Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran xalqı birlik, iman və mübarizliyi sayəsində düşməni məğlub edə bildiyini göstərdi

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər Karunun şərqində – Abadanın mühasirədən azad edilməsi uğrunda  əməliyyatların getdiyi ümumi məntəqədə “Nur yolçuları” ekspedisiya qruplarının minlərlə üzvü ilə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə savaşı dövründə hərbi əməliyyatların getdiyi müxtəlif regionlarda insanların göstərdiyi fədakarlıqları və çəkdikləri əzab-əziyyətləri, bu əməliyyatlarda aparıcı rol oynamış döyüşçülərin və görkəmli şəxsiyyətlərin xatirəsini daim yad etməyin əhəmiyyətini bir daha vurğulayaraq dedi: “Müqəddəs Müdafiə savaşının bizə öyrətdiyi ən böyük dərs odur ki, bu savaş bir xalqın birlik, iman, Uca Yaradana etimad, ilahi vədlərin doğruluğuna inam sayəsində bütün çətin etaplardan uğurla keçə, düşmənin qarşısında möhkəm dayanmaqla onu geri çəkilib təslim olmağa vadar edə bilər”.


Ali Məqamlı Rəhbər qeyd etdi ki, əhalinin müxtəlif təbəqələrindən olan insanların Novruz tətili günlərində, eləcə də il boyu Müqəddəs Müdafiə dövründə hərbi əməliyyatların getdiyi məntəqələrdə olması çox bəyənilən, düzgün və ağıllı bir addımdır. O, əlavə etdi: “Müqəddəs Müdafiə savaşında döyüşlərin getdiyi bütün məntəqələr, o cümlədən Xuzistan ən yüksək fədakarlıqlara, cihad niyyətli böyük əzab-əziyyətlərə səhnə olmuşdur”.

Həzrət Ayətullah Xamenei İmam Xomeyninin (r.ə) Abadanın mühasirədən azad edilməsi üçün verdiyi əmri və 1360-cı ilin mehr ayında (1981, oktyabr) Şərqi Karunun Marid bölgəsində səkkizinci imamın (ə) adına döyüş əməliyyatının planının hazırlanmasını xatırladaraq dedi: “İslam döyüşçülərinin bu əməliyyatda qazandığı qələbə ölkəmizin zorla cəlb olunduğu bu məcburi savaşa elə həmin illərdəcə son verə biləcək “Təriqül-qüds”, “Fəthül-mubin”, “İlə beytil-müqəddəs” kimi sonrakı silsilə əməliyyatların başlanğıcı oldu”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İslam dövlətinin düşmənlərini birləşdirən cəbhə, yəni Avropa dövlətləri və Amerika Səddam rejimini ən son texnika və imkanlarla təchiz etməklə onu müharibəni davam etdirməyə təşviq edirdilər. Müqəddəs Müdafiə savaşının 8 il çəkməsinə də məhz bu səbəb oldu”.

“İmperializm cəbhəsinin İran xalqının bu savaşdan başucalığı ilə çıxmasına əngəl olmaqda məqsədi bununla İslam dövlətinin onların tam himayəsində olan Səddam rejimi ilə qarşıdurmada zəif olduğunu göstərmək idi” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Lakin Uca Yaradan Öz qüdrətini göstərdi və Allahın müəyyən etdiyi qaydalar polad yumruq kimi İran İslam Respublikasının düşmənlərinin ağız-burnunu dağıdaraq onlara yaxşıca dərs verdi”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Xalqın imanına və sevgisinə söykənən İslam dövləti 8 illik Müqəddəs Müdafiədə göstərdi ki, özünü dünyanın bütün maddiyyatçı dövlətlərindən müdafiə etməyə, qarşı tərəfi aciz olduğunu boynuna almağa vadar etməyə qadirdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam dövlətinin düşmənlərinin 8 il davam etmiş bu məcburi savaşı aparmaqda daha bir məqsədi dünyanın maddiyyatçı dövlətlərinin qarşısında duruş gətirməyin heç cür mümkün olmadığı barədə təsəvvür yaratmaq idi. O, əlavə etdi: “Bir xalq o zaman məğlub olur ki, əlindən heç nə gəlməyəcəyini düşünür. İran xalqı isə Müqəddəs Müdafiədə dünya ictimaiyyətinə bunun tam əksini nümayiş etdirdi”.

Həzrət Ayətullah Xamenei həmçinin vurğuladı: “Tarix boyu xalqlar arasında bir xalqa nüfuz və başucalığı qazandıran əsas amil onun elm, iqtisadiyyat, sosial münasibətlər kimi sferalarda göstərdiyi səylər, ən əsası isə fədakarlığa nə dərəcədə hazır olması olmuşdur”.

O, əlavə etdi: “İslam İnqilabının İran xalqına verdiyi ən böyük ibrət dərsi o oldu ki, bu inqilab ideallara çatmağın yeganə yolunun gərgin səy, fədakarlıq və həmin ideyalar üzərində möhkəm durmaq olduğunu göstərdi”.

“Müqəddəs Müdafiə dövrü – 8 il davam etmiş, cürbəcür hadisələrlə dolu bu savaş İran xalqının, ölkənin gənclərinin ideallar üzərində möhkəm durmasının, küfr və imperializm cəbhəsinə qarşı mübarizəsinin bariz nümunəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu illərin xatirəsini yaddaşlarda daim qoruyub saxlamaq lazımdır”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “İran xalqının bədxahları və bəzi başqa adamlar Müqəddəs Müdafiə dövründə edilmiş fədakarlıqların, döyüşlərdə böyük rol oynamış şəxsiyyətlərin unudulması üçün çalışırlar. Buna görə də Müqəddəs Müdafiə savaşındakı fədakarlıqları, İmam Xomeyninin (r.ə) – Allahın o müdrik və uzaqgörən bəndəsinin müəyyən etdiyi kurs və istiqaməti yanlış bir şey kimi qələmə verməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər Müqəddəs Müdafiə dövründə baş vermiş hadisələrin hər bir anının İran xalqı üçün unudulmaz olduğunu və xalqın ideallara doğru irəliləyişinə böyük təsir göstərdiyini dedi.

Sonda Həzrət Ayətullah Xamenei “Nur yolçuları” adlandırılan ekspedisiya qruplarının tərkibində Müqəddəs Müdafiə dövründə döyüş əməliyyatlarının getdiyi bölgələrə səfər etmiş, əhalinin müxtəlif təbəqələrindən olan insanlara qədirdanlığını ifadə edərək dedi: “Ümidvaram ki, bu mənəvi səfər sizə təcrübə və gözüaçıqlıq qazandıracaq, ilahi nuru üzərinizə cəlb edəcək”.

Həzrət Ayətullah Xamenei Abadanın mühasirədən azad edilməsi uğrunda əməliyyatların aparıldığı ümumi poliqona daxil olduğu ilk dəqiqələrdə Müqəddəs Müdafiə savaşında şəhid olmuş 9 naməlum şəhidin qəbrini ziyarət etdi, “Fatihə” oxuyaraq onlara Allah dərgahında ali məqamlar dilədi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /