Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam dövlətinin ümumi hərəkatı və müqaviməti dini-inqilabi mədəniyyətin qorunmasına əsaslanır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Xubriqan Məclisinin sədri və məclis üzvləri ilə bu gün (cümə axşamı) səhər baş tutan görüşündə etdiyi mühüm çıxışı zamanı dünyadakı bəzi reallıqları sadalamaqla yanaşı, hazırkı həssas və mürəkkəb şəraitdə İslam dövlətinin rəsmilərinin öhdəsinə düşən başlıca vəzifələrdən danışdı. O vurğuladı: “Reallığı, bəzi zəif cəhətlərlə yanaşı, ölkədə kifayət qədər çox olan müsbət cəhətləri görə bilmək,  inqilabi əhval-ruhiyyəli, mömin gənc nəsillə qürur duymaq, saysız-hesabsız ölkədaxili, milli imkan və potensiallardan istifadə etmək, düşmənlərin ədavətindən bixəbər qalmamaq, imperializm cəbhəsi ilə sərhədləri şəffaf və qətiyyətli şəkildə müəyyən etmək, düşməndən qorxmamaq, xalqa söykənərək cihad hərəkatını daha gücləndirmək, milli birliyi qoruyaraq möhkəmləndirmək, dini-inqilabi mədəniyyətə ciddi diqqət ayırmaq, bu istiqamətdə diskurs formalaşdırmaq dövlətimizin müxtəlif ranqlı rəsmilərinin həssas vəzifələrindəndir”.

Çıxışının əvvəlində Ali Məqamlı Rəhbər dövlətin dayağı olan hökumət qurumları arasında Xubriqan Məclisinin tutduğu xüsusi mövqeyə toxunaraq dedi: “İran xalqının görkəmli din alimlərinin və böyük müctəhidlərinin Xubriqan Məclisinin iclaslarında bir araya gəlməsi hər zaman üçün çox əhəmiyyətlidir. Lakin bəzi etaplarda bu əhəmiyyət ikiqat artır ki, hazırkı şərait də həmin etaplardan biridir”.

Ali Məqamlı Rəhbər hazırda dünya və regionda gedən mühüm və mürəkkəb xarakterli dəyişikliklərə toxunaraq qeyd etdi ki, özünə nəzər salaraq öhdəsinə düşən vəzifəni müəyyən etmək hazırkı dövrdə rəsmilərin məsuliyyət daşıdığı məsələlər sırasındadır. O, əlavə etdi: “Belə bir şəraitdə dövlətin dayağı sayılan bütün qurumlar, o cümlədən Xubriqan Məclisi dünyadakı reallıqlara təşəbbüskar və əsaslı surətdə yanaşmalıdırlar”.

Daha sonra Həzrət Ayətullah Xamenei hazırda dünyada mövcud olan bəzi reallıqları şərh edərək dedi: “Dünya və regionda fundamental dəyişikliklərin start götürməsi və bunun nişanələrinin müxtəlif məntəqələrdə, o cümlədən Şimali Afrika, Asiya və Avropada özünü büruzə verməsi bu günün reallıqlarından biridir. Bu nişanələri sezmək, dəyişiklikləri izləyərək onları dəqiq surətdə araşdırmaq lazımıdır”.

Ali Məqamlı Rəhbərin qeyd etdiyi ikinci reallıq imperializm cəbhəsinin, ənənəvi surətdə dünyaya hakim olan böyük dövlətlərin zahiri sakitliyinin pozulması oldu. O dedi: “Bu zahiri sakitliyin pozulmasının əlamətlərindən biri Amerika və Avropanı caynağına almış iqtisadi böhrandır. Onların iqtisadi cəhətdən iflasa uğraması get-gedə daha açıq şəkildə özünü büruzə verir”.

“Əxlaq və mənəviyyat məsələlərində üzləşdikləri iflas, insanlığın ayaqlar altına atılması, humanizmə əsaslanan Qərb mədəniyyətinin əsl mahiyyətinin üzə çıxması imperializm cəbhəsinin zahiri uğur və sakitliyinin pozulmasının daha bir əlamətidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Qətl, qarət və aqressiya, eybəcər formalı bir fəsad və şəhvətpərəstlik olan eynicinsli nikahlara rəvac verilməsi, regionda amansız və vəhşi terrorizmin açıq-aşkar şəkildə himayə edilməsi, dinimizin böyük və müqəddəs şəxsiyyətlərinin açıq-aşkar təhqir olunması Qərb mədəniyyətinin əxlaqi tənəzzülünün göz önündə olan nümunələridir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Qərb mədəniyyətinin mahiyyətini təşkil edən elmi-nəzəri əsasların bir-birinin ardınca dağılması, xalqların Amerikaya və digər böyük Qərb dövlətlərinə qarşı nifrəti, bu ölkələrin beynəlxalq arenada nüfuzlarını itirməsi bu günün dünyasının digər reallıqlarındandır. O, əlavə etdi: “Xalqların oyanışı, özəlliklə də islami oyanış, islami müqavimətin öz yüksək mərhələsinə çatması dünyada hökm sürən bugünkü vəziyyətin digər reallıqlarındandır”.

Bəzi şəxslərin “islami oyanış” ifadəsini qəbul etmədiklərinə toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu oyanışın tamamilə İslam dini ilə bağlı olduğu indi artıq dəqiqləşib. Zahirən bu oyanış yatırılsa da, xalqların özünəinam, islami kimliyini dərk etmə ruhu heç bir zaman yox olmayacaq və elə indi də yox olmayıb”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, aradan 35 il ötməsinə baxmayaraq, İran xalqının müqavimətinin daha da artması, islami ideyalarının yüksəlişi və azadlıqsevərlik ruhu müasir dünyanın mühüm reallıqlarından biridir. O həmçinin dedi: “İran xalqında inqilabi əhval-ruhiyyə ilk gün olduğu kimi canlıdır və bu ilin 22 bəhmən yürüşündə cərəyan edən hadisələr bu faktı təsdiq edən misilsiz bir təzahürdür”.

Ali Məqamlı Rəhbər müasir dünyanın bəzi reallıqlarını şərh etdikdən sonra hazırkı həssas və mürəkkəb şəraitdə İslam dövlətinin rəsmilərinin öhdəsinə düşən vəzifələrdən danışdı.

Ali Məqamlı Rəhbər bu baxımdan rəsmilərin öhdəsinə düşən 12 vəzifəni qeyd etdi.

Həzrət Ayətullah Xamenei ilk olaraq, reallığı, zəif cəhətlərlə yanaşı, ölkədə kifayət qədər çox olan güclü cəhətləri görə bilmək vəzifəsindən söz açaraq dedi: “Bu bir reallıqdır ki, dünyada baş vermiş digər inqilablardan fərqli olaraq, İran İslam İnqilabı qələbəsindən 30 ildən artıq vaxt keçdiyinə baxmayaraq, ilk gün olduğu kimi canlı və aktualdır, İslamdan, müstəqillikdən, milli müqavimətdən, daxili gücə əsaslanan inkişafdan, ədalətdən danışır və bu ali hədəflər uğrunda çalışır”.

Ali Məqamlı Rəhbərin rəsmilərə xatırlatdığı ikinci vəzifə mömin və inqilabi əhval-ruhiyyəli gənc nəsillə qürur duymaq, bu gənclərin qədrini bilmək vəzifəsi oldu. O dedi: “İnqilabın hazırkı gənc nəslinin məqamı onun ilk gənc nəslindən daha yüksəkdir. Çünki bu günün gənci İslam İnqilabının qələbəsini, ondan sonra baş vermiş prosesləri görməyib, üstəlik kiberdünyanın, peyk antenalarının doğurduğu cürbəcür təhlükələrin obyektidir, amma buna baxmayaraq, dindardır və inqilabın üzərində möhkəm durub”.

“Ölkə daxilindəki saysız-hesabsız milli imkan və potensiala diqqət yetirərək bunlardan istifadə etmək rəsmilərin öhdəsinə düşən daha bir vəzifədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Sevindirici haldır ki, hökumət rəsmilərimizin, o cümlədən yeni hökumət kabinetinin üzvlərinin hamısı ölkədəki saysız-hesabsız imkanlardan xəbərdardırlar və bu imkanlardan istifadənin zəruri olduğuna inanırlar”.

O, əlavə etdi: “Hökumət rəsmilərimizi müqavimət iqtisadiyyatı mövzusuna yönəldən də məhz bu saysız-hesabsız daxili imkanlar oldu”.

Düşmənin ədavətindən bixəbər qalmamağın rəsmilərin öhdəsinə düşən daha bir vəzifə olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Nə qədər ki İslam dövləti və İran xalqı İslam dini və İslam İnqilabının prinsipləri üzərində möhkəm durub, düşmən öz düşmənçiliyindən əl çəkməyəcək. Odur ki düşməni diqqətdən qaçırmaq olmaz”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İmperializm cəbhəsi İran xalqına qarşı dərin bir kin bəsləyir. Bu gün düşmənin kin-küdurət və nifrətinin nə qədər dərin olduğunu onun bəyanatlarından hər kəs aydın sezir”.

“Müqavimət iqtisadiyyatının siyasətlərini icra etmək rəsmilərin daha bir vəzifəsidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Dərin kin və nifrətinə baxmayaraq, düşmən İslam dövləti və İran xalqı ilə mübarizə aparmaqda acizdir. Məhz bu acizliyinə görə də o, sanksiyalara əl atır. Amma onlar özləri də bilirlər ki, inqilabın əvvəlindən indiyə qədər sanksiyalar bir metod kimi heç bir fayda verməyib”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Amerika rəsmilərinin İranı sözdə hərbi əməliyyatlarla təhdid etməsi sanksiyaların səmərəsiz olduğunu göstərir. O, əlavə etdi: “Bu gün hakimiyyətin üç qolunun başçıları, eləcə də prezident və nazirlər də daxil olmaqla hökumət rəsmiləri arasında müqavimət iqtisadiyyatının siyasətlərinin icrası ilə bağlı mövcud olan fikir birliyi, Allahın köməyi ilə, müqavimət iqtisadiyyatının sanksiyalara və düşmənin məkrli planlarına qalib gələcəyini müjdə verir”.

Həzrət Ayətullah Xamenei xalqa söykənərək cihad əzmi ilə hərəkət etməyin rəsmilərin daha bir mühüm vəzifəsi olduğunu qeyd edərək dedi: “İslam İnqilabının qələbəsinin ilkin dövrlərindən indiyə qədər xalqın meydanda var olduğu, Allahın adı ilə cihad əzmli bir hərəkatın start verildiyi istənilən etapda biz həmin meydanda qalib olmuşuq. Bu reallığın göz önündə olan nümunələri İslam İnqilabının qələbəsi və 8 illik Müqəddəs Müdafiə savaşında xalqımızın qazandığı qalibiyyətdir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, rəsmilər daim diqqətli olmalı, hazırkı şəraiti, bugünkü imkanları illər öncəki ilə müqayisə etməlidirlər. O, rəsmilərin öhdəsinə düşən 8-ci vəzifə barədə aşağıdakıları dedi: “Özəlliklə hazırkı şəraitdə rəsmilərimiz düşmənlə aralarında olan sərhədləri açıq və şəffaf surətdə müəyyən etməlidirlər”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Bəziləri bu məsələdə ictimai fikri yanlış istiqamətə yönəltməyə çalışaraq mövzunu elə formada təqdim edirlər ki, düşmənlə araya aydın sərhəd çəkmək dünya ilə əlaqəni kəsmək deməkdir. Halbuki düşmən cəbhəsi ilə siyasi-ideoloji sərhədləri müəyyən etmək, eynilə, coğrafi sərhədlər kimi, düşmənlə aramızda olan qarşılıqlı münasibətə aydınlıq gətirmək deməkdir”.

Qloballaşma bəhanəsi ilə müstəqillik mövzusunu arxa plana çəkməyə çalışan bəzi şəxsləri tənqid edən Həzrət Ayətullah Xamenei dedi: “Müstəqillik bir sərhəddir, dini-ideoloji və siyasi sərhədlərin əhəmiyyətini gündəmdən salmağa, yaxud yox etməyə çalışan şəxslər isə bu ölkəyə və xalqa xidmət etmirlər”.

O, əlavə etdi: “Dünya ilə əlaqədə olmağın heç kəs əleyhinə deyil, lakin hansı ölkələrlə münasibət qurmalı olduğumuz və bu münasibətin hansı formada olacağı dəqiqləşdirilməlidir”.

Ali Məqamlı Rəhbər həmçinin müqavimət mövqeyindən çıxış etmiş şəxsləri mövcud bəzi problemlər ucbatından qınayanları tənqid edərək dedi: “Bəziləri elə güman etməsinlər ki, biz düşmənə təslim olsaq, bütün problemlərimiz həll olunacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən düşmənin qarşısında qətiyyətli mövqe sərgiləyən, İran xalqının və İslam İnqilabının onların tələblərinə uyğunlaşmayacağını açıq-aşkar elan edən rəsmilərimizə, doğrudan da, minnətdaram. Düşmən qarşısında belə qətiyyətli və açıq mövqe diskursa çevrilməlidir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, rəsmilərin daha bir vəzifəsi düşməndən qorxmayıb Uca Yaradana arxalanmaqdır. O vurğuladı: “Bu gün İran xalqının düşmənləri ən bədnam dövlətlərdir. Amerika dövləti beynəlxalq aləmdə insan haqlarını kobud şəkildə pozan rəhmsiz və cinayətkar bir oyunçu kimi tanınır. Bu hökumət elə öz ölkəsində də yalançılığı ilə tanınır və bu gün Amerika xalqının öz hökumətinə etimadı ən aşağı səviyyədədir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Odur ki heç bir nüfuza malik olmayan belə bir dövlətdən qorxub-çəkinmək lazım deyil. Əgər biz Allahla olub, Allah yolunda çalışsaq, heç şübhəsiz, Allah-Taala bizə yardım edəcək”.

Həzrət Ayətullah Xamenei rəsmilərin 10-cu vəzifəsi sırasında ölkədə dini və etnik birlik də daxil olmaqla milli birliyin qorunması və möhkəmləndirilməsini qeyd etdi.

O, dini-inqilabi mədəniyyətə diqqət yetirmənin rəsmilərin öhdəsinə düşən həssas vəzifələrdən biri olduğunu bildirdi və Xubriqan Məclisinin üzvlərinin ölkədəki mədəni mövzularla bağlı nigarançılıq hissləri keçirdiklərini qeyd edərək dedi: “Mədəniyyətlə bağlı mövzular Xubriqan Məclisinin möhtərəm üzvləri kimi, məni də narahat edir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Möhtərəm hökumət nümayəndələri bu məsələyə diqqət yetirməlidirlər. Mədəniyyət sferasının rəsmiləri də nə kimi işlər gördüklərinə diqqətlə yanaşmalıdırlar, çünki bu məsələdə zəruri məqamları nəzərə almadan hərəkət etmək düzgün deyil”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Mədəniyyət mövzusu çox əhəmiyyətlidir, çünki İslam dövlətinin müqavimətinin və irəliyə doğru hərəkətinin əsasını dini-inqilabi mədəniyyətin qorunması, iman və inqilab mahiyyətli mədəni cərəyanın gücləndirilməsi təşkil edir”.

Ali Məqamlı Rəhbər bildirdi ki, ölkənin mömin və inqilabi əhval-ruhiyyəli gənclərinin qədrini, doğrudan da, hamı bilməlidir, çünki təhlükə yaranan anda sinəsini sipər edən məhz gənclər olur.

Mədəniyyət sahəsində, eləcə də digər sferalarda mömin və inqilabçı gənclərin sayının çox olduğunu deyən Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu gənclərə xor baxaraq onları cəmiyyətdən təcrid etməyə çalışanlar inqilaba və ölkəyə xidmət etmirlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, bu mömin və inqilabçı gənclər heç vaxt cəmiyyətdən təcrid olunmayacaqlar”.

Ali Məqamlı Rəhbərin rəsmilərin vəzifələri sırasında qeyd etdiyi sonuncu məsələ diskursun formalaşdırılması oldu.

O dedi: “Qeyd olunan məsələlər ümumi diskurs, ümumi ideologiya şəklinə düşməlidir. Bunun üçün isə bu məsələlərin mahiyyətini elmi-məntiqi formada, hər cür ifratçılıqdan çəkinərək, ürəyəyatan bir dillə xalqa açıqlamaq lazımdır”.

Görüşün əvvəlində Xubriqan Məclisinin sədri Ayətullah Mehdəvikəni məclisin 15-ci iclasının baş tutduğunu və iki gün davam etdiyini qeyd edərək iclasda, demək olar ki, mütləq əksəriyyət göstəricisi ilə çıxış etdiklərinə görə məclis üzvlərinə təşəkkürünü bildirdi və gündəliyə çıxarılmış məsələlərlə bağlı müəyyən məqamlara toxundu.

Xubruqan Məclisinin sədr köməkçisi Ayətullah Yəzdi də məclisin iki günlük iclasının gedişi haqda məlumat verdi.

Ayətullah Yəzdi Xubriqan Məclisinin son iclasında müzakirə olunmuş və çıxışlarda toxunulmuş ən mühüm mövzular sırasında aşağıdakıları qeyd etdi: nüvə müzakirələrinin gedişinin nəzərdən keçirilməsi və ölkənin nüvə hüququnun qorunmasının vacibliyi, iqtisadi məsələlərin şərhi və faizsiz bankçılığa diqqət yetirməyin vacibliyi, müqavimət iqtisadiyyatının əhəmiyyətinin və icrasının vurğulanması, bu məsələdə şüarçılıqdan çəkinməyin vacibliyi, hökumətin dəstəklənməsi, məclis üzvlərinin mədəniyyətlə bağlı məsələlərdən narahatlıq hissləri keçirməsi.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /