İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevlə bu gün (çərşənbə günü) günortadan sonra baş tutan görüşündə iki qonşu ölkə olan İran və Azərbaycan arasındakı tarixi, mədəni və dini bağların ikitərəfli münasibətlərin gücləndirilməsi üçün effektiv amil olduğunu bildirərək aşağıdakıları vurğuladı: “Biz siyasi iradəmizi ortaya qoyub əldə edilmiş razılaşmalara ciddi surətdə əməl etməklə təxribatçı planlara qalib gəlməli, xalqlarımız və dövlətlərimiz arasındakı əlaqələri günü-gündən daha da möhkəmləndirməliyik”.
“Xalqa, onun dini inancına daha yaxın olmaq hər bir dövlətin uğurunun qarantıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dini ekstremizmi yaymağa çalışan bəzi cərəyanların İslam məzhəbləri arasına ixtilaf salaraq milli birliyi pozmasına imkan vermək olmaz”.
Həzrət Ayətullah Xamenei İran və Azərbaycan prezidentləri arasında baş tutmuş danışıqları və əldə edilmiş razılaşmaları, eləcə də müştərək iqtisadi komissiyanın təşkilini müsbət qiymətləndirərək dedi: “Tərəflərin imkan və potensialını nəzərə alaraq iki ölkə arasında qarşılıqlı əməkdaşlığın hazırda aşağı səviyyədə olduğunu demək olar. Ümidvaram ki, budəfəki səfər iqtisadi və regional əməkdaşlığın genişləndirilməsi üçün bir başlanğıc olacaq”.
İki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün siyasi iradə və ciddi niyyət tələb olunduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmləndirilməsi bəzi dövlətlərin, o cümlədən İsrail rejiminin xoşuna gəlmir və onlar daim bu istiqamətdə pozucu fəaliyyət göstərirlər. Buna baxmayaraq, siyasi iradə və ciddi əzm sayəsində bu təxribatçı planlara qalib gəlmək mümkündür”.
İran prezidenti cənab Həsən Ruhaninin də iştirak etdiyi bu görüşdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev İrana səfərindən məmnunluq ifadə edərək ikitərəfli danışıqlar üçün olduqca konstruktiv atmosferin mövcud olduğunu bildirdi. O dedi: “İran və Azərbaycan arasında yaradılmış müştərək iqtisadi komissiya elə bu gündən öz işinə start verir. Cari səfər bütün sferalarda, o cümlədən sənaye, ticarət, nəqliyyat və turizm sektorunda əməkdaşlığın artırılması üçün əsas rolunu oynayacaq”.
Dini ekstremizmin hər iki ölkəni narahat edən bir mövzu olduğunu qeyd edən cənab İlham Əliyev iran və azərbaycan xalqları arasında tarixi-mədəni bağların mövcudluğunu təsdiqləyərək dedi: “İranla əməkdaşlığın genişləndirilməsi məsələsində Azərbaycan Respublikasının siyasi iradəsi ciddi və qətidir”.
Azərbaycan prezidenti həmçinin İran İslam Respublikasının Ali Məqamlı Rəhbərin istiqamətləndirməsi sayəsində dünya və regionda yürütdüyü müstəqil siyasətin digər dövlətlərə nümunə olduğunu qeyd edərək dedi: “Biz İranın qüdrətini öz qüdrətimiz hesab edirik və iki ölkə arasındakı möhkəm bağlar kimlərinsə münasibətlərimizə mənfi təsir göstərməsinə imkan verməyəcək”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir