Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təkfirçi qruplar şiə və sünnilər də daxil olmaqla bütün müsəlmanlar üçün təhlükədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Pakistanın baş naziri cənab Nəvaz Şərif və onu müşayiət edən nümayəndə heyəti ilə bu gün (bazar ertəsi) səhər baş tutan görüşündə qeyd etdi ki, İran və Pakistan xalqları arasında gözəl və səmimi əlaqələrin qurulmasına təsir göstərən ən mühüm amil dini və mədəni baxımdan bu iki xalqı birləşdirən çoxsaylı ortaq məqamlardır. İqtisadiyyat sahəsində əməkdaşlığın azalmasından gileyini ifadə edən Ali Məqamlı Rəhbər dedi: “Müxtəlif üsullarla, o cümlədən uzun bir ərazini əhatə edən müştərək sərhəd zonasında qeyri-sabitlik yaratmaqla dost və mehriban xalqlarımızı, eləcə də İran və Pakistan dövlətlərini bir-birindən uzaqlaşdırmağa çalışanlar var. Buna baxmayaraq, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün mövcud olan böyük fürsətin əldən qaçırılmasına imkan vermək olmaz”.

İran İslam Respublikası və Pakistan arasında əməkdaşlığı əvvəlkindən də artıq genişləndirmək, böyük iqtisadi layihələri, o cümlədən qaz kəmərinin çəkilişi layihəsini fəallaşdırmaq lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər Pakistanın baş nazirinə xitabən aşağıdakıları dedi: “Ümidvarıq ki, sizin vəzifədə olduğunuz müddətdə iki ölkə arasında müxtəlif sferalı əməkdaşlıqlarda müsbət istiqamətdə dinamiklik müşahidə olunacaq”.

“Əməkdaşlığı genişləndirmək üçün kiminsə icazəsini gözləmək lazım deyil” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xəbisliyi hamıya məlum olan Amerika İran və Pakistanı bir-birindən uzaqlaşdırmağa çalışan dövlətlərdəndir. Əlbəttə ki, Amerikadan başqa, bu işdə fəallıq göstərən digər ölkələr də var”.

Ali Məqamlı Rəhbər son aylarda İran və Pakistan sərhədində müşahidə olunan və təhlükəsizliyin pozulmasına yönələn bəzi hallara toxunaraq dedi: “Bəziləri iki ölkə arasında uzun bir ərazini əhatə edən sərhəd zolağında qəsdən sabitlik və təhlükəsizliyi pozmağa çalışırlar. Biz bu olayların təbii surətdə, heç bir qərəzli məqsəd olmadan baş verdiyinə inana bilmərik”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Əlbəttə ki, bizdə Pakistanın Bəlucestan məntəqəsində iki ölkə arasındakı sərhəd zonasında təhlükəsizliyin pozulmasına yönəlmiş bəzi fəaliyyətlərin həyata keçirildiyi haqda da məlumat var”.

Ali Məqamlı Rəhbər təkfirçi qrupların şiə və sünnilər də daxil olmaqla bütün müsəlmanlar üçün təhlükə olduğunu qeyd edərək dedi: “Təkfirçi qruplara qarşı mübarizə aparılmasa, onlar İslam dünyasına daha böyük zərbə və ziyanlar vuracaqlar”.

Sonda Ali Məqamlı Rəhbər bir daha İran və Pakistan arasında əməkdaşlığın mümkün qədər  çox genişləndiriləcəyinə ümidvar olduğunu bildirdi.

Ölkə başçısının birinci müavini cənab Cahangirinin də iştirak etdiyi bu görüşdə cənab Nəvaz Şərif Ali Məqamlı Rəhbərlə yenidən görüşməsindən məmnunluq duyduğunu bildirdi, Həzrət Ayətullah Xameneinin Pakistana, Lahora səfəri ilə bağlı xoş xatirələri olduğunu qeyd edərək dedi: “O zaman mən mərkəzi Lahor şəhəri olan Pəncab əyalətinin başçısı idim. Pakistan əhalisinin sizi o cür yüksək səviyyədə qarşılayaraq səmimi emosiyalar nümayiş etdirməsi iki xalq arasında dərin tarixi, mədəni və dini bağlılığın mövcudluğundan xəbər verir”.

Pakistanın baş naziri həmçinin cari səfəri çərçivəsində Tehranda apardığı danışıqlara da toxunaraq dedi: “Mən bütün səylərimi səfərbər edəcəyəm ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın səviyyəsi bir neçə il öncəki 3 milyard dollarlıq həcmini geri qaytarmaqdan əlavə, daha da yüksəlsin, qaz kəməri layihəsi də bərpa olunsun”.

Son zamanlar İran-Pakistan sərhədində müşahidə olunan qeyri-sabitlik hallarının həddən artıq təəssüfləndirici olduğunu qeyd edən baş nazir bu iki ölkəni bir-birindən uzaqlaşdırmağa çalışanlar olduğu barədə söylənən fikirləri təsdiqlədi və üzünü Ali Məqamlı Rəhbərə tutaraq dedi: “Mən Sizi əmin edirəm ki, Pakistan dövləti ölkələrimiz arasındakı müştərək sərhədlərdə təhlükəsizliyi pozmağa cəhd göstərən ünsürlərə qarşı mübarizədə əlindən gələni əsirgəməyəcək, öz növbəsində İran İslam Respublikasının bu istiqamətdə həyata keçirdiyi tədbirləri də dəstəkləyəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /