsini, tənbəllik və ruh-düşkünlüyünə düçar olmanı, işdən boyun qaçırmanı, pessimizm və ümidsizliyi, həmçinin “biz bacarmayacağıq”, “heç nəyə nail ola bilməmişik” kimi yanlış təsəvvürləri qeyd edərək dedi: “Əzizimiz İmam Xomeyninin (r.ə) də buyurduğu kimi, biz bacaracağıq! Xalqın əzmi və cihad ruhlu idarəetmə düyünləri açmağa, qarşılaşdığımız problemləri həll etməyə nail olacaq!”
Çıxışının sonunda Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Allahın lütfü ilə, dahi İmam Xomeyninin (r.ə) mübarək adı və o böyük memarın cızdığı plan bütün mərhələlərdə İran xalqına yardımçı olacaq, xalqımızda ümid və ruh yüksəkliyi yaradaraq əziz İranımızı işıqlı bir gələcəyə qovuşduracaq”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə müqəddəs İmam Xomeyni (r.ə) məqbərəsinin hamisi Höccətül-İslam vəl-muslimin Seyid Həsən Xomeyni İslam Respublikasının banisini ziyarətinə gəlmiş Xomeynisevərləri salamlayaraq qeyd etdi ki, yoxsulluğun aradan qaldırılması və binəsiblərə yardım mərhum İmam Xomeyninin (r.ə) əsas hədəflərindən və fəaliyyət istiqamətlərindən idi. O həmçinin dedi: “Ali Məqamlı Rəhbər də mühüm əhəmiyyətə malik bu tendensiyanı həmişə özəlliklə vurğulayır və bu, hər kəs üçün ibrət dərsi olmalıdır”.
Höccətül-İslam vəl-muslimin Seyid Həsən Xomeyni iqtisadi problemlərin həllini tapması üçün hakimiyyətin 3 qolunun birgə əməkdaşlıq şəraitində müdrik və tədbirli fəaliyyətinə və milli birliyə ehtiyac olduğunu bildirərək əlavə etdi: “İqtisadiyyat yoxsulluğun aradan qaldırılması mədəniyyəti ilə çulğaşmalıdır”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir