İslam İnqilabının ALi Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikası Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərindən və sıravi heyətindən bir qrupu ilə bu gün (şənbə günü) səhər keçirdiyi görüşdə qeyd etdi ki, müstəqillik, işğalçı və müdaxiləçi dövlətlərə qarşı mübarizə kimi prinsiplər İslam İnqilabının əsas dayaqlarından biridir. O dedi: "Amerika rəsmilərinin qeyri-etik bəyanatları hər kəs üçün ibrətverici olmalıdır. İran xalqı son müzakirələri və həmin müzakirələr zamanı amerikalıların səsləndirdiyi fikirləri diqqətlə nəzərdən keçirməlidir".
Ali Məqamlı Rəhbər həmçinin bildirdi ki, müstəqilliyi təmin etmək və qoruyub saxlamaq üçün İslam İnqilabının əsasları və dəyərləri, İmam Xomeyninin əsas kursu, o cümlədən Amerika mövzusu ilə bağlı çəkinmədən qətiyyətli və şəffaf mövqe sərgiləmək lazımdır. O vurğuladı: "İslam dövlətinin öz varlığını davam etdirməsinin, möhkəmlənməsinin və daxildən qüdrətlənməsinin sirri hakim quruluşun xalqın imanına, sevgisinə və iradəsinə söykənməsindədir. İran xalqı builki 22 bəhmən yürüşündə İslam İnqilabının şüarlarını qətiyyətlə dünyaya hayqıracaq və öz milli iqtidarını və mübarizə əzmini bir daha dünya ictimaiyyəti qarşısında nümayiş etdirəcək".
1357-ci il 19 bəhmən hadisəsinin - Hərbi Hava Qüvvələrinin yüksək rütbəli zabitlərinin İmam Xomeyniyə (r.ə) tarixi beyətinin ildönümündə baş tutan bu görüşdə Ali Baş Komandan bu olayın çoxsaylı və bərəkət dolu aspektləri olduğunu dedi. O, əlavə etdi: "19 bəhmən hadisəsinin olduqca mühüm aspektlərindən biri Hərbi Hava Qüvvələrində, ardınca isə bütövlükdə orduda istiqlaliyyət hisslərinin oyadılması idi. Elə buna görə də bu hadisə özünəinam, daxili güc və potensiala arxalanma üçün zəmin yaratdı".
"İstiqlaliyyət" anlayışını açıqlayan Ali Məqamlı Rəhbər hazırda imperializmin ölkələrdə bilavasitə iştirak etmək əvəzinə, özündən asılı ünsürlərin köməyi ilə yeni işğal metodlarından istifadə etdiyini dedi. O vurğuladı: "Yeni müstəmləkəçiliklə mübarizə aparmaq üçün ölkəsində hakim olan diktatura əleyhinə mübarizə aparmaqdan əlavə, bu diktaturanı himayə edən xarici işğalçı dövlətə qarşı da mübarizə aparmaq lazımdır. Çünki istibdadçı ilə mübarizə aparıb, eyni zamanda müstəmləkəçi ilə sazişə girmək heç bir nəticə verməyəcək".
Mövzunu davam etdirən Həzrət Ayətullah Xamenei regionda baş vermiş bəzi inqilabların müqəddəratına toxunaraq dedi: "Qəti qələbəni o inqilab qazanacaq ki, daxili diktaturanın arxasında duran müdaxiləçi dövləti tanısın və onunla sazişə girmək əvəzinə, ona qarşı mübarizə aparsın".
Ali Məqamlı Rəhbər əlavə etdi: "Məhz buna əsasən də Tehrandakı keçmiş ABŞ-səfirliyinin gerçək simasının inqilabçı gənclərin əli ilə ifşa edilməsindən sonra dahi İmam Xomeyni (r.ə) bu hadisəni birinci inqilabdan daha böyük bir inqilab adlandırdı. Çünki bu davranış göstərdi ki, şah diktaturasını devirmiş İran xalqı işğal və istibdadın növbəti mərhələsində duran qüvvəni tanıyır və ona qarşı mübarizə aparır".
Ali Məqamlı Rəhbər vurğuladı: "İstiqlaliyyətin gerçək mənası məhz bu tanıma və müdaxiləçi dövlətə qarşı mübarizədir".
O, əlavə etdi: "Xarici müdaxiləçi dövlətlər istənilən ölkənin istiqlaliyyət duyğusunu dadmasından qorxurlar, odur ki daim cürbəcür metodlarla xalqlarda və onların ölkə rəsmilərində istiqlal tələbi hissini zəiflətməyə çalışırlar".
Ali Məqamlı Rəhbər bildirdi ki, bu metodlardan biri də xalqlara müstəqilliyin inkişaf və tərəqqi ilə ziddiyyət təşkil etdiyi barədə yanlış fikir aşılamaqdır. O dedi: "İşğalçı dövlətlərin təbliğat orqanları və onların əlaltısı olan daxili ünsürlər belə bir fikir yaratmağa çalışırlar ki, milli mənafe və heysiyyətə arxalanmaqla inkişaf arasında uyğunsuzluq var, odur ki inkişaf etmək istəyən ölkə müstəqillik arzusunu azaltmalıdır".
Ali Məqamlı Rəhbər vurğuladı: "Bu fikir tamamilə yanlışdır və xalqların müstəqilliyinə müxalif olan qüvvələr tərəfindən ortaya atılıb".
"Müstəqillik heç də dünya ölkələri ilə pis münasibətdə və konfliktdə olmaq demək deyil" - deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: "Müstəqillik xalqların mənafeyini öz mənafeyinə tabe etmək istəyən ölkələrin ölkəyə nüfuz etməsinin önünə sədd çəkmək deməkdir".
Ali Məqamlı Rəhbər bildirdi ki, istiqlaliyyəti təmin etmək və qoruyub saxlamaq üçün İslam İnqilabının əsas prinsip və dəyərləri üzərində şəffaf və qətiyyətli formada durmaq lazımdır. O bu baxımdan İmam Xomeyninin (r.ə) daim açıq mövqe sərgilədiyini, heç bir sətiraltı mənalara əl atmadığını qeyd edərək əlavə etdi: "İmam (r.ə) diktator və monarxist şah rejiminə qarşı mövqeyini heç nəyi nəzərə almadan, qorxub-çəkinmədən açıq-aşkar surətdə bəyan etdi. O, ölkədə İslam dininə və islami dəyərlərə söykənən bir dövlət quruluşunun bərqərar edilməli olduğu barədə fikirlərini çəkinmədən, qətiyyətlə elan etdi. İmam (r.ə) dünyaya hakim kəsilmiş təhlükəli sionist şəbəkəsinə, eləcə də qondarma və qəsbkar İsrail rejiminə qarşı mövqeyini heç kəsi və heç nəyi nəzərə almadan ortaya qoydu".
Həzrət Ayətullah Xamenei həmçinin dedi: "Dahi İmam Xomeyni (r.ə) dünyanı "müstəmləkəçilərə" və "müstəmləkə altında yaşayanlara" bölmək niyyətində olan beynəlxalq imperializm sistemini heç nədən qorxub-çəkinmədən rədd etdi və bu sistemin real təzahürünə, yəni Amerika dövləti əleyhinə açıq-aşkar və şəffaf mövqe tutdu".
O vurğuladı: "Sadaladığım bu prinsiplər İslam İnqilabının əsasları, dayaqlarıdır. Aradan 35 il keçdiyinə baxmayaraq, bu prinsip və hədəflər heç bir dəyişikliyə uğramadan, eynilə qalmaqdadır. İslam dövləti bu prinsiplər üzərində möhkəm durub, bu kurs üzrə qətiyyətlə irəliləyərək müxtəlif sferalarda heyrətamiz nailiyyətlər əldə edib, region miqyasında böyük bir dövlətə, beynəlxalq miqyasda isə real təsir gücünə malik bir qüvvəyə çevrilib".
Ali Məqamlı Rəhbər əlavə etdi: "İran xalqının İslam İnqilabının əsas prinsipləri üzərində möhkəm və qətiyyətli şəkildə durması müdaxiləçi dövlətlərdən asılı olan təbliğat orqanlarının son illər yürütdüyü iranafobiya siyasətinə baxmayaraq, hazırda dünya xalqlarının, hətta onların tanınmış şəxsiyyətləri içərisindən qərəzsiz mövqedə olan insanların xalqımızı cəsur, prinsilərinə sadiq, ağıllı, mübariz və səbirli bir xalq kimi tanımalarına səbəb olub".
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir