Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Əhalinin artımı ciddi surətdə izlənməli olan həyat əhəmiyyətli bir məsələdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Ümumdünya Mamalar Günü ilə əlaqədar olaraq, bu gün (bazar ertəsi) günortadan əvvəl İran Mama-ginekoloqlar Cəmiyyətinin rəsmilərindən bir qrupu ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bu peşə sahiblərinin cəmiyyətin sağlamlığının təmin edilməsində, eləcə də bəşər nəslinin davamında olduqca mühüm və dəyərli rola malik olduqlarını qeyd etdi. O həmçinin demoqrafik artımla bağlı başlıca siyasətlərin icrası məqsədilə perinatal xidmətlərdən istifadəyə ictimai maraq yaradılması istiqamətində mədəniyyətin formalaşdırılmasının əhəmiyyətini də vurğulayaraq dedi: “Əhalinin artımı, gənc nəslin azalma tendensiyasının qarşısının alınması ciddi surətdə izlənməli olan həyat əhəmiyyətli bir məsələdir”.

Səbir, bilik və təcrübə ilə, öhdəsinə düşən vəzifəni dərk edib peşəsinin məsuliyyətini hiss edərək ana və uşaqların sağlamlığının qorunmasında ən mühüm rolu oynayan mama-ginekoloqlara insanlara canıyananlıqla göstərdikləri xidmətlərə, çəkdikləri zəhmətə görə qədirdanlığını ifadə edən Həzrət Ayətullah Xamenei dedi: “Hər kəs – hər bir qadın və kişi mama-akuşerlərə borcludur. Bu peşənin sahibləri elə camaat arasında da həmişə xüsusi hörmətə layiq görülüblər”.

“Qadınların mama-akuşerlərin xidmətlərindən istifadəyə və təbii doğuşa həvəsləndirilməsi üçün bu istiqamətdə mədəniyyətin formalaşdırılması mühüm və əsas bir məsələdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Mütəxəssislər qeyri-təbii üsulla uşaq dünyaya gətirmənin ortaya çıxardığı fəsadları, həmçinin təbii doğuşun ana və uşaqlığın sağlamlığı üçün faydalarını ictimaiyyətlə müxtəlif görüşlər zamanı, eləcə də KİV vasitəsilə dönə-dönə izah etməlidirlər”.

Ali Məqamlı Rəhbər gənc nəslin artımının mühüm əhəmiyyət kəsb etməsinə və bu prosesdə təbii doğuşların və mama-akuşer xidmətlərinin oynadığı diqqətəlayiq rola toxunaraq dedi: “Gənc əhalinin say çoxluğu hər bir ölkə üçün üstünlükdür. Əgər gələcəkdə gənc nəslin risk altına düşməsi, ölkədə gənc əhalinin sayının kəskin surətdə azalması ilə nəticələnəcək yanlış siyasət və tədbirlər bundan sonra da davam etdirilərsə, ölkəmiz əhalinin qocalması kimi böyük bir zərbəyə tuş gələcək”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Gənc əhalisi olmayan ölkə təşəbbüsü, inkişafı, həvəs və emosiyası, dinamizmi olmayan bir ölkə deməkdir. Odur ki həyat əhəmiyyətli bir dövlət sənədi olan “Demoqrafik artım” proqramı ciddi surətdə izlənərək həyata keçirilməlidir”.

Həzrət Ayətullah Xamenei ölkənin mama-ginekoloq ictimaiyyətinin problemlərinin həll edilməli olduğunu vurğulayaraq aşağıdakıları əlavə etdi: “Hökumət strukturlarının rəsmiləri bu sahədəki nöqsan və çatışmazlıqların aradan qaldırılmasına səy  göstərməlidirlər”.

Görüşün əvvəlində İran Mama-Ginekoloqlar Cəmiyyətinin sədri Dr. Məsuməabad ölkədə mama-akuşer ixtisasına yiyələnmiş 50 min insan olduğunu qeyd etdi. O, əhalinin artımı baxımından mama-akuşerliyin roluna toxunaraq dedi: “Bu gün ölkəmizdə yenidoğulmuşların təqribən 50 faizi qeyri-təbii yolla dünyaya gəlir. Tibbi göstəriş olmayan, lüzumsuz qeysəriyyə əməliyyatlarının bu say çoxluğu qadınların reproduktiv fəaliyyətinin davam etdirilməsi və əhalinin sayının artması üçün əsas maneədir”.

Xanım Məsuməabad həmçinin bildirdi ki, akuşer xidmətlərinin dövlətin himayəsi altına alınması, yönləndirmə mexanizmində islahatların aparılması, həmçinin təhsil müəssisələrində qızların uyğun peşə sahələrində təhsil alması istiqamətində proqramların işlənib hazırlanması mama-akuşer xidmətlərinə yanaşma tərzi və mədəniyyətinin yaxşılaşdırılması üçün faydalı olar bilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /