Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Təkfirçilik İslam dünyası üçün böyük bir təhlükədir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Böyük İslam Peyğəmbəri Həzrət Mustafanın (s) tarixin axarını dəyişmiş mübarək mövludu, həmçinin İmam Cəfər Sadiqin (ə) bərəkət dolu mövludu ilə əlaqədar olaraq, hökumət rəsmilərindən bir qrupu, İslami Vəhdət Konfransının qonaqları və xalqın müxtəlif təbəqələrini təmsil edən insanlarla görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər İslam dünyasını sonuncu peyğəmbərin (s) gözləntilərini reallaşdırmağa çağıraraq aşağıdakıları vurğuladı: “Bu gün İslam dünyası üçün ən mühüm məsələ vəhdətdir. Bütün məkrli planlara baxmayaraq, vəhdət, gözüaçıqlıq və islami oyanış sayəsində İslam ümmətinin gələcəyi parlaq və ümidverici olacaq”.


Görüş iştirakçılarını Böyük İslam Peyğəmbəri Məhəmməd Mustafanın (s) və İmam Cəfər Sadiqin (ə) bərəkət dolu mövludları münasibətilə təbrik edən Həzrət Ayətullah Xamenei qeyd etdi ki, İslam dini azadlığa qovuşması üçün bəşəriyyətə iki əsas yol göstərir: 1. xəyal, güman və təsəvvürlərdən azad olmaq; 2. müstəbid dövlətlərin zülmündən qurtulub ədalətli hökumət qurmaq üçün səy göstərmək. O, əlavə etdi: “Müsəlman xalqları əvvəlcə öz daxillərində, düşüncələrində azadlığa nail olmalı, daha sonra isə siyasi müstəqillik əldə etməyə, xalqın hakimiyyətini bərqərar etməyə, dinə əsaslanan xalq hakimiyyəti qurmağa, İslam şəriətinə uyğun hərəkət etməyə çalışaraq əziz İslamımızın nəzərdə tutduğu azadlığa qovuşmalıdırlar”.

“İslamın düşmənləri İslam ümmətinin həqiqi azadlıq və səadətinin qarşısını almaq üçün mürəkkəb və çoxaspektli plan və manevrlər həyata keçirirlər” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İmperializmin məkrli planlarının əsas mehvərini müsəlmanlar arasında konflikt yaratmaq cəhdləri təşkil edir”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, Fələstin məsələsinin unutdurulması, qondarma, cinayətkar və qəsbkar İsrail rejiminin müsəlman xalqlarına zorla qəbul etdirilməsi üçün 65 ildir göstərilən səylər Amerikanın və dünyanın digər hegemon dövlətlərinin istibdadçı davranışlarına nümunədir. O, əlavə etdi: “Livanda 33, Qəzzada isə 22 və 8 gün davam etmiş hərbi əməliyyatlar göstərdi ki, əməli surətdə yadellilərin mənafeyinə işləmiş bəzi dövlətləri çıxmaqla, müsəlman xalqları Fələstinin varlığını və kimliyini sayıqlıqla qorumuş, bununla da sionist rejiminə və onun himayədarlarına sərt sillə vurmuşlar”.

İslam dünyasının problemlərinə ümumi bir nəzər salan Ali Məqamlı Rəhbər qeyd etdi ki, İslam düşmənlərinin vətəndaş müharibələrini və daxili konfliktləri qızışdırmaqda, təkfirçi və ekstremist düşüncələrə rəvac verməkdə mühüm hədəflərindən biri də İslam ümmətinin diqqətini Fələstin problemindən yayındırmaqdır.

Ali Məqamlı Rəhbər dərin təəssüf hissi keçirdiyini bildirərək aşağıdakıları dedi: “Təkfirçilər xəbis İsrail rejiminə diqqət yönəltmək əvəzinə, İslam və şəriət adı ilə müsəlmanların əksəriyyətini təkfir edir, müharibə, aqressiya və konfliktlər üçün zəmin yaradırlar. Elə buna görə də bu təkfirçi cərəyanın varlığı İslam düşmənləri üçün şad xəbərdir”.

Ali Məqamlı Rəhbər Qurani-Kərimin “Fəth” surəsinin 29-cu ayəsinə:

اَشدّاء علیَ الکُفّارِ رُحَماء بَینَهُم

“... (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər”.

– şərif ayəsinə toxunaraq aşağıdakıları dedi: “Təkfirçi cərəyan Allah-Taalanın bu açıq-aydın göstərişini görməməzliyə vurur, müsəlmanları “müsəlmanlara” və “kafirlərə” ayırmaqla onları bir-birinin canına salır”.

Həzrət Ayətullah Xamenei belə bir sualla çıxış etdi: “Belə olduğu halda, kim şübhə edə bilər ki, bu cərəyanın varlığı, ona maliyyə vəsaiti və silah-sursat baxımından dəstək verilməsi imperialist dövlətlərin və onların əlaltılarının xəbis təhlükəsizlik orqanlarının işi deyil?”

Ali Məqamlı Rəhbər bu reallığı nəzərə almaqla təkfirçilik cərəyanının İslam dünyası üçün böyük bir təhlükə olduğunu bildirdi. O, müsəlman ölkələrinə tamamilə sayıq və ehtiyatlı olmağı tövsiyə edərək dedi: “Təəssüflər olsun ki, bəzi müsəlman dövlətləri bu cərəyanı dəstəkləməyin nə ilə nəticələnə biləcəyinə önəm vermir və anlamırlar ki, bu alov bir gün onların özünü də yaxalayacaq”.

Ali Məqamlı Rəhbər qeyd etdi ki, son 3-4 ildə şiə və sünnilər arasında ixtilafların kəskinləşməsi, müsəlman xalqları içərisində daxili konfliktlərin artması dünyanın zülmkar dövlətlərinin bir sıra ölkələrdə islami oyanışın vüsət almasına qarşı göstərdikləri reaksiyadan irəli gəlir. O, əlavə etdi: “İmperialistlər islami oyanışın təsirini azaltmaq üçün müxtəlif İslam məzhəblərinin ardıcılları arasında qarşıdurma yaratmağa, daha sonra isə təkfirçi cərəyanın qətlə yetirilmiş insanların ciyərini yemək kimi məşum əməllərini gözə soxaraq dünya ictimaiyyətinin önündə İslamın özünü çirkin bir din kimi qələmə verməyə çalışırlar”.

Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Şübhəsiz ki, bu məsələlər birdən-birə yaranmayıb və böyük dövlətlər onları ortaya çıxarmaq üçün bir müddət öncədən planlama aparıb, konkret siyasət həyata keçiriblər”.

“Vəhdətə qarşı olan istənilən amillə mübarizə şiə və sünnilərin, habelə digər məzhəb qollarının böyük şəri vəzifəsidir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Müsəlman toplumları içərisində vəhdətin yaradılmasında görkəmli elm adamlarının, siyasi və dini liderlərin öhdəsinə ağır vəzifələr düşür”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, İslam dünyasının din alimlərini xalqları məzhəb zəminində ixtilaflardan çəkindirməyə, universitet müəllimlərini İslamın hədəflərinin əhəmiyyətini tələbələr üçün açıqlamağa, ümmətin siyasi liderlərini isə xalqa söykənərək yadellilərdən, İslamın düşmənlərindən uzaq olmağa çağırdı. O vurğuladı: “Bu gün İslam dünyasında ən mühüm məsələ vəhdətdir”.

Müsəlman xalqlarının tədricən müstəmləkəçilərin birbaşa ağalığından çıxdıqlarına toxunan Həzrət Ayətullah Xamenei belə bir xəbərdarlıq etdi: “İmperialistlər birbaşa ağalıqları dövründəki maraqlarını bu dəfə dolayısı ağalıqla – yəni siyasi, mədəni və iqtisadi ağalıqla təmin etmək məqsədi güdürlər”.

Sayıqlıq və məlumatlılığın İslam ümmətini səadətə qovuşduracaq yeganə yol olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Müsəlman ölkələrinin saysız-hesabsız imkanları, əlverişli coğrafi mövqeyi, olduqca dəyərli tarixi mirası və misilsiz iqtisadi resursları vəhdət və həmrəylik sayəsində müsəlmanlara hörmət, başucalığı və nüfuz qazandıra bilər”.

“İslam İnqilabının qələbəsi və imperialistlərin 35 il ərzində işlətdikləri cürbəcür məkrli planlara rəğmən İslam Respublikası modelinin günü-gündən möhkəmlənməsi İslam ümmətinin müjdə dolu gələcəyinin nişanələrindəndir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Allahın köməyi ilə İran xalqı və İslam dövləti günü-gündən daha da güclü, köklü-köməcli və qüdrətli olacaq”.

Görüşün sonunda Ali Məqamlı Rəhbər İslami Vəhdət Konfransında iştirak edən xarici qonaqlarla bir neçə dəqiqəlik görüş keçirdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı cənab Ruhani görüş iştirakçılarını Həzrət Peyğəmbər (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları münasibətilə təbrik edərək cahiliyyət dövründə mütləq mədəni, ictimai və siyasi qaranlığın hökm sürdüyünü bildirdi. O dedi: “O təəssüf doğuran şəraitdə rəhmət peyğəmbərinin dünyaya gəlişi tarixə hidayət və qurtuluş nuru saçdı”.

İslam dünyasında mövcud olan problem və konfliktlərə toxunan ölkə başçısı dedi: “Doğru yoldan çıxanlar, təkfir, ekstremizm və qarşıdurma yolunu tutanlar, şübhəsiz ki, bu əməlləri ilə İslam peyğəmbərini (s) incidirlər və müsəlman toplumları rəhmət peyğəmbərinə yardım etmək üçün bir daha ayağa qalxmalıdırlar”.

“İmam Xomeyninin (r.ə) vəhdət bəxş edən çağırışının arxasınca getmək İslam ümmətinin yeganə qurtuluş yoludur” – deyən cənab Ruhani əlavə etdi: “Vahid din, vahid peyğəmbər, ortaq mənafe, ortaq düşmənlər, işğal olunmuş Fələstin və əziz Qüds kimi ideallar müsəlmanları bir yumruqda birləşdirə bilər”.

Ölkə başçısı əlavə etdi: “İslam ümməti Qurana üz tutaraq, müdriklik, rasionallıq, mötədillik, ardıcıl ümid və səylər sayəsində İslam sivilizasiyasını yenidən dirçəldə bilər”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /