Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Nüvə silahı əldə etməmək İran İslam Respublikasının qəti və dəyişməz siyasətidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – Milli Nüvə Texnologiyaları Günü səhər Atom Enerjisi Təşkilatının sədri, rəhbər işçiləri və mütəxəssisləri ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər bildirdi ki, nüvə texnologiyaları sahəsində əldə edilmiş irəliləyişin ölkəyə qazandırdığı ən mühüm nailiyyət milli özünəinamın çox dərin bir formada güclənməsi, digər elm sahələrində irəliləyişlər üçün zəmin yaranmasıdır. O, İran İslam Respublikası ilə “5+1” qrupu arasında gedən danışıqlara toxunaraq aşağıdakıları vurğuladı: “Ölkəmizin bu danışıqlara razılıq verməsi imperializm cəbhəsinin İran əleyhinə yaratdığı düşmənçi atmosferi pozmaq üçün idi və bu danışıqlar davam etdirilməlidir, lakin hər kəs bilməlidir ki, danışıqların davam etdirilməsinə baxmayaraq, İİR nüvə texnologiyaları sahəsində tədqiqatlarını genişləndirməyi heç bir vəchlə dayandırmayacaq, bu sahədə nailiyyətlərin əldə edilməsinə də ara verməyəcək. Eyni zamanda Beynəlxalq Atom Enerjisi Agentliyi də İranla adi və normal münasibətdə olmalıdır”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər iştirakçıları 20 fərvərdin – Milli Nüvə Texnologiyaları Günü münasibətilə təbrik edərək bildirdi ki, ölkə təqvimində belə bir əlamətdar günün qeyd olunması nüvə sənayesi sahəsində çalışan fəal mütəxəssis kadrların gərgin əməyinin nəticəsidir. Ali Məqamlı Rəhbər şəhid olmuş mücahid və fədakar nüvə alimlərini xatırlayaraq dedi: “Doğrudur, nüvə elmindən enerji istehsalında, həmçinin sənaye, səhiyyə, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və ticarət sferalarında istifadə olunur, lakin bu biliklərin ölkəmiz üçün ən mühüm faydası milli özünəinamın güclənməsi olub”.

Həzrət Ayətullah Xamenei köhnə və ultramodern imperializm də daxil olmaqla ümumilikdə imperializmin işğal altında əzilən xalqları onların bu taleyinin dəyişməz olduğuna inandırmaq üçün istifadə etdiyi ən əsas metodlara toxunaraq aşağıdakıları əlavə etdi: “Düşmənin bu məkrli planını puça çıxara biləcək istənilən amil hər bir millətin inkişafına, möhtəşəm irəliləyiş hərəkatına təkan verəcək əsas amil olacaqdır”.

İmperializm cəbhəsinin İslam İnqilabının ilk illərindən etibarən İslam dövlətinin inkişafına əngəl olmağa, İranı geridə qalmış, zəif bir dövlət kimi təqdim etməyə çalışdığını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam İnqilabına qarşı çıxan qlobal cəbhənin gərgin əmək sərf etdiyi daha bir plan ölkənin irimiqyaslı siyasətinə təsir göstərmək, İran siyasi administrasiyasının iradəsini qırmaqdır. Lakin bu günə qədər imperializm cəbhəsi bu planında uğursuzluğa düçar olub, Allahın köməyi ilə, gələcəkdə də belə olacaq”.

“İmperializmin İslam dövlətinə qarşı işlətdiyi daha bir hiyləgər plan bayağı bəhanələrlə beynəlxalq ictimaiyyəti İslam Respublikası əleyhinə kökləməkdir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Nüvə məsələsi buna bir nümunədir. Onlar bu bəhanə ilə dünya ictimaiyyətində İslam dövləti əleyhinə fikir formalaşdırmağa çalışaraq cürbəcür yalanlar danışdılar”.

O həmçinin dedi: “Hətta indi – İran İslam Respublikasının şəri hökmlərə, məntiqi və siyasi dəlillərə əsasən nüvə silahı əldə etmək niyyətində olmadığı açıq-aydın məlum olduqdan sonra da Amerika rəsmiləri hər dəfə İranın nüvə məsələsindən danışanda  eyhamla və ya birbaşa nüvə silahı mövzusuna toxunurlar. Halbuki özləri də bilirlər ki, nüvə silahı əldə etməmək İran İslam Respublikasının qəti və dəyişməz siyasətidir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Onların məqsədi budur ki, bu bəhanə ilə beynəlxalq aləmdə antiiran atmosferini qoruyub saxlasınlar. Məhz elə bu atmosferi pozmaq, təşəbbüsü qarşı tərəfdən almaq, dünya ictimaiyyətinə həqiqəti çatdırmaq üçün   dövlətimizin yeni siyasi planlaması əsasında nüvə mövzusunda danışıqlara razılıq verildi”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “Əlbəttə ki, danışıqların aparılması o demək deyil ki, İİR nüvə sahəsindəki elmi hərəkatından geri duracaq”.

O, əlavə etdi: “Nüvə sahəsində bu günə qədər əldə edilmiş uğurlar, əslində, İran xalqına sonda elm və texnologiyanın uca zirvələrinə yetişə biləcəyini müjdə verən qaranquşlardır. Odur ki nüvə sahəsindəki elmi hərəkatı heç bir vəchlə nəinki durdurmaq, hətta zəiflətmək belə olmaz”.

“İran tərəfdən danışıqlarda iştirak edən rəsmilər ölkədə nüvə sahəsində tədqiqatların davam etdirilməsi, nüvə texnologiyalarının genişləndirilməsi üzərində təkidlə durmalıdırlar” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkəmizin nüvə sahəsində əldə etdiyi nailiyyətlərin heç birini dayandırmaq mümkün deyil, onları çək-çevir etməyə heç kəsin haqqı yoxdur və heç kəs bunu etməyəcək də”.

Həzrət Ayətullah Xamenei üzünü nüvə sahəsində çalışan mütəxəssislərə və elm adamlarına tutaraq aşağıdakıları dedi: “Sizin başlatdığınız bu yol tam ciddiyyət və qüdrətlə davam etdirilməlidir, çünki ölkəmizin elm və texnologiya, xüsusilə də nüvə texnologiyaları sahəsində inkişaf etməyə ehtiyacı var”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Nüvə texnologiyaları sahəsində start verilmiş elmi hərəkat qüdrət və ciddiyyətlə davam etdirilsə, tez bir zamanda bu sahədə geniş spektrli texnologiyalar yaranacaq. Odur ki nüvə tədqiqatları sahəsində gedən elmi hərəkatın durdurulmasına və ya zəiflədilməsinə əsla imkan yoxdur”.

“Ölkənin gənc istedadlarını nəzərə alaraq müxtəlif texnologiyalar üzrə inkişafa nail olmağın mümkün olduğunu demək olar” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkəmizin gənc alimləri lazımi infrastrukturun mövcud olduğu istənilən sahədə diqqətəlayiq və heyrətamiz nailiyyətlər əldə etməyə qadirdirlər”.

Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei İranın bir neçə il əvvəl Tehran Tədqiqat Reaktoru üçün yanacaq istehsalı ilə bağlı iki başqa ölkə ilə apardığı danışıqlara toxunaraq dedi: “O zaman yanacağın hazırlanması üçün bir formul əldə olunmuşdu, lakin amerikalılar regionda və Cənubi Amerika dövlətlərindən birində olan dostlarına dediklərinin əksinə olaraq (qeyd edim ki, ölkəmizin daxilində də bəzi rəsmilər bu sözlərə inanmışdılar) prosesin gedişində problemlər yaratdılar və İranı tam şəkildə dalana dirədiklərini düşündülər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “O vaxt da mən elə əvvəldən demişdim ki, Amerika bu məsələnin həllini tapmasını istəmir. Sonradan hər kəs şahidi oldu ki, əldə edilmiş razılaşmanı həyata keçirmək vaxtı çatanda amerikalılar buna imkan vermədilər”.

Həzrət Ayətullah Xamenei nüvə tədqiqatları sahəsində çalışan gənc alimlərin yüksək əzm və ruhiyyəyə malik olduğunu qeyd edərək dedi: “O zaman mütəxəssislərimiz Tehran reaktoru üçün nüvə yanacağı lövhələri istehsal etmək iqtidarında olduqlarını elan etsələr də, qərblilər buna istehza ilə yanaşdılar. Lakin gənclərimiz nəzərdə tutulmuş vaxtdan da qısa bir müddət ərzində bu işi həyata keçirərək düşməni mat qoydular”.

Ali Məqamlı Rəhbər müdafiə sənayesi və biotexnologiyalar sahəsində əldə edilmiş nailiyyətlərin ölkənin gənc istedadlarının bacarığına daha bir nümunə olduğunu qeyd edərək aşağıdakıları vurğuladı: “Atom Enerjisi Təşkilatının kollektivi bu əhval-ruhiyyəni özündə qoruyub saxlayaraq gücləndirməli, təşkilat öz elmi nailiyyətlərinə təəssübkeşliklə yanaşmalıdır”.

Nüvə texnologiyaları sahəsində əldə olunmuş nailiyyətlərə rəsmilərin də təəssübkeşliklə yanaşmalı olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei bu nailiyyətlərin ölkəyə baha başa gəldiyi, ziyanının faydasından daha çox olduğu barədə gəzən bəzi söz-söhbətlərə toxunaraq dedi: “Nüvə mövzusuna bu cür yanaşma çox bəsit və sadəlövh bir yanaşmadır. Nüvə sahəsində əldə olunmuş nailiyyətlərin ölkəyə sanksiya və təzyiqlər bahasına başa gəldiyini düşünənlərə bunu demək lazımdır ki, İran əleyhinə sanksiya və təzyiqlər nüvə bəhanəsi ortaya düşməmişdən əvvəl də var idi”.

O, əlavə etdi: “Hələ ortada nüvə bəhanəsi olmadığı dövrdə Qərb məhkəmələrindən biri İran prezidentini qiyabi surətdə mühakimə etmişdi. Əlbəttə ki, bu gün ölkəmizin milli iqtidarı gücləndiyi üçün artıq belə addımlar atmağa cürət etmirlər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Sanksiya və təzyiqlərin səbəbi nüvə məsələsi yox, İran xalqı və İslam Respublikasının İslama iman və etiqaddan qaynaqlanan müstəqil kimliyidir. Onlar həmçinin bu xalqın və dövlətin aydın sabahına, zorakılığa boyun əyməməsinə qarşıdırlar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Odur ki sanksiyaların nüvə sahəsindəki nailiyyətlərin bahası olduğunu demək düzgün deyil. Çünki nüvə məsələsi olmasaydı belə, onlar başqa bir bəhanə tapacaqdılar. Necə ki hazırda – danışıqların getdiyi bir vaxtda insan haqları məsələsini ortaya atırlar”.

Ali Məqamlı Rəhbər fikrinə aşağıdakıları da əlavə etdi: “İnsan haqları məsələsi həllini tapsa da, onlar başqa bir bəhanə axtaracaqlar. Odur ki bizim yeganə yolumuz öz inkişaf kursumuzu var gücümüzlə davam etdirmək və zorakılığa boyun əyməməkdir”.

Danışıqların nüvə məsələsi çərçivəsində davam etdirilməli olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Ölkəmizi təmsil edən rəsmilər qarşı tərəfin heç bir məcburiyyətini qəbul etməməlidirlər. Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla əlaqələri də adi və normal qaydada davam etməlidir”.

“Nüvə sahəsində çalışan alim və mütəxəssislərimizin qazandığı uğur və nailiyyətlər onlarda olan Allaha imanın, şəri vəzifəsini dərk etmə hissinin, tutduqları yolun düzgünlüyünə olan inamın nəticəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu iman nəticəsində Allah onlara yardım edərək doğru yola istiqamətləndirib və biz sıçrayışlı nailiyyətlərin şahidi olmuşuq”.

Bu sıçrayışların günü-gündən daha da artaraq davam etdiriləcəyinə ümidvar olduğunu deyən Ali Məqamlı Rəhbər zəhmət və səylərinə görə Atom Enerjisi Təşkilatının bütün rəsmilərinə, o cümlədən təşkilatın sədri cənab Dr. Salehiyə, həmçinin əvvəlki sədrlərə təşəkkür və qədirdanlığını bildirdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə Atom Enerjisi Təşkilatının sədri cənab Dr. Salehi təşkilatın fəaliyyət proqramları və həyata keçirdiyi tədbirlər, eləcə də ölkənin nüvə sənayesində əldə edilmiş nailiyyətlər haqda məlumat verdi.

Cənab Salehi bildirdi ki, Atom Enerjisi Təşkilatının əsas və strateji missiyası ölkəni ehtiyac duyulan enerji ilə təmin etmək, bununla yanaşı, səhiyyə, dərman istehsalı, sənaye, kənd təsərrüfatı və s. kimi müxtəlif sahələrin ehtiyaclarını qarşılamaqdır. O dedi: “Nüvə yanacağı tsiklinin tamamlanması son illər ərzində Atom Enerjisi Təşkilatının fəaliyyətində parlaq məqamlardan biri olmuşdur”.

Cənab Salehi həmçinin elmi  tədqiqatların davamlı olaraq aparıldığına, yeni AES-lərin tikilməsi ilə bağlı planların genişləndirildiyinə toxunaraq ölkənin nüvə sahəsindəki uğurlarının davam etdirildiyini dedi. O, əlavə etdi: “Atom Enerjisi Təşkilatının digər tədbirləri sırasında havadan və quru səthində aparılan kəşfiyyatlar daxil olmaqla kompleks kəşfiyyatlar planının həyata keçirilməsini, yeni uran təminatı mənbələrinin aşkarlanmasını qeyd etmək olar”.

AET sədrinin qeyd etdiyi digər məqamlar Buşəhr stansiyasında yeni enerji bloklarının quraşdırılması, Darxoveyn atom elektrik stansiyasının müfəssəl planının icrası sahəsində görülmüş işlərlə bağlı oldu. O dedi: “Bu gün – Milli Nüvə Texnologiyaları Günündə Ərak stansiyasında oksigen 18 izotopunun alınacağı yeni reaktor işə salınacaq”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /