Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İsrail rejiminin günü-gündən daha da həyasızlaşması region ölkələri arasında sağlam münasibətlərin olmamağının nəticəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Küveytin əmiri cənab Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi görüşdə Fars Körfəzi regionunun və bu regionun təhlükəsizliyinin son dərəcə əhəmiyyətli olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Regionun təhlükəsizliyi region ölkələrinin hamısı arasında müsbət və sağlam münasibətlərin təmin olunmasından asılıdır”.

O, əlavə etdi: “Elə buna görə də İran İslam Respublikası Fars Körfəzindəki qonşuları ilə hər zaman sağlam münasibətlər qurmaq niyyətində olub, bu gün də eyni siyasəti davam etdirir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Region ölkələrinin bir-birinə yaxın və sağlam münasibətdə olması bütün region üçün faydalıdır. Bu prinsipə riayət olunmazsa, region ölkələri arasındakı ixtilaf və uzaqlaşma ortaq düşmənlərimizi sevindirəcək”.

“İsrail rejiminin günü-gündən daha da həyasızlaşması region ölkələri arasında sağlam münasibətlərin yoxluğunun nəticəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran İslam Respublikası region ölkələrini həmişə geniş ürəklə qarşılayıb”.

Ali Məqamlı Rəhbər Küveytlə İraq arasında əlaqələrin genişləndirilməsinin regionun xeyrinə olduğunu bildirərək dedi: “Suriyada gedən proseslərə gəlincə də, İran İslam Respublikası hər bir halda Suriya xalqının qərarını dəstəkləyəcək”.

Həzrət Ayətullah Xamenei təkfirçi qrupların region üçün təhlükə törətdiklərini qeyd edərək aşağıdakıları vurğuladı: “Təəssüf ki, bəzi region ölkələri təkfirçi qrupların gələcəkdə elə onların özləri üçün törədəcəyi təhlükəni dərk etmir və bu qrupları himayə etməyə davam edirlər”.

O həmçinin əlavə etdi: “Hazırda bəzi region ölkələri təkfirçi qruplara yardım edərək onların Suriya və bəzi digər ölkələrdə törətdikləri qətl və cinayətləri himayə edirlər. Lakin yaxın gələcəkdə bu qruplar elə öz himayədarları üçün bəlaya çevriləcək və sonda həmin ölkələr böyük xərclər bahasına onları aradan götürməyə məcbur olacaqlar”.

Ötən ilin həssas dönəmlərində İranın Küveytin yanında olduğunu qeyd edən Ali Məqamlı Rəhbər Küveytin regionda gedən proseslərə münasibətdə müdrik və xeyirxah mövqe tutmasına böyük dəyər verdiyini bildirərək dedi: “Regionda gedən prosesləri məhz belə bir yanaşma üsulu ilə təhlil etmək lazımdır”.

İranla Küveyt arasındakı iqtisadiyyat və ticarət əlaqələrinə də toxunan Həzrət Ayətullah Xamenei dedi: “İki ölkə arasında iqtisadi əlaqələrin əvvəlkindən də artıq genişləndirilməsi üçün münasib zəmin var. İran-Küveyt iqtisadi əlaqələrində yeni bir səhifə açılmalıdır”.

İran prezidenti cənab Ruhaninin də iştirak etdiyi bu görüşdə Küveyt əmiri cənab Şeyx Sabah Əl-Əhməd Əl-Cabir Əs-Sabah Ali Məqamlı Rəhbəri və ölkə başçısını İmam Hüseynin (ə) mövludu münasibətilə təbrik edərək Həzrət Ayətullah Xameneinin bütün regionun rəhbəri və yolgöstərəni olduğunu bildirdi. O, əlavə etdi: “Küveyt ölkələrimiz arasındakı əlaqələrdə yeni bir səhifənin açılmasına tam hazırdır. Tehranda apardığımız danışıqlarda da iqtisadiyyat və ticarət əlaqələrinin genişləndirilməsi ilə bağlı razılaşmalar əldə olundu”.

Ali Məqamlı Rəhbərin region ölkələri arasında birlik və dialoqun gücləndirilməsinin, ekstremizm meyllərinə qarşı birgə mübarizənin vacibliyi ilə bağlı fikirlərini dəstəklədiyini deyən Küveyt əmiri İraqla Küveyt arasında müsbət əlaqələrin mövcud olduğunu, İraq rəsmilərinin Küveytin dostları olduğunu qeyd etdi. O həmçinin  Suriyadakı problemlərin də xalqın rəyi və istəyinə əsasən, sülh və əmin-amanlıq yolu ilə həll ediləcəyinə ümidvar olduğunu bildirdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /