Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Qadın problemini nəzərdən keçirərkən düşüncəmizi yanlış və basmaqəlib Qərb təfəkküründən azad etməliyik

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ziyalı xanımlarla bu gün (şənbə günü) səhər baş tutan görüşündə qadın və ailə problemi kimi mühüm bir problemin həlli istiqamətində ortaya düzgün bir strategiya qoymaq üçün yüksək səlahiyyətlərə malik bir mərkəzin təsis edilməsinin vacib olduğunu qeyd edərək dedi: “İcrası real olacaq bu hərtərəfli strategiyanın əldə edilməsi üçün 3 amilə ehtiyac var: qadınlarla bağlı məsələlərdə yanlış, basmaqəlib, stereotipləşmiş Qərb nəzəriyyələrinə aparıcı mövqe ayırmaqdan tamamilə çəkinmək; əsl İslam təlimlərinə və mötəbər islami mənbələrə əsaslanmaq; həqiqətən də, əsl qadın problemi hesab olunan məsələlərin həlli ilə məşğul olmaq”.


İştirakçıları Həzrət Fatimeyi-Zəhranın (s.ə) bərəkət dolu mövludu münasibətilə təbrik edən Ali Məqamlı Rəhbər qeyd etdi ki, bu il bu mübarək mövludun ölkədə qeyd olunan Qadınlar və Analar günü ilə üst-üstə düşməsi iki dünyanın xanımı Həzrət Siddiqeyi-Kübranın (s.ə) həyatından ibrət dərsi götürmək üçün gözəl bir fürsətdir.

Ali Məqamlı Rəhbər o həzrətin 14 ilahi məsumdan biri olduğuna, ali mənəvi məqamlara – özü də çox gənc yaşlarında – malik olduğuna toxunaraq dedi: “Dünya qadınlarının xanımı Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyatına yenidən və daha da dərindən nəzər salaraq onun təqva, iffət, saflıq, dözümlülük, gözəl həyat yoldaşı və ana olmaq, siyasi əhəmiyyət kəsb edən məqamları düzgün dərk etmək, bir insanın həyatındakı bütün önəmli sferalarda sözün həqiqi mənasında iştirak etmək kimi yüksək keyfiyyətlərini cəmiyyətə nümunə göstərmək lazımdır”.

“Müsəlman İranında ziyalı, ali savadlı, aydın düşüncəli, cəmiyyət içərisində yüksək mövqe və ehtirama malik qadınların hədsiz dərəcədə çox olması Allahın nemətlərindən, İslam Respublikasının qürur mənbəyi olan ən böyük amillərdən biridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran tarixində heç vaxt rast gəlinməmiş bu reallıq İslam dininin bərəkətli və müasir yanaşmasının, İmam Xomeyninin (r.ə) mütərəqqi görüşlərinin nəticəsidir”.

İran qadının müstəqil kimliyinin Müqəddəs Müdafiə arenasında son dərəcə təqdirəlayiq bir formada özünü büruzə verməsinin daha bir parlaq reallıq olduğunu qeyd edən Ali Məqamlı Rəhbər şəhidlərin, əlil və veteranların həyat yoldaşlarının və analarının səbir və böyüklüyünü yüksək dəyərləndirdi.

Həzrət Ayətullah Xamenei müxtəlif aspektlərdən yanaşıldığı zaman qadın probleminin bəşər cəmiyyəti üçün üzərində düşünülməyə, tədqiqat və araşdırma aparılmağa layiq bir problem olduğunu bildirdi və həmin aspektlər içərisindən  aşağıdakı üçünün əhəmiyyətini xüsusilə qeyd etdi:

1. Qadınların malik olduğu böyük potensialdan düzgün və sağlam şəkildə necə istifadə etmək olar?

2. İncə və həssas bir məsələ olan gender məsələsindən bəşəriyyətin süqutu deyil, yüksəlişi istiqamətində hansı şəkildə bəhrələnmək mümkündür?

3. Qadın və kişi arasındakı təbii fərqləri nəzərə alaraq ailədə və ictimaiyyətdə qadınlara zülmün qarşısını almaq üçün bəşər cəmiyyətində hansı yanaşmaların oturuşmasına nail olmaq lazımdır?

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar olaraq, ailə və qadın problemlərinin ayrı-ayrılıqda baxılması qeyri-mümkün olan iki məsələ olduğunu bildirərək dedi: “Qadın problemini ailə problemindən ayrı nəzərdən keçirmək istəyən hər kəs problemi dərk etməkdə və onun çarəsini tapmaqda çaşqınlığa düçar olacaq”.

Ortaya çıxan sualları cavablandırmaq, ailə və qadın probleminin bütün aspektlərini nəzərdən keçirmək üçün xüsusi bir tədqiqat və iş mərkəzinin yaradılmalı olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Yüksək səlahiyyətlərə malik olacaq bu mərkəz qadın problemi ilə bağlı düzgün və hərtərəfli bir strategiya işləyib hazırlamalı və lazımi tədbirlər həyata keçirməklə bu strategiyanın icrasına nail olmalıdır”.

Ali Məqamlı Rəhbər bu strategiyanı işləyib hazırlayacaq, qadın probleminin həlli yollarını araşdıracaq istənilən qurum və ya mərkəzin bəzi mühüm şərtlərə riayət etməli olduğunu qeyd etdi. Həmin şərtlərin hansılar olduğunu açıqlayan Həzrət Ayətullah Xamenei əvvəlcə Qərb təfəkkürünün məhsulu olan ideoloji nəzəriyyələrdən tamamilə uzaq durmağın vacibliyini vurğuladı.

O dedi: “Qərblilər müxtəlif səbəblərdən qadın probleminin mahiyyətini yanlış dərk ediblər, lakin bununla belə, həmin yanlış, azdırıcı ideyalarını bütün dünyada təbliğ edərək yayıblar və hay-küy salmaqla başqalarının, fərqli düşünənlərin bir söz deməsinə imkan vermirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, biz Qərb mütəfəkkirlərinin qadın probleminin müxtəlif aspektləri ilə bağlı hansı fikirləri irəli sürdüklərindən xəbərdar olmalıyıq, lakin onların dominantlıq etməsinə mane olaraq düşüncəmizi əslində köhnə olduğu halda yeni, xəyanətkar olduğu halda canyandıran kimi görünən bu fikirlərdən təmizləməliyik. Çünki bu fikirlər bəşər cəmiyyətini əsla doğru yola və səadətə qovuşdura bilməz”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Qərb ideoloji nəzəriyyələrinin qadın probleminin təhlilində çox ciddi yanlışlığa yol vermələrinin kökündə onların varlığa və dünyaya dindən kənar, materialist yanaşmaları durur. O həmçinin əlavə etdi: “İqtisadiyyat sahəsində qadının əmək qabiliyyətinə qazanc mənbəyi kimi baxılması, qadına qarşı yol verilən təhqiramiz yanaşmalar, o cümlədən onun kişilərin şəhvət hissini təmin etmək üçün bir vasitə səviyyəsinə endirilməsi Qərb təfəkkürünü qadın probleminə münasibətdə tamamilə zülm və daşlaşmaya düçar etmiş amillərdir”.

Ali Məqamlı Rəhbər Qərb qadınlarının real vəziyyətindən bəhs edən bəzi kitab və məqalələrə istinadən dedi: “Əgər qadın probleminə yanaşmamızın sağlam, məntiqi, düzgün və nicatverici olmasını istəyiriksə, Qərb təfəkkürünün qadınların məşğulluğu və qadın-kişi bərabərliyi kimi məsələlərdə ortaya qoyduğu fikirlərdən tam şəkildə uzaq olmalıyıq”.

“Qadın-kişi bərabərliyi Qərb düşüncəsinin məhsulu olan tamamilə yanlış fikirlərdən biridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bərabərlik heç də həmişə ədalət demək deyil. Ədalət həmişə haqdır, bərabərlik isə bəzən haqq, bəzən isə batil ola bilər”.

Ali Məqamlı Rəhbər belə bir sualla çıxış etdi: Allahın fiziki və emosional cəhətdən həyatın özəl bir sferası üçün yaratdığı qadınları onlar üçün çətinlik və əzab-əziyyət törədəcək sferalara necə daxil etmək olar?

Həzrət Ayətullah Xamenei İslam dinində qadın məsələsinə insanlıq nöqteyi-nəzərindən yanaşıldığını qeyd edərək dedi: “Bir çox məsələlərdə, o cümlədən mənəvi məqamların qət edilməsində kişi və qadın arasında heç bir fərq yoxdur. Lakin onların yaradılışı fərqlidir və bu reallıq hər ikisi üçün ortaq olan sferalarla yanaşı, mütləq surətdə, hər birinin özünəməxsus həyat və fəaliyyət sferasının olmasını tələb edir”.

Ali Məqamlı Rəhbər əksər beynəlxalq konvensiyaların ideoloji əsaslarını tənqid edərək dedi: “Qərblilərin bu yanlış ideoloji əsaslar üzərində təkidlə durması bəşər cəmiyyətini doğru yoldan azdırır. Məhz buna görə də düzgün və balanslaşdırılmış bir yanaşma əldə etmək üçün bu əsaslardan qəti şəkildə uzaq olmaq lazımdır”.

Qadın probleminin həlli üçün düzgün bir strategiyanın işlənib hazırlanmasının ikinci şərti haqqında danışan Həzrət Ayətullah Xamenei islami mənbələrə əsaslanmağın vacib olduğunu qeyd etdi.

O dedi: “Qadın problemini nəzərdən keçirərkən din adına dillərdə gəzən hər şeyi qəbul etmək olmaz və mötəbər alimlərin Quran, sünnə və hədislərdən düzgün metodlarla əxz etdiyi prinsiplərə əsaslanmaq lazımdır”.

Ali Məqamlı Rəhbər qadın məsələsində düzgün strategiya əldə etmənin üçüncü şərti kimi, mühüm əhəmiyyət kəsb etməyən ikinci-üçüncü dərəcəli məsələlərə varmaqdan çəkinməyi, əsas və ən əhəmiyyətli məsələlərin araşdırılmasını qeyd edərək dedi: “Ailə problemi, xüsusilə də qadının ailədə sağlamlığı, təhlükəsizliyi və rahatlığı əsas diqqət tələb edən bir məsələdir”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Ailədə qadının mənəvi rahatlığını pozan amilləri araşdırıb üzə çıxarmaq və cürbəcür metodlarla, o cümlədən ehtiyac duyulan qanunların qəbulu və müvafiq təbliğatın aparılması yolu ilə bu amilləri aradan qaldırmaq lazımdır”.

Qədimdə olduğu kimi, müasir dövrdə də qadının  ətrafdakılara xidmət göstərməyə borclu olan 2-ci dərəcəli bir varlıq kimi təsəvvür edilməsindən təəssüfləndiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “Bu, mütərəqqi İslam fiqhinin qadına olan yanaşmasına tam əksdir”.

O, əlavə etdi: “Təəssüf ki, bəziləri dindən müəyyən şeyləri götürürlər, lakin Qərblilərə xoş gəlmək üçün bura onların nəzəriyyələrindən də nələrsə əlavə edirlər. Bu isə qəbuledilməzdir”.

“Qadının təhsil alaraq özünü inkişaf etdirməsi üçün şərait yaradılması vacibdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bəzi görüşlərin əksinə olaraq, məşğulluq qadına aid olan əsas məsələ deyil. Əlbəttə ki, əsas məsələ, yəni ailə ilə ziddiyyət təşkil etməzsə, məşğulluğun da, rəhbər işlərdə çalışmağın da qadın üçün heç bir problemi yoxdur”.

Ali Məqamlı Rəhbər qadınların ali məktəblərin bəzi fakültələrində təhsil alması ilə bağlı ortaya çıxmış məsələlərə toxunaraq dedi: “Bu baxımdan qadınlarla kişilər arasında fərq qoyulmuş olsa belə, ədalətə zidd deyil. Çünki qadınların təbiətinə uyğun olmayan təhsil və məşğulluq sahələri onlara zorla yük edilməməlidir”.

O, əlavə etdi: “Qadınların müəyyən işləri öhdələrinə götürməməyi onlar üçün nöqsan və ya utanc deyil. Yanlış olan qadının ilahi təbiətinə əks olan şeyləri ona qəbul etdirməkdir”.

Çıxışının sonunda Həzrət Ayətullah Xamenei savadlı, geniş dünyagörüşü olan, qabaqcıl xanımların qadın problemlərini düzgün şəkildə araşdıra biləcək ən münasib şəxslər olduğunu qeyd edərək onları bu sahədə hərəkətə keçməyə çağırdı.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısının qadın və ailə məsələləri üzrə müavini xanım Mövlaverdi qadınlarla bağlı məsələlər haqqında məlumat verərək dedi: “Ölkəmiz qadın sağlamlığı və qadınların sosial həyatda iştirak göstəriciləri baxımından region üzrə çox yaxşı bir mövqeyə malikdir və cəmiyyətimizdəki qadınlar “Milli əzm və cihad ruhlu idarəetmə ilə iqtisadiyyat və mədəniyyət” şüarının reallaşmasında əvəzsiz və effektiv rol oynayacaqlar”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /