İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün – baharın və yeni 1393-cü ilin ilk günü səhər İmam Rza (ə) hərəminin zəvvarlarından və ətrafda yaşayan əhalidən ibarət böyük bir izdihamla görüşdü. İnsanları yeni ilin gəlişi münasibəti ilə təbrik edən Ali Məqamlı Rəhbər öz çıxışında ölkənin yeni il üçün müəyyən edilmiş irimiqyaslı yol xəritəsinin, yəni “Xalqın əzmi, rəsmilərin cihad ruhlu fəaliyyəti ilə iqtisadiyyat və mədəniyyət ili” şüarının müxtəlif aspektlərindən danışdı, ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmanın mahiyyətini, mövcud potensialını və zəruri tələblərini şərh etdi, həmçinin son dərəcə mühüm bir sfera olan mədəniyyət sferası üçün arzulanan və arzulanmayan təzahürlərdən söz açdı. O vurğuladı: “Biz elə güclənməliyik ki, dünyanın başqa xalqlardan bac-xərac almaq niyyəti güdən hegemon dövlətləri xalqımızın bircə haqqını belə, görməməzliyə vura bilməsinlər”.
Yeni il üçün səsləndirdiyi əsas fikri, yəni ölkə və xalqın güclənməsinin, milli iqtidarın artırılmasının vacibliyi fikrini açıqlayan Həzrət Ayətullah Xamenei dünyanın başqa xalqlardan bac-xərac almaq niyyətində olan hegemon dövlətlərinin zəif xalqların hüquqlarını tapdalamaq səylərinə istinad edərək dedi: “Güclülərin zəiflər üzərində hegemonluğu maddiyyatçı ideologiya əsasında idarə olunan dünyanın xarakterik cəhətidir. Buna görə də biz güclənərək inkişaf etməliyik”.
Ali Məqamlı Rəhbər “Xalqın əzmi, rəsmilərin cihad ruhlu fəaliyyəti ilə iqtisadiyyat və mədəniyyət ili” şüarının 1393-cü il üçün başlıca yol xəritəsi seçilməsinin səbəblərindən danışan Ali Məqamlı Rəhbər xalqın atdığı iri addımlara və yaşadığı uğurlu təcrübələrə, ölkənin zəngin imkan və potensialına toxunaraq aşağıdakıları dedi: “Rəsmilərin və xalqın diqqəti bu şüar üzərində cəmləməsi ilə milli iqtidarımızın qürurverici inkişaf yolu daha da sürətli templə qət ediləcək”.
Bir xalqa qüdrət qazandıran başlıca elementlərdən danışan Ali Məqamlı Rəhbər elm və texnologiyanın ən son nailiyyətlərindən yararlanmanın vacib olduğunu qeyd edərək dedi: “İqtisadiyyat, mədəniyyət və elm milli iqtidarın 3 əsas elementidir. Allahın köməyi ilə, son 12 ildə xalqımız elmi biliklər sahəsində parlaq nailiyyətlərə imza atıb”.
Milli iqtidarın digər iki elementinə – iqtisadiyyat və mədəniyyət sahələrinə də ciddi diqqət ayırmağın vacib olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei çıxışının birinci hissəsini iqtisadiyyat mövzusu ətrafında quraraq aşağıdakıları dedi: “İran iqtisadiyyatını elə gücləndirməliyik ki, dünyada baş verən heç bir təkan, dünyanın heç yerində heç kəs – nə Amerika, nə də qeyrisi – qəbul etdiyi hansısa qərarla, keçirdiyi hansısa iclasla ölkəmizin iqtisadiyyatına və əhalimizin məişətinə təsir göstərə bilməsin. Müqavimət iqtisadiyyatı da elə budur”.
Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının siyasətlərinin elan olunduğunu, hakimiyyətin üç qolunun başçılarının, eləcə də digər rəsmilərin bu siyasətləri alqışla qarşıladıqlarını qeyd etdi və aşağıdakı 3 mühüm sualı səsləndirərək onları cavablandırdı:
1. Müqavimət iqtisadiyyatı üçün xarakterik olan və olmayan cəhətlər hansılardır?
2. Müqavimət iqtisadiyyatının gerçəkləşməsi real bir məqsəddir, yoxsa utopiya?
3. Əgər realdırsa, bunun üçün nələr tələb olunur?
Müqavimət iqtisadiyyatının özəllikləri ilə bağlı sualı cavablandıran Ali Məqamlı Rəhbər dedi: “Müqavimət iqtisadiyyatı ölkəmizin ehtiyacları ilə səsləşən elmi əsaslı bir iqtisadiyyat modelidir. Əlbəttə ki, başqa ölkələrin də əksəriyyəti qlobal iqtisadi və ictimai təkanların təsirindən qorunmaq üçün öz şəraitlərinə uyğun şəkildə analoji mahiyyətli iqtisadiyyat modellərinə üz tutmuşlar”.
Ali Məqamlı Rəhbər müqavimət iqtisadiyyatının ikinci özünəməxsus xüsusiyyəti kimi, daxildən qaynaqlanma, daxili imkan və potensiala söykənmə, eyni zamanda xariclə əlaqələrə açıq olma və digər ölkələrin iqtisadiyyatı ilə düzgün şəkildə münasibət qurma xüsusiyyətini qeyd etdi.
O həmçinin dedi: “Təəssüf ki, bəzi qələm və tribuna sahibləri ortaya İran iqtisadiyyatının məhdudlaşacağı, blokada vəziyyətinə düşəcəyi kimi şübhələr atmaqla ölkə iqtisadiyyatının müqavimət qabiliyyəti qazanmasına, xalqın səadətə qovuşmasına əngəl olmağa çalışırlar. Halbuki müqavimət iqtisadiyyatı dünya ictimaiyyəti ilə sağlam əməkdaşlıq münasibətində olacaq”.
Müqavimət iqtisadiyyatının 3-cü özəlliyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Bu iqtisadiyyat dövlətə aid deyil, onun əsasında xalq durur. Əlbəttə ki, xalqın və ona məxsus kapitalın iştirakını təmin etmək üçün lazımi şəraiti qurmaq, prosesi istiqamətləndirmək və zəruri olan yardımı göstərmək rəsmilərin vəzifəsidir”.
Ali Məqamlı Rəhbərin ictimaiyyətdə müqavimət iqtisadiyyatının özəllikləri ilə bağlı daha geniş təsəvvür yaratmaq üçün səsləndirdiyi növbəti fikir bu iqtisadiyyatın sənaye və kənd təsərrüfatının fəal subyektlərinin təcrübə və səriştəsindən istifadə etməklə yanaşı, elmi nailiyyətlərə əsaslanması oldu.
Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatı üçün xarakterik olan və olmayan cəhətlərlə bağlı ilk sualını cavablandırarkən son olaraq aşağıdakı xüsusiyyətləri qeyd etdi: bu iqtisadiyyatın milli inkişaf, ümumdaxili məhsulun həcmi kimi dünyada geniş qəbul olunmuş iqtisadi meyarlarla yanaşı, iqtisadi və sosial ədalətə də önəm verməsi və istənilən şəraitdə – istər sanksiyalar, istərsə də bundan kənar vəziyyətdə effektiv olması.
Ali Məqamlı Rəhbər çıxışını spesifik bir sualı cavablandırmaqla davam etdirdi: Görəsən müqavimət iqtisadiyyatı utopik bir arzu deyil ki? Konkret statistik məlumatlara və reallıqlara istinad edən Ali Məqamlı Rəhbər bu sualın cavabının birmənalı şəkildə “yox” olduğunu bildirdi.
O dedi: “Ölkəmizin son dərəcə dəyərli və zəngin təbii resurslar, misilsiz coğrafi mövqe, nəzəri və maddi-texniki infrastrukturla yanaşı, möhtəşəm insan potensialına, o cümlədən gənc yaşlı əhaliyə, 9 milyon universitet məzununa, 4 milyondan artıq tələbəyə, sənaye və qeyri-sənaye sektorunda çalışan milyonlarla səriştəli kadra malik olması onu göstərir ki, müqavimət iqtisadiyyatının gerçəkləşməsi, heç şübhəsiz, realdır”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə, kimsə deyə bilər ki, sanksiyalar bu fövqəladə resurslardan istifadə etməyə imkan vermir. Lakin məgər biz elə bu sanksiyalar şəraitində elm və müdafiədə, o cümlədən nano və nüvə texnologiyaları, kök hüceyrələri, müdafiə və raket sənayesi sahələrində diqqətəlayiq nailiyyətlər əldə etməmişikmi?”
O həmçinin vurğuladı: “Bu reallıqları nəzərə alaraq demək olar ki, əgər biz əzmimizi toplayıb əl-ələ versək, gözümüzü düşmənə dikib sanksiyaları nə vaxt qaldırıb-qaldırmayacağını gözləməsək, digər sferalarda, o cümlədən iqtisadiyyatda da, mütləq, milli iqtidara nail ola bilərik”.
Həzrət Ayətullah Xamenei yeni ilin ilk günü çıxışının daha bir hissəsini üçüncü əhəmiyyətli suala: müqavimət iqtisadiyyatının gerçəkləşməsi üçün tələb olunan şərtlər mövzusuna həsr etdi.
O bu sualı 4 vacib məsələni vurğulayaraq cavablandırdı: 1. Rəsmilərin ölkənin inkişafının əsas halqası kimi, milli istehsalı hərtərəfli şəkildə dəstəkləməsi; 2. Sərmayədarların və istehsalçıların səmərəliliyin və milli istehsalın artırılmasına əhəmiyyət verməsi; 3. Sərmayədarların qeyri-istehsalat sektorları əvəzinə, istehsalat sektorlarında fəaliyyətə üstünlük verməsi; 4. Əhalinin daxili məhsulun istehlakına önəm və üstünlük verməsi;
Ali Məqamlı Rəhbər 4-cü məqamla bağlı aşağıdakıları qeyd etdi: “Mən demirəm ki, xarici mal almaq haramdır. Demək istədiyim odur ki, daxili məhsulların istehlakı iqtisadiyyatımıza müqavimət gücü qazandırmaq, ölkəni inkişaf etdirmək baxımından mühüm bir zərurətdir. Bu, bütün problemlərin həllinə, o cümlədən məşğulluğun artırılması və daxili istehsalın keyfiyyətinin yüksəldilməsinə müsbət təsir göstərəcək. Əlbəttə ki, bu sahədə rəsmilərin və rəhbər kadrların öhdəsinə daha artıq məsuliyyət düşür”.
Ali Məqamlı Rəhbər ölkə iqtisadiyyatının əsaslarının möhkəmləndirilməsi, iqtisadiyyata müqavimət qabiliyyətinin qazandırılmasında xalqın və rəsmilərin birgə əməkdaşlıq edərək mühüm rol oynamalı olduqlarını vurğulayıb çıxışının bu hissəsini yekunlaşdırdıqdan sonra mədəniyyət mövzusuna toxundu. O vurğuladı: “Bu, hətta iqtisadiyyat mövzusundan da əhəmiyyətli bir mövzudur”.
Mədəniyyətin nəyə görə bu qədər əhəmiyyətli olduğunu açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Mədəniyyət bizdən asılı olmayaraq ciyərlərimizə çəkməli olduğumuz hava kimidir. Odur ki onun təmiz, yaxud çirkli olması cəmiyyətə və ölkəyə fərqli təsir göstərir”.
Xalqın daxili məhsulun istehlakı, qanunçuluq və ailədaxili münasibətlər kimi məsələlərə yanaşmasına mədəniyyətin misilsiz təsir göstərdiyini deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əhalinin bütün gündəlik davranışları, adətləri, iqtisadi, sosial və siyasi baxışları onun mədəniyyətindən ilham alır. Odur ki mədəni əqidə və görüşlər olduqca əhəmiyyətlidir və bütün digər sferalara öz təsirini göstərir”.
“Düşmənin bütün səy və diqqətini məhz mədəniyyətə yönəltməsi bu mövzunun fövqəladə dərəcədə əhəmiyyətli olmasından irəli gəlir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Mədəniyyət sferasının rəsmiləri bu sahədə müşahidə oluna biləcək olduqca təhlükəli boşluqlara qarşı həssaslıq və sayıqlıqla diqqət göstərməli, öhdələrinə düşən zəruri vəzifələri yerinə yetirərək müdafiə tədbirləri görməlidirlər”.
Həzrət Ayətullah Xamenei ölkə daxilində mövcud olan nöqsan və çatışmazlıqların, işlərin zəif və plansız surətdə aparılmasının ümumi mədəniyyətə mənfi təsir göstərdiyini qeyd edərək dedi: “Mədəniyyətlə bağlı problemlərin hamısı düşmənlərin fəaliyyətindən qaynaqlanmır, lakin düşmənin 35 ildir ki davam edən bu destruktiv fəaliyyətlərini inkar etmək, yaxud görməməzliyə vurmaq da olmaz”.
Azadlığın İslam İnqilabının əsas şüarlarından, İslam Respublikasının təməl prinsiplərindən biri olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Rəsmilərin mədəniyyət sahəsində boşluq və sapınmalara qarşı həssaslıqla yanaşması azadlığa zidd deyil, çünki ilahi bir nemət olan azadlıq özbaşınalıq, məsuliyyətsizlik və başıpozuqluqdan tam fərqlənir”.
Nizam-intizamsız azadlığın heç bir mənası olmadığını vurğulayan Həzrət Ayətullah Xamenei azadlıq tərəfdarı kimi çıxış edən Qərb siyasətçilərinin qırmızı xətt hesab etdikləri tələbləri çox kəskin və güzəştsiz şəkildə gözlədiklərini qeyd edərək dedi: “Avropada həqiqiliyi və hansı şəraitdə baş verdiyi məlum olmayan “Holokast” məsələsinə qarşı şübhə ifadə etməyə heç kəs cəsarət etmir, bizdən isə tələb edirlər ki, inqilabın və islamın qırmızı xətlərinə göz yumaq”.
Mövcud bəzi məsələlərə toxunan Ali Məqamlı Rəhbər dedi: “Əgər birisi milli istiqlal ruhunu istehza obyektinə çevirirsə, asılılığı təbliğ edirsə, cəmiyyətin dini-əxlaqi prinsiplərini aşağılayırsa, inqilabın əsas şüarlarına kölgə salmağa, fars dilini və xalqımızın mentalitetini cılız göstərməyə çalışırsa, dinsizliyi təbliğ etməklə yanaşı, iranlı gənclərdə milli heysiyyət ruhunu məhv etmək istəyirsə, onun bu pozucu fəaliyyətinə etinasızmı yanaşmaq lazımdır?”
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir