Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Müqəddəs Müdafiə kimi böyük bir tarixi qəhrəmanlıq salnaməsinin unudulmasına və təhrif olunmasına imkan vermək olmaz

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar ertəsi günü) səhər ölkədə təşkil olunan “Nur yolçuları” adlı ekskursiya qruplarının təşkilatçıları ilə görüşdü. Görüş zamanı Ali Məqamlı Rəhbər qeyd etdi ki, Müqəddəs Müdafiə dövründə döyüş əməliyyatlarının getdiyi məntəqələrə ekskursiyaların təşkil edilməsi böyük bir tarixi hadisə olan Müqəddəs Müdafiə savaşının şanlı epizodlarını xalqa və gənc nəslə tanıtdırmaq istiqamətində göstərilən, ilahi və inqilabi dəyərə malik son dərəcə layiqli bir təşəbbüsdür. O həmçinin vurğuladı: “Unudulma və təhrif olunma hər bir böyük tarixi hadisənin üzləşə biləcəyi 2 böyük bəla və təhlükədir. Müqəddəs Müdafiə tarixi ilə əlaqəli olan görkəmli xadimlər, ziyalılar və rəsmilər bu zəngin mədəni xəzinəni xalqa dəqiqliklə tanıtdıraraq bu qəhrəmanlıq salnaməsinin unudulmasına və ya təhrif edilməsinə imkan verməməlidirlər”.

Müqəddəs Müdafiə mövzusunda çoxlu sayda kitabların qələmə alındığını, müxtəlif sənət əsərlərinin yaradıldığını deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müqəddəs Müdafiə böyük və möhtəşəm bir rəsm əsərinə bənzəyir. Seyrçi bu əsərin mahiyyəti ilə daha yaxından tanış olduqca, detallarına və elementlərinə daha dərindən vardıqca özü üçün onun çoxlu sayda yeni-yeni və heyrətamiz aspektlərini kəşf edir”.

“Mərhum İmam Xomeyninin (r.ə) xalqa və rəsmilərə şəhidlərin məktub və vəsiyyətləri ilə mütləq tanış olmağı, onları dərindən araşdırmağı tövsiyə etməsi də məhz bu gerçəkliyə əsaslanırdı” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Şəhidlərin yazdığı vəsiyyətlər güc balansının dünyada qəbul olunmuş adi maddi və hərbi meyarlarla ölçülə bilməyəcəyi döyüş meydanlarında qalib olaraq böyük işlərə imza ata bilmiş döyüşçülərin mənəvi əhval-ruhiyyəsini dərk etmək üçün dəyərli epizodlardır”.

Daha sonra Ali Məqamlı Rəhbər dünyada baş verən istənilən böyük tarixi hadisənin üzləşə biləcəyi iki önəmli təhlükədən danışdı.

O bildirdi ki, həmin təhlükələrdən birincisi bu hadisələrin kiçik detallarının, xırdalıqlarının təkrar-təkrar yada salınmaması ucbatından yarana biləcək unutqanlıqdır.

Mövzu ilə əlaqədar olaraq Fələstin məsələsinə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu gün imperializm sistemi Fələstində şəhər və kəndlərin yerli əhalisinin zorla yurd-yuvalarından çıxarılması kimi dünyada az-az rast gəlinən bir hadisəni bu hiylə ilə tədricən diqqətlərdən yayındırmağa və unutdurmağa çalışır”.

“Bu illər ərzində Fələstin probleminin imperializm cəbhəsinin məkrli planlarına rəğmən öz aktuallığını qoruyub saxlaya bilməsinə İslam İnqilabı və İmam Xomeyninin saf niyyətli çağırışları səbəb olmuşdur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müqəddəs Müdafiə savaşı kimi əzəmətli bir hadisənin də yaddaşlardan silinməsinə imkan vermək olmaz”.

Ali Məqamlı Rəhbər böyük hadisələri təhdid edən ikinci bəlanın təhrif, mahiyyətin dəyişdirilməsi olduğunu dedi.

İslam İnqilabı və Müqəddəs Müdafiənin də təhrif riski ilə üzləşə biləcəklərini qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Müqəddəs Müdafiə adı ilə yaradılan, lakin bu əzəmətli hadisənin əsl mahiyyətinə uyğun gəlməyən mədəniyyət və incəsənət əsərlərinin, keçirilən konfransların heç bir mənası yoxdur”.

Ali Məqamlı Rəhbər bildirdi ki, “Nur yolçuları” adlı ekskursiya karvanlarının təşkil edilməsi, insanların vaxtilə döyüş əməliyyatlarının getdiyi məntəqələrlə yaxından tanış olması unutqanlıq və təhrif bəlalarının qarşısını almaq məqsədinə xidmət edən gözəl bir ənənədir. O, əlavə etdi: “Bu ekskursiyalar zamanı baş verən bəzi arzuolunmaz halların qarşısını almaq lazımdır, lakin bu kimi hallar bu böyük və faydalı tədbirin əsas mahiyyətini sual altına salmaq üçün bəhanəyə çevrilməməlidir”.

Ali Məqamlı Rəhbər fikrini aşağıdakı kimi açıqladı: “Nur yolçuları” karvanlarının təşkil edilməsində əsas və aparıcı məqam insanların gəzib-görərək nələrsə öyrənmələri üçün şərait yaradılmasıdır”.

“Gəzib-görərək öyrənmək üçün şərait yarada biləcək vasitələrdən biri də Müqəddəs Müdafiə savaşında döyüş əməliyyatlarının getdiyi məntəqələr haqda ətraflı  məlumatları əks etdirən broşürlərin çap edilməsi ola bilər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müqəddəs Müdafiə mövzusunda çox gözəl kitablar qələmə alınıb ki, bunlar maraqlı kinofilmlər üçün ssenari ola bilər. Həmçinin müharibəyə meydan olmuş bütün məntəqələr, Müqəddəs Müdafiənin hər bir döyüş əməliyyatı qürurverici əsərlərin yaradılması üçün tarixi material rolunu oynaya bilər”.

Ali Məqamlı Rəhbərin “Nur yolçuları” ekskursiya qruplarının təşkilatçılarına verdiyi digər tövsiyələr bu layihədə müxtəlif kollektivlərin fəal iştirakını təmin etməyin vacibliyi, ekskursiyaların davamlı surətdə təşkili, Müqəddəs Müdafiənin həssas və həlledici tarixi günləri haqda dolğun informasiyaya malik bələdçilərin seçilməsi ilə bağlı oldu.

Görüşün əvvəlində “Nur yolçuları” Mərkəzi Qərargahının sədri leytenant Kargər başçılıq etdiyi qərargahın hazırladığı tədbir və proqramlar haqda məlumat verdi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /