Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müsəlmanlar arasına konflikt düşməsi əldə qılınc kimi İslam düşmənlərinin işinə yarayır

İki dünyanın seçilmiş xanımı Həzrət Siddiqeyi-Kübranın (s.ə) və onun məhsuldar  ömür yaşamış övladı İmam Xomeyninin (r.ə) mübarək mövludları günündə İmam Xomeyni adına hüseyniyə başdan-başa Xanım Fatiməyə (s.ə) xas fəzilət və gözəlliklərin rayihəsi ilə doldu.

Əhli-Beyti (ə) mədh edən şairlərdən və söz ustadlarından bir qrupunun iştirakı ilə təşkil olunan bu görüşdə İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei iştirakçıları Həzrət Fatimeyi-Zəhranın (s.ə) mövludu münasibətilə təbrik edərək bu il bu tarixin daha bir əlamətdar hadisə – İmam Xomeyninin (r.ə) doğum günü ilə üst-üstə düşdüyünü xatırlatdı. Ali Məqamlı Rəhbər qeyd etdi ki, Fatimeyi-Zəhranın (s.ə) həyat yolunun bəşər cəmiyyətinə verdiyi ibrət dərsləri zəhmətkeşlik, daim çalışıb-vuruşmaq və saf bir ömür yaşamaqdır. O, əlavə etdi: “Dini məclislər dinin parlaq ulduzlarının keçdiyi həyat yolunun mühüm və ibrətamiz cəhətlərini insanlara çatdırmaq üçün özünəməxsus bir fürsətdir. Bu məclislərdə auditoriyaya maarifləndirici, oyandırıcı, ümid verən və vəhdət yaradan məna və mövzuları ustalıqla, şəriətin hüdudlarına tam riayət etməklə çatdırmaq lazımdır ki, bu fürsət və məsuliyyət İslam düşmənlərinin dolaşıq xarakterli planlarına qarşı mübarizəyə, həmçinin İslam dövlətinin hədəflərinin irəli aparılmasına xidmət etsin”.

“İslam dövlətində imamların (ə) xatirəsinə mənəvi məclislərin təşkil olunması böyük bir ilahi nemət, dəyərli bir şansdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəşər övladının məhdud düşüncəsi Həzrət Fatimeyi-Zəhra (s.ə) kimi səmavi şəxsiyyətlərin varlığının və mənəviyyatının bütün aspektlərini düzgün dərk edə bilməsə də, böyük ictimai hədəflərə çatmaq üçün biz bu ülvi insanların mənəvi məqamlarını və davranışlarını özümüzə örnək götürməliyik”.

Ali Məqamlı Rəhbər İslam cəmiyyətinin hədəfləri sırasında dində bəyənilən gözəl həyat tərzini, abad, müstəqil, özündə yüksək əxlaqı əks etdirən, birgə və həmrəy bir cəmiyyətin qurulmasını, təqvalı, günahlardan çəkinən bir toplumun formalaşdırılmasını qeyd edərək dedi: “Belə bir cəmiyyətin qurulmasına yalnız günahlardan çəkinmək, daim çalışmaq, tənbəllikdən, bekarçılıqdan və ümidsizlikdən uzaq olmaqla nail olmaq mümkündür”.

Güclü istedada malik minlərlə söz ustadı vasitəsilə ölkədə Peyğəmbər (s) xanədanına sitayiş ənənəsinin təbliğ edilərək kök salmasının gözəl bir şans olduğunu deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu böyük fürsət və imkanın eyni zamanda ölkədə dəyişikliyin yaranması üçün zəmin ola biləcək məsuliyyət və öhdəçilikləri də var”.

İslam İnqilabının düşmənlərinin ən son elektron informasiya vasitələrindən istifadə edərək xalqın inanc və ideologiyasını korlamaq, İslam dövlətinin və şanlı İran xalqının irəliləyiş kursunda sapınmalar yaratmaq üçün genişmiqyaslı fəaliyyət göstərdiklərini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Düşmənin məqsədi İslam dinini diz çökdürmək, şiə toplumu və şiə maarifinin dünyada örnəyə çevrilməsinin qarşısını almaqdır”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Düşmənin bu dolaşıq və məkrli planına qarşı mübarizədə İslam dövlətinin özünəməxsus imkan və vasitələri var. Dini məclislər və heyətlər, minbər söhbətləri və mədhiyyə gecələri kimi xalqla üz-üzə, göz-gözə ünsiyyət formaları həmin özünəməxsus vasitələrdəndir”.

“Bu misilsiz və dəyərli fürsətdən uyğun olmayan şəkildə istifadə etmək Allahın verdiyi nemətə küfr etməkdir” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei minbər söhbətləri və mədhiyyə gecələrinin səmərəsiz surətdə başa vurulmasına misallar gətirərək dedi: “Təşkil edilən minbər söhbəti və ya mədhiyyə məclisi insanda gələcəyə qarşı ümidsizlik yaranması ilə nəticələnərsə, yaxud onda cəmiyyətdəki vəziyyət və onun öhdəsinə düşən vəzifələrlə bağlı məlumat yaratmazsa, bu fürsət hədər getmiş olur”.

“Müsəlmanların vəhdətinə zərbə vurmaq, şiə-sünni arasına ixtilaf salmaq ilahi nemətə qarşı küfrün daha bir nümunəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dəfələrlə demişik ki, dini məclislərdə məzhəblər arasında kin-küdurət yarada biləcək məqamlara yol vermək olmaz. Çünki gün kimi aydındır ki, müsəlmanlar arasına konflikt düşməsi əldə qılınc kimi İslam düşmənlərinin işinə yarayır”.

İslam dünyasının böyük alimlərinin ümməti vəhdətə çağırdığına toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz Əli şiəsi olmağımızla fəxr edirik, biz fəxr  edirik ki, dahi İmam Xomeynimiz (r.ə) dini hakimiyyət bayrağını göyə ucaldaraq şiə və qeyri-şiələr daxil olmaqla bütün İslam dünyasının öz müsəlmançılığı ilə qürur duymasına səbəb olub, lakin düşünülməmiş davranış və çıxışlarla düşmənin konflikt qılıncını itiləmək lazım deyil”.

Ali Məqamlı Rəhbərin Əhli-Beyt (ə) məddahlarına verdiyi digər bir tövsiyə dini məclislərdə şəriətin hüdud və normalarına dəqiqliklə riayət etməyin vacibliyi ilə bağlı oldu.

Dini şeir, mədhiyyə məclislərinin pak  və müqəddəs bir atmosfer olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu atmosfer öz paklığını, iffətini hər zaman olduğu kimi qorumalı, bəzi məsuliyyətsiz, laübalı davranışlar dini sənət dünyasına yol açmamalıdır”.

Çıxışının sonunda Ali Məqamlı Rəhbər onu da qeyd etdi ki, Əhli-Beyti (ə) mədhetmə sənətində daha bir vacib amil maarifləndirici, öyrədici mövzuların seçilməsidir. O həmçinin dedi: “İslam İnqilabının şövq və həyəcanının yaşandığı dövrdə ölkənin dörd bir yanında yazılıb-oxunan maarifləndirici, insanları oyanışa səsləyən növhələr İslam İnqilabının qələbə çalmasına heyrətamiz dərəcədə təsir göstərdi”.

Görüşün əvvəlində Əhli-Beyt (ə) məddahlarından 8 nəfəri İslam peyğəmbərinin (s) əziz qızının yüksək məqam və əzəmətini təsvir edən şeirlər oxudular.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /