Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Xanım Fatimənin (s.ə) mövludu münasibətilə qadın məhkumlardan bir qrupunun əfvinə razılıq verdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricaninin xahişinə əsasən, Həzrət Fatimeyi-Zəhranın (s.ə) bərəkət dolu mövludu münasibətilə, Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən məhkum edilmiş bir qrup qadın məhkumun cəzasının əfvi və ya yüngülləşdirilməsinə razılıq verdi.

Ayətullah Amoli Laricaninin Həzrət Ayətullah Xameneiyə ünvanladığı məktubun, habelə Ali Məqamlı Rəhbərin cavab məktubunun mətnləri aşağıdakılardan ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneinin mübarək məhzərinə,

Sizə salamlarımı və salamatlıq diləklərimi çatdırır, dərin ehtiramımı ifadə edir, fəzilət və iffət nümunəsi, böyük sevgi, mehribanlıq və səxavət mücəssəməsi, fədakarlıq, əfv və güzəşt təcəssümü olan Həzrət Fatimeyi-Zəhranın (s.ə) səadət və bərəkət dolu mövludu münasibətilə təbrik edirəm. Ölkədə qeyd olunan Qadınlar günü ilə əlaqədar olaraq, eyni zamanda Allahın açıq-aydın dini olan İslam dinində qadınların və anaların yüksək dəyər və mövqeyə malik olduqlarını, ismət və paklıq nümunəsi olan Əhli-Beytin (ə) zəngin ideoloji məktəbinin ilhamverici təlimlərini, müqəddəs bir hakimiyyət quruluşu olan İran İslam Respublikasının və onun Məhkəmə Hakimiyyətinin qadınların yüksək ictimai mövqeyinə xüsusi diqqətlə yanaşdığını və qadın hüquqlarına daim riayət etdiyini, isti ailə ocağına böyük əhəmiyyət verdiyini nəzərə alaraq, İİR Konstitusiyasının 110-cu maddəsinin 11-ci bəndinin icrasına müvafiq olaraq, Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisad Məhkəməsi tərəfindən mühakimə edilmiş, cəzası 31.01.1391-ci il 
(20 aprel 2014) tarixinə qədər qüvvəyə minmiş, cəzasının əfvi və ya yüngülləşdirilməsi üçün aşağıda sadalanacaq şərtlər üzrə tələblərə cavab verən qadın məhkumların cəzasının əfv edilməsini və ya yüngülləşdirilməsini təklif edirəm. İslam İnqilabının Ali Məqamlı Rəhbəri tərəfindən müsbət cavablandırılacağı təqdirdə, bu təklifə əsasən, qadın məhkumlardan bir qisminin cəzası əfv ediləcək və ya yüngülləşdiriləcək, onlar İslam dininin şəfqət və mərhəmətindən bəhrələnmiş olacaqlar:

a) Həbsxanalarda və ya islah-əmək müəssisələrində yatan qadın məhkumların həbs cəzası:

1. 6 aya qədər azadlıqdan məhrum edilmiş məhkumların cəzasının qalan hissəsi;

2. 6 aydan 1 ilə qədər azadlıqdan məhrum edilmiş məhkumların cəza müddətinin yarısı;

3. 1 ildən 5 ilə qədər azadlıqdan məhrum edilmiş məhkumların cəza müddətinin yarısı;

4. 5 ildən artıq müddətə azadlıqdan məhrum edilmiş məhkumların cəza müddətinin yarısı;

5. 31.01.1393-cü il (20.04. 2014) tarixinə qədər cəzasının 10 ilini çəkmiş olması şərti ilə, ömürlük azadlıqdan məhrum edilmiş məhkumların cəzasının qalan hissəsi;

6. Qəsdən törədilməmiş cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların cəzasının qalan hissəsi;

7. Müalicəsi olmayan və ağır xəstəliklərdən əziyyət çəkən, Ədliyyə Tibbi Komissiyası tərəfindən həbs müddətini davam etdirməyə qadir olmadığı və ya bunun üçün xüsusi tibbi qulluğa ehtiyac duyduğu müəyyən edilmiş məhkumların cəzasının qalan hissəsi (aydındır ki, Ümumi və İnqilab Məhkəmələri Cinayət Prosessual Məcəlləsinin 291-ci maddəsinin icrası istiqamətində məhkəmələrin gördüyü tədbirlər hazırkı əfvin tətbiqi üçün maneə deyil);

8. Eyni vaxtda həyat yoldaşı da həbsdə olan və ya edam edilmiş, həmçinin qanuna müvafiq olaraq övladlarının himayəsi öhdəsində olan qadın məhkumlardan ömürlük azadlıqdan məhrum edilmiş şəxslərin cəzası 8 ilə, 3 və 4-cü bəndlərdə qeyd olunan cinayətlərə görə mühakimə edilmiş şəxslərin cəzası isə 1/3 hissəsinə qədər azaldılsın;

b) Nağd pulla cərimə cəzasını ödəmək iqtidarında olmadıqları üçün həbsdə yatan qadın məhkumların cəzası:

1. 1 (bir) milyard riala qədər cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının qalan hissəsi;

2. 1 (bir) milyard rialdan artıq məbləğdə cərimə cəzasına məhkum edilmiş şəxslərin cəzasının 4/5 hissəsi;

c) Əfvin şamil olunma şərtləri:

1. Konkret şikayətçinin olmaması və ya razılığının alınması (maddi ziyan yetirildiyi halda), yaxud konkret iddiaçı (fiziki və hüquqi şəxslər daxil olmaqla) olduğu təqdirdə dəymiş ziyanın 29.12.1392-ci il (20 mart, 2014) tarixinə qədər kompensasiya edilməsi;

2. Həbsdə olduğu, yaxud icazə ilə evə buraxıldığı müddətdə İslami Cəzalar Məcəlləsinin 19-cu maddəsinə 01.02.1392-ci ildə (21 aprel 2013) edilmiş əlavələrə əsasən, 1-6-cı dərəcəli cinayətləri qəsdən törətmiş olmamaq;

3. Əvvəlki məhkumluq müddətlərində əfvdən yararlanmamaq; Aydındır ki, hazırkı məhkumluğu dövründə əfvdən yararlanma cari əfvin şəxsə şamil edilməsi üçün maneə deyil və hesablama aparılarkən əvvəlki əfvin tətbiqindən sonra qalan cəza əsas götürülür.

4. Keçmişdə törətdiyi cinayətlərə görə 2 dəfədən artıq məhkum olunmamaq;

d) Hazırkı əfv aşağıda sadalanan cinayətlərə görə məhkum edilmiş şəxslərə şamil olunmur:

1. Silahla törədilən oğurluq və soyğunçuluq;

2. Narkotik maddələrin silahlı qaçaqmalçılığı;

3. Silah-sursat qaçaqmalçılığı;

4. Daxili və xarici təhlükəsizlik əleyhinə fəaliyyət göstərmək;

5. Adam oğurluğu;

6. Fəsad və əxlaqsızlıq yuvası təşkil etmək;

7. Casusluq;

8. Zərərçəkmişin üzərinə kimyəvi maddə atmaq;

9. Spirtli içkilərlə bağlı cinayətlər;

Allahın salamı, rəhməti və bərəkəti nəsibiniz olsun!

Sadiq Amoli Laricani

Allahın adı ilə!

Sizə salamlarımı, salamatlıq diləklərimi və Həzrət Siddiqeyi-Tahirənin (s.ə) mübarək mövludu münasibətilə təbriklərimi çatdırıram. Yuxarıda sadalanan şərtlərə cavab verən qadın məhkumların cəzasının əfv edilməsinə razıyam.

Allahın salamı və mərhəməti nəsibiniz olsun!

Seyid Əli Xamenei
30.01.1393
20.04.2014



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /