Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Həzrət Əli (ə) böyük və zəngin bir dövlətin hakimi olduğuna baxmayaraq, yoxsul bir insan kimi kasıbyana bir evdə yaşayırdı

Bu gün – rəcəb ayının 13-ü, müvəhhidlərin mövlası Həzrət Əlinin (ə) mübarək mövlud gününə təsadüf edən bir gündə xalqın müxtəlif təbəqələrini, xüsusilə də İlam ostanının əhalisini təmsil edən minlərlə insan İmam Xomeyni (r.ə) adına hüseyniyədə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdü.

Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər Həzrət Əmirəlmömininin (ə) doğum günü münasibətilə hər kəsi təbrik edərək İmam Əlinin (ə) saysız-hesabsız fəzilətlərindən bəzilərinə toxundu. O həzrətin həyat yoluna 4 əsas prizmadan nəzər salan Ali Məqamlı Rəhbər İmam Əlinin (ə) hakimiyyətdə olduğu müddətdə maddi inkişafla yanaşı, camaatın həqiqi səadətinin təmin olunmasını da ali bir hədəf kimi izlədiyini qeyd edərək vurğuladı: “O həzrətin cəmiyyətin həqiqi səadətini təmin etmək məqsədilə atdığı ibrətamiz addımlardan biri də xalqın məişət rifahının yaxşılaşması, iqtisadi problemlərinin həlli istiqamətində səy göstərməsidir. Hazırkı şəraitdə bu məqsədə saysız-hesabsız daxili imkanların aktivləşdirilməsi üçün düzgün fəaliyyət proqramları qurmaq və ölkənin gənc istedadlarına arxalanmaqla nail olmaq mümkündür”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Məhz belə bir şəraitdə ölkəmiz maddi, mənəvi-psixoloji, beynəlxalq nüfuz, milli qürur və özünəinam baxımından inkişaf edəcək, xarici düşmənlərin təkəbbürlü davranışlarından və minnətindən qurtulacaq”.

Həzrət Ayətullah Xamenei nitqinə Həzrət Əlinin (ə) dərk edilməsi mümkün olan fəzilətlərini 4 əsas qrupa ayırmaqla başladı: 1. O həzrətin mənəvi məqamları; 2. İslam yolunda qatlaşdığı çətinlik və fədakarlıqlar; 3. fərdi və ictimai həyatında, eləcə də hakimiyyət məqamında təqdirəlayiq yaşam tərzi; 4. hakimiyyətdə olduğu dövrdə camaatı düşünərək qarşıya qoyduğu ali hədəf;

Ali Məqamlı Rəhbər İmam Əlinin (ə) mənəvi məqamları ilə bağlı aşağıdakıları qeyd etdi: “O həzrətin tövhid, ibadət, Allaha yaxınlıq və ixlas kimi mənəvi məqamları haqqında çox şeyləri bilmədiyimiz, hətta böyük alimlərin belə tam olaraq öyrənməkdə aciz qaldığı dərin bir okeana bənzəyir”.

Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) İslamı qəbul etdikdən sonra – Məkkədə olduğu müddətdə, hicrət vaxtı, Peyğəmbərin (s) Mədinədə hakimiyyətdə olduğu dövrdə, həmçinin Peyğəmbərin (s) vəfatından sonra və xilafəti qəbul etdiyi dövrdə qatlaşdığı çətinlik və fədakarlıqlara toxunaraq dedi: “Əmirəlmöminin Əli (ə) bütün bu dövrlərdə mücahidə və fədakarlığın zirvəsində – istənilən insanı heyrətə gətirən bir səviyyədə olub”.

“İmam Əlinin (ə) misilsiz şəxsi keyfiyyətlərindən biri də onun fərdi və ictimai həyatında, eləcə də hakimiyyət məqamında rəhbər tutduğu yaşam tərzidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əmirəlmöminin (ə) geniş bir ərazini əhatə edən, zəngin bir ölkənin böyük və qüdrətli hakimi olduğu dövrdə yoxsul bir insan kimi kasıbyana bir evdə yaşayır və haqq-ədalətin bərpası, ilahi hökmlərin təntənəsi uğrunda mübarizə apararaq böyük işlər görürdü”.

Ali Məqamlı Rəhbər Həzrət Əlinin (ə) həyat yolunun 4-cü diqqətəlayiq aspekti kimi, hakimiyyətdə olduğu müddət ərzində o həzrətin camaat üçün ali bir hədəfi izləməsini qeyd edərək aşağıdakıları dedi: “Əmirəlmöminin (ə) bu ali hədəfinin xalqı behiştə çatdırmaq, insanların mənəvi-psixoloji və əqli inkişafına, eləcə də sosial həyatına təsir göstərmək olduğunu bəyan edir. Bu, olduqca mühüm bir məsələdir və İslam dövlətinin başçısının əsas vəzifələrindən biridir”.

Ali Məqamlı Rəhbər İslam qanunları ilə idarə olunan hökumətin camaatı Behiştə çatdırmaq vəzifəsini sual altına salan bəzi məqamlara toxunaraq dedi: “İslam dövlətinin başında duran şəxsin əsas vəzifəsi xalqı həqiqi səadətə qovuşdurmaqdır. Əlbəttə ki, bu, zor və məcburiyyət tətbiq etmək kimi yox, insanların xoşbəxtliyə olan fitri meylini nəzərə alaraq onların bu uca amala yetişməsi üçün zəmin yaratmaq,  istiqamət verərək yardımçı olmaq və bu yolda işlərini asanlaşdırmaq kimi başa düşülməlidir”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Maddi rifah və inkişaf, elm, sənaye, sosial münasibətlər, milli qürur və beynəlxalq nüfuz baxımından yüksək səviyyədə olan bir müsəlman toplumunun nümayəndələri ölümdən sonra – o dünyaya gedən zaman üzüqara vəziyyətdə qalsalar, bu o demək olacaqdır ki, həmin toplum gerçək səadətə nail ola bilməmişdir”.

“Xalqın gerçək səadətə qovuşması üçün zəmin yaratmağın bir yolu da insanların rifah səviyyəsinin yüksəlməsi, yoxsulluq, işsizlik, sosial təbəqələşmə və ayrı-seçkiliyin kökünün kəsilməsi istiqamətində çalışmaqdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Allahın lütfü sayəsində bu gün rəsmilərimiz xalqın iqtisadi problemlərinin həlli ilə məşğuldurlar, lakin biz birgə düşünüb-daşınaraq doğru yolu müəyyən etməliyik”.

Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının başlıca siyasətlərinin icrasını, daxili güc və potensiala söykənməyi iqtisadi problemlərin həlli üçün ən doğru yol hesab etdiyini bildirərək vurğuladı: “Biz harada qəlbi stimul dolu, saf niyyətli və mömin gənclərimizin istedad və təşəbbüsünə arxalanıb onlara qiymət vermişiksə, o yerdə inkişaf və tərəqqi aşıb-daşıb. Nüvə texnologiyaları, dərman istehsalı, kök hüceyrələri, nano texnologiyalar və müdafiə sənayesi sahəsində qazandığımız uğurlar bu reallığın bariz sübutudur”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “İmam Xomeyninin (r.ə) buyurduğu: “Amerika heç bir qələt edə bilməyəcək!” – cümləsini məhz bu reallıq və həqiqətlərə diqqət yetirərək dərk etmək olar”.

O, əlavə etdi: “Əgər biz daxili imkanlarımızı fəal vəziyyətə gətirib, diqqəti daxili potensialımız üzərində cəmləsək, Amerika və digər dövlətlər istər hərbi, istərsə də qeyri baxımdan bizə qarşı heç bir şey edə bilməyəcək, təzyiqlərlə İran xalqını çökdürməyə müvəffəq olmayacaqlar”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Böyük dövlətlər bilsinlər ki, İran xalqı diz çökməyəcək, çünki bu xalq canlı bir xalqdır və ölkəmizin gəncləri doğru yolda irəliləməkdədir”.

Həzrət Ayətullah Xamenei ölkə gəncliyinə münasibətdə müşahidə olunan bəzi dar çərçivəli və reallıqdan uzaq yanaşmalara, gənclər arasında mənəvi-ideoloji cəhətdən rast gəlinən azsaylı sapınmaların lüzumsuz şəkildə qabardılmasına toxunaraq dedi: “İran xalqı və İran gəncliyinin ümumi yolu din yolu, İslam, Quran və mənəviyyata, vətənə və xalqa sadiqlik yoludur. Bu faktı heç vaxt görməzliyə vurmaq olmaz”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkəmizin çox yaxşı gəncləri var və biz çalışmalıyıq ki, onlar bu cür qalsınlar, doğru yolla getsinlər və ölkənin gələcəyi üçün, doğrudan da, faydalı olsunlar”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei İlam ostanının əhalisinin, din alimlərinin və ziyalılarının İslam İnqilabının müxtəlif etaplarında, o cümlədən Müqəddəs Müdafiə dövründə nümayiş etdirdikləri mübarizliyi, atdıqları qürurverici addımları yüksək qiymətləndirdiyini dedi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə vəli-fəqihin nümayəndəsi və İlamın imam-cüməsi Höccətül-İslam vəl-muslimin Lütfi ora toplaşmış hər kəsi Həzrət Əmirəlmöminin Əlinin (ə) mübarək mövludu günü münasibətilə təbrik edərək dedi: “İlam ostanının qeyrətli əhalisi İslam İnqilabı və Müqəddəs Müdafiənin davam etdiyi dövr ərzində hər zaman qeyrət və rəşadətlə İslam dövlətinin yanında olub və qürurverici addımlara imza atıb”.

Müqəddəs Müdafiə dövründə keçirilmiş, iftixar doğuran “Mimək” əməliyyatında İlam gənclərinin önəmli rol oynadıqlarını qeyd edən cənab Lütfi dedi: “Bu qürurverici qələbə İslam döyüşçülərinə ruh yüksəkliyi bəxş etdi və Müqəddəs Müdafiədə qazanılan növbəti qələbələr üçün zəmin yaratdı”.

İlamın imam-cüməsi ostanın böyük potensiala, o cümlədən zəngin neft və qaz mənbələrinə, məhsuldar torpağa sahib olduğunu qeyd edərək dedi: “Əgər “Milli əzm və cihad ruhlu idarəetmə ilə mədəniyyət və iqtisadiyyat ili”ndə İlsm ostanının iqtisadi potensialından maksimum istifadə üçün zəruri planlama həyata keçirilsə, bu ostan ölkənin iqtisadi qütbünə çevrilə bilər”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /