Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər dövlətin başlıca səhiyyə siyasətlərini elan etdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinin icrasına müvafiq olaraq, dövlətin Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra müəyyən edilmiş başlıca səhiyyə siyasətlərini elan etdi.


Hakimiyyətin 3 qolunun başçılarına və QMMŞ-nin sədrinə elan edilmiş səhiyyə siyasətlərinin mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Başlıca səhiyyə siyasətləri:

1. Səhiyyə sferasında İslam dini və humanizmin dəyər və prinsiplərinə uyğun surətdə təhsil, tədqiqat, səhiyyə, müalicə və reabilitasiya xidmətlərinin göstərilməsi, bu yanaşmanın cəmiyyətdə oturuşmasına nail olma;

1.1. Ali məktəb müəllimlərinin, tələbələrin, eləcə də rəhbər kadrların seçimi, dəyərləndirilməsi və peşə hazırlığı sisteminin yaxşılaşdırılması, ali məktəblərdə və akademik sferada islami dəyərlərə, həkim əxlaqına və peşə etikasına uyğun dəyişikliklərin həyata keçirilməsi;

1.2. Əhalinin öz sosial hüquq və məsuliyyətləri ilə bağlı maarifləndirilməsi, tibbi xidmət müəssisələrinin potensialından cəmiyyətdə İslam əxlaqı və mənəviyyatının genişləndirilməsi istiqamətində istifadə edilməsi;

2. Aşağıdakı prinsiplərə riayət etməklə bütün qanunlarda, icra siyasətləri və qərarlarında hərtərəfli sağlamlıq və sağlam insan yanaşmasının reallaşdırılması:

2.1. Profilaktikanın əhəmiyyətinin müalicədən önə keçirilməsi;

2.2. Səhiyyə və müalicə proqramlarının günün tələblərinə uyğun surətdə yenilənməsi;

2.3. Mötəbər elmi dəlillərə əsasən, insanların sağlamlığını risk altına salan amillərin və ətraf mühitin çirklənməsi ilə bağlı faktorların azaldılması;

2.4. Makroinkişaf layihələri üçün səhiyyə ilə bağlı əlavələrin hazırlanması;

2.5. Cənub Qərbi Asiya regionunda liderliyi əldə etmək məqsədilə səhiyyə standartlarının yüksəldilməsi;

2.5. Əhalinin, eləcə də pasiyentlərin hüquqlarının qanunla qorunması, başlıca səhiyyə siyasətlərinin düzgün icrası üçün nəzarət, monitorinq və qiymətləndirmə sistemlərində islahatların aparılması və bu sistemlərin təkmilləşdirilməsi;

3. İslam dini və İran mühitinə xas həyat tərzinin təbliği yolu ilə cəmiyyətin mənəvi-psixoloji sağlamlığının yüksəldilməsi, ailə institutunun möhkəmləndirilməsi, fərdi və sosial həyatda gərginlik yaradan amillərin aradan qaldırılması, mənəvi-əxlaqi maarifləndirmənin genişləndirilməsi və psixoloji sağlamlıq göstəricilərinin yüksəldilməsi;

4. Dərman preparatlarının və ilkin tibbi yardım ləvazimatlarının, vaksinlərin, bioloji məhsulların,  digər tibbi ləvazimat və avadanlıqların beynəlxalq standartlara uyğun keyfiyyətlə istehsalı üçün ehtiyac duyulan infrastrukturların yaradılması və gücləndirilməsi;

5. Daxili istehsala dəstək olmaq və ixracatı genişləndirmək məqsədilə dərman bazarında tələbin təşkili, yönləndirilən tələbin qarşısının alınması, yalnız tibbi göstərişə və mövcud sertifikatlaşdırma sisteminə, milli farmakologiya sisteminə və ümumi plana əsaslanan dərman preparatlarının təyin olunmasına icazə verilməsi, dərman preparatlarının, vaksinlərin, bioloji məhsulların və tibbi avadanlıqların istehsalı, istifadəsi və idxalı sahəsində məqsədyönlü siyasətin yürüdülməsi və effektiv nəzarətin həyata keçirilməsi;

6. Qida təhlükəsizliyinin təmin olunması, əhalinin sağlam, keyfiyyətli və kifayət qədər zəngin ərzaq səbətindən, təmiz su və havadan, ümumi fiziki tərbiyə imkanlarından və etibarlı səhiyyə məhsullarından ədalətli şəkildə, eyni zamanda milli standartlara, qlobal və regional normativlərə uyğun formada faydalanması;

7. Səhiyyə sahəsi ilə bağlı sualların cavablandırılması, əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi, ədalətin gerçəkləşdirilməsi məqsədilə sözügedən sahədə aşağıda qeyd olunan formada rəhbər kadrların vəzifələrinin dəqiq surətdə müəyyənləşdirilməsi, maliyyət təminatının və xidmətlərin təşkili:

7.1. Səhiyyə sistemində icra siyasətləri, strateji planlama, qiymətləndirmə və nəzarət vəzifələri Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi tərəfindən həyata keçirilməlidir;

7.2. Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin rəhbərliyi, eləcə də digər mərkəz və qurumların əməkdaşlığı şəraitində səhiyyə resursları sığorta sisteminin köməyi ilə idarə olunmalıdır;

7.3. Tibbi xidmətlər dövlət, ümumi və özəl sektorda müvafiq xidmətləri təqdim edən müəssisələr vasitəsilə təşkil olunmalıdır;

7.4. Yuxarıda sadalanan işlərin koordinasiyası və tənzimlənməsi qanunla müəyyən ediləcək mexanizmlərə uyğun surətdə həyata keçiriləcək;

8. Tibbi xidmətlərin səviyyəsinin və onlara olan inamın yüksəldilməsi, ədalət prinsipi əsasında əhaliyə tam və hərtərəfli qayğı göstərilməsi, səhiyyə sahəsi ilə bağlı sualların cavablandırılmasına və informasiyanın şəffaf surətdə çatdırılmasına, klasifikasiya və yönləndirmə sisteminə uyğun olaraq, səhiyyə və müalicə şəbəkəsi çərçivəsində effektivlik, səmərəlilik və məhsuldarlığa önəm verilməsi;

9. Səhiyyə və müalicə sığortalarının kəmiyyət və keyfiyyətinin yüksəldilməsi;

10. Səhiyyə sahəsində dayanıqlı maliyyə mənbələrinin təmin olunması;

11. Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin nəzarəti altında ölkənin mədəniyyət, təhsil və media qurumlarının və müvafiq təşkilatların imkanlarından istifadə etməklə fərdlərin, ailələrin və cəmiyyətin sağlamlığın təmin edilməsi, qorunması və yüksəldilməsində fəal və təşkilatlanmış formada iştirakını, məlumatlılığını, məsuliyyət hissini və təsirini artırmaq;

12. Ənənəvi İran tibbinin öyrənilməsi, ictimaiyyətə izah olunması, təbliği və institutlaşdırılması;

13. Tibbi təhsil sisteminin məqsədyönlü, insanların sağlamlığına hədəflənmiş, cəmiyyətin ehtiyaclarına əsaslanan, ədalətli və cavabdehlik daşıyan formada kəmiyyət və keyfiyyət baxımından genişləndirilməsi, effektiv, İslam əxlaqına və peşə etikasına riayət edən, bacarıqlı, ölkənin müxtəlif bölgələrində xidmət etmək üçün bütün tələblərə cavab verən kadrların yetişdirilməsi;

14. İnnovativliyi, İranın Cənub-qərbi Asiya regionunda və İslam dünyasında tibb elmləri, tibbi texnologiya və xidmətlər üzrə liderlik əldə etməsi məqsədini rəhbər tutaraq tibb sahəsində aparılan elmi tədqiqatlarda strateji dəyişikliklərin həyata keçirilməsi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /