Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Məktəb tikmək böyük bir xeyriyyəçilik, davamlı bir sədəqədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin İranın Məktəb Tikən Xeyriyyəçilər Cəmiyyətinin idarə heyətinin üzvləri ilə 15 ordibeheşt 1393-cü il (5 may 2014) tarixli görüşü zamanı etdiyi çıxışın mətni bu gün (şənbə günü) günortadan sonra Tehran ostanının məktəb tikən xeyriyyəçilərinin iştirakı ilə “Səda və Sima” Dövlət Teleradiosunun Beynəlxalq Forumlar Mərkəzində keçirilən ostan üzrə xeyriyyəçilər festivalında oxundu.

Ali Məqamlı Rəhbər çıxışında ölkədə məktəb tikən xeyriyyəçilərin varlığını İslam İnqilabının mübarək təzahürlərindən biri hesab etdiyini vurğulayır, insanların xeyriyyəçilik fəaliyyətlərində iştirakı öhdələrinə düşən dini vəzifə olaraq hiss etdiklərinə toxunaraq deyir: “Bu, olduqca mühüm bir məqamdır ki, insanlarımız xalqa xidmət etmək və yaxşı işlər görmək stimulu ilə ehtiyac duyulduğunu hiss etdikləri hər bir yerdə işə qoşulub fəal iştirak etməkdən əsla çəkinmir, əllərindən gələni əsirgəmirlər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğulayır: “Bizim hansısa işin yaxşı, hansısa yolun doğru olduğunu göstərə bildiyimiz istənilən yerdə xalqımız müraciətə ehtiyac olmadan işə qoşulub. Buna nümunə kimi, Müqəddəs Müdafiə illərini qeyd etmək olar”.

Həzrət Ayətullah Xameneinin çıxışında aşağıdakı fikirlər də yer alır: “İnsanlarımızın məktəb tikintisi işinə diqqət yetirməsi onu göstərir ki, cəmiyyət uşaqların təlim-tərbiyəsinin əhəmiyyətini düzgün dərk edir”.

Ali Məqamlı Rəhbər həmçinin qeyd edir ki, ölkənin başında duran rəsmilər bu günə qədər hansı işi xalqın öhdəsinə buraxıblarsa, o işdə uğur və irəliləyiş olub. O, əlavə edir: “Bu, bir təcrübədir: işlər xalqın möhtəşəm və bitib-tükənməyən gücünə həvalə olunduqda çiçəklənərək inkişaf edir”.

Həzrət Ayətullah Xamenei gözəl və xeyirli bir iş olan məktəb tikmək işi ilə bağlı 3 tövsiyə də verir.

Birinci tövsiyə budur ki, məktəb tikmək kimi böyük bir xeyriyyə işinə qoşulmuş şəxslər bu işi davamlı sədəqə olaraq, şövq, rəğbət və stimulla görməlidirlər.

Ali Məqamlı Rəhbərin mediaya, özəlliklə də Dövlət Teleradiosuna ünvanladığı ikinci tövsiyədə ictimaiyyəti belə bir mühüm işin həyata keçirilməsi barədə məlumatlandırmağın vacibliyinə toxunulur.

Ali Məqamlı Rəhbərin son tövsiyəsi isə Təhsil və Tərbiyə Nazirliyinin məktəblərin inşası ilə məşğul olan xeyriyyəçilərlə əməkdaşlıq etməsinin, habelə məktəblərdə möhkəmləndirmə işlərinin aparılmasının vacibliyi ilə bağlıdır.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /