Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Yeni ili “Xalqın əzmi, rəsmilərin cihad ruhlu fəaliyyəti ilə iqtisadiyyat və mədəniyyət ili” elan edirəm

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei hicri-şəmsi təqvimi ilə yeni – 1393-cü ilin gəlişi ilə əlaqədar olaraq, İran xalqına müraciət etdi. Ali Məqamlı Rəhbər öz müraciətində dünyanın müxtəlif yerlərində yaşayan əziz həmvətənlərimizi, xüsusilə də şəhid ailələrini, əlil və veteranları, İslam dini və İran İslam Respublikası yolunda əzab-əziyyətə qatlaşmış insanları yeni il və Novruz bayramı münasibətilə təbrik edərək qarşıdan gələn yeni ili “Xalqın əzmi, rəsmilərin cihad ruhlu fəaliyyəti ilə iqtisadiyyat və mədəniyyət ili” elan etdi.

Ali Məqamlı Rəhbər yeni ilin başlanğıcının İslam dünyasının böyük qadını Həzrət Fatimeyi-Zəhranın (s.ə) şəhadət günü ərəfəsinə təsadüf etməsinə toxunaraq Uca Allahdan İran xalqı üçün aşağıdakıları dilədi: “Qoy bu təsadüf İran xalqının ilahi hidayət nurundan, Fatimənin (s.ə) bərəkətindən daha da artıq bəhrələnməsi üçün imkan yaratsın”.

Yeni ilin prioritetlərindən danışan Həzrət Ayətullah Xamenei iqtisadiyyat və mədəniyyət məsələlərinin bütün digər məsələlərdən daha əhəmiyyətli olduğunu qeyd edərək dedi: “1393-cü ilin şüarının, yəni “Xalqın əzmi, rəsmilərin cihad ruhlu fəaliyyəti ilə iqtisadiyyat və mədəniyyət ili” şüarının gerçəkləşməsi üçün xalqla rəsmilərin birgə səy göstərməsi vacibdir”.

Ali Məqamlı Rəhbər ölkənin həyatında və quruculuğunda xalqın yaxından iştirakının əsas və aparıcı rola malik olduğunu deyərək aşağıdakıları vurğuladı: “İstər iqtisadiyyat, istərsə də mədəniyyət sferasında xalqın fəal iştirakı olmadan işlər irəliləyə bilməz. Əhalinin müxtəlif qrupları sözügedən sferalarda tükənməz milli əzm və iradə ilə qabarıq rol oynamalıdır”.

O, əlavə etdi: “Rəsmilər də Uca Allaha təvəkkül edib xalqa arxalanaraq hər iki sferada – iqtisadiyyat və mədəniyyətdə cihad əzmi ilə girişməlidirlər”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Üzümüzə gələn yeni ildə bizi iki əsas iş gözləyir: xalqın və rəsmilərin köməyi ilə iqtisadiyyatımızı çiçəkləndirmək, həmçinin xalqla rəsmilərin qətiyyəti sayəsində ölkəmizin və xalqımızın möhtəşəm hərəkatının istiqamətini müəyyən edə biləcək bir mədəniyyətə nail olmaq”.

Gələcək planlamalarda keçmiş təcrübələrdən istifadə etməyin vacib olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei “İqtisadiyyat və siyasət arenasında qəhrəmanlıq” şüarının nə dərəcədə reallaşdırıldığını nəzərdən keçirərək aşağıdakıları dedi: “1392-ci ildə xalqın iştirakı və rəsmilərin səyləri nəticəsində seçkilər, möhtəşəm yürüşlər və bu kimi başqa müxtəlif arenalarda siyasi qəhrəmanlıq ən yüksək səviyyədə reallaşdı və icraedici hakimiyyətin tam təhlükəsizlik və asayiş şəraitində bir administrasiyadan digərinə ötürülməsi ilə ölkəmizin uzunillik dövlətçilik zəncirinin yeni bir halqası formalaşdı”.

İqtisadiyyat məsələsinin xalq və ölkə üçün mühüm bir məsələ olduğunu qeyd edən Ali Məqamlı Rəhbər iqtisadiyyat arenasında qəhrəmanlığın gerçəkləşdirilməsi istiqamətində bəzi təqdirəlayiq addımlar atıldığına toxunaraq dedi: “Əlbəttə ki, ötən il iqtisadiyyat sferasında qəhrəmanlıq gözlənildiyi səviyyədə reallaşmadı və bu qəhrəmanlığı yeni ildə həyata keçirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, “Müqavimət iqtisadiyyatının siyasətləri” iqtisadiyyatda qəhrəmanlığın gerçəkləşdirilməsi üçün nəzəri-ideoloji bazadır. O həmçinin vurğuladı: “Bu siyasətlər sayəsində hazırda ikiqat səy göstərmək üçün lazımi zəmin vardır”.

Ali Məqamlı Rəhbər həmçinin öz Novruz müraciətində yeni ildə əziz İran xalqına, bu şanlı diyarın gənclərinə, ailələrinə, uşaqlarına, kişi və qadınlarına Uca Yaradandan can sağlığı, sevinc, mənəvi rahatlıq, sevgi, inkişaf, yüksəliş və xoşbəxtlik dilədi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /