Həzrət Zeynülabidin İmam Səccadın (ə) mübarək mövludu günündə İmam Xomeyni (r.ə) adına hüseyniyə Qurani-Kərimin ruhlandırıcı ayələrinin ürəkaçan ətri ilə doldu və 31-ci Beynəlxalq Qurani-Kərim müsabiqəsində iştirak edən yüksək səviyyəli ustad, hafiz və qarilər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin hüzurunda nurani bir Quran məclisi təşkil etdilər.
Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, Quranı tilavət edib əzbərləməkdə son məqsəd ilahi kəlamla ünsiyyətdə olub onu dərk etmək və ona əməl etməkdir. O qeyd etdi ki, insanın Allah tərəfindən doğru yola yönəldilməsi, eləcə də düşməni tanımaq kimi həssas məsələlərdə Quranın başlıca meyarlarını dərk etməsi onun Qurani-Kərimlə nə qədər sıx ünsiyyətdə olmasından asılıdır. Ali Məqamlı Rəhbər həmçinin dedi: “Quranla ünsiyyətdə olmaq, oradakı məna və məfhumların dərinliyinə vararaq düşünmək İslam ümmətinə Allah-Taalanın ona vəd etdiyi nüfuz və başucalığını ərməğan gətirəcək”.
Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbəsindən sonra ölkədə gənc və yeniyetmələrin Qurani-Kərimə geniş şəkildə həvəs və maraq göstərməsini böyük bir nemət adlandıraraq dedi: “Quranla ünsiyyət cəmiyyəti onun həyatverici təlimlərinə əməl etməyə yaxınlaşdırır. Quranı tilavət edib əzbərləməkdə son və ən gözəl məqsəd də elə bu olmalıdır”.
Quranla ünsiyyəti insan qəlbinin ilahi hidayəti qəbul etməyə hazır olmasının əlaməti kimi dəyərləndirəm Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu gün İslam dünyasının ən böyük problemi Quran təlimlərindən uzaq düşməsi və nəticədə İslam düşmənlərinin xəbis və məkrli planlarından bixəbər qalmasıdır”.
“İslam dünyasındakı bu əsas boşluğu doldurmağın yolu Quran meyarlarını düzgün dərk etməkdir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslam Respublikası yarandıqdan sonra İslam düşmənlərinin dinimizə qarşı qurduğu məkrli planlar daha da kəskin və mürəkkəb xarakter alıb”.
O həmçinin dedi: “Bu gün İslam düşmənləri müsəlman toplumları içərisinə kənardan sızdırılan vətəndaş müharibələri və qardaş qırğını salmaq siyasəti güdürlər. Təəssüflər olsun ki, İslam ümməti içərisində bəziləri bu məşum siyasəti dərk etmirlər və öz müsəlman qardaşlarına qarşı mübarizə aparmaq üçün Şeytanla sazişə girməyə, hətta İsrail rejimi ilə belə əməkdaşlıq etməyə hazırdırlar”.
Ali Məqamlı Rəhbər Beynəlxalq Quran Müsabiqəsinin təşkilatçılarına və iştirakçılarına da təşəkkür və qədirdanlığını bildirərək dedi: “İslam ümməti Qurani-Kərimdəki məna və məfhumlarla günü-gündən daha sıx ünsiyyət qurmağın bərəkəti sayəsində Uca Yaradanın möminlərə vəd etdiyi nüfuz və başucalığına qovuşa bilər”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi, Vəqflər və Xeyriyyəçilik Təşkilatının sədri Höccətül-İslam vəl-muslimin Məhəmmədi iştirakçıları şəban ayının mübarək günləri, xüsusilə də İmam Səccadın (ə) mübarək mövludu münasibətilə təbrik edərək ölkədə təşkil olunan Quran müsabiqələrinin yüksək səviyyədə keçirildiyini, 31-ci Quran müsabiqəsinin də böyük həvəs və maraqla qarşılandığını qeyd etdi. O həmçinin dedi: “Budəfəki müsabiqədə dünyanın müxtəlif qitələrindən 71 ölkənin təmsilçisi iştirak edir, 71 xarici və 5 iranlı münsif, eləcə də 3 müşahidəçi üzv münsiflik edirdi”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir