Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbəri:

Mədəniyyət və mədəni dəyərlər bir xalqın kimliyi və ruhudur

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Mədəni İnqilab Ali Şurasının sədri və şura üzvləri ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə mədəniyyət mövzusunun və Mədəni İnqilab Ali Şurasının mövqeyinin həyat əhəmiyyətli olduğunu açıqlayaraq şuranın qəbul etdiyi qərarların icrasının qarant altına alınması, mədəniyyət sahəsi ilə bağlı hökumət strukturlarının öhdəsinə düşən nəzarət və istiqamətləndirmə vəzifələri, mədəni təzahürlərə qarşı müdrik mövqeyin seçilməsi, universitetlərdə ardıcıl elmi inkişafın aparılması, humanitar elmlər sahəsində həyata keçiriləcək dəyişikliklərin əsaslarının işlənib hazırlanması, gözəl bir dil olan fars dilinin kənar təsirlərdən qorunması ilə bağlı mühüm məqamlara toxundu.

Həzrət Ayətullah Xamenei çıxışının ilk hissəsini cəmiyyətdə mədəniyyətin mövqe və əhəmiyyətinə həsr etdi. O, hakimiyyətin üç qoluna rəhbərlik edən rəsmilərin mədəni baxımdan təqdirəlayiq şəxsiyyətə və keçmiş fəaliyyət təcrübəsinə malik olduqlarını, həmçinin Mədəni İnqilab Ali Şurasının əksər üzvlərinin mədəniyyət sferası üçün faydalı kadrlar olduğunu qeyd edərək dedi: “Məhz buna görə də bizim Mədəni İnqilab Şurasından gözləntimiz budur ki, cəmiyyətdə mədəniyyət mövzusunun daha da qabardılması, bu mövzunun öz gerçək və lazımi statusunu əldə etməsi üçün daha artıq səy və əzm göstərsin”.

Mədəniyyətin və mədəni dəyərlərin bir xalqın kimliyi və ruhu olduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Mədəniyyət siyasət və iqtisadiyyatın bazisi deyil, əksinə, siyasət və iqtisadiyyat mədəniyyətin bazisidir”.

Həzrət Ayətullah Xamenei müxtəlif sferalarda mühüm məsələlərlə bağlı qəbul edilən qanun və qərarlara mədəniyyət nöqteyi-nəzərindən əlavələr edilməli olduğunu qeyd edərək dedi: “Bəzən siyasət, iqtisadiyyat, sosial həyat və hətta elm sahələri ilə bağlı çıxarılan qanun və qərarlar mədəni cəhətdən cəmiyyətdə mənfi nəticələr doğura bilər. Bunun səbəbi isə həmin qanunlara mədəni əlavələrin edilməməsidir”.

Ali Məqamlı Rəhbər vurğuladı: “Mədəniyyət sahəsində iş görmək üçün fəaliyyət proqramı olmalıdır və istər ümumxalq miqyasda, istər elit ictimaiyyət içərisində, istərsə də akademik sferada mədəniyyətin öz-özünə inkişaf edib irəli gedəcəyini gözləmək yersizdir”.

Ali Məqamlı Rəhbər söhbətin bu məqamından dövlətin mədəniyyətlə bağlı məsələlərə nəzarətinin, sözügedən sahənin hökumət tərəfindən düzgün istiqamətləndirməsinin vacibliyi mövzusuna keçid edərək dedi: “Ölkədəki ümumi mədəni tendensiyaya münasibətdə müxtəlif hökumət strukturları məsuliyyət daşıyırlar”.

Dövlətin mədəniyyət sferası ilə bağlı məsələlər üzərində nəzarətini bağbanın gözəl güllərin qayğısına qalmasına bənzədən Ali Məqamlı Rəhbər dedi: “Bağçanın alaq otlarından təmizlənməsi güllərin inkişafı, onların günəş işığından, hava və sudan rahat istifadə etməsi deməkdir”.

“Mədəniyyət sferasında rast gəlinən destruktiv təzahürlərə qarşı həssas olub mübarizə aparmaq hökumətin nəzarət funksiyalarından biridir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mədəniyyətlə bağlı məsələlərə, ölkədəki ümumi mədəni tendensiyaya münasibətdə bizim hamımızın öhdəsinə şəri və hüquqi vəzifələr düşür”.

“Mədəniyyət daim xalqın iştirakına söykənir”, – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “Mədəniyyətlə bağlı məsələlərin xalqa həvalə edilməsi dövlətin nəzarət və istiqamətləndirmə vəzifəsini inkar etmək demək deyil. Həmçinin dövlət və hökumətin mədəniyyət sferasında iştirakı da xalqın iştirakına ehtiyac olmaması kimi başa düşülməməlidir”.

Həzrət Ayətullah Xamenei mədəniyyət sahəsində Qərbdə olduğu kimi azadlıqların təmin olunmasının vacibliyi ilə bağlı səsləndirilən bəzi məsuliyyətsiz çıxışlara toxunaraq dedi: “Nəyə görə qərblilər özlərində olan məntiqsiz və azğın təzahürləri israrla mədəni nailiyyət kimi qələmə verdikləri – məsələn, kişi və qadının hüquq və vəzifələrinin qarışdırılmasını qadın-kişi bərabərliyi, öz həyat tərzlərini inkişaf və tərəqqi kimi təqdim etdikləri halda, biz öz yüksək mədəni dəyərlərimiz üzərində israrla durmayaq?!”

Ali Məqamlı Rəhbərin toxunduğu ikinci məqam Mədəni İnqilab Ali Şurasının mövqe və əhəmiyyəti ilə bağlı oldu. O dedi: “Mədəni İnqilab Ali Şurası İmam Xomeyninin (r.ə) bərəkətli təşəbbüslərindən biridir. Bu qurum ölkənin ən ali və ən yaxşı mədəniyyət mərkəzidir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, Mədəni İnqilab Ali Şurasının ən mühüm güclü cəhəti bu şurada yüksək səviyyəli rəhbər kadrların, həmçinin görkəmli elm və mədəniyyət xadimlərinin təmsil olunmasıdır. O vurğuladı: “Məhz bu, ölkədə mədəniyyətin cürbəcür siyasi tendensiyaların yüksəliş və enişlərinə tabe olmasına əngəl olur, ölkənin mədəni hərəkatının öz sabitliyini qorumaqla yanaşı, bayağılıqdan uzaq olması üçün şərait yaradır”.

O, əlavə etdi: “Mədəni İnqilab Ali Şurasında mühüm məsələlərdən biri də budur ki, şura üzvləri şuranın mövqe və əhəmiyyətini dəyərləndirərkən onun ölkənin mədəni siyasətini müəyyən edən əsas mərkəz olduğuna inansınlar”.

“Üzvlərin davamlı iştirakı, iclasların təxirə salınmaması olduqca vacibdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Mədəni İnqilab Ali Şurası əsas və infrastruktur məsələlərlə məşğul olmalı, detallara varmaqdan çəkinməlidir”.

Ali Məqamlı Rəhbər çıxışının üçüncü məqamı olaraq, Mədəni İnqilab Ali Şurası tərəfindən qəbul edilən qərarların icrasının qarant altına alınmasını qeyd etdi. O dedi: “Şurada qəbul edilən qərarlar, hökmən, icra olunmalıdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, şurada qanunverici və icraedici hakimiyyətlərin başçılarının, nazirlərin və müxtəlif dövlət qurumlarının rəsmilərinin təmsil olunması orada qəbul edilən qərarların icrası üçün zəmanət olmalıdır. O dedi: “Ölkənin kompleks elmi planı”, “Təhsil sistemində fundamental dəyişikliklər”, “İslam Universiteti ilə bağlı sənəd”, habelə “Görkəmli xadimlərlə bağlı strateji proqram” kimi son dərəcə mühüm və gözəl dövlət sənədləri icra olunmalı və reallaşdırılmalı, onların hansı formada icra olunduğuna şura özü də nəzarət etməlidir”.

Həzrət Ayətullah Xameneinin Mədəni İnqilab Ali Şurasının üzvlərinin diqqətinə çatdırdığı dördüncü məqam müasir dövrün mədəni hücumlar adlandırılan reallığı oldu.

O, müxtəlif ölkələrin, o cümlədən Avropa dövlətlərinin tanınmış siyasət və mədəniyyət  adamlarının Amerikanın başqa ölkələrin mədəniyyətinə hücumlar etməsi ilə bağlı səsləndirdikləri fikirlərə toxunaraq dedi: “Mənim illər öncə haqqında xəbərdarlıq etdiyim məsələ bu gün inkaredilməz həqiqətə çevrilib”.

Ardınca Ali Məqamlı Rəhbər digər bir reallığa toxundu: dünyada konkret olaraq İran xalqının zehninə və davranışına təsir göstərmək hədəfi ilə çalışan, ən azı, yüzlərlə radio, televiziya, qəzet-jurnal və internet orqanının fəaliyyət göstərməsi.

Ali Məqamlı Rəhbər bəzi kompüter oyunlarının və xaricdən gətirilən oyuncaqların da iranlı uşaq, yeniyetmə və gənclərin təfəkkürünə Qərbə xas həyat və davranış tərzinin yeridilməsində özünəməxsus təsirə malik elementlər olduğunu qeyd etdi.

Əmək və təşəbbüskarlığın mədəni hücumlara qarşı tədbirli mübarizənin əsasını təşkil etdiyini deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Bu təzahürə qarşı təşəbbüskar səylərlə mübarizə aparmaq lazımdır və bu işdə Dövlət Teleradiosunun, İslam Mədəniyyəti və İrşadı Nazirliyinin öhdəsinə olduqca ağır bir vəzifə düşür”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, İslam İrşadı Nazirliyinə təkidlə aşağıdakıları tövsiyə etdi: “Öz iş proqramınızda kitab çapını, faydalı kitabların tərcüməsini, kinomatoqrafiyanın yüksək imkanlarına dayanaraq maraqlı və cəlbedici kinofilmlərin çəkilməsini, faydalı kompüter oyunlarının istehsalını, dinamik oyunların genişləndirilməsini, mənalı və maraqlı oyuncaqların istehsalını önə keçirin”.

“Mədəni hücumun yeni yaranan təzahürlərini İrana daxil olmamışdan əvvəl dəqiqliklə izləyib müəyyən etmək vacibdir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Gec başa düşüb, gec hərəkətə keçmək problem yaradır. Odur ki vaxtında və müdrikliklə tədbir görmək lazımdır”.

Müdrikliklə tədbir görməyin nə demək olduğunu açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Hansısa təzahürlərin ölkəyə nüfuz etməsinin qarşısını tamamilə almaq lazımdır, müəyyən təzahürləri isə qəbul, yaxud islah etmək olar”.

Mədəni hücumlarla bağlı söhbətini yekunlaşdıran Həzrət Ayətullah Xamenei son olaraq, hücumçu mədəniyyət qarşısında yumşaqlıq göstərməyin və ya sırf müdafiə mövqeyi tutmağın ən pis və ən ziyanlı yanaşma olduğunu bildirərək dedi: “Bəzi hallarda hücumçu mövqe seçmək olar, lakin istənilən halda, istənilən şəraitdə müdrikliklə, düşünərək addım atmaq lazımdır”.

Çıxışının ardında Ali Məqamlı Rəhbər, beşinci məqam kimi, Mədəni İnqilab Ali Şurasının sədrini və şura üzvlərini universitetlərdə və elmi tədqiqat mərkəzlərində ardıcıl elmi inkişafın təmin olunmasının vacibliyinə tam diqqət ayırmağa çağırdı.

Həzrət Ayətullah Xamenei ölkənin son 10 ildəki sürətli elmi inkişaf tempini və əldə edilmiş nailiyyətləri İran xalqının müxaliflərinin belə, etiraf etdiyi mübarək bir reallıq adlandırdı.

Prezidentin bu barədə söylədiyi fikirləri xatırladan Ali Məqamlı Rəhbər bildirdi ki, bütün rəsmilər, özəlliklə də Ali Təhsil və Səhiyyə Nazirləri ölkənin elmi inkişaf tempinin yavaşımaması, əksinə, günü-gündən daha da sürətlənməsi və yaxşılaşması üçün var qüvvələrini səfərbər etməlidirlər.

O, əlavə etdi: “Ölkə gənclərinin ruhunda “Biz bacaracağıq!” reallığı təlatüm edir. Onlara ruh yüksəkliyi bəxş edən bu dalğanı gücləndirin ki, Allahın köməyi ilə, ölkəmizin elmin zirvələrinə yetişməsi, İranın dünya elminin liderinə çevrilməsi, yeni İslam sivilizasiyasının qurulması reallaşsın”.

Həzrət Ayətullah Xamenei görüş iştirakçılarına daha bir mühüm tövsiyə də verdi: “Universitetlər heç bir dəlil əsasında siyasi cərəyanların at oynatdığı məkana çevrilməməlidir. Çünki bu, elmi inkişafın qarşısını alır”.

O, əlavə etdi: “Biz keçmişdə olduğu kimi, yenə də bu əqidədəyik ki, gənclər, xüsusilə də universitet tələbələri ictimai-siyasi proseslərin hərəkətverici qüvvəsidir, lakin bu məsələ ali təhsil müəssisələrinin siyasi cərəyanların at oynatdığı məkanlara çevrilməsindən tamamilə fərqlənir”.

Həzrət Ayətullah Xameneinin Mədəni İnqilab Ali Şurasının üzvləri ilə görüşü zamanı vurğuladığı 6-cı məqam böyük və dərin bir nigarançılığın ifadə edilməsi ilə bağlı oldu. Ali Məqamlı Rəhbər qeyd etdi ki, onun bu nigarançılığı fars dilinə qarşı diqqətsizliklə, bu dilə edilən hücumlarla bağlıdır.

Uyğun fars sözü mövcud olduğu yerdə xarici sözlərdən istifadə edilməsini tənqid edən Ali Məqamlı Rəhbər dedi: “Təəssüf! İş o yerə çatıb ki, bəzi insanlar nitqlərində Avropa sözləri işlətməməkdən utanc duyurlar. Müxtəlif sahələrdə, hətta uşaq və yeniyetmələrlə bağlı mövzularda xarici ad və ifadələrin işlənməsi getdikcə geniş hal almaqdadır”.

O həmçinin vurğuladı: “Mədəni İnqilab Ali Şurası gözəl və dərin bir dil olan fars dilinə münasibətdə hər cür təzyiq və ayrı-seçkiliyə qarşı müdrikliklə mübarizə aparmaqla yanaşı, bu dilin bütün sferalarda güclənməsi, möhkəmlənməsi və genişləndirilməsi üçün ciddi və hiss edilən səy göstərməlidir”.

Çıxışını davam etdirən Həzrət Ayətullah Xamenei humanitar elmlərlə bağlı Mədəni İnqilab Ali Şurasının öhdəsinə düşən vəzifələrə toxundu. O dedi: “Ən əsas iş kimi, şura humanitar elmlər sahəsində həyata keçirilməli olan dəyişikliklərin elmi-fəlsəfi əsaslarını işləyib hazırlamağa başlamalıdır”.

Ali Məqamlı Rəhbər son olaraq ictimai problemlərə və onları ortaya çıxaran mədəni amillərə diqqət yetirməyin vacibliyinə toxundu. O dedi: “Şura boşanma, korrupsiya və cinayətkarlıq kimi problemlərin köklərinin və həlli yollarının araşdırılmasına diqqət yönəltməlidir”.

Sosial problemlər sırasında ölkə əhalisinin yaşlanmasını böyük və real bir təhlükə adlandıran Həzrət Ayətullah Xamenei əlavə etdi: “Rəsmilər ölkədə gənc əhalinin sayının azalması ilə mübarizəyə ciddi önəm verməli və problemin vaxtında həlli yollarını təqdim etməlidirlər”.

Görüş əsnasında Ali Məqamlı Rəhbər mərhum Dr. Həsən Həbibinin xatirəsini də yad etdi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə ölkə başçısı Höccətül-İslam vəl-muslimin Həsən Ruhani Mədəni İnqilab Ali Şurasının ölkənin mədəni siyasətlərini müəyyənləşdirən ən yüksək qurum olduğunu qeyd edərək dedi: “Hökumət mədəniyyət sahəsi ilə bağlı özünə ən yaxşı müşavirlər seçmək istəsəydi, Mədəni İnqilab Ali Şurasının üzvlərindən yaxşılarını tapa bilməzdi”.

Şura tərəfindən, özəlliklə elm və texnologiya ilə bağlı qəbul edilmiş uğurlu qərarlara toxunan Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Dövlət ölkədə elm –texnologiya siklini tamamlamaq, elmi biliklərdən maddi sərvətlər istehsal etmək və milli qüdrəti artırmaq üçün ciddi tədbirlər görməkdə qərarlıdır”.

Hökumətin Mədəni İnqilab Ali Şurasının qəbul etdiyi qərarları icra etmək əzmində olduğunu vurğulayan ölkə başçısı dedi: “Şura tərəfindən hazırlanmış mühüm dövlət sənədlərindən biri də “Görkəmli xadimlərlə bağlı dövlət proqramı”dır. Hökumət bu proqramın reallaşdırılması, elmi əsaslı şirkətlərin himayə edilməsi üçün lazımi tədbirlər görəcək”.

Cənab Ruhani qeyd etdi ki, hökumətin yanaşmalarından biri də icra, iqtisadiyyat, siyasət və ictimaiyyatla bağlı məsələlər üçün mədəni əlavələrin işlənib hazırlanmasıdır. O, hökumətin dini və əxlaqi ideologiyanı qoruma istiqamətində ciddi səylər göstərdiyinə toxunaraq dedi: “Biz düşünürük ki, dini inanc rasionallıq və mötədilliklə birgə, ifratçılıq, xurafatçılıq və şüarçılıqdan isə uzaq olmalıdır”.

Mədəniyyətlə bağlı məsələlərdə əhalinin roluna, həmçinin Mədəni İnqilab Ali Şurasının nəzarət vəzifəsi daşıdığına toxunan ölkə başçısı ailə institutu, təhsil və tərbiyə kimi mövzuların xüsusi əhəmiyyət kəsb etdiyini dedi. O vurğuladı: “Cəmiyyətdəki ümumi mədəniyyəti yalnız ailələrdə və məktəblərdə mədəniyyət formalaşdırmaq yolu ilə islah etmək mümkündür”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /