İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslami Şura Məclisinin sədri və məclis üzvləri ilə bu gün (bazar günü) səhər baş tutan görüşündə qeyd etdi ki, antibəşər niyyətli imperialist cəbhəsi qarşısında duruş gətirməyin yeganə yolu bu cəbhəyə qarşı mübarizə məfkurəsini davam etdirməkdir. İslami Şura Məclisi və hökumətin “6-cı inkişaf proqramı”nın işlənib hazırlanmasına ciddi diqqət yetirməli olduqlarını deyən Ali Məqamlı Rəhbər 3 başlıca prioriteti: müqavimət iqtisadiyyatı, dini-inqilabi mədəniyyət və sürətli elmi inkişaf prosesinin davam etdirilməsini qeyd edərək vurğuladı: “Ölkənin iqtisadi və siyasi problemlərinin həlli yolunu sərhədlərimizdən kənarda tapmaq mümkün deyil. Əksinə, ölkədəki problemlərin həqiqi çarəsi elə ölkənin içərisində, daxili güc və potensiala söykənməkdən ibarətdir”.
Görüş zamanı İmam Museyi-Kazimin (ə) şəhadətinin ildönümü ilə əlaqədar, parlamentarilərə başsağlığı verən Həzrət Ayətullah Xamenei İslam dövlətinin mübarizə məfkurəsi əsasında formalaşaraq bu məfkurə əsasında da öz varlığını davam etdirdiyini dedi. O, əlavə etdi: “İran İslam Respublikasının inkişafı, İslam dövlətinin son 35 ildə mühüm və taleyüklü mərhələləri uğurla geridə qoyması İran xalqının ciddi, sədaqətli və tədbirli mübarizəsinin nəticəsidir. Bu məfkurəni bütün aspektləri ilə birgə davam etdirmək lazımdır”.
“Biz imperializm cəbhəsinə qarşı mübarizə məfkurəsini davam etdirmədən İslam dövlətinin uca hədəf və amallarına yetişə bilmərik” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövlətinin mübarizənin davamı üzərində israr etməsinin səbəbi bu dövlətin militarist niyyətli olması deyil. Sağlam ağıl və məntiq tələb edir ki, insan dəniz quldurları ilə dolu olan zonadan keçərkən hazır vəziyyətdə olsun, müdafiə gücünü səfərbər edərək özünü buna kökləsin”.
Fikrini davam etdirən Ali Məqamlı Rəhbər dedi: “Müasir dünya bəşəriyyətin qürur, heysiyyət və əxlaqını qarət etməyə çalışan quldurlarla doludur. Elmi nailiyyətlərlə silahlanıb, maddi sərvət və qüdrət əldə etmiş bu quldurlar zahirən humanist bir simada rahatlıqla cinayətlər törədir, bəşəri ideyalara xəyanət edir və dünyanın müxtəlif bölgələrində müharibələri qızışdırırlar”.
Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Belə bir şəraitdə mübarizəni davam etdirməkdən, mübarizə məfkurəsinin daxili və xarici məsələlər də daxil olmaqla ölkənin bütün işlərinə hakim olmasından başqa çarə yoxdur”.
Bir qrup şəxsin saziş və təslimçilik ideyasını əsaslandırmağa çalışdıqlarını deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Hegemon dövlətlərlə sazişə getmək və onlara təslim olmaq ideyasını yaymağa, İslam dövlətini militarizmdə ittiham etməyə çalışanlar, əslində, xəyanətə yol verirlər”.
O, əlavə etdi: “İslam dövləti insanlığın tərəfində olan, bəşəriyyətin şərəf və ehtiramını uca tutan, sülh və xeyirxahlıq niyyətli bir dövlətdir”.
Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “İqtisadiyyat, elm, mədəniyyət, dövlət siyasətlərinin müəyyən edilməsi, qanunvericilik, xarici diplomatiya da daxil olmaqla ölkənin bütün sferalarının rəsmiləri mübarizə vəziyyətində olduqlarını, İslam dövlətinin formalaşması və yaşaması naminə ardıcıl mübarizə yolunda irəlilədiklərini bilməlidirlər”.
“Bu mövzu yayğın bir təfəkkür tərzi kimi ölkənin bütün işlərinə və sferalarına hakim olmalıdır. Biz imperializm cəbhəsi qarşısında özümüzü gücləndirərək möhkəm durmalıyıq” – deyən Ali Məqamlı Rəhbər söhbətini bu məcrada davam etdirərək bir sualla çıxış etdi: “Bu mübarizə nə vaxta qədər davam edəcək?”
Sualı cavablandıran Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Mübarizə və cihad bitən deyil, çünki Şeytan və onun cəbhəsi həmişə var. Lakin şəraitdən asılı olaraq, cihad və mübarizənin üslub və metodları fərqli ola bilər”.
Ali Məqamlı Rəhbər dedi: “Bu mübarizə o zaman bitəcək ki, insanlıq özünü bəşəriyyətin cismini, ruhunu və təfəkkürünü pəncələmiş Amerika başda olmaqla imperializm cəbhəsinin şərindən xilas edə bilsin. Bunun üçün isə uzunmüddətli və çətin mübarizəyə, böyük addımların atılmasına ehtiyac olacaq”.
İranda İslam dövlətinin qurulmasını bu mübarizə yolunda atılmış ən böyük addım kimi dəyərləndirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ötən 35 il ərzində ardıcıl olaraq parlamentlərin çağırılması, İslami Şura Məclisində millət vəkillərinin iştirakı dinə əsaslanan xalq hakimiyyətinin təcəssümü olaraq, bir mübarizədir. Bu mübarizə metodunun qədrini bilmək və onu davam etdirmək lazımdır”.
Cari ilin şüarında cihad ruhlu idarəetmə məsələsinin vurğulanmasına toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları dedi: “Cihad ruhlu idarəetmə yalnız hökumətlə bağlı işlərə şamil olunmur. Parlament də öz qanunvericilik və nəzarət vəzifələrini yalnız xalqa xidmət stimulu ilə icra edərsə, ən böyük cihadı yerinə yetirmiş olar”.
Ali Məqamlı Rəhbər ölkədəki problemlərin yeganə həlli yolunun müqavimət iqtisadiyyatı, ölkə sərhədlərindən kənara göz dikməkdən çəkinmək olduğunu deyərək əlavə etdi: “Mən bütün sferalarda təşəbbüs göstərən, iş görən insanları səmimi surətdə və həqiqətən dəstəkləyirəm, lakin bu əqidədəyəm ki, problemlərin həlli ölkənin daxilindədir”.
O həmçinin dedi: “Problemləri həll etmək üçün düzgün həll yolunun hansı olduğunu bilmək və onu cəsarətlə tətbiq etmək lazımdır. Müqavimət iqtisadiyyatı bu sahədə atılacaq böyük bir addımdır”.
Son aylar ərzində müqavimət iqtisadiyyatının sözdə xeyli təriflənərək dəstəkləndiyini deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Müqavimət iqtisadiyyatının icrası üçün dildə tərif deyib alqışlamaq kifayət deyil. Hərəkət etmək, addım atmaq lazımdır”.
Müqavimət iqtisadiyyatı ilə bağlı fəaliyyətlərinə görə hökumət və parlamentə təşəkkürünü bildirən Ali Məqamlı Rəhbər dedi: “Parlament qanunvericilik və nəzarət müstəvisində həyata keçirdiyi işləri ciddi surətdə davam etdirməlidir”.
Ali Məqamlı Rəhbər bildirdi ki, müqavimət iqtisadiyyatı üçün əlverişli qanun layihələri hazırlamaq, çətinlik törədən, yaxud zidd mahiyyətli qanunları ləğv etmək və hökumətin fəaliyyətinə nəzarət etmək parlamentin əsas vəzifələridir. O həmçinin əlavə etdi: “Müqavimət iqtisadiyyatının qanunvericilik bazasını formalaşdırmaq üçün parlament yalnız öz layihələrinə əsaslana bilməz. Hökumət də münasib layihələri parlamentə təqdim etməlidir”.
“Parlament “6-cı beşillik inkişaf proqramı”nın qəbuluna da hazırlaşmalıdır” – deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu proqramda müqavimət iqtisadiyyatı, mədəniyyət və elm 3 başlıca prioritet olmalıdır”.
Ali Məqamlı Rəhbər mədəniyyət mövzusu ilə bağlı aşağıdakıları dedi: “Mədəniyyət dedikdə mən dini-inqilabi mədəniyyəti, İslam dininə, islami dəyərlərə əsaslanan mədəni hərəkatın formalaşdırılmasını, cəmiyyətdə İslam mədəniyyətinin, İslama aid adət-ənənələrin, dini əxlaq və etikanın möhkəmlənməsini nəzərdə tuturam”.
O həmçinin vurğuladı: “Sırf hansısa mədəni təzahürün yaranması və ya genişlənməsi ilə cəmiyyətdə mədəni inkişafa nail olunduğu barədə təsəvvür yaratmaq lazım deyil. Mədəni inkişaf o zaman reallaşmış olar ki, cəmiyyətdə dini-inqilabi mədəniyyət genişlənər”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Mən parlament nümayəndələrindən, inqilabın əsgərləri olaraq, cəmiyyətdə dini-inqilabi mədəniyyətin genişləndirilməsinə dəstək olmalarını gözləyirəm”.
Ali Məqamlı Rəhbər “6-cı inkişaf proqramı”nın 3-cü əsas prioriteti kimi, elmi inkişafla bağlı aşağıdakıları dedi: “Son 12 ildə ölkədə müşahidə olunan sürətli elmi inkişaf heç bir vəchlə ətalətə düçar olmamalı, əksinə, daha da sürətlənməlidir”.
Elm məsələsinin ölkə üçün son dərəcə mühüm olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Milli qürur, heysiyyət və sərvətin önəmli bir hissəsi elm sayəsində əldə olunur”.
Çıxışının davamında Ali Məqamlı Rəhbər parlamentin başlıca nəzarət funksiyalarından birinin də korrupsiyaya qarşı həqiqi mübarizə olduğunu qeyd edərək dedi: “Korrupsiyaya qarşı mübarizə məsələsində elə başlanğıcdan çirkin korrupsiya ocaqlarının yaranmasına imkan verməmək lazımdır. Çünki əks təqdirdə onlara qarşı mübarizə aparmaq ya qeyri-mümkün, ya da çox çətin olacaq”.
Başlıca demoqrafik siyasətlərin elan olunmasına da toxunan Həzrət Ayətullah Xamenei parlamentin doğum səviyyəsinin yüksəldilməsi, əhalinin azalma tendensiyasının qarşısının alınması ilə bağlı irəli sürdüyü layihəni alqışladığını bildirdi. O həmçinin dedi: “Əhalinin sayı məsələsində diqqətli olmalıyıq ki, əvvəlki illərdə yol verilmiş səhvlər təkrarlanmasın. Çünki düşmən üçün ən yaxşı variant əhalisi az və əksəriyyəti yaşlılardan ibarət olan İrandır”.
Ali Məqamlı Rəhbər vurğuladı: “Əhalinin artımı istiqamətində hazırlanan layihələr düzgün, məntiqi və elmi cəhətdən əsaslandırılmış olmalıdır”.
Ali Məqamlı Rəhbərin çıxışından öncə İslami Şura Məclisinin sədri cənab Dr. Laricani çıxış edərək görüş iştirakçılarına İmam Museyi-Kazimin (ə) şəhadəti ilə əlaqədar başsağlığı verdi, həmçinin hamını Xürrəmşəhrin fəthi və əziz İslam Peyğəmbərinin (s) besəti münasibətilə təbrik edərək dedi: “İslami Şura Məclisi Fələstin, Suriya və nüvə problemi kimi məsələlərdə möhkəm və qətiyyətli mövqe tutub”.
Dr. Laricani 9-cu parlamentin öz 2 illik fəaliyyəti dövründə 450 layihə təqdim etdiyini qeyd edərək dedi: “Ötən 2 il ərzində parlamentə təqdim olunmuş layihələr içərisindən 80 qanun qəbul olunub. Onların arasında ən əhəmiyyətliləri peşə fəaliyyəti, büdcə və cinayət-prosessual məcəlləsi ilə bağlı qanunlar olub”.
Parlament sədri qeyd etdi ki, qanunverici hakimiyyət öz fəaliyyətində ümumilikdə biznes mühitinin yaxşılaşdırılması, müqavimət iqtisadiyyatının siyasətlərinin davamlı icrası, parlamentin nəzarət funksiyasının müvafiq komissiyaların işi, yaxud icraedici rəsmilərdən hesabat istənilməsi, təhqiqat və araşdırma aparılması, hesablama palatasının fəaliyyəti hesabına gücləndirilməsi kimi tendensiyaları rəhbər tutur.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir