Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əsrlər boyu cürbəcür hadisələrin yaraladığı bəşəriyyətin yeganə xilas yolu İslam dinidir

Bu gün səhər – 3 xordad Xürrəmşəhrin fəthi və qürurverici “Beytül-müqəddəs” əməliyyatının ildönümü günündə İmam Hüseyn (ə) adına Hərbi Akademiyada Silahlı Qüvvələrin  Ali Baş Komandanı Həzrət Ayətullah Xameneinin iştirakı ilə məzunların buraxılış mərasimi keçirildi.

Meydana daxil olan Ali Baş Komandan əvvəlcə adsız şəhidlərin məzarını ziyarət etdi, “Fatihə” oxuyaraq Müqəddəs Müdafiədə şəhid olmuş insanların ruhuna Allah dərgahında ali məqamlar dilədi.

Daha sonra o, meydanda düzülmüş hərbi birləşmələrə baxış keçirdi.

Ali Məqamlı Rəhbər həmçinin meydandakı əlil və veteranları da salamlayaraq hal-əhval tutdu.

Mərasim zamanı çıxış edən Ali Məqamlı Rəhbər İmam Hüseyn (ə) adına Hərbi Akademiyada mömin, məsuliyyətli, inqilabi əhval-ruhiyyəli, tədqiqat işlərinə böyük həvəs və maraq göstərən, ixtisaslaşmış gənclərin yetişdirilməsini İslam İnqilabından qaynaqlanan müsbət və dəyərli təzahürlərə bariz bir nümunə kimi qiymətləndirdiyini dedi. O, dünya ölkələrinin imperialistlər və imperializmə boyun əyənlər olmaqla iki yerə bölündüyünü, İran xalqının imperializm sisteminə qarşı mübarizə apardığını qeyd edərək aşağıdakıları vurğuladı: “Bu gün İran xalqı və İslam dövlətinin Amerika və Qərb dövlətlərinə arxalanmadan, öz daxili bacarıq və imkanlarına söykənərək əldə etdiyi nailiyyətlər imperializm cəbhəsini həddən artıq əsəbiləşdirir. Biz onlara cavaba olaraq, Şəhid Beheştinin məşhur cümləsini deyirik: “Əsəbinizdən ölün!”

İslam Respublikasında müşahidə olunan növbənöv nailiyyətlərin mühüm məsələlərdən biri olduğunu qeyd edən Ali Məqamlı Rəhbər bir neçə il öncə bəzi insanların ölkənin üzləşdiyi itki və ziyanlardan narahatlıq keçirməsinə toxunaraq dedi: “O zaman  da dediyimiz kimi, bu gün uğurlarımız ziyanlarımızı üstələyib, ölkənin dörd bir yanındakı inqilabi əhval-ruhiyyəli gənc nəsil işıqlı və uğurlu gələcəyin müjdəsini verir”.

Ali Məqamlı Rəhbər özündə İslam İnqilabının ideyalarına qarşı məsuliyyət hiss edən gənc nəslə xitabən aşağıdakı məqamı vurğuladı: “Bu gənc nəsil özünü uzaq gələcəyin üfüqlərinə – yeni İslam sivilizasiyasının qurulmasına kökləməli, gözünü təkcə yaxın gələcəyə, bir-iki addım önə dikməməlidir”.

“Əsrlər boyu baş vermiş cürbəcür hadisələrdən saysız-hesabsız yaralar almış bəşəriyyətin yeganə xilas yolu, insan amilinin doğrudan da uca tutulmasının yeganə təminatçısı İslam dinidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mömin və məsuliyyətli gənclər bu ölkənin gələcəyinin qurucuları, yeni İslam sivilizasiyasının təşkilinin başlıca özəyidirlər”.

Ali Məqamlı Rəhbər İslam dövlətinin üzləşdiyi çətinlik və qarşıdurmalara toxunaraq dedi: “Bu kimi şeylər uzaqgörən, məlumatlı və qorxmaz insanları heç vaxt narahat etmir, əksinə onların diqqətini mövcud imkanlara, bəzən isə istifadəsiz qalmış daxili imkanlara yönəldir”.

Kənar qüvvələr tərəfindən törədilən problem və qarşıdurmaların əsl səbəbinin İslam dövlətinin günü-gündən daha da inkişaf edərək qüdrətlənmək, möhkəmlənmək qabiliyyəti olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “İslam İnqilabının qələbəsi sayəsində İran xalqı 35 ildir ki, imperializm sisteminin çirkin və nifrətamiz vərdişi – dünyanı “müstəmləkəçilərə” və “müstəmləkə altında olanlara” bölmək səyləri qarşısında mübarizə aparır. Məhz elə bu səbəbdən də başda Amerika olmaqla beynəlxalq aləmdəki hegemon, başqalarından bac almaq niyyətində olan dövlətlər özlərindən çıxaraq qəzəbləniblər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu mübarizlik dünya xalqlarının İran xalqına heyran qalmasına səbəb olub. Hətta hegemon dövlətlərə qarşı çıxmağa cəsarəti çatmayan ölkələrin əksəriyyəti belə, İslam Respublikasının müqavimətindən məmnundurlar və ölkəmizi təqdir edirlər”.

“Hegemon dövlətlər tərəfindən İran xalqı əleyhinə ortaya atılan nüvə silahı, insan haqları və bəzi digər mövzular sırf bəhanədir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu təzyiq və bəhanələrlə onlar İran xalqını öz zorakılıq və quldurluqları qarşısında müqavimətdən çəkindirməyə çalışırlar. Lakin bu, heç vaxt olmayacaq!”

O həmçinin dedi: “İran xalqı müxtəlif meydanlarda öz güc və bacarığını sübut edərək göstərib ki, Amerikaya söykənmədən də elmi və sosial inkişafa, beynəlxalq və siyasi nüfuza nail olmaq mümkündür”.

Ali Məqamlı Rəhbər vurğuladı: “İran xalqı düzgün yol seçib, öz yoluna davam edəcək və dünya xalqlarının əksəriyyəti də bu xalqın tərəfindədir”.

“İmperializmin informasiya imperatorluğu daim İran xalqının inkişafı və uğurları haqda xəbərlərin dünya ictimaiyyətinin qulağına çatmasına əngəl olmağa çalışır” –  deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün bu səylərə baxmayaraq, bu gün dünya ictimaiyyətinin böyük bir hissəsi İran xalqına inanır və pərəstiş edir”.

Ali Məqamlı Rəhbər, guya ki, İran İslam Respublikasının əleyhinə olan, qondarma “dünya ictimaiyyəti” ifadəsinin işlədilməsini tənqid edərək dedi: “Biz düşmənlərimizin işlətdiyi ifadələri işlətməməliyik, çünki reallıq budur ki, dünya ictimaiyyəti onlardan ibarət deyil və onlar yalnız bədnam sionistlərə məxsus nəhəng kompaniyaların təsiri altında olan bir neçə imperialist dövlətdirlər”.

O həmçinin vurğuladı: “Dünya ictimaiyyəti böyük dövlətlərin təzyiqi altında hegemonlara qarşı hansısa mövqe sərgiləməyə cəsarəti çatmayan, lakin münasib şərait yarandığı təqdirdə əleyhdarlıqlarını mütləq ifadə edəcək o məzlum dövlətlər və xalqlardır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Dünya ictimaiyyəti dünyanın elm adamları, mütəfəkkirləri, xeyirxah və azadlıqsevər insanlarıdır”.

Çıxışının digər hissəsində Ali Baş Komandan İmam Hüseyn (ə) adına Hərbi Akademiyanı elmi biliklərin kəsb edilməsi və elmi tədqiqatların həyata keçirilməsi, İslam İnqilabı ilə bağlı həqiqətlərin öyrənilməsi, döyüş bacarıqlarının mənimsənilməsi, dini dərk və mənəviyyatın inkişaf etdirilməsi üçün mühüm bir mərkəz adlandıraraq akademiyada təhsil alan gənc tələbələrə bu böyük fürsətin qədrini bilməyi, zabit və müəllim heyətinə isə bu fürsətdən maksimum dərəcədə bəhrələnməyi tövsiyə etdi.

Sonda Ali Məqamlı Rəhbər üzünü gənclərə tutaraq dedi: “Ölkəmiz və onun gələcəyi sizə aiddir. Özünüzü uzaq üfüqləri fəth etməyə və böyük işlər həyata keçirməyə hazırlayın”.

Mərasim zamanı çıxış edən Keşikçi Korpusun Baş Komandanı general Məhəmmədəli Cəfəri qeyd etdi ki, Keşikçi Korpusun İslam İnqilabının müdafiəsi üçün daim rəhbər tutduğu fəaliyyət proqramında korpusun qüdrətinin günü-gündən artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi və hazırlıq səviyyəsinin hərtərəfli artırılması yer alır. O həmçinin əlavə etdi: “Korpusun daxili gücünün əsl qaynağı mömin, uzaqgörən və inqilabçı ruhlu kadr potensialıdır”.

İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandanı keşikçi kontr-admiral Mürtəza Səffari də çıxış edərək akademiyanın elmi-mədəni proqram və tədbirləri haqda məlumat verdi.

Mərasim əsnasında İmam Hüseyn (ə) adına Hərbi Akademiyanın komandan və müəllim heyəti, həmçinin məzunları və nümunəvi tələbələri içərisindən bir qrup şəxs Silahlı Qüvvələrin Ali Baş Komandanından hədiyyələr aldılar, akademiyaya yeni qəbul olunmuş kursantların təmsilçisi də paqonlarını Ali Baş Komandandan almaq şərəfinə nail oldu.

Akademiyanın tələbələrinin bugünkü andiçmə mərasiminə rəng qatan tədbirlərdən biri də “Vahid ümmət” adlı maraqlı və dərin məzmunlu proqramın icrası oldu.

Akademiyanın kursantları həmçinin əlbəyaxa döyüş proqramı da nümayiş etdirdilər.

Sonda meydanda düzülmüş hərbi birləşmələr Ali Baş Komandanın önündən paradla ötüb keçdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /