Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Tehran şəhərinin və ümumilikdə ölkənin idarəçiliyinə cihad ruhiyyəsi hakim olmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Tehran İslami Şurasının sədri və şura üzvləri, şəhər bələdiyyə başçısı, onun müavinləri və paytaxt Tehranın müxtəlif məntəqələrinin bələdiyyə üzvləri ilə bu gün (bazar ertəsi) günortadan əvvəl keçirdiyi görüşdə qeyd etdi ki, islami həyat tərzi atmosferinin yaradılması üçün paytaxt Tehranda tikilən binaların memarlıq üslubuna xüsusi diqqət yetirilməlidir. O vurğuladı: “Tehran meqapolisinin, həmçinin bütövlükdə ölkənin idarəçiliyinə ilahi niyyətlə, elm və müdrikliyə əsaslanaraq xalqa xidmət etmək psixologiyası, başqa sözlə desək, cihad əzmli idarəçilik ruhiyyəsi hakim olmalıdır ki, problemləri geridə qoyaraq irəli getmək mümkün olsun”.


Xalqa xidmət etmək fürsəti qazandıqlarına  görə Tehran İslami Şurasının yeni dövr üçün seçilmiş üzvlərini, eləcə də şəhər bələdiyyə sədrini təbrik edən Ali Məqamlı Rəhbər paytaxt Tehranın bir meqapolisdən daha yüksək əhəmiyyət malik olduğunu qeyd edərək dedi: “Tehran şəhəri bir tərəfdən ölkədəki tərəqqi, rifah, səadət və həyat tərzinin göstəricisidir, digər tərəfdən isə bu şəhər ölkənin bütün digər şəhərləri üçün örnək olaraq götürülür”.

Tehran Bələdiyyəsinin son illər ərzində etdiyi  xidmətləri yüksək dəyərləndirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Havanın çirklənməsi, nəqliyyatın və əhalinin həddən artıq sıxlığı kimi problemlərin mövcudluğuna baxmayaraq, bələdiyyənin müxtəlif sferalarda gördüyü işlər, o cümlədən şəhərin təmizliyinin təmin olunması, yeni yaşıllıq zonalarının və bağçaların, körpülərin və şose yollarının salınması, metronun genişləndirilməsi, fiziki tərbiyə zonalarının yaradılması kimi tədbirlər çox müsbət və təqdirəlayiqdir”.

“Bu uğurların sirri cihad əzmli idarəetmədədir” – deyən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Əgər ölkə administrasiyasına cihad əzmi və ya başqa sözlə desək, ilahi niyyətə, elm və müdrikliyə əsaslanan fəaliyyət hakim olsa, ölkədəki problemləri dünyanın super-dövlətlərinin hazırkı xəbis təzyiqləri şəraitində də, istənilən digər şəraitdə də  həll etmək mümkün olar və ölkəmiz irəliyə doğru hərəkətini davam etdirər”.

Tehran Şəhər İslami Şurasında müxtəlif siyasi tendensiya və yanaşmaların mövcud olduğunu bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Nə qədər ki şuranın bütün üzvlərinin niyyəti xalqa xidmət etmək, xalq üçün işləməkdir, bu ali hədəfə aparan yolda həmin tendensiyalar arasındakı fərqlilik heç bir əhəmiyyət kəsb etməyəcək”.

Həzrət Ayətullah Xamenei üzünü Tehran Şəhər 4-cü İslami Şurasının üzvlərinə  tutaraq aşağıdakıları vurğuladı: “Çalışın ki, işinizdə, xalqa xidmətdə əzm və səy göstərərək özünüzdən sonrakılara gözəl bir təcrübə yadigar qoyasınız”.

Çıxışının davamında Ali Məqamlı Rəhbər Tehran Bələdiyyəsi ilə bağlı bir neçə məqama toxundu.

Ali Məqamlı Rəhbərin vurğuladığı ilk məqam hökumətlə Tehran Bələdiyyəsinin ikitərəfli əməkdaşlığı oldu. O dedi: “Bu, mənim həmişəki tövsiyəmdir, lakin təəssüflər olsun ki, bəzi etaplarda mənim ona əməl olunmayıb və müəyyən problemlər ortaya çıxıb. Bununla belə, Tehran Bələdiyyəsi hökumətlə əməkdaşlıq etmək üçün əlindən gələn bütün səyləri səfərbər etməlidir. Əlbəttə ki, hökumətə də şəhər bələdiyyəsi və şəhər şurası ilə əməkdaşlıq etməklə bağlı tövsiyələr verilib”.

Ali Məqamlı Rəhbər Tehran Şəhər Şurasının sədrinin şuranın iclaslarında nazirlərin iştirak etməsi ilə bağlı səsləndirdiyi fikirlərə toxunaraq dedi: “Bu qarşılıqlı əməkdaşlıq prosesi davam etdirilməlidir”.

Ali Məqamlı Rəhbər paytaxt Tehranda aparılan tikinti işlərinin memarlıq üslubu mövzusuna da toxunaraq aşağıdakıları dedi: “Tehran şəhərinin memarlığı və görünüşü, doğrudan da, bir İslam şəhərinə uyğun deyil. Tehran Bələdiyyəsi və Şəhər Şurası buna qarşılarında duran ciddi bir məsələ kimi baxmalıdırlar”.

Ali Məqamlı Rəhbər binaların memarlıq üslubunun, şəhərdəki tikililərin görünüşünün insanların həyat tərzinə təsir etdiyini vurğulayaraq dedi: “Şəhərin yaşayış mühiti mümkün olduğu qədər elə formada layihələndirilməli və qurulmalıdır ki, daha rahat islami həyat tərzinin reallaşması mümkün olsun”.

Həzrət Ayətullah Xameneinin toxunduğu digər bir məqam bələdiyyənin mədəniyyət mərkəzləri, bu mərkəzlərin mahiyyətinə olduqca ciddi diqqət yetirilməsinin vacibliyi ilə bağlı oldu. O dedi: “Mədəni işlərin, mədəni tədbirlərin xəncər kimi iki ağzı olur: mahiyyəti yaxşı olduqda cəmiyyətin islahı,  münasib olmadıqsa isə intizamsızlıq və cürbəcür problemlər üçün zəmin yaradır”.

“Mədəni işlər düzgün və güclü mahiyyətə malik olmalıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Həmçinin mədəniyyət mərkəzlərində həqiqətən dindar, inqilabçı, siyasi İslama, dinə əsaslanan xalq hakimiyyətinə inanan mədəniyyət adamlarından istifadə olunmalıdır”.

Bələdiyyədə israfçılığa və lüzumsuz xərclərə qarşı diqqətin, vicdanlı əmək və əmanətdarlıq psixologiyasının gücləndirilməsinin vacib olduğunu vurğulayan Ali Məqamlı Rəhbər Tehran Bələdiyyəsi və Şəhər Şurası arasındakı əlaqələrlə bağlı aşağıdakıları dedi: “Tehran Şəhər İslami Şurası şəhər bələdiyyəsinə nəzarət edib onu istiqamətləndirməkdən əlavə, həm də bələdiyyəni himayə etməli, işlər qarşılıqlı anlaşma, qardaşlıq, müştərək bir vəzifəni həyata keçirmə prinsipləri əsasında irəliləməlidir”.

“Tehrandakı bağların və ağacların qədrini bilmək, bu milli sərvəti qorumaq lazımdır” – deyə vurğulayan Ali Məqamlı Rəhbər Tehran ətrafındakı yüksəkliklərdə aparılan tikinti işlərinə də toxunaraq təbii resursların dəmir-beton konstruksiyalara çevrilməsinin qarşısını almaq lazım olduğunu qeyd etdi.

Ali Məqamlı Rəhbər həmçinin zəhmət və xidmətlərinə görə 3-cü Şəhər Şurasının üzvlərinə və şura sədri cənab Çəmrana təşəkkür və qədirdanlığını bildirdi.

Görüş zamanı Tehranın bələdiyyə başçısı cənab Qalibaf şəhər bələdiyyəsinin fəaliyyəti və görülən işlər haqda məlumat verdi. O bildirdi ki, ədalətpərvərlik, şəhər əhalisi arasında təbəqələşmənin azaldılması, cihad əhval-ruhiyyəsinin, əməksevərlik mədəniyyətinin təbliği, elmi-tədqiqat işlərinə, kollektiv müdrikliyə xüsusi diqqət ayrılması, əhalinin və rəsmilərin şəhərin idarəçiliyində iştirakı, rüşvətxorluğa və bürokratiyaya qarşı ciddi mübarizə, məscid və hüseyniyələrə, teoloji mərkəzlərə diqqət ayrılması, şəffaflıq, qanunçuluq, Şəhər İslami Şurasının üzvləri ilə koordinasiya və həmrəylik Tehran Bələdiyyəsinin fəaliyyətində əsas götürülən tendensiyalardır.

Tehran Bələdiyyəsinin son 8 ildə gördüyü işlər haqda hesabat verən cənab Qalibaf 235 km uzunluqda şose yolunun çəkildiyini, 330 körpü salındığını, metro xətlərinin 162 km-ə qədər artırıldığını, kinoteatrların 10 min ədəd yeni tamaşaçı oturacağı ilə təmin olunduğunu, Müqəddəs Müdafiəni əks etdirən bağ-muzeyin, kitab bağının, məhəllə mədəniyyət mərkəzlərinin qurulduğunu qeyd etdi.

Tehran Şəhər İslami Şurasının sədri cənab Məscidecameyi də şuranın fəaliyyəti haqda hesabat verməklə yanaşı, mövcud problemlərin araşdırılması və həlli məqsədilə şuranın nəzdində 3 xüsusi komissiyanın: nəzarət, səhiyyə, eləcə də memarlıq və şəhərsalma komissiyalarının təşkil olunduğu haqda məlumat verdi.

Şura üzvlərinin zəngin təcrübəsinə, peşəkarlığına və keçmişdəki fədakar xidmətlərinə toxunan sədr şuranın hökumət və parlamentlə yaxından və müsbət əməkdaşlıq etdiyini qeyd edərək dedi: “Şəhər Şurasının üzvlərinin qarşılıqlı anlaşma  və həmrəylik şəraitində çalışması olduqca dəyərlidir və problemlərin həllinə effektiv təsir göstərə bilər”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /