Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər ölkə başçısının nüvə danışıqlarının gedişatı ilə bağlı məktubunu cavablandırdı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İran İslam Respublikasının prezidenti Höccətül-İslam vəl-muslimin Ruhaninin nüvə danışıqlarının gedişatı ilə bağlı məktubunun cavabında ölkəni bu diplomatik prosesdə təmsil edən heyətə təşəkkür və qədirdanlığını bildirərək deyir: “Şübhəsiz ki, bu uğura yol açmış amillər Allahın yardımı, İran xalqının duaları və dəstəyidir. Haqsız tələblərə qarşı daim müqavimət göstərmək bu sferada təmsil olunan rəsmilərin fəaliyyətində düzgün kursun meyarı olmalıdır”.

Ölkə başçısının məktubunun və Ali Məqamlı Rəhbərin cavab məktubunun mətnləri aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneiyə,

Sizə salamlarımı və sonsuz sağlıq diləklərimi çatdırıram.

Allaha şükürlər olsun ki, tədbirlilik və optimizmi rəhbər tutan hökumətimizin işə başladığı ilk aylarda sizin inqilabçı övladlarınız çox çətin və mürəkkəb danışıqlarda İran xalqının nüvə texnologiyaları sahəsində fəaliyyət göstərmək haqqını beynəlxalq arenada sübuta yetirə, xalqımızın nüvə texnologiyalarına malik olmaq, uranı zənginləşdirmək hüququnu illərlə inkar etmiş böyük dövlətlərin bu hüququ etiraf etmələri, ölkənin texnoloji və iqtisadi nailiyyətlərinin müdafiəsi üçün gələcəkdə daha böyük addımların atılması yolunda irəliyə doğru ilk addımı ata bildilər.

Bu danışıqlarda əldə olunmuş uğurlar göstərdi ki, dövlətin bütün prinsiplərinə və qırmızı xətlərinə riayət etməklə, İran xalqının dəlillərə söykənən, məntiqli mövqeyini dünya ictimaiyyətinə təqdim edərək bütün şübhə və iradları ortadan qaldırmaqla böyük dövlətləri də İran xalqının hüquqlarına hörmət etməyə çağırmaq, mövcud fikir ayrılıqlarının tam həlli yolunda növbəti möhkəm addımları atmaq mümkündür.

Sözsüz ki, bu uğur Allahın inayəti, İslam dövlətinin Aliməqam Rəhbərinin istiqamətləndirməsi və İran xalqının öz rəsmilərindən əsirgəmədiyi dəstəyi sayəsində qazanılmışdır. Bu yolda son və mütləq uğurun qazanılması da Cənabınızın tövsiyə və istiqamətləndirmələrinin, eləcə də şərəfli və səbirli İran xalqının yardım və dəstəyinin davam etdirilməsindən asılıdır.

Əldə edilmiş ilkin razılaşmaların ölkəyə qazandırdığı mütləq nailiyyətlər İran xalqının nüvə hüququnun rəsmi şəkildə tanınmasından, bu ölkənin övladlarının nüvə texnologiyası sahəsində əldə etdiyi uğurların müdafiəsindən ibarətdir. Bununla yanaşı, zülmkar sanksiyaların durdurulması ilə birtərəfli sanksiyalar çərçivəsində göstərilən qanunsuz təzyiqlərin bir hissəsi aradan qaldırılmış, sanksiya mexanizminin dağıdılmasına başlanmışdır. İslam dövlətinin bu təşəbbüsünün və böyük İran xalqının mübarizliyinin nəticəsi olaraq, böyük dövlətlər – təəssüf ki, gec də olsa – sanksiyaların heç bir nəticə verməyəcəyi, İranın əvvəlcədən elan etdiyi kimi, razılaşmanın əldə olunması üçün qarşılıqlı hörmət şəraitində aparılan danışıqlardan başqa yol olmadığı qənaətinə gəliblər. Heç şübhəsiz, bu razılaşmanın əldə olunması bütün region ölkələrinin mənafeyinə, sülhə və beynəlxalq münasibətlərdə qarşılıqlı maraq prinsipinə uyğun irəliləyişin əldə olunmasına xidmət edəcək.

Bu ilahi inayətin xalqımıza və rəsmilərimizə nəsib olması münasibətilə Ali Məqamlı Rəhbərimizi təbrik edir, yardımınıza və istiqamətləndirmələrinizə görə Sizə öz təşəkkürümü bildirirəm. Həmçinin səmimi dəstəyinə görə böyük İran xalqına təşəkkür və qədirdanlığımı bildirir, nüvə texnologiyalarının əldə olunması yolunda həyatını itirmiş şəhidlərin xatirəsini ehtiramla yad edərək, rəhbərlik etdiyim hökumətin qədirbilən xalqımıza xidmət andını bir daha təzələyərək Cənabınızın və xalqımızın xeyir-dualarının davamlı olmasını diləyirəm.

Həsən Ruhani
3 azər 1392
(24 noyabr 2013)


Allahın adı ilə!

Möhtərəm Prezident,

Məktubda qeyd etdiyiniz nailiyyətlərin əldə olunmasına görə nüvə danışıqlarında iştirak edən nümayəndə heyəti və digər rəsmilər təqdir və təşəkkürə layiqdirlər. Bu uğurlar növbəti müdrik addımlar üçün zəmin ola bilər. Şübhəsiz ki, bu uğura yol açmış amillər Allahın yardımı, İran xalqının duaları və dəstəyidir. İnşallah, gələcəkdə də elə belə olacaq. Haqsız tələblərə qarşı daim müqavimət göstərmək bu sferada təmsil olunan rəsmilərin fəaliyyətində düzgün kursun meyarı olmalıdır və inşallah belə də olacaq.

Seyid Əli Xamenei
3 azər 1392
(24 noyabr 2013)


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /