Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbəri:

Xalqın güclü iradəsi qarşısında heç bir maneə və ya böyük güc duruş gətirə bilməz!


İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Şərqi Azərbaycan ostanının Təbriz və digər şəhərlərinin minlərlə sakini ilə bu gün (bazar ertəsi) səhər keçirdiyi izdihamlı görüşdə 22 bəhmən yürüşündə və İslam İnqilabının 35-ci ildönümü ilə əlaqədar keçirilən irimiqyaslı tədbirlərdə öz milli iqtidarını möhtəşəm və əzəmətli şəkildə nümayiş etdirdiyinə görə böyük İran xalqına sonsuz təşəkkürünü bildirərək qeyd etdi ki, builki yürüşün verdiyi iki önəmli mesaj mübarizlik və vəhdət mesajlarıdır. O dedi: “İran xalqı 22 bəhmən yürüşündə daha da izdihamlı və emosional iştirakı ilə Amerika rəsmilərinin həyasızlığına, tamahkarlığına, ədəbsizliyinə və üzsüzlüyünə qətiyyətli bir cavab verdi, Amerikanın zorakılığına və haqsız tələblərinə heç bir vəchlə təslim olmayacağını elan etdi”.

Təbriz əhalisinin 1354-ci ilin 29 bəhmən günü həyata keçirdiyi tarixi qiyamın 36-cı ildönümü ərəfəsində baş tutan bu görüşdə Ali Məqamlı Rəhbər çıxışına builki 22 bəhmən yürüşündə daha da emosional və geniş iştirakına görə xalqa təşəkkür etməklə başladı.

Həzrət Ayətullah Xamenei dedi: “İran xalqını vəsf və təqdir etməkdə, bu böyük xalqa təşəkkür etməkdə dil acizdir. Lakin mən ilk növbədə, qəlblərin halını, niyyət və əzmləri dəyişdirən Uca Yaradana şükür səcdəsi edir, ikinci növbədə isə 22 bəhmən günü ölkəmizin dörd bir yanında İslam İnqilabını dünya ictimaiyyətinə möhtəşəm, çiçəklənən və canlı bir simada nümayiş etdirmiş xalqımıza səmimi təşəkkürümü bildirirəm”.

Daha sonra Təbriz əhalisinin həyata keçirdiyi tarixi əhəmiyyətli 29 bəhmən qiyamına toxunan Ali Məqamlı Rəhbər bu hadisənin özündə çoxlu sayda ibrətamiz dərslər ehtiva etdiyini bildirdi. O dedi: “29 bəhmən qiyamının ilk dərsi Təbriz və Azərbaycan əhalisinin təqdirəlayiq keyfiyyət və özəlliklərinin nümayişi idi”.

Ali Məqamlı Rəhbər həmçinin əlavə etdi: “Dərin dini inanc, dini qeyrət, şücaət, mühüm anı dəyərləndirib vaxtında hərəkətə keçmək, öndə gedərək avanqardlardan olmaq, qarşıya qoyulmuş hədəflər yolunda novator işlər həyata keçirmək Təbriz və Azərbaycan əhalisinin 29 bəhmən hadisəsində təcəssüm olunan qabarıq xüsusiyyətləridir”.

“29 bəhmən hadisəsinin ikinci dərsi ölkədə müxtəlif regionlar və etnoslar arasında sıx bağlılığın nümayişi oldu” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müxtəlif iranlı etnoslar İran İslam dövlətinin hakimiyyəti vasitəsilə İslam bayrağı və şanlı İranımızın adı altında yaşayırlar. Onların hamısı arasında sıx bağlılıq mövcuddur. İran xalqının bədxahları diqqəti məhz bu məqam üzərində cəmləyiblər və İranda yaşayan etnosları bir-birinə qarşı qoymaq istəyirlər”.

Ali Məqamlı Rəhbər bütün xalqı və rəsmiləri bu mövzuya qarşı sayıq olmağa çağıraraq dedi: “29 bəhmən qiyamının birlik, həmrəylik, çiyin-çiyinə dayanma mesajlarını heç vaxt yaddan çıxarmaq olmaz”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, Təbriz əhalisinin 29 bəhmən qiyamının 3-cü mesajı xalqın iradəsinin möcüzələr yaratmağa qadir olmasıdır. O vurğuladı: “Bu qiyam göstərdi ki, heç bir maneə və ya böyük qüvvə bir xalqın güclü iradəsi qarşısında duruş gətirə bilməz”.

Çıxışının ardında Həzrət Ayətullah Xamenei xalqın nəyə görə builki 22 bəhmən yürüşündə daha da izdihamlı və emosional şəkildə iştirak etdiyini, bu yürüşün özündə daşıdığı mesajları təhlil etməyə başladı.

O, müxtəlif illərdə 22 bəhmən yürüşlərində iştirak etmiş insanların sayı haqda nisbətən dəqiq məlumata malik olan mütəxəssislərin hesablamalarına və verdikləri informasiyaya istinadən dedi: “Mütəxəssislərin verdiyi dəqiq məlumata görə, ötən illə müqayisədə bu il ölkənin hər yerində 22 bəhmən yürüşlərində daha çox adam iştirak edib. Bu reallıq onu göstərir ki, İslam İnqilabının ildönümü münasibətilə qurulan bayram, elə bu inqilabın özü kimi, misilsiz bir təzahürdür”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, öz inqilabının ildönümünü quru və rəsmi şəkildə qeyd edən başqa ölkələrdən fərqli olaraq, İranda ölkənin müxtəlif məntəqələrində – özü də aradan 35 il keçdikdən sonra – İslam İnqilabının ildönümünün xalq tərəfindən belə yüksək səviyyədə qeyd olunması qəribə və heyrətamiz bir təzahürdür. O həmçinin dedi: “Xarici medianın reallığa zidd təbliğat və analizlərinin tam əksinə olaraq, onların beyin mərkəzləri xalqın bu iştirakının, stimulunun, imanının və şüarlarının özündə daşıdığı mesajları çox yaxşı başa düşürlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, 22 bəhmən günü xalqın irəli sürdüyü şüarlar özündə iki başlıca mesajı – mübarizlik və vəhdət mesajlarını əks etdirirdi.

İdealların üzərində mətin durmaq və mübarizlik mesajlarının mahiyyətini açıqlayan Ali Məqamlı Rəhbər dedi: “İslam İnqilabının idealları tələbedici və inkaredici mahiyyətə malik olmaqla 2 qismə bölünür. Bu inqilabın tələbedici idealları İslam təlimlərinə əməl edilməsi, sosial ədalətin reallaşdırılması, müxtəlif hadisələrdə və arenalarda xalqın iştirakı, müstəqil iqtisadiyyat, asılılıqdan uzaq, əsl İran-İslam mədəniyyəti, məzluma dayaq olmaq və zalıma qarşı mübarizə, ölkənin inkişafı, elmi tərəqqi, əxlaq və mənəviyyat baxımından irəlidə olmaqdır”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının inkaredici idealı kimi, Amerikanın timsalında dünya imperializm sisteminin hegemonluğuna və haqsız tələblərinə təslim olmamağı qeyd edərək aşağıdakıları vurğuladı: “Bu ilin 22 bəhmən günü İran xalqı Amerikanın hegemonluğuna və bac-xərac tələblərinə təslim olmayacağını elan etdi”.

Ali Məqamlı Rəhbər ABŞ-ı İran xalqına qeyri-real bir simada təqdim etmək istiqamətində göstərilən bəzi cəhdlərə toxunaraq dedi: “Bəzi şəxslər Amerikanı xalqımıza bəzək-düzəkli bir simada tanıtdıraraq bu dövlətin çirkin, aqressiv və dəhşətli simasını ört-basdır etməyə, Amerikanı İran xalqını sevən, humanist bir dövlət kimi təqdim etməyə çalışırlar. Lakin bu şəxslərin səyləri heç bir nəticə verməyəcək”.

Amerikanın ən azından son 80 ildə arxasında qaranlıq bir keçmiş qoyub gəldiyini deyən  Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qanlı müharibələrin törədilməsi və günahsız insanların qətlə yetirilməsi, dünyanın müxtəlif yerlərində diktatorların himayə edilməsi, beynəlxalq terrorizmin himayəsi, qondarma, qəsbkar və cinayətkar İsrail rejiminin simasında dövlət terrorunun dəstəklənməsi, İraqa edilən hücum və minimum on minlərlə insanın qətli, Əfqanıstana edilən hücum, “Blackwater” kimi insan qatili olan, terrorist şirkətlərin işə salınması, ekstremist təkfirçi qrupların ortaya çıxarılması və himayəsi – bütün bunlar Amerikanın şər əməllərinin, sadəcə, bir hissəsidir”.

O həmçinin vurğuladı: “Bu çirkin və cinayətkar simanı bəzəyib-düzəməklə İran xalqının gözündə necə fərqli göstərmək olar?”

Ali Məqamlı Rəhbər Amerika dövlətinin keçmişdə İran xalqına qarşı atdığı düşmənçi addımlara da toxunaraq dedi: “İran xalqı 1332-ci il 28 mordad qiyamından 1357-ci ilə qədər, eləcə də İslam İnqilabının qələbəsindən indiyə qədər daim Amerikanın məkrli planları, xəbislikləri, onu əzab-əziyyətə salmaq məqsədi daşıyan sanksiyaları ilə üzləşib. ABŞ-ın bu kimi əməllərinə son nümunə Amerika prezidentinin 1388-ci ildə (2009) baş vermiş fitnəkar iğtişaşları həyasızcasına dəstəkləməsidir. Amerika dövləti həmin iğtişaşları törədən şəxsləri dəstəklədiyini bu yaxınlarda da bəyan etdi”.

Həzrət Ayətullah Xamenei həmçinin dedi: “Bu sadaladıqlarım Amerikanın İran xalqına qarşı yol verdiyi bəd əməllərin yalnız kiçik bir hissəsidir. Bu kimi əməllər hazırda da davam edir”.

Cari ilin başlanğıcında müqəddəs Məşhəd şəhərində səsləndirdiyi fikirləri xatırladan Ali Məqamlı Rəhbər dedi: “Əvvəlki, eləcə də hazırkı hökumət rəsmilərimizdən bəziləri elə güman edirdilər ki, əgər biz nüvə məsələsində Amerika ilə danışıqlara getsək, problem həll olunacaq. Onlar çox israr etdikləri üçün mən də bu danışıqlara qarşı olmadığımı dedim, lakin Amerika ilə aparılacaq müzakirələrə nikbin yanaşmadığımı elə o zaman da vurğuladım”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mənim bu məsələyə nikbin yanaşmamağımın səbəbləri indi aşkara çıxır, bunun bariz sübutu isə Amerika rəsmilərinin və senatorlarının İran xalqı əleyhinə səsləndirdikləri sərsəm və təhqiredici bəyanatlardır”.

O həmçinin dedi: “Əlbəttə ki, İran xalqı bu ilin 22 bəhmən günü bu təhqirlərin cavabını verərək Amerika rəsmilərinin ağzından vurdu”.

Ali Məqamlı Rəhbər aşağıdakıları da vurğuladı: “Xalqın 22 bəhmən yürüşündə daha da izdihamlı və emosional iştirakının səbəblərindən biri də Amerika rəsmilərinin həyasızlığı, haqsız tələbkarlığı, qeyri-etik rəftarı və üzlülüyü oldu. Dini qeyrətinin təsiri ilə hərəkətə gələn xalqımız Amerikaya öz hesablamalarında səhvə yol verdiyini, İran xalqının siyasi proseslər arenasında var olduğunu elan etmək üçün meydanlara çıxdı”.

O, əlavə etdi: “22 bəhmən günü İran xalqının ölkəmizin daxili və xarici işlərini idarə edən bütün dövlət rəsmilərinə ünvanladığı mesaj bu idi ki, İran xalqı mübarizə meydanında hazırdır və rəsmilər düşmənlə qarşıdurmada zəiflik hiss etməməlidirlər”.

Həzrət Ayətullah Xamenei nüvə məsələsinin yalnız bir bəhanə olduğunu daha öncə dəfələrlə vurğuladığını xatırladaraq dedi: “Qeyri-mümkün bir ehtimalla, əgər bir gün nüvə məsələsi Amerikanın istədiyi kimi həll olunarsa da, amerikalılar başqa problemlər tapıb önə çəkəcəklər. Elə bu günün özündə də hər kəs şahiddir ki, Amerika dövlətinin sözçüləri insan haqları, İranın müdafiə və raket qabiliyyəti kimi məsələlərdən danışırlar”.

Ali Məqamlı Rəhbər fikrini aşağıdakı cümlələrlə davam etdirdi: “Görəsən, amerikalılar, insan haqlarının adını tutmağa, doğrudan da, xəcalət çəkmirlərmi?! Belə ki yer üzündə hər kim insan haqları iddiasında olsa da, törətdikləri bu qədər rüsvayçı əməllərdən sonra amerikalılar insan haqlarının hətta adını belə dillərinə almamalıdırlar”.

Həzrət Ayətullah Xamenei “Qvantanamo” və “Əbu-Qureyb” həbsxanalarında törədilənlər də daxil olmaqla Amerikanın insan haqlarına zidd əməllərinə, dünyaca məşhur terrorçulara kömək etməsinə, verdiyi sözün üstündə dəfələrlə durmamasına və yalanlarına toxunaraq dedi: “Qara əməllərinin bu uzun-uzadı siyahısı ilə insan haqları ifadəsini dilə gətirməkdən utanmalı olan amerikalılar həyasızcasına insan haqları iddiası etməkdə davam edirlər”.

Ali Məqamlı Rəhbər nüvə müzakirələri ilə bağlı aşağıdakıları qeyd etdi: “Xarici İşlər Nazirliyi və hökumət rəsmilərinin nüvə müzakirələri ilə bağlı start verdikləri iş davam etdiriləcək və İran başladığı işə pəl vuran tərəf olmayacaq. Lakin hər kəs bilsin ki, Amerikanın düşmənçiliyi İslam İnqilabının və İslam dininin özü ilədir və hansısa danışıqlarla bu düşmənçilik bitməyəcək”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu düşmənçiliyin yeganə əlacı milli iqtidara və daxili gücə söykənmək, ölkənin daxili strukturunu daha da möhkəmləndirməkdir”.

Çox yaxın gələcəkdə müqavimət iqtisadiyyatının ümumi siyasətlərinin elan olunacağını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Ölkədəki problemlərin həlli yolu müqavimət iqtisadiyyatının ümumi siyasətlərini icra etmək, daxili gücünə arxalanaraq xaricə göz dikməməkdir”.

Ali Məqamlı Rəhbər ölkənin misilsiz insan və təbiət resurslarına, özəlliklə də zəngin neft və qaz ehtiyatlarına, dünyanın İrana ehtiyac duymasına toxunaraq dedi: “İranın bircə təbəssümü ilə xarici dövlətlərin iş qurmaq üçün ölkəyə hücum çəkdiklərinin hər kəs şahidi oldu. Odur ki amerikalılar həmişə öz inadlarının üstündə dura bilməyəcəklər və əgər biz öz güc və potensialımıza arxalansaq, onların müqaviməti sınacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Nə qədər ki biz gözümüzü başqalarının əlinə, sanksiyaların azaldılmasına və ya Amerika rəsmilərinin bəyanatlarına dikəcəyik, heç nəyə nail ola bilməyəcəyik”.

O həmçinin dedi: “Mən təkid edirəm ki, rəsmilərimiz daxili güc və potensiala söykənərək xalqa etimad göstərsinlər. Belə olarsa, bu feyz dolu, tükənməz çeşmə içindən qaynayıb daşar”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Məhz bu istiqamətdə fəaliyyət göstərmək lazımdır və əgər bu iş həyata keçirilsə bütün bağlı qapılar, mütləq, açılar”.

Sonda Həzrət Ayətullah Xamenei dedi: “Allahın köməyi ilə, Amerika və dünya imperializminin İran xalqı və İslam dövləti əleyhinə izlədiyi hədəflər puç olacaq və xalqımız bədxahların gözü önündə qalibiyyətini bayram edəcək”.

Görüşün əvvəlində vəli-fəqihin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Ayətullah Müctəhid Şəbüstəri çıxış edərək 1356-cı il 29 bəhmən qiyamında şəhid olmuş insanların xatirəsini ehtiramla yad etdi. O həmçinin vurğuladı: “Təbriz əhalisinin 29 bəhmən qiyamı yaddaşlara həkk olunacaq, effektiv bir qəhrəmanlıq idi. Bu qiyam şah rejiminin daha da artıq rüsvay olmasına, İslam İnqilabının isə möhkəmlənməsinə səbəb oldu”.

Ayətullah Şəbüstəri həmçinin 22 bəhmən yürüşündə izdihamlı iştirakına görə xalqı təqdir edərək dedi: “Xalq bu izdihamlı iştirakı ilə imperializmin əleyhinə olduğunu, İslam İnqilabına və dini hakimiyyətə sədaqətini sübut etdi, Amerika rəsmilərinin həyasız bəyanatlarına qətiyyətli və tutarlı cavab verdi”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /