Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Mədəni inkişaf olmadan, iqtisadi inkişaf nə mümkün, nə də faydalı ola bilər

Ölkədə qeyd olunacaq Fəhlə və Zəhmətkeşlər Günü ərəfəsində – bu gün (çərşənbə günü) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Fərdise-Kərəcdə yerləşən MAPNA sənaye kompleksində olaraq şirkətdə çalışan mütəxəssislərin və fəhlə kollektivinin atom, neft, qaz, neft-kimya və dəmiryolu sənayesi sahələrində əldə etdikləri nailiyyətlərə baxış keçirdi.

Daha sonra MAPNA sənaye kompleksinin fəhlələri, layihəçi mütəxəssisləri və rəhbər işçiləri, eləcə də digər bir neçə sənaye müəssisəsinin zəhmətkeşləri ilə izdihamlı bir görüş keçirən Ali Məqamlı Rəhbər bildirdi ki, fəhlə ictimaiyyətinə, həmçinin sənaye sferasında mühüm rola malik hər kəsə hörmətlə yanaşaraq bu insanları uca tutmaq bilavasitə İslam dininin özündən qaynaqlanan bir zərurətdir. O, İran xalqının təqdirəlayiq zəka və istedada malik olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Milli əzm və cihad ruhlu idarəetmə nəinki təkcə cari ilimizin şüarıdır, hətta belə demək olar ki, bizim daimi şüarımızdır və ölkəmizin milli qürurunu, heysiyyətini və parlaq gələcəyini özündə əks etdirir”.

Ali Məqamlı Rəhbərin MAPNA sənaye kompleksində qurulmuş sərgi ilə tanışlığı çərçivəsində layihə və tikinti işləri MAPNA mütəxəssisləri tərəfindən həyata keçirilmiş “Nəcəfe-Əşrəf” enerji stansiyası da işə salındı. Qeyd edək ki, bu əlamətdar hadisə rəcəb ayının başlanğıcı və Həzrət İmam Məhəmməd Baqirin (ə) mövludu ərəfəsində gerçəkləşdi.

Həzrət Ayətullah Xamenei MAPNA şirkətinin müxtəlif sahələrdə imkan və nailiyyətlərini əks etdirən sərgiyə bir saat yarım müddətində baxış keçirdi. Sərgidə MAPNA-da çalışan fəhlə və mütəxəssislərin külək turbinlərinin və külək enerjisi stansiyalarının tikintisi və quraşdırılması, müxtəlif çeşidli sənaye qazanlarının istehsalı, turbin və generatorların qurulması və təmiri, sənaye kompressorlarının istehsalı, kontrol sistemlərinin qurulması, neft quyuları üçün hissələrin və pompaların istehsalı, dəniz qurğularının istehsalı, dəniz suyundan içməli suyun alınması layihəsi, lokomotivlərin layihə və quraşdırılması, dəmir yol relslərinin qurulması, genişləndirilməsi və təmiri kimi sahələrdə imkan və nailiyyətləri, həmçinin şirkətdə həyata keçirilən tədqiqat işləri və ümumi inkişaf prosesi nümayiş olunurdu.

Bu istehsalat, sənaye və iqtisadiyyat kompleksinin nailiyyətlərini əks etdirən sərgiyə baxdıqdan sonra Ali Məqamlı Rəhbər əmək meydanında fəallıq göstərən minlərlə fəhlə və mütəxəssislə səmimi bir atmosferdə görüşərək bərəkət dolu, gözəl bir ay olan rəcəb ayının yaxınlaşmaqda olduğunu qeyd etdi və bu ayı Allaha bəndəlik, Uca Yaradana diqqət, Tanrını yad etmə ayı adlandırdı. O həmçinin Allahın yardım və hidayəti sayəsində, İran xalqının daha böyük addımlar atacağına ümidvar olduğunu ifadə etdi.

Fəhlə və zəhmətkeşlərlə görüşlərin onun üçün həmişə maraqlı və sevindirici olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “MAPNA şirkətinin nailiyyətlərini əks etdirən sərgiyə baxış keçirməklə bu gün mənim bu sevincim ikiqat artdı”.

Ali Məqamlı Rəhbər cəmiyyətin ümumi mədəniyyətində fəhlə və zəhmətkeşlərə ehtiramın özünəməxsus yer tutmalı olduğuna qəti surətdə inandığını bir daha vurğulayaraq dedi: “İslam dinində əməyə, zəhmətə böyük hörmətlə yanaşılır. İslamın fəhlələrin, eləcə də istehsalat sahəsində çalışan bütün zəhmətkeşlərin hüquqlarına və əməyinə ayırdığı diqqət də bu mütərəqqi yanaşmaya əsaslanır”.

Müəssisə rəhbərləri ilə fəhlələr arasında qarşılıqlı əziyyət və qarşıdurmaya əsaslanan düşmənçi yanaşmanın marksizm və Qərb təfəkkürü üçün müştərək bir yanaşma olduğunu bildirən Ali Məqamlı Rəhbər bu yanlış yanaşma tərzini inkar edərək dedi: “İslam dini bütün sferalarda, o cümlədən istehsalat müstəvisində, fəhlə və zəhmətkeşlərlə bağlı məsələlərdə qarşılıqlı hörmət, yardımlaşma və əməkdaşlıq prinsiplərini rəhbər tutur. Bu nəcib yanaşma sosial həyat və iqtisadiyyatın bütün sahələrində əsas prinsip və meyar olmalıdır”.

Ali Məqamlı Rəhbərin vurğuladığı ikinci məqam əməyin bilik, zəka, mətinlik, təşəbbüskarlıq və möhkəm əzmdən qaynaqlanan səmərəliliyi ilə bağlı oldu.

O dedi: “MAPNA-ya bugünkü gəlişimiz zamanı müxtəlif təzahürlərini müşahidə etdiyimiz bu ürəkaçan həqiqət onu göstərir ki, milli əzm və cihad ruhlu idarəetmə nəinki təkcə cari ilimizin şüarıdır, hətta belə demək olar ki, bizim daimi şüarımız, ölkəmizin qürur və heysiyyətinin, parlaq gələcəyinin rəmzidir”.

“Mədəni inkişaf olmadan, iqtisadi inkişaf nə mümkün, nə də faydalı ola bilər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Məhz buna görə də cari ilin şüarı bizim üçün daimi həyat şüarı olmalıdır”.

Ali Məqamlı Rəhbər ölkənin mədəniyyət və iqtisadiyyatının ən yüksək səviyyədə inkişafı üçün milli əzm və cihad ruhlu idarəetməyə əsaslanmaq lazım olduğunu qeyd edərək dedi: “Əgər bu məqsəd reallaşarsa, bu xalqı təhqir etməyi heç kəs özünə rəva bilməyəcək”.

İslam İnqilabından əvvəlki dövrdə İran xalqının təhqir olunduğunu bildirən Həzrət Ayətullah Xamenei aşağıdakıları dedi: “Qərb və Avropa əsl cəhalət içərisində olduqları zaman sivil və şərəfli İran bəşər cəmiyyətinə dahi elm və mədəniyyət xadimləri bəxş etmişdir. Lakin elə həmin soyğunçu Qərb diktator ölkə başçılarının rəzilliyi ucbatından İranın sosial, siyasi və iqtisadi həyatı üzərində ağalığı ələ keçirdi. Bu acı həqiqət qədim sivilizasiyaya, zəngin mədəni irsə malik İran üçün böyük bir təhqir idi”.

“İslam İnqilabının qələbəsindən sonra İran xalqının təhqir olunmasına son qoyuldu” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İran xalqı iqtisadi, sosial, siyasi və mədəni baxımdan dünyada öz yüksək və layiqli mövqeyinə çatmaq, bəşərin elmi nailiyyətlərinin liderinə çevrilmək istəyirsə, bütün sferalarda biliyə, zəkaya, dinamiklik qabiliyyətinə, təşəbbüskarlığa və möhkəm əzmə söykənməlidir”.

Həzrət Ayətullah Xamenei özünəinam ruhunun bərəkətli təsirlərinin cəmiyyətin müxtəlif sferalarında özünü büruzə verdiyini qeyd edərək dedi: “Bu ilhamverici reallıqlar onu göstərir ki, mərhum İmam Xomeyninin (r.ə) başlıca şüarı, yəni “Biz bacaracağıq!” şüarı təkcə dillərdə gəzən bir söz deyil, doğrudan da, həyata keçməyə qadir olan bir şüardır”.

Bəzi insanların ölkə gəncliyinin güc və bacarığına şübhə və tərəddüdlə yanaşdıqlarına toxunan Ali Məqamlı Rəhbər əlavə etdi: “İranın qaz-kompressor stansiyalarının tikintisinə görə dünyada 6-cı yeri tutması ölkəmizin müharibə və ağır sanksiyalar dövründə yenicə addım atmağa başlamış, bu gün isə müxtəlif sferalarda sürətlə irəliləyən insan potensialının böyük güc və imkanlarına kiçik bir nümunədir”.

Həzrət Ayətullah Xamenei üzünü müxtəlif sferalarda çalışan fəal kadrlara tutaraq aşağıdakıları vurğuladı: “İnkişafın hazırkı səviyyəsindən 10 dəfə yüksək bir səviyyəyə çatmaq məqsədilə özünüzə qarşı tələbkarlığınızı artırın və bilin ki, həmin səviyyəyə yetişmək, heç şübhəsiz, mümkündür”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər MAPNA şirkətinin əldə etdiyini nailiyyətlərin həm bütövlükdə ölkə, həm də şirkətin kollektivində çalışan insanlar üçün qürurverici olduğunu qeyd edərək dedi: “Hökumət strukturları bu tip şirkətlərə dəstək olmalıdır”.

“Daxili istehsalın himayə edilməsi müqavimət iqtisadiyyatının əsaslarından biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Hökumət strukturları bu siyasəti rəhbər tutaraq istehsalçıları himayə etməklə yanaşı, onların məhsulları üçün yeni bazarlar yaratmalı, xaricdən analoji məhsulların idxal edilməməsinə ciddi surətdə nəzarət etməlidirlər”.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının daha bir əsas elementinə, yəni daxili güc və potensiala söykənərək xarici əlaqələrə köklənmək xüsusiyyətinə toxunaraq dedi: “Biz daxildən güc alaraq inkişaf etməli, lakin eyni zamanda xarici əlaqələrə köklənərək dünya bazarlarında da fəal və effektiv iştirak etməliyik”.

Ali Məqamlı Rəhbər bildirdi ki, özünəinam, öz gücünə və Allahın köməyinə arxalanmaq cihad ruhlu idarəetmənin mühüm elementlərindəndir. O həmçinin əlavə etdi: “Allaha təvəkkül edərək Ondan yardım istəmək, sözsüz ki, Allahın yardım və inayətinin hətta əvvəlcədən nəzərdə tutulmamış yollarla insana yetişməsinə səbəb olur”.

“Elmi əsaslı müəssisə və şirkətlərə söykənmək müqavimət iqtisadiyyatının digər mühüm xüsusiyyətlərindəndir” – deyən Həzrət Ayətullah Xamenei dövlətin bu tip şirkət və müəssisələri himayə etməli olduğuna toxunaraq əlavə etdi: “Əldə olunmuş uğurlar insanı arxayınlaşdıraraq ətalətə sövq etməməli, əksinə, daha böyük nailiyyətlərə, keçilməmiş yolları qət etməyə həvəsləndirməlidir”.

Ali Məqamlı Rəhbərin vurğuladığı digər iki məqam iqtisadiyyat və istehsalat müəssisələrində ardıcıl tədqiqatlara və daimi inkişafa diqqət ayrılmasının, müxtəlif sferaların, o cümlədən sənaye müəssisələri və universitetlərin potensialının əlaqələndirilməsinin vacibliyi ilə bağlı oldu.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, ölkənin istənilən sferasının güclənməsi sanksiyaların məcburən aradan qalxmasına səbəb olacaq. O həmçinin əlavə etdi: “Biz istənilən sferada irəli getdikcə qarşı tərəf sanksiyaların faydasız və mənasız bir iş olduğunu daha çox dərk edəcək”.

Həzrət Ayətullah Xamenei bu reallığa bir nümunə gətirərək dedi: “Biz Tehran Tədqiqat Reaktoru, əhalimizin ehtiyac duyduğu radiodərman preparatlarının istehsalı üçün 20 faiz zənginləşdirilmiş urana ehtiyac duyduğumuz və onu xarici ölkələrdən birindən pulla almağa hazır olduğumuz zaman Amerika başda olmaqla dünyanın quldur dövlətləri cürbəcür hiylələrlə buna mane oldular”.

O, əlavə etdi: “İran İslam Respublikası 20 faiz zənginləşdirilmiş uranın istehsalı üçün əzmini toplayıb işə girişdikdə onlar bunun reallaşacağına inanmırdılar, amma indi – vətənimizin gənc alimləri öz zəka və təşəbbüskarlıqları, eyni zamanda işlərin düzgün idarə edilməsi sayəsində bu texnologiyanı əldə etdikləri, hətta yanacaq çubuğu və yanacaq lövhəsi istehsal etməyə müvəffəq olduqları zaman dünyanın bütün ölkələri: “Biz sizə satarıq, istehsal etməyin” – deyirlər”.

Həzrət Ayətullah Xamenei dünyanın böyük dövlətlərin bədxah oyunlarına düçar olduğunu deyərək aşağıdakıları vurğuladı: “Dünyadakı quldur dövlətlərin İran İslam Respublikasına qarşı məntiqsiz davranışları bizim zəif və ya güclü olmağımızdan asılıdır. Hansı məqamda biz möhkəm olub öz ayaqlarımız üzərində duracağıqsa, həmin yerdə onlar bizə qarşı məntiq və nəzakətlə davranmağa məcbur olacaqlar. Bu reallığa diqqət yetirməklə ölkədəki bütün problemləri həll etmək mümkündür”.

Görüş zamanı Əmək, Kooperasiya və İctimai Rifah Naziri cənab Rəbii çıxış edərək ölkənin elmi əsaslı istehsalatın inkişafı istiqamətində irəliləməsinin nə qədər mühüm olduğuna toxundu. O dedi: “Fəhlə və zəhmətkeşlər müqavimət iqtisadiyyatı meydanının döyüşçüləridir və bu gün İran fəhlələri istehsalatda elmi biliklərin əhəmiyyətinə kökləniblər”.

Cari ilin “Milli əzm və cihad ruhlu idarəetmə ilə iqtisadiyyat və mədəniyyət” ili adlandırıldığına toxunan cənab Rəbii fəhlələrin İslam İnqilabının müxtəlif sferalarında fəal iştirak etdiklərini xatırladaraq dedi: “Bizim bütün iqtisadi, mədəni və sosial siyasətlərimizi müqavimət iqtisadiyyatının məcrasına yönəltməkdən başqa yolumuz yoxdur”.

“Sosial ədalətin reallaşdırılması İslam İnqilabının əsas hədəflərindən biridir” – deyən nazir fikrinə aşağıdakıları əlavə etdi: “Bu gün dövlətimiz fəhlə kollektivləri və fəhlə təşkilatları ilə sıx əlaqədədir”.

Görüşün əvvəlində Ali Məqamlı Rəhbər MAPNA sənaye qrupunun rəhbər işçilərindən və mütəxəssislərindən bir neçəsi ilə görüşdü. Görüş əsnasında Energetika Naziri cənab Çitçiyan MAPNA sənaye qrupunun imkanları haqda məlumat verdi.

O dedi: “Ölkənin ümumi gücü 24 meqavatdan artıq olan enerji stansiyalarının 1/3-dən çoxu MAPNA şirkətinin zavodlarında istehsal olunub”.

Cənab Çitçiyan 1371-ci ildə (1992) bu şirkətin yaradılmasının və onun hazırkı imkanlarının cihad ruhlu idarəetməyə bariz nümunə olduğunu qeyd edərək dedi: “Bu nəhəng sənaye qrupunun həyata keçirdiyi işlər sırasına yeni texnologiyalardan istifadə və maddi-texniki bazanın daim müasir standartlara uyğunlaşdırılması, elmi-tədqiqat işlərinin genişləndirilməsi, bərpa olunan enerjidən istifadə və yeni nəsil enerji stansiyalarının istehsalı mərhələsinə keçilməsi daxildir”.

MAPNA şirkətinin icraçı direktoru cənab Əliabadi də şirkətin fəaliyyəti haqqında məlumat verdi. O, Amerika və bir neçə Avropa ölkəsinin enerji stansiyalarında ehtiyac duyulan avadanlıq və qurğuların istehsalını inhisarlaşdırdıqlarını qeyd edərək dedi: “Ölkədəki mütəxəssislərin güc və imkanlarından istifadə edən MAPNA şirkəti hazırda sözügedən qurğu və avadanlıqların dünya üzrə 6-cı istehsalçısına çevrilib”.

O, MAPNA şirkətində ardıcıl şəkildə tədqiqatların aparıldığını və daimi inkişafın müşahidə olunduğunu, yeni texnologiyalardan istifadə edildiyini bildirərək əlavə etdi: “Hazırda MAPNA şirkəti elektrik enerjisi, neft, qaz, nəqliyyat, içməli suyun emalı və bərpa olunan enerji mənbələri sahəsində işlər görür və bir çox nailiyyətlər də əldə edib”.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei də qısaca çıxış edərək bildirdi ki, MAPNA şirkətinin yaranması və diqqətəlayiq uğurlar əldə etməsi 3 amilin: elm, möhkəm əzm və bacarığın nəticəsidir. O vurğuladı: “Bu üç amili qoruyaraq gücləndirmək lazımdır”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /