Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İranafobiya və şiəfobiya imperializmin qəsbkar İsrail rejimini müdafiə etmək üçün işlətdiyi vasitələrdir

Bu gün (çərşənbə axşamı) səhər – əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (səllallahu əleyhi və alihi və səlləm) peyğəmbərlik missiyası üçün göndərildiyi mübarək Məbəs bayramının ildönümündə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei dövlət rəsmiləri, xalqın müxtəlif təbəqələrini təmsil edən insanlar, Beynəlxalq Quran Müsabiqəsində iştirak etmək üçün ölkəyə gəlmiş qonaqlar və müsəlman ölkələrinin səfirləri ilə görüş keçirdi. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, bu gün İslam dünyasının ən mühüm ehtiyacı dərindən düşünmək, gözüaçıq olmaq, İslam ümmətinin əsl düşmənlərini tanımaq, həmçinin bir olub ideoloji və etnik konfliktlərdən çəkinməkdir. O vurğuladı: “Bu gün İslam dini uca tutulur və dünya müsəlmanları keçmişdəki ilə müqayisədə öz müsəlman kimliklərini daha güclü hiss edirlər. İlahi vədlərə inam və optimizmlə yanaşan İran xalqı da inkişaf etməkdə, çətinlikləri geridə qoymaqda, zülm, cəhalət və ədalətsizliyə qarşı mübarizə yolundakı səngərləri bir-bir fəth etməkdədir”.

Görüş iştirakçılarını Peyğəmbəri-Əkrəmin (s) Besət günü münasibətilə təbrik edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, ilahi peyğəmbərlərin, xüsusilə də əziz İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) yer üzünə göndərilməsinin ən mühüm səbəbi insanların ağıl, məntiq və düşüncədən istifadəyə dəvət edilməsidir. O, əlavə etdi: “Əgər düşüncə və təfəkkür gücündən istifadə müsəlman cəmiyyətində geniş yayılmış bir hal alsa İslam dünyasının problemlərindən bir çoxu həllini tapar”.

Bəzən İslam dini və Quranla bağlı yanlış və səthi nəticələrə gəlindiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “İslam təlimlərinə, Qurandakı məfhumlara düzgün yanaşılmaması, onların dərindən dərk olunmaması bu gün müəyyən qrupların İslam adı altında müsəlmanlara zülm edərək onları kütləvi şəkildə qətlə yetirmələrinə, hətta bu ad altında Afrika ölkələrində günahsız qızları oğurlamalarına səbəb olub”.

İslam dünyasının hazırkı vəziyyətində sağlam düşüncə və təfəkkürün işə salınmamasına daha bir nümunə qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu gün düşmənlər İslama qarşı açıq-aşkar mübarizəyə qalxıblar, istifadə etdikləri ən əsas vasitə isə ideoloji zəmində konfliktləri qızışdırmaq, sünni və şiələr arasına dava salmaqdır. Əgər müsəlmanlar təfəkkürlərinin gücünü işə salsalar, baş verənlərdə düşmənin əlini və stimulunu görə, onların pisliyini istəyənlərin məqsədlərinə xidmət etməkdən uzaq ola bilərlər”.

“Vəhdət, vahid ümmətin təşkil olunması da İslam dünyasının zəruri ehtiyaclarından biridir” – deyən Həzrət Ayətullah Xamenei onu da vurğuladı ki, imperializmin müsəlmanlar arasında konfliktləri qızışdırmaqda, iranafobiya və şiəfobiyanı yaymaqda əsas məqsədlərindən biri öz problemlərini ört-basdır etmək və qəsbkar sionist rejimini müdafiə etməkdir. Ali Məqamlı Rəhbər əlavə etdi: “Mənim müsəlman xalqlarından, özəlliklə də İslam ümmətinin ziyalılarından və görkəmli simalarından gözləntim budur ki, müdriklik və uzaqgörənlik nümayiş etdirərək bu ümmətin düşmənlərini özündə birləşdirən cəbhəni doğru-düzgün tanısınlar və bu açıq-aydın həqiqətlərə yaxşıca diqqət yetirsinlər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı ki, Qərb siyasi aparatları məhz İslam Peyğəmbərinin (s) aradan qaldırmaq üçün göndərilmiş olduğu cahil ənənələri yaymaqla məşğuldurlar. O dedi: “Ədalətsizlik, diskriminasiya, insanlıq şərəfinə əhəmiyyət verilməməsi, cinsi məsələlərə aparıcı rol ayrılması, qadınların bəzənib-düzənərək özlərini göstərməsinin geniş surətdə təbliği – bütün bunlar çürük və fəsadlı Qərb mədəniyyətinin təzahürləri, əslində isə modern üslub və metodlarla elə həmin cahiliyyətə qayıdış deməkdir”.

Həzrət Ayətullah Xamenei islami oyanışı boğmaq üçün göstərilən genişmiqyaslı səylərə toxunaraq dedi: “Bəzi bölgələrdə bu səylər zahirən müəyyən nəticələr versə də, reallıq budur ki, islami oyanışı boğmaq mümkün deyil”.

İran xalqının besətin mesajlarına inam, daxili birlik, düşmən qarşısında şücaət, ilahi vədlərə optimist yanaşma sayəsində əldə etdiyi uğurlara toxunan Ali Məqamlı Rəhbər dedi: “Allahın lütfü sayəsində, bu gün yeni formalaşmış hökumət kabineti və orada  təmsil olunan rəsmilər İslam dininə sevgi və hörmət hissi ilə müxtəlif sferalarda gərgin səylər nümayiş etdirirlər”.

Ali Məqamlı Rəhbər insanın həyat yolunda çətinlik və problemlərin varlığını təbii bir hal hesab etdiyini bildirərək əlavə etdi: “Ağıllı və tədbirli insanlar insanlıq şərəf və ləyaqətinə çatıb Yaradana yaxın olmaq naminə çətinliklərə dözürlər, ağılsız insanlar isə Allahın rəhbərliyini qəbul etmək əvəzinə, şeytanların rəhbərliyinə sığınır və onların qarşısında alçalırlar”.

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar, Qurandan bir məqamı qeyd edərək dedi: “Quran ayələrinə əsasən, hörmət və məqama çatmaq üçün Allahın hidayət və rəhbərliyi əvəzinə, İslamın və bəşəriyyətin düşmənlərinə, şeytanların rəhbərliyinə sığınan insanlar sonda heç bir hörmət və nüfuz əldə edə bilməyəcək və o şeytanlar heç onlara sağ ol belə deməyəcəklər”.

O həmçinin vurğuladı: “Quranın bizə verdiyi bu formuldan dərs götürmək, xoşbəxtliyə aparan doğru və həqiqi yolu – yəni Quranın bələdçilik etdiyi yolu tanımaq lazımdır”.

“İslam Respublikasının müxtəlif etaplarda, cürbəcür siyasi, iqtisadi, sosial və beynəlxalq mübarizə meydanlarında uğur və qələbə qazanmasının sirri ilahi vədlərə etimad və nikbin yanaşmadır” –  deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqının yolu budur və gələcəkdə də elə bu olacaq!”

Sonda Həzrət Ayətullah Xamenei dedi: “Bu yolu bizə göstərmiş dahi İmam Xomeyniyə Allah rəhmət etsin! Bu yolda canından keçmiş şəhidlərimizə Allah rəhmət etsin! Bu yolun bütün etaplarında hazır olduğunu nümayiş etdirmiş İran xalqına Allahın mərhəməti nəsib olsun! Bu yolda işləməyə, zəhmət çəkib fədakarlıq etməyə hazır olan dövlət adamlarımıza və rəsmilərimizə Allahın mərhəməti nəsib olsun!” 

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani iştirakçıları böyük bir bayram olan Məbəs bayramı münasibətilə təbrik edərək besəti bəşər tarixində böyük bir dirçəliş, insan ağlından ilahi vəhyə uyğun düzgün istifadə üçün gözəl bir nemət adlandırdı. O dedi: “Peyğəmbəri-Əkrəm (s)  mehribanlığı və yüksək əxlaqı ilə qəlbləri özünə cəlb edərək bəşəriyyətə bilik, azadlıq və mənəviyyatı ərməğan gətirdi”.

Ölkə başçısı imperializmin İslam dünyasına zorla yeritdiyi problemlər sırasında təfriqəçilik, ədalətsizlik, aqresiya və ekstremizmin adlarını çəkərək aşağıdakıları əlavə etdi: “Bu gün İslam İnqilabı İslam ümməti üçün küfr cəbhəsi qarşısında vəhdət, həmrəylik və konfliktləri bir kənara qoymanın carçısıdır”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /