İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələrdən sonra müqavimət iqtisadiyyatının Konstitusiyanın 110-cu maddəsinin 1-ci bəndinə əsaslanan ümumi siyasətlərini elan etdi. Ali Məqamlı Rəhbər sözügedən siyasətlərin açıqlandığı sənəddə aşağıdakıları vurğulayır: “İslam dininə və İslam İnqilabına xas mədəniyyətdən qaynaqlanan yerli elmi modelin tətbiqi düşmənin İran xalqı əleyhinə apardığı məcburi iqtisadi müharibədə uğursuzluğuna və geri çəkilməsinə səbəb olacaq. Eləcə də müqavimət iqtisadiyyatı getdikcə artmaqda olan qlobal böhranlar şəraitində islami iqtisadiyyat sisteminin ilhamverici bir modelə çevrilməsini mümkün edəcək, xalqın və fəal iş adamlarının iqtisadiyyat sferasında qəhrəmanlığın gerçəkləşdirilməsində özünəməxsus rol oynamaları üçün münasib zəmin və fürsət yaradacaq”.
Ali Məqamlı Rəhbərin hakimiyyətin üç qolunun başçılarına və Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinə təqdim etdiyi ümumi siyasətlərin əksini tapdığı sənədin tam mətni aşağıdakından ibarətdir:
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Saysız-hesabsız maddi və mənəvi imkanlara, zəngin və çoxnövlü resurs və ehtiyatlara, genişmiqyaslı infrastrukturlara, ən əsası, məsuliyyətli, effektiv və əzmkar insan kapitalına malik olan İran İslam Respublikası öz inkişafı yolunda İslam dini və İslam İnqilabından qaynaqlanan yerli və elmi bir iqtisadiyyat modelini – yəni müqavimət iqtisadiyyatını tətbiq edərsə, nəinki bütün iqtisadi problemlərinin öhdəsindən gəlib, bu böyük xalqa qarşı sözün əsl mənasında məcburi bir iqtisadi müharibə aparan düşməni məğlubiyyətə və geri çəkilməyə vadar edər, hətta maliyyə, iqtisadi, siyasi və s. böhranlar kimi qeyri-ixtiyari dəyişikliklərdən irəli gələn təhlükələrin getdikcə artmaqda olduğu bugünkü dünyamızda ölkənin müxtəlif sferalarda qazandığı nailiyyətləri qoruyub saxlamaq, inkişafını davam etdirmək, Konstitusiyanın, eləcə də “20 illik perspektiv plan”ın ideya və prinsiplərini reallaşdırmaqla elm və texnologiyaya əsaslanan, ədalət prinsipləri üzərində duran, daxili güc və potensiala əsaslanıb dünyaya və xarici əlaqələrə açıq olan, dinamik və mütərəqqi bir iqtisadiyyatı reallaşdıra, islami iqtisadiyyat sisteminin ilhamverici bir modelini ortaya qoya bilər.
Zəruri araşdırmalar həyata keçirildikdən və Qurumun Mənafeyini Müəyyənləşdirən Şura ilə məsləhətləşmələr aparıldıqdan sonra hazırda keçmiş siyasətlərin, özəlliklə də Konstitusiyanın 44-cü maddəsinin davamı və tamamlayıcısı olaraq, məhz bu yanaşma əsasında işlənib hazırlanmış və ölkə iqtisadiyyatının ali hədəflərə doğru düzgün kursla irəliləyişinin əsas strategiyası olan “Müqavimət iqtisadiyyatının ümumi siyasətləri” elan olunur.
Ölkənin hakimiyyət strukturları yubanmadan, konkret zaman bölgüsü apararaq bu siyasətlərin icrasına başlamalı, lazımi qanun və qərarları qəbul edib müxtəlif sferalar üçün yol xəritələri hazırlamaqla əhalinin və bütün fəal iqtisadi subyektlərin bu müqəddəs cihadda effektiv iştirakını təmin etmək üçün münasib zəmin və fürsət yaratmalıdırlar ki, Allahın köməyi ilə, böyük İran xalqının siyasət arenasında olduğu kimi, iqtisadiyyat arenasında da qəhrəmanlığı dünya ictimaiyyətinə nümayiş olunsun.
Uca Yaradandan bu mühüm işdə hər kəsə mənəvi dəstək olmasını diləyirəm!
Seyid Əli Xamenei
29 bəhmən 1392-ci il
Mərhəmətli və Bağışlayan Allahın adı ilə!
Müqavimət iqtisadiyyatının ümumi siyasətləri
Dinamik inkişafı, ölkə iqtisadiyyatının müqavimət qabiliyyətinin yüksəldilməsini, “20 illik perspektiv plan” da qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasını rəhbər tutaraq cihad yanaşmalı, elastik, münasib fürsətlər yaradan, məhsuldar, daxili güc və potensiala əsaslanan, mütərəqqi, dünyaya və xarici əlaqələrə açıq olan müqavimət iqtisadiyyatının ümumi siyasətlərini elan edirəm:
1. Məşğulluğun artırılması, kollektiv əməkdaşlığa təşviq və bu əməkdaşlığın asanlaşdırılması ilə cəmiyyətin üzvlərinin iqtisadi fəaliyyətlərdə iştirakının maksimuma çatdırılması üçün lazımi şəraitin təmin olunması, ölkənin bütün imkanlarının, maliyyə resurslarının, insan və elmi kapitalının fəallaşdırılması, gəlirlərin, orta və az təminatlı təbəqələrin rolunun yüksəldilməsinə xüsusi önəm verilməsi;
2. Ölkənin dünyadakı statusunu yüksəltmək, elmi əsaslı məhsulların istehsal və ixracını, eləcə də analoji xidmət növlərini artırmaq, regionda elmi əsaslı iqtisadiyyat üzrə birinciliyi əldə etmək üçün elmi əsaslı iqtisadiyyatın önə keçirilməsi, ölkənin kompleks elmi planının icrası, milli innovasiyalar sisteminin nizamlanması;
3. İstehsalat subyektlərinin gücləndirilməsi yolu ilə iqtisadiyyatda səmərəliliyin əsas mehvərə çevrilməsi, işçi qüvvəsinin ixtisasartırması, iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsi, region və ostanlar arasında rəqabət mühitinin yaradılması, ölkənin münasib coğrafi regionlarındakı çoxnövlü imkanların istifadəyə cəlb olunması;
4. “Subsidiyaların istiqamətləndirilməsi haqqında qanun”un yaratdığı imkanlardan istehsalın, məşğulluğun və səmərəliliyin artırılması, elektrik enerjisinin şiddətinin azaldılması və sosial ədalət göstəricilərinin yüksəldilməsi istiqamətində istifadə edilməsi;
5. Dəyərin yaradılmasında oynadıqları rola müvafiq olaraq, “İstehsal – istehlak” zəncirində bütün elementlərə ədalətli pay bölgüsü, özəlliklə də təhsil, bacarıq, kreativlik, effektiv əmək və təcrübənin artırılması yolu ilə insan kapitalının payının yüksəldilməsi;
6. Əsas əmtəə məhsullarının (özəlliklə də xaricdən idxal edilən əmtəə növlərinin) ölkə daxilində istehsalının artırılması, strateji əhəmiyyətli xidmət və məhsulların istehsalına prioritet yer ayrılması, konkret azsaylı ölkələrdən asılılığı azaltmaq üçün ixracçı ölkələrin müxtəlifliyinin təmin edilməsi;
7. Qida və dərman təhlükəsizliyinin təmin olunması, istehsalın (ilkin tələbat mallarının və digər məhsulların) kəmiyyət və keyfiyyət baxımından yüksəldilməsi prinsipini önə çəkməklə strateji ehtiyatların yaradılması;
8. Qənaətli istehlakın ümumi siyasətlərinin icrasını önə çəkməklə istehlakın idarə olunması, istehlakda keyfiyyətin və rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində müvafiq proqramların həyata keçirilməsinə paralel olaraq daxili məhsulların istehlakının təbliğ edilməsi;
9. Milli iqtisadiyyatın ehtiyaclarına cavab vermək, milli iqtisadiyyatda sabitlik yaratmaq, real sektorun gücləndirilməsində lider olmaq məqsədi ilə ölkənin maliyyə sistemində zəruri islahatların aparılması və bu sistemin gücləndirilməsi;
10. Aşağıda sadalanan yollarla əlavə dəyərinə və xalis müsbət valyuta gətirməsinə uyğun olaraq mal və xidmətlərin ixracına hərtərəfli və məqsədyönlü dəstək verilməsi:
- Qaydaların yüngülləşdirilməsi və lazımi təşviqat tədbirlərinin görülməsi;
- Xarici ticarət və tranzit xidmətlərinin, eləcə də lazımi infrastrukturların genişləndirilməsi;
- İxracata istiqamətlənmiş xarici investorların təşviq edilməsi;
- Milli istehsalda ixracatın tələblərinə uyğun proqramların həyata keçirilməsi, yeni-yeni bazarların formalaşdırılması, başqa ölkələr, xüsusilə də region ölkələri ilə iqtisadi əlaqələrin növlərinin genişləndirilməsi;
- Ehtiyac duyulduğu təqdirdə barter imkanlarını yüngülləşdirmək məqsədilə barter mübadiləsi mexanizmlərindən istifadə;
- Hədəf bazarlarında İranın dayanıqlı payını artırmaq üçün ixracatla bağlı qanun və qərarlarda stabilliyin təmin olunması;
11. Yeni texnologiyaların ötürülməsi, istehsalın, əmtəə və xidmətlərin ixracının genişləndirilməsi və asanlaşdırılması, zəruri ehtiyacların və maliyyə mənbələrinin xaricdən təmin edilməsi məqsədilə ölkənin azad və xüsusi iqtisadi zonalarında fəaliyyət sferasının genişləndirilməsi;
12. Aşağıda sadalanan yollarla ölkə iqtisadiyyatının müqavimət gücünün artırılması və risk hallarının azaldılması:
- Strateji əlaqələrin, dünya və region ölkələri, xüsusilə də qonşu dövlətlərlə birgə əməkdaşlığın genişləndirilməsi;
- İqtisadi hədəflərin dəstəklənməsi istiqamətində diplomatiyadan istifadə;
- Beynəlxalq və regional təşkilatların imkanlarından istifadə;
13. Neft və qazın ixracından əldə olunan gəlirlərin risk altına düşməsinə qarşı aşağıda sadalanan yollarla mübarizə aparılması:
- Strateji müştərilərin seçilməsi;
- Satış metodlarında müxtəlifliyin yaradılması;
- Satışda özəl sektorun iştirakına yer ayrılması;
- Qaz ixracının artırılması;
- Enerji ixracının artırılması;
- Neft-kimya məhsullarının ixracının artırılması;
- Neft məhsullarının ixracının artırılması;
14. Ümumdünya neft-qaz bazarında önəmli təsirə malik olmaq məqsədilə ölkənin strateji neft və qaz ehtiyatlarının artırılması, neft və qaz istehsalı potensialının (özəlliklə də müştərək yataqlarda) qorunması və genişləndirilməsinə xüsusi diqqət ayrılması;
Materialdan
istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir