İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (cümə axşamı) səhər Qumda din alimlərini, ruhaniləri və xalqın müxtəlif təbəqələrini təmsil edən minlərlə insanla görüşdü. Ali Məqamlı Rəhbər Qum əhalisi qarşısında etdiyi çıxışda vurğuladı ki, 1356-cı ilin 19 dey günü baş vermiş hadisənin mühüm aspektlərindən biri də ən çətin şəraitdə böyük iman və uzaqgörənlik əsasında təşəbbüs göstərmək, addım atmaq, hərəkət etməkdir. O həmçinin dedi: “Həmin gün Qumda baş vermiş hadisədən alınan ən böyük dərs budur ki, çətinlikləri uğurla geridə qoymaq üçün böyük imanla, düşmənə qarşı gözüaçıq olub onun düşmənçiliyini unutmayaraq xalqın daxili güc və təşəbbüsünə, gənclərin istedadına arxalanmaq, gözünü kənara dikməmək lazımdır”.
Qum əhalisinin 1356-cı ilin 19 dey günü həyata keçirdiyi tarixi qiyamın 36-cı ildönümü ərəfəsində baş tutan bu görüşdə Həzrət Ayətullah Xamenei Qurani-Kərimin “Rum” surəsində Allah-Taalanın möminlərə yardım etməyi Öz boynunda haqq hesab etdiyi ayəyə istinad edərək aşağıdakıları dedi: “Uca Yaradanın bu ayədə verdiyi mütləq vəd elə bir vəziyyətə aiddir ki, böyük düşmən cəbhəsi qarşısında möminlərin artıq heç bir ümid işığı qalmasın. Qum əhalisinin, buranın gənclərinin və din tələbələrinin İmam Xomeynini, diktatura əleyhinə qaldırılmış mübarizə bayrağını müdafiə etmək üçün küçələrə çıxdıqları və bu insanların qanlarının axıdıldığı gün də heç kim təsəvvür etməzdi ki, bu hadisənin belə bir təsiri və bərəkəti olacaq”.
O həmçinin vurğuladı: “Böyük iman gözüaçıqlıq, təşəbbüskarlıq, mətinlik və mübarizliklə yanaşı olarsa, Allah-Taalanın yardımı mütləqdir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Əgər müəyyən situasiyada möminlər Allahın yardımından bəhrələnmirlərsə, bunun səbəbi imanın zəifliyi, yanlışlığı, yaxud gözüaçıqlıqla müşayiət olunmamasıdır. Çünki gözüaçıq olmamaq korluğa bənzəyir. Kor insan isə yolu müəyyən edə bilməz və yanlış istiqamətə gedər”.
Həzrət Ayətullah Xamenei dedi: “Mənim 19 dey hadisələrində gözüaçıqlıq məsələsinin əhəmiyyətini dönə-dönə vurğulamağımın səbəbi də elə budur”.
Ali Məqamlı Rəhbər qeyd etdi ki, bəzi xalqların qiyam və hərəkatlarının qalibiyyətlə nəticələnməməyinin səbəbi ilahi yardımın gerçəkləşməsi üçün tələb olunan bəzi şərtlərin mövcud olmamağıdır. O vurğuladı: “İran xalqı böyük iman, gözüaçıqlıq, təşəbbüskarlıq və mübarizlik də daxil olmaqla bütün bu şərtləri təmin etməyi bacardı. Çünki onun İmam Xomeyni (r.ə) kimi sadiq və məharətli bir lideri var idi. O, dünyada gedən proseslərə bələd olan, şəxsi tamah və mənafedən uzaq, Quran və sünnəni dərindən bilən bir fəqih idi”.
Keçmiş haqqında dərindən düşünmək, onun zəif və güclü cəhətlərindən dərs götürmək lazım olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Heç kəs fantaziyaya qapılaraq belə düşünməməlidir ki, İslam İnqilabının düşmənləri bu gün öz düşmənçiliklərindən vaz keçiblər”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əlbəttə ki, istənilən düşmən naçar qalıb geri çəkilə bilər, buna baxmayaraq, düşməni və düşmən cəbhəsini diqqətdən yayındırmaq, düşmənin təbəssümünü ciddi qəbul edərək ona aldanmaq olmaz”.
“Hədəfi heç vaxt unutmaq olmaz”, – deyə vurğulayan Ali Məqamlı Rəhbər dedi: “İran İslam Respublikasının hədəfi İslam dininin ideallarına, yəni bəşəriyyətin maddi və mənəvi tərəqqisinə yetişməkdir. Bu ali hədəfə isə yalnız böyük iman, cari proseslərə qarşı gözüaçıqlıq və düşməndən qafil olmamaq sayəsində çatmaq mümkündür”.
Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mən ona görə dönə-dönə: “İran İslam Respublikasının üfüqləri aydındır” – deyirəm ki, bizim xalqımız imanlıdır, gözüaçıqdır, düşmənini tanıyır, həmçinin işləmək, təşəbbüs göstərmək əhval-ruhiyyəsinə malikdir”.
O həmçinin dedi: “Elə bir məsələ olubmu ki, bizim gənclərimiz qollarını çırmayıb işə girişsinlər və həmin işin öhdəsindən gələ bilməsinlər, problemi çözməsinlər? Hansı sferada zəruri infrastruktur hazır olubsa, həmin sferada gənclərimiz uğur qazanıblar. Bütün bunlar Uca Yaradanın bu xalqa bəxş etdiyi istedad və bacarığın bərəkətindəndir”.
Ali Məqamlı Rəhbər əlavə etdi: “Mənim rəsmilərə həmişəki tövsiyəm budur ki, ölkədəki problemləri aradan qaldırmaq üçün daxili güc və potensiala diqqət yönəltmək, xaricə göz dikməmək lazımdır”.
Xarici və beynəlxalq arenada fəal iştirakın əhəmiyyətinə heç bir şübhə olmadığını vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Lakin biz ümidimizi Allahın yardım və dəstəyinə, eləcə də xalqımızın və ölkəmizin daxili qüvvəsinə bağlamalıyıq. Məhz bu yanaşma ölkəni sığortalayacaq”.
Çıxışının davamında Həzrət Ayətullah Xamenei düşmənlərin həmişə olduğu kimi İran xalqını doğru-dürüst tanımamaqla səhvə yol verdiklərini qeyd edərək dedi: “Bu gün düşmənlərimiz elə danışırlar ki, elə bil, İran xalqı sanksiyaların təsiri ilə əllərini yuxarı qaldıraraq təslim olub. Halbuki onlar yenə də səhvə yol verirlər, çünki bu xalq elə bir xalq deyil ki, təslim olub əllərini yuxarı qaldırsın”.
“İran xalqı bugünkündən də ağır vəziyyətlərdə təslim olmayıb” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu reallığın açıq-aydın və inkaredilməz nümunəsi 8 il davam etmiş Müqəddəs Müdafiədir. O zaman dünyanın, Şərq və Qərbin bütün böyük dövlətləri İran ölkəsinə və xalqına qarşı hərbi əməliyyatlar aparmaqda cinayətkar Səddama kömək etdilər. Lakin xalqın böyük əzm və imanı, öz daxili gücünü qətiyyətlə ortaya qoymaq qərarı sayəsində Allahın yardımı gerçəkləşdi, düyünlər bir-bir açıldı, Səddam rejimi və onun himayədarları beynəlxalq nüfuzlarını itirmiş bir vəziyyətdə geri çəkilməyə məcbur oldular”.
Həzrət Ayətullah Xamenei vurğuladı: “Bu gün də problemləri yalnız ümumxalq müqaviməti yolu ilə düşmənlərə qarşı mübarizə aparmaqla, daxili güc və potensiala arxalanıb Uca Yaradana etimad etməklə aradan qaldırmaq mümkündür”.
O, əlavə etdi: “Düşmən qətiyyətli və mübariz bir xalqla üz-üzə gəldikdə geri çəkilməkdən başqa çarəsi qalmayacaq. İran xalqının sanksiyaların təsiri altında danışıqlar masasına oturduğunu güman etmək tamamilə yanlışdır və xalqımız düşmənin bu yanlış gümanını puç edəcək”.
Ali Məqamlı Rəhbər həmçinin dedi: “Biz daha öncə də bəyan etmişdik ki, İran İslam Respublikası məsləhət bildikdə bu şeytanla (Amerika nəzərdə tutulur – red.) onun şərini dəf etmək və problemi həll etmək üçün konkret mövzularla bağlı danışıqlar aparacaq”.
“Son müzakirələrin bərəkətli nəticələrindən biri də Amerika rəsmilərinin İran və iranlılarla, İslam və müsəlmanlarla düşmənçilik etdiklərinin aydın olmasıdır” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bu, Amerika rəsmilərinin son həftələrdə səsləndirdikləri bəyanatlarda və onların danışıq tonlarında hər kəsin görə biləcəyi qədər açıq-aydın şəkildə müşahidə olundu”.
O həmçinin dedi: “Əgər amerikalılar hansısa məsələdə hərəkətə keçmirlərsə, bunun səbəbi xalqımıza düşmən münasibət bəsləməməkləri yox, həmin məsələdə gücsüz olmalarıdır. Onlar özləri deyiblər ki, əgər bacarsaydıq, İranın nüvə sənayesini əsaslarını darmadağın edərdik, amma buna imkanımız çatmır. Bəli, onlar bunu edə bilməzlər, çünki İran xalqı iradəsini nümayiş etdirib, öz ayaqları üzərində durub, təşəbbüs və bacarığını ortaya qoyub”.
Ali Məqamlı Rəhbər həmçinin vurğuladı: “Son müzakirələr həm amerikalıların düşmənçiliyini, həm də onların gücsüzlüyünü nümayiş etdirdi”.
Həzrət Ayətullah Xamenei Amerikanın tanınmış simalarının, siyasət və media dairələrinin İslam dövlətinə və İran xalqına qarşı kin-küdurət dolu bəyanatlarla çıxış etdiklərinə, o cümlədən onların İranda insan haqlarının pozulduğu barədə səsləndirdikləri qərəzli fikirlərə toxunaraq dedi: “İnsan haqlarından kim danışsa da, amerikalıların buna haqqı yoxdur. Belə ki Amerika dövləti dünyada insan haqlarının ən kobud pozucusudur”.
Amerikanın qəsbkar İsrail rejimini, bu dövlətin Fələstin xalqına, o cümlədən məzlum Qəzza əhalisinə qarşı törətdiyi zülm və pislikləri davamlı olaraq himayə etdiyini, bu insanlara ən zəruri qida və tibb ləvazimatlarının çatdırılmasına əngəl olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Məgər bütün bunlar bəşəriyyətə qarşı zülm, insan haqlarının pozulması deyilmi? Belə olduğu halda onlar insan haqları sözünü dilə gətirməkdən utanmırlarmı?”
Ali Məqamlı Rəhbər Amerika prezidentinin seçkiqabağı təşviqat apardığı zaman Qvantanamo həbsxanasının buraxılacağını vəd verdiyini, amma aradan 5 il ötməsinə baxmayaraq, bu vədinə əməl etmədiyini xatırladaraq dedi: “Amerikanın Pakistan və Əfqanıstan camaatına pilotsuz təyyarələrlə etdiyi hücumlar, minlərlə başqa cinayətlər, həmçinin onların dünyada işlətdiyi hələ bilinməyən cinayət metodları Amerikanın insan haqlarına zidd olan gerçək mahiyyətindən xəbər verir”.
O həmçinin vurğuladı: “Biz insan haqlarını pozduqları üçün Amerikaya və bir çox Qərb dövlətlərinə qarşı çıxış edir, dünya ictimaiyyəti qarşısında onların yaxasından yapışırıq. Onlarınsa verməyə cavabı yoxdur”.
Həzrət Ayətullah Xamenei İran xalqının Uca Yaradana söykənərək bütün maneələri geridə qoyacağını və öz ali hədəflərinə yetişəcəyini bildirdi.
Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər İslam İnqilabının qələbəsindən sonra müxtəlif dövrlərdə, özəlliklə də həssas və diqqətəlayiq etaplarda Qum əhalisinin mühüm mövqeyə malik olduğunu qeyd edərək dedi: “İslam və şiə ruhaniyyətinin mərkəzi olan Qum İran İslam Respublikasının əzəmətinin simvoludur”.
Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir