İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei minlərlə müəllim və ziyalı ilə bu gün (çərşənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, elm öyrətmək, düşünməyə alışdırmaq və gözəl əxlaq aşılamaq şərəfli və qürurverici bir peşə olan müəllim peşəsinin 3 əsas elementidir. O, “Təhsil və tərbiyə sistemində dəyişikliklər haqqında sənəd”in icrası üçün operativ fəaliyyət proqramının hazırlanmalı olduğunu vurğulayaraq aşağıdakıları dedi: “Bu böyük mexanizmin hərtərəfli surətdə himayə edilməsi bu xalqın övladlarının parlaq gələcəyi, əziz İranımızın sürətli maddi və mənəvi inkişafı üçün effektiv sərmayə qoyuluşu deməkdir”.
Müəllimlərlə görüşlər keçirməkdə əsas məqsədinin ölkənin müəllim ictimaiyyətinə bağlılığını, təlim-tərbiyəyə sonsuz hörmətini ifadə etmək olduğunu qeyd edən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bizim hamımızın boynunda müəllimlərimizin minnəti var. Buna görə də müəllim peşəsinə hörmət cəmiyyətimizdə kollektiv xarakter alaraq elə bir şəkildə oturuşmalıdır ki, hər kəs müəllimlərə salam verməyi və hörmət göstərməyi özünə fəxr bilsin”.
Xalqın öz övladlarını müəllimlərə əmanət etdiyini bildirən Həzrət Ayətullah Xamenei müəllim peşəsinin əsas aspektlərindən danışaraq aşağıdakıları dedi: “Elm öyrətmək mühüm bir vəzifədir, amma bundan daha əhəmiyyətlisi gənclərə və yeniyetmələrə düşünməyi öyrətməkdir”.
“Hər şeyə səthi yanaşıb, səthi şəkildə öyrənmək cəmiyyəti şikəst edə bilər” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər şagird düşünmək həvəsini, düzgün düşünməyin metodlarını öz müəllimindən öyrənsə, ölkənin gələcəyi də məntiq və təfəkkür əsasında möhkəmlənər. Odur ki bu məsələdə müəllimlərin öhdəsinə çətin bir vəzifə düşür”.
Ali Məqamlı Rəhbər həmçinin qeyd etdi ki, şagirdlərə praktiki davranış və etikanı öyrətmək qürurverici bir peşə olan müəllim peşəsinin 3-cü aspektidir. O vurğuladı: “Xalqın uca hədəf və amallarının gerçəkləşməsi üçün səbirli, ağıllı, dindar, təşəbbüskar, mehriban, cəsarətli, pisliklərdən çəkinməyi bacaran, nəzakətli və əməksevər insanlara ehtiyac var. Bu cür insanların yetişdirilməsində müəllimlər birinci dərəcəli, böyük və qalıcı rola malikdirlər”.
Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar olaraq, müəllim ictimaiyyətinin diqqətinə mühüm bir məqamı da çatdıraraq qeyd etdi ki, gözəl əxlaq və həyat tərzi dərslərini uşaqlara təkcə dərsliklərlə, dildə deməklə aşılamaq mümkün deyil. Bunun üçün onlara həmişə əməli surətdə və səmimi bir şəkildə gözəl əxlaq nümayiş etdirmək lazımdır.
İdarəçiliklə bağlı bəzi məqamlara da toxunan Ali Məqamlı Rəhbər bu böyük strukturun rəsmilərindən “Təhsil və tərbiyədə dəyişikliklər haqqında sənəd”ə ciddi diqqət yetirmələrini istədi. O dedi: “Böyük və müsbət dəyişikliklərə yol açacaq bu əsaslı sənədin icrası üçün yol xəritəsinə, operativ fəaliyyət proqramına ehtiyac var. Bunlar isə Ali Mədəni İnqilab Şurasının rəyi əsasında hazırlanaraq addımbaaddım həyata keçirilməlidir”.
Ali Məqamlı Rəhbər kadr potensialının təhsil və tərbiyə sistemində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri olduğunu qeyd edərək dedi: “Bu taleyüklü sistem müstəqim və ya qeyri-müstəqim surətdə on milyonlarla əhali ilə əlaqədə olur. Buna görə də ona rəhbərlik edən insanlar, yüksək ranqlı rəsmilər xüsusi keyfiyyətlərə malik olmalıdırlar”.
O vurğuladı: “Gənc, inqilabi əqidəyə malik, dindar, yüksək ruhlu, qəlbi stimul dolu, işləmək əzmində olan kadrlara prioritet yer ayırın, təhsil və tərbiyənin hədəflərinə köklənmənin bu strukturun rəsmilərini və rəhbər işçilərini düşündürən yeganə məsələ olmasına ciddi diqqət yetirin”.
Təhsil sisteminin inqilabi əqidəyə malik, dindar kadrlara söykənməsinin nəyə görə vacib olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei dedi: “Xalqımızın və rəsmilərimizin əsas hədəfi İslam dini və Qurani-Kərimin bərəkəti sayəsində bu ölkədə maddi, mənəvi və əxlaqi cəhətdən nümunəvi bir cəmiyyət qurmaqdır. Bu hədəfə aparan uzun yolu sona qədər qət etmək üçün təhsil və tərbiyə sistemində intellektual, qətiyyətli və optimist bir nəslin yetişdirilməsinə ehtiyac var. Bu işin öhdəsindən isə yalnız inqilabi əqidəyə malik, dindar rəsmilər və kadrlar ordusu gələ bilər”.
“Siyasi cərəyanlara, müxtəlif partiya və fraksiyaların maraqlarına diqqət ayırmaq təhsil sistemi üçün zəhər kimidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Təəssüflər olsun ki, müəyyən mərhələdə bu tip yanaşmalar üstünlük əldə etdi və ardınca bir çox mənfi nəticələr gətirdi”.
Bütün hökumət strukturlarının, özəlliklə də büdcə sektoru ilə bağlı qurumların vacib surətdə təhsil sisteminə himayədarlıq etməli olduqlarını qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Digər qurumlarla müqayisədə, təhsil və tərbiyə sisteminə nə qədər çox maliyyə vəsaiti qoyulsa, faydası ikiqat artıq olacaq. Çünki bu sistem ölkənin bütün hazırkı və gələcək nailiyyətlərinin əsasını təşkil edir”.
Ali Məqamlı Rəhbər həmçinin dərs vəsaitlərinin məzmununa da ciddi diqqət yetirmək lazım olduğunu bildirərək əlavə etdi: “Dərsliklərdə yer alan mövzular mahiyyətcə güclü və əsaslı olmalı, istər dini, istərsə də siyasi cəhətdən hər cür yanlışlıq və qeyri-dəqiqlikdən uzaq olmalı, yalnız reallıqları əks etdirməlidir. Odur ki dərsliklərin çapına cavabdeh olan qurumların rəsmiləri öhdələrinə düşən vəzifələri son dərəcə böyük diqqət və əmanətdarlıqla yerinə yetirməlidirlər”.
Çıxışının sonunda Həzrət Ayətullah Xamenei təhsil rəsmilərinin diqqətinə daha iki məqamı çatdırdı: 1. Təhsil sisteminin ehtiyac duyduğu kadrları yetişdirən Ziyalılar Universitetinə ikiqat diqqət ayırmaq; 2. Tərbiyə işləri üzrə müavinliyin əhəmiyyətini, bu şöbənin nazirliyin işinə və təhsil sahəsinin ümumi idarəçiliyinə göstərdiyi effektiv təsiri diqqətdən qaçırmamaq.
Rəcəb ayının bərəkətindən Allaha bəndəlik və özünütərbiyə istiqamətində faydalanmağı tövsiyə edən Ali Məqamlı Rəhbər Şəhid Ayətullah Mütəhhərinin xatirəsini ehtiramla yad edərək dedi: “İslam əqidəsi və məfkurəsi yolunda çalışıb-vuruşmuş bu böyük müəllim və mütəfəkkir öz şəhadəti ilə Uca Allahdan uzun illik əzab-əziyyətinin qəbul olunduğunu təsdiq edən bir şəhadətnamə aldı”.
Həzrət Ayətullah Xamenei şəhid Rəcayi və Bahonərin də ömrünü təlim-tərbiyə yolunda xidmətə həsr etmiş iki ixlaslı, dindar mücahid və müəllim olduqlarını dedi.
Görüşün əvvəlində çıxış edən Təhsil və Tərbiyə Naziri cənab Əliəsğər Fani ölkədə bir milyon nəfərlik ziyalılar ordusunun mövcud olduğunu qeyd edərək dedi: “12 milyon şagirdi ehtiva edən təhsil sistemi mədəniyyət sahəsində ölkənin ən irimiqyaslı strukturudur”.
Dr. Fani təhsil və tərbiyənin keyfiyyətinin yüksəldilməsinin rəhbərlik etdiyi strukturun başlıca strategiyası olduğunu qeyd edərək dedi: “Əzbərçiliyin kreativliklə əvəz olunması, mütaliənin gücləndirilməsi, sual vermə vərdişinin inkişaf etdirilməsi, ismət və hicab mədəniyyətinin, Quran və Əhli-Beytlə (ə) ünsiyyətin genişləndirilməsi, İran-İslam mədəniyyətinə uyğun həyat tərzinin fundamentallaşdırılması Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləridir”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir