Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dövləti sosial ədalətlə müşayiət olunmayan iqtisadi inkişafı qəbul etmir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei müxtəlif strukturların rəsmiləri, iqtisadiyyat sferasının fəalları, elmi, media və nəzarət mərkəzlərinin rəhbərləri ilə bu gün (çərşənbə axşamı) səhər baş tutan görüşündə müqavimət iqtisadiyyatının siyasətlərinin struktur komponentlərini, bu siyasətlərin işlənib hazırlanması zərurətini yaratmış və bu prosesdə stimul rolunu oynamış amilləri, habelə onların gerçəkləşdirilməsi sahəsində tələb olunan şərtləri və rəsmilərdən olan gözləntiləri şərh edərək vurğuladı: “Rəsmilərin ciddi əzmi, siyasətlərin konkret zaman bölgüsü aparılmış icra proqramlarına çevrilməsi, dəqiq nəzarət, fəal iqtisadi subyektlərin və əhalinin iqtisadiyyat sferasında iştirakına mane ola biləcək amillərin ortadan qaldırılması, həmçinin müvafiq diskursun formalaşdırılması müəyyən müddətdən sonra bu lokal və elmi modelin hiss olunan, gözəl nəticələrinin xalqın həyatında özünü büruzə verməsinə imkan yaradacaq”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər bildirdi ki, hökumət rəsmilərinin belə bir tərkibi ilə görüşün təşkil olunmasında məqsəd müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası üçün həmrəylik və həmfikirlik atmosferi yaratmaq, ölkənin inkişafına, İslam dövlətinin uca amalları yolunda irəliləyişinə daha yüksək sürət tempi qazandırmaqdır.

Əvvəlki illərdə müxtəlif siyasətlərin elan olunduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Bu siyasətlərin elan edilməsində məqsəd rəsmilərə və xalqa hər bir sferada yol xəritəsi təqdim etmək olub. Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin elan edilməsinə gəldikdə isə burada təkcə yol xəritəsinin yox, bu yolun qət edilməsi üçün lazım olan düzgün meyar və göstəricilərin təqdim edilməsi nəzərdə tutulur”.

O vurğuladı: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin məcmusu, əslində, dini-inqilabi mədəniyyətdən qaynaqlanan, ölkənin bugünkü və sabahkı vəziyyəti ilə səsləşən lokal və elmi əsaslı bir iqtisadiyyat modelidir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Müqavimət iqtisadiyyatının siyasətləri yalnız bugünkü şərait üçün deyil. Bu, ölkə iqtisadiyyatı, İslam dövlətinin ali iqtisadi hədəflərinə çatmaq üçün nəzərdə tutulan uzunmüddətli bir tədbirdir”.

Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin elastik xarakterli olduğunu deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu siyasətlər təkmilləşdirilə, cürbəcür vəziyyətlərə uyğunlaşdırıla bilər. Onlar ölkə iqtisadiyyatını, faktiki olaraq, elastik bir vəziyyətə gətirəcək və iqtisadiyyatın müxtəlif vəziyyətlərdə kövrəkliyini aradan qaldıracaq”.

Ali Məqamlı Rəhbər dedi: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin daha bir mühüm özəlliyi müxtəlif hökumət strukturlarının onları yekdilliklə dəstəkləməsidir. Belə ki bu model ekspertlərin birgə səyi və ortaq fikrə gəlməsi şəraitində, Qurumun Mənafeyini Müəyyənləşdirən Şurada hakimiyyətin hər üç qolunun başçılarının və müxtəlif rəsmilərin iştirakı ilə müzakirə olunub araşdırıldıqdan sonra hazırlanmışdır”.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının siyasətlərini dəqiq və etibarlı bir siyasətlər paketi adlandıraraq dedi: “Müqavimət iqtisadiyyatının tətbiqi yalnız İrana aid deyil. Son illərdə müşahidə olunan qlobal iqtisadi böhranı nəzərə alaraq bir çox ölkələr daxili struktur və şəraitlərinə uyğun surətdə öz iqtisadiyyatlarına müqavimət qabiliyyəti qazandırmağa çalışırlar”.

O vurğuladı: “Əlbəttə, biz müqavimət iqtisadiyyatına başqa ölkələrdən çox ehtiyac duyuruq. Çünki bir tərəfdən, digər ölkələr kimi, bizim ölkəmiz də qlobal iqtisadiyyatla əlaqədə və bu əlaqəni davam etdirmək əzmindədir və təbii ki, qlobal iqtisadi problemlər ona öz təsirini göstərəcək, digər tərəfdən isə İslam dövləti müstəqillik, qürur və heysiyyət ideyaları ilə çıxış etdiyi, dünyanın superdövlətlərinin siyasətinə boyun əyməmək niyyətini ortaya qoyduğu üçün cürbəcür hücumlara, pozucu və məkrli planlara tuş gəlir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu məntiqi dəlillərə əsasən, biz iqtisadiyyatımızın əsaslarını möhkəmləndirməli və ona müqavimət qabiliyyəti qazandırmalı, qaçılmaz olan sarsıdıcı hadisələrin, həmçinin müxtəlif dövlətlərin bəd niyyətli pozuculuq planlarının ölkə iqtisadiyyatına təsir göstərməsinə imkan verməməliyik”.

Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin mövqe və əhəmiyyətini, həmçinin ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandırmanın məntiqi dəlil və əsaslarını şərh etdikdən sonra müqavimət iqtisadiyyatının 10 xüsusiyyət və komponentini sadaladı.

Ali Məqamlı Rəhbərin qeyd etdiyi ilk komponent ölkə iqtisadiyyatında dinamizm və elastikliyin yaradılması, makroiqtisadi göstəricilərin yüksəldilməsi oldu.

O bu barədə dedi: “Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin icrası ilə iqtisadi inkişaf, milli istehsal, sosial ədalət, məşğulluq, inflyasiya və ümumi rifah kimi göstəricilər yaxşılaşacaq, iqtisadiyyatımız rövnəqlənəcək”.

Ali Məqamlı Rəhbər bu komponentlə bağlı daha bir məqamı qeyd edərək aşağıdakıları vurğuladı: “Bu göstəricilər arasında sosial ədalət ən əhəmiyyətlisidir, çünki İslam dövləti sosial ədalətlə müşayiət olunmayan iqtisadi inkişafı qəbul etmir. Ölkənin iqtisadi inkişafında istənilən halda yoxsul təbəqənin vəziyyəti, sözün həqiqi mənasında, yaxşılaşdırılmalıdır”.

Ali Məqamlı Rəhbər risk amilləri qarşısında müqavimət qabiliyyətinin sözügedən siyasətlərin ikinci özəlliyi olduğunu qeyd edərək dedi: “Qlobal iqtisadiyyatda baş verən böhranlar, təbii fəlakətlər, habelə sanksiyalar kimi düşmən tərəfindən törədilən iqtisadi təzyiqlər  bu risk amilləri sırasına daxildir”.

“Müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin üçüncü komponenti daxili imkan və potensiala söykənməkdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu imkanlar sırasına geniş elmi, insan, təbiət və maliyyə resursları, əlverişli iqlim və coğrafi mövqe daxildir. Siyasətlərin icrası üçün bütün bu imkanlara əsaslanmaq lazımdır”.

Ali Məqamlı Rəhbər daha bir mühüm məqama da toxunaraq dedi: “Daxili imkan və potensiala söykənmək başqa ölkələrin əlindəki imkanlara göz yummaq demək deyil. İslam dövləti öz daxili potensialına söykənərək başqa ölkələrin imkanlarından da maksimum istifadə edəcək”.

4-cü komponenti qeyd edən Ali Məqamlı Rəhbər bu siyasətlərin icrasına cihad əzmli yanaşmadan danışdı. O dedi: “Bu siyasətlərin icrası adi, yeri gəldikdə passiv, həssaslıqdan məhrum bir hərəkatla mümkün deyil. Bu işə cihad əzmi ilə yanaşaraq fəaliyyət proqramı qurmaq, elmi bir hərəkat həyata keçirmək, işləri bu yanaşma əsasında idarə etmək lazımdır”.

O, əlavə etdi: “Sevindirici haldır ki, hakimiyyətin 3 qolunun başçılarının son iclasında möhtərəm prezident bu siyasətlərlə əlaqəli olan bütün icra strukturlarının rəsmilərinin cihad əzmi ilə işə başlayıb çalışmağa hazır olduqlarını elan etdi”.

Həzrət Ayətullah Xamenei sözügedən siyasətlərdə 5-ci komponentin xalqın əsas mehvər kimi götürülməsi olduğunu qeyd edərək dedi: “İslami təlimlərə, həmçinin son 35 ilin təcrübəsinə əsasən deyə bilərik ki, xalqın var olduğu istənilən meydanda Allahın lütf və dəstəyi də olacaq və işlər irəli gedəcək”.

O həmçinin dedi: “İndiyə qədər iqtisadiyyatın müxtəlif sferalarında xalqın iştirakı və potensialı daha az dəyərləndirilib. Halbuki xalqın tükənməz potensialından istifadə üçün zəmin yaradılmalı, fəal iqtisadi subyektlərin, təşəbbüskar biznesmenlərin, sərmayədarların və bacarıqlı insanların fəaliyyətinə dəstək verilməlidir. Bu işdə məsuliyyətin önəmli bir hissəsi isə hökumətin üzərinə düşür”.

Ali Məqamlı Rəhbər bildirdi ki, bir neçə il öncə Konstitusiyanın 44-cü maddəsinin ümumi siyasətlərinin elan edilməsində məqsəd ölkə iqtisadiyyatında xalqın imkan və potensialından istifadəyə təkan vermək olmuşdur. O, əlavə etdi: “Təəssüf ki, bu siyasətlər lazımınca icra edilmədi”.

“Əsas və strateji məhsulların, özəlliklə də ərzaq məhsulları və dərman vasitələrinin təhlükəsizliyinin təmin olunması, bu sahələrdə özünütəminetmənin qənaətbəxş səviyyəyə çatdırılması müqavimət iqtisadiyyatının siyasətlərinin 6-cı komponentidir” – deyən Həzrət Ayətullah Xamenei 7-ci komponent haqqında aşağıdakıları dedi: “Neft satışından əldə olunan gəlirlərdən asılılığın azaldılması bu siyasətlərin başlıca xüsusiyyətlərindən biridir”.

Ali Məqamlı Rəhbər 8-ci komponent kimi, qənaətli istehlakı qeyd edərək dedi: “Bu məsələdə mən üzümü, əsasən, rəsmilərə tutaraq deyirəm ki, ilk növbədə onlar öz fəaliyyət sahələrində israfçılıqdan, lüzumsuz yerə sağa-sola pul xərcləməkdən ciddi surətdə çəkinməli, daha sonra isə bu prinsipə şəxsi həyatlarında da riayət etməlidirlər”.

“Rəsmilərin sağa-sola pul xərcləməkdən vicdanla çəkinməsi bu psixologiyanın cəmiyyətə də sirayət etməsinə səbəb olacaq” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qənaətli istehlak dedikdə özünü əzab-əziyyətə salmaq, tərki-dünya həyat tərzi seçmək başa düşülməməlidir. Bu məsələdə ağıllı, tədbirli, düzgün və İslama uyğun istehlak nəzərdə tutulur”.

Bəzi şəxslərin müqavimət iqtisadiyyatı ilə bağlı ortaya atdıqları şübhələrə toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu şübhələrin əksinə olaraq, müqavimət iqtisadiyyatı ümumən ölkə əhalisinin, xüsusilə də aztəminatlı təbəqənin  rifahı, həyat şəraitinin yaxşılaşması ilə nəticələnəcək”.

Ali Məqamlı Rəhbər 9-cu komponent kimi, korrupsiyaya qarşı mübarizəni qeyd edərək aşağıdakıları vurğuladı: “Sağlam və dinamik iqtisadi fəaliyyət üçün əsas şərt təhlükəsizlikdir. İqtisadi təhlükəsizliyin təmin olunması üçün isə bu sahədə korrupsiyaya yol verən, qanunlardan yan keçməyə, onlara qarşı cürbəcür hiylələrə baş vurmağa çalışan insanlara qarşı mübarizə aparmaq lazımdır”.

“İqtisadi korrupsiyaya qarşı mübarizənin əsas şərti şəffaflaşdırmadır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Sağlam və sabit iqtisadi rəqabət atmosferi yaradılmalıdır. Çünki belə bir sağlam mühitdə fəal iqtisadi subyektlər özlərini təhlükəsiz hiss edəcəklər. Eyni zamanda dövlət də belə bir şəraitdə təşəbbüs və əzmlə maddi sərvətlərin qazanılmasında heç bir problem görmür və bunu dəstəkləyir”.

Ali Məqamlı Rəhbər hakimiyyətin hər 3 qolunun iqtisadi korrupsiya əleyhinə mübarizə aparmağa hazır olduqlarını elan etdiklərinə toxunaraq aşağıdakıları vurğuladı: “Bu məsələdə yalnız dildə nə isə demək kifayət deyil və hakimiyyətin hər 3 qolunda təmsil olunan bütün rəsmilərin öhdəsinə bu baxımdan müəyyən məsuliyyət düşür”.

Həzrət Ayətullah Xamenei sonuncu – 10-cu komponent kimi, elmi biliklərə əsaslanma mövzusuna toxunaraq dedi: “Bu gün ölkəmizdə elmi inkişaf baxımından elə bir şərait mövcuddur ki, biz elmi əsaslı iqtisadiyyata nail olmağı tam əminlik və yüksək ruhla qarşımıza məqsəd qoya bilərik”.

O həmçinin vurğuladı: “Elmi əsaslı iqtisadiyyat hər bir ölkə üçün ən mühüm infrastrukturlardandır. Bu mövzuya ciddi diqqət ayrılarsa, elmi biliklərin maddi sərvətə çevrilməsi prosesi, heç şübhəsiz, uğurla həyata keçəcək”.

Ali Məqamlı Rəhbər çıxışının ikinci hissəsini ictimaiyyət arasında yaranmış bir sualı şərh etməklə davam etdirdi: müqavimət iqtisadiyyatının siyasətləri sanksiyaların təzyiqi altında ortaya çıxmış müvəqqəti bir tədbirdirmi? Sualı cavablandıran Ali Məqamlı Rəhbər tam qətiyyətlə bunun heç də belə olmadığını bildirdi.

O vurğuladı: “Müqavimət iqtisadiyyatı əsla müvəqqəti bir siyasət deyil. Bu, sanksiyaların mövcudluğundan asılı olmayaraq bütün dövrlər üçün faydalı, problemləri həll edərək işləri irəli apara biləcək strateji bir tədbirdir”.

Müqavimət iqtisadiyyatının siyasətlərinin işlənib hazırlanması və ictimaiyyətə elan edilməsi üçün stimul rolunu oynamış səbəblərdən danışan Həzrət Ayətullah Xamenei aşağıdakı 4 başlıca amilə toxundu: ölkənin zəngin maddi və mənəvi potensialı, uzun müddətdir davam edən və xroniki hala çevrilmiş iqtisadi problemlərin həlli, sanksiyalarla mübarizə və qlobal iqtisadi böhranların ölkə iqtisadiyyatına təsirini tamamilə azaltmaq.

Ali Məqamlı Rəhbər 1-ci amillə bağlı aşağıdakıları qeyd etdi: “Ölkəmizin yüksək insan potensialı, faydalı qazıntı, təbiət və sənaye kapitalı, habelə əlverişli coğrafi mövqeyi qabaqcıl bir iqtisadi modelin, yəni müqavimət iqtisadiyyatı layihəsinin hazırlanması üçün güclü stimul olub”.

Müqavimət iqtisadiyyatının siyasətlərinin elan edilməsinə təkan vermiş ikinci amil haqqında danışan Ali Məqamlı Rəhbər mövcud problemlərin həlli zərurətinə toxundu.

O dedi: “İnflyasiya, işsizlik, neftdən asılılıq, lüzumsuz idxal, bəzi mexanizmlərdəki nöqsan və çatışmazlıqlar, səmərəliliyin aşağı olması və israfçı istehlak göstəricisi  kimi köhnə və kök salmış problemlər yalnız ölkə iqtisadiyyatına müqavimət qazandıracaq, konkret proqrama uyğun bir hərəkat nəticəsində ortadan qaldırıla bilər”.

“Müqavimət iqtisadiyyatının siyasətlərinin işlənib hazırlanmasına stimul verən digər bir amil düşmənlərin İran əleyhinə bütün qüvvələri ilə apardıqları iqtisadi müharibə olmuşdur” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sanksiyalar nüvə məsələsindən öncə də olub, inşallah, müzakirələr problemin müəyyən həll nöqtəsinə çatması ilə yekunlaşsa belə, olacaq. Çünki nüvə, insan haqları və s. kimi məsələlər bəhanədən başqa bir şey deyil və dünyanın hegemon dövlətlərini İran xalqının azadlıqsevərliyi, başqa xalqlar üçün örnək olması qorxudur”.

O həmçinin dedi: “Düşmənin iqtisadi təzyiqlərinə birdəfəlik əlac etmək üçün iqtisadiyyatımızı elə güclü və möhkəm vəziyyət gətirməliyik ki, onlar öz sanksiyalarının hər hansı bir effekt verəcəyindən əllərini üzsünlər. Bu məqsəd elan edilmiş siyasətlərin icrası ilə reallaşacaq”.

Ölkə iqtisadiyyatına müqavimət qabiliyyəti qazandıracaq siyasətlərin işlənib hazırlanması üçün stimul rolunu oynamış 4-cü amildən danışan Həzrət Ayətullah Xamenei qlobal böhranların  təsirini azaltmaq zərurətinə toxunaraq dedi: “Bu dörd amil müqavimət iqtisadiyyatı modelinin işlənib hazırlanmasını dövlətin gündəminə gətirdi”.

Ali Məqamlı Rəhbərin hakimiyyətin 3 qolunun rəsmiləri, iqtisadiyyat, ictimaiyyət və media fəalları qarşısında çıxışının 3-cü hissəsi sözügedən siyasətlərin icrasının zəruri tələb və gözləntilərinə həsr olundu.

Həzrət Ayətullah Xamenei bildirdi ki, ölkə iqtisadiyyatına müqavimət qabiliyyətinin qazandırılmasında hakimiyyətin 3 qolunun, özəlliklə də icraedici hakimiyyətin rəsmilərinin bu işə ciddi və böyük əzmlə yanaşması son dərəcə mühüm amildir. O həmçinin dedi: “Müqavimət iqtisadiyyatının siyasətləri ilə bağlı yalnız danışmaq heç bir problemi həll etməyəcək. Elan edilmiş hədəflərin gerçəkləşməsi üçün bu siyasətlərlə əlaqəli olan bütün sferaların rəsmiləri əzm və səy göstərməlidirlər”.

Ali Məqamlı Rəhbər rəsmilərdən ikinci gözləntisinin onların qollarını çırmalayaraq işə girişməsi olduğunu qeyd edərək dedi: “Başlıca siyasətləri əks etdirən bu layihə müxtəlif icra proqramlarına çevrilməlidir ki, iqtisadiyyat sferasında, doğrudan da, bir qəhrəmanlıq gerçəkləşsin”.

Cari ilin “Siyasət və iqtisadiyyatda qəhrəmanlıq ili” elan edildiyinə toxunan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Xoşbəxtlikdən, siyasət sahəsində qəhrəmanlıq reallaşıb, iqtisadiyyat sferasında qəhrəmanlıq isə, təəssüflər olsun ki, gecikir. Ümidvaram ki, elan edilmiş siyasətlər sayəsində 1393-cü ildə bu məsələ tam ciddi surətdə izlənəcək”.

Ali Məqamlı Rəhbər konkret zaman bölgüsünü əks etdirən fəaliyyət proqramlarının işlənib hazırlanmasını 3-cü zərurət adlandıraraq aşağıdakıları vurğuladı: “Sözügedən siyasətlərin icrasında hakimiyyətin hər bir qolunun, hər bir dövlət strukturunun öhdəsinə düşən vəzifə dəqiq surətdə müəyyən edilməlidir”.

O, əlavə etdi: “Dəqiq müddət göstəricilərini əks etdirən, şəffaf proqramlar hazırlanmalıdır ki, işlərin necə irəlilədiyini izləmək mümkün olsun”.

Ali Məqamlı Rəhbərin vurğuladığı 4-cü və 5-ci zərurətlər isə aşağıdakılar oldu: hakimiyyətin 3 qolunun başçılarının dövlət qurumlarının koordinasiyalı fəaliyyəti üçün müvafiq mexanizmlərin hazırlanması istiqamətində lazımi tədbirləri görməsi, bütün mərhələlərdə nəzarət aparılması.

O həmçinin dedi: “Qurumun Mənafeyini Müəyyənləşdirən Şura da ona həvalə edilmiş nəzarət vəzifəsini mükəmməl surətdə həyata keçirməlidir”.

Həzrət Ayətullah Xameneinin hakimiyyət qüvvələrinin başçıları üçün vurğuladığı 6-cı vəzifə müqavimət iqtisadiyyatının siyasətlərinin icrası prosesində qanunvericilik, hüquq, icra mexanizmləri və məhkəmə orqanları ilə təmas baxımından yarana biləcək maneələrin aradan qaldırılması oldu.

O vurğuladı: “Əngəlləyici maneələr ortadan qaldırılmalıdır ki, fəal iqtisadi subyektlər, sərmayədarlar, biznesmenlər və elm adamları tam rahatlıqla bu meydana üz tutsunlar və əsassız maneələrlə üzləşməyəcəklərini hiss etsinlər”.

“Müvafiq diskurs formalaşdırmaq, ictimaiyyətin zehnində müqavimət iqtisadiyyatının düzgün mənzərəsini yaratmaq Dövlət Teleradiosunun, KİV-in, rəsmilərin, bu işə can yandıran fikir adamlarının vəzifəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İranın inkişafının əleyhinə olan təbliğat orqanları ortaya cürbəcür şübhə və iradlar atmaqla elan edilmiş siyasətləri əhəmiyyətsiz bir tədbir kimi təqdim etməyə çalışırlar. Buna baxmayaraq, əgər bu böyük və avanqard hərəkatın düzgün mənzərəsi yaradılsa və müvafiq diskurs formalaşdırılsa, xalq onun real olduğuna inanar və rəsmilərdən bu siyasətlərin icrasını tələb edər, o halda isə işlər irəli gedər”.

Rəsmilərdən sonuncu gözləntisinin nə olduğunu açıqlayan Ali Məqamlı Rəhbər işlərin gedişi üzərində dəqiq monitorinqin aparılması və bu barədə ictimaiyyətə dəqiq informasiyanın təqdim edilməsi məsələsinə toxundu.

O dedi: “Görülən işlərin dəqiq monitorinqinin aparılması üçün effektiv fəaliyyət göstərən güclü bir mərkəz yaradılmalıdır”.

Ali Məqamlı Rəhbər bu mərkəzin informasiyanın toplanması və emalı, dəqiq nəticələrin alınması, hər bir sahə üçün konkret göstəricilərin müəyyən edilməsi və müvafiq informasiyanın əhaliyə təqdim olunması kimi vəzifələri həyata keçirəcəyini qeyd etdi.

Həzrət Ayətullah Xamenei çıxışını aşağıdakı cümlə ilə yekunlaşdırdı: “İnşallah, ölkəmizdə start götürmüş bu böyük iş Allahın lütfü sayəsində münasib sürət tempi ilə irəliləyəcək və xalqımız onun ürəkaçan nəticələrini elə hazırkı hökumət kabinetinin fəaliyyəti müddətində görəcək”.

Görüşdə müxtəlif icra strukturlarının rəsmiləri və nazirlərlə yanaşı, parlament və məhkəmə hakimiyyətinin rəsmilərindən bir qrupu, fəal iqtisadi subyektlər, əsnaf birliklərinin təmsilçiləri, iqtisadiyyat sahəsi ilə əlaqəli olan müxtəlif elmi-monitorinq mərkəzlərinin rəhbərləri, ostan rəhbərləri, vəli-fəqihin ostanlardakı nümayəndələri, teoloji mərkəzlərin direktorları, Dövlət Teleradiosunun rəsmiləri və rəhbər işçiləri, bəzi media nümayəndələri, ordu və polis qüvvələrinin yüksək rütbəli zabitləri və şəhər merləri də iştirak edirdi.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /