Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İran İslam Respublikasının yeganə hədəfi bütün xalqlara ədalət və yaxşılıqdır!

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei on minlərlə bəsic komandanı ilə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə bildirdi ki, bəsic İslam dövlətinin səbat, iftixar və ehtişamının təzahürüdür. O, Amerika başda olmaqla dünya imperializminin haqqı qəbul etməyən, aldadıcı metod və xüsusiyyətlərini şərh edərək qeyd etdi ki, düşməni məyus etməyin yeganə yolu xalqın güclü olub müqavimət göstərməsidir. Hökuməti və rəsmiləri qəti surətdə dəstəklədiyini vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Nüvə məsələsində qırmızı xətlərə riayət olunmalıdır və xalqın hüququndan bir addım belə olsun geri çəkilmək olmaz”.

Həzrət Ayətullah Xamenei bu böyük izdiham qarşısında bəsici İran xalqının əzəmətinin təzahürü, ölkənin effektiv daxili qüvvəsi adlandıraraq aşağıdakıları vurğuladı: “Dövlətin, inqilabın və ölkənin dostları üçün bəsic sevinc, ümid və etimad, İslam dövlətinin bədxahları və kinli düşmənləri üçün isə qorxu və dəhşət mənbəyidir”.

Bu il Bəsic həftəsinin Həzrət Zeynəbin (s.ə) tarixi qəhrəmanlıq günlərinə təsadüf etdiyini qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Həzrət Zeynəbin qəhrəmanlığı Aşura qəhrəmanlığını tamamladı və müəyyən mənada, onu canlandıraraq qorudu, məhv olub aradan getməsinə imkan vermədi”.

“Həzrət Zeynəbin (s.ə) gördüyü işin böyüklüyünü yalnız Aşura qəhrəmanlığı ilə müqayisə etmək mümkündür” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi ki, bu İslam tarixinin və bəşəriyyətin bu böyük xanımı bütün müsibətlər və acı olaylar qarşısında vüqarlı və sarsılmaz qala tək duraraq əbədi bir örnəyə və liderə çevrildi”.

Həzrət Zeynəbin (s.ə) Kufə camaatı, eləcə də İbn Ziyad və Yezid qarşısında söylədiyi kəskin və qətiyyətli nitqlərə toxunan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “O böyük qadın, eynilə Aşura günü İmam Hüseynin (ə) olduğu kimi, qürur və heysiyyət mücəssəməsi idi”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Həzrət Zeynəbin müqaviməti tarixdə haqq yolunda necə duruş gətirib müqavimət göstərmək lazım olduğunu nümayiş etdirən bir cərəyanın yaranması ilə nəticələndi. O həmçinin dedi: “Biz öz fəaliyyətimizdə daim Zeynəbi nümunə götürməli, bu istiqamətdə getməli, hədəfimiz də İslamın, İslam toplumunun, insanın qürur və başucalığını təmin etmək olmalıdır”.

Ali Məqamlı Rəhbər bildirdi ki, Həzrət Zeynəbdə (s.ə), eləcə də digər ilahi övliya, peyğəmbər və möminlərdə belə bir ruhiyyənin yaranmasının əsas amili onların Uca Allahla olan əhd-peymanlarına sədaqətlə yanaşmasıdır. O dedi: “Qurani-Kərim bu sədaqəti həm böyük ilahi peyğəmbər və övliyalar, həm də adi insanlar – möminlər üçün vacib bilir. Biz hamımız Allahla aramızda olan əhd-peymana cavabdeh olmalıyıq”

Həzrət Ayətullah Xamenei vurğuladı: “Quranın açıq-aşkar surətdə buyurduğu kimi, bu əhd-peyman düşmənlə siyasi, hərbi və iqtisadi qarşıdurmada mübariz olmaqdan, düşmənə arxa çevirməməkdən ibarətdir”.

O həmçinin dedi: “Bu əhdə əsasən, qarşıdurmanın olduğu istənilən meydanda düşmənin qarşısında möhkəm dayanmaq lazımdır. Möminlərin əzm və iradəsi düşmənin əzminə qalib gəlməlidir”.

Çıxışının bu hissəsində Ali Məqamlı Rəhbər bu yaxınlarda işlətdiyi “qəhrəmancasına yumşaqlıq” ifadəsinə toxunaraq dedi: “Bəziləri qəhrəmancasına yumşaqlığı İslam dövlətinin prinsip və ideyalarından əl çəkmək kimi interpretasiya ediblər, bəzi düşmənlər də, buna əsasən, İslam dövlətinin öz prinsiplərindən geri çəkildiyini iddia etməyə başlayıblar. Halbuki həmin ifadədən bu kimi nəticələrin çıxarılması həqiqətə zidd və yanlış anlaşılmadır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Qəhrəmancasına yumşaqlıq etmək İslam dövlətinin müxtəlif hədəf və ideyalarının təmin edilməsi üçün ustalıqla manevr etmək, bu yolda müxtəlif metodlardan istifadə etmək deməkdir”.

İslam dövlətinin böyük İslam sivilizasiyasının qurulması və inkişaf etdirilməsi istiqamətində müxtəlif hədəflər nəzərdə tutduğunu deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu hədəflərin hissə-hissə, mərhələ-mərhələ təmin olunması nəzərdə tutulur. Ölkəmizin düşünən beyinləri və rəsmilərimiz bu mərhələləri müəyyənləşdirir, ardınca isə kollektiv hərəkata başlanılır”.

O həmçinin dedi: “Bu, İslam dövlətini tərəqqi və inkişafa aparacaq düzgün və rasional hərəkət sistemidir. Siyasət arenasının bütün fəalları, ölkənin yüksək ranqlı administrasiya rəsmiləri, həmçinin bəsic sferasının fəalları onu diqqətdə saxlamalıdırlar”.

Daha sonra Ali Məqamlı Rəhbər bir neçə sual irəli sürdü. Həmin suallar aşağıdakılardan ibarət idi: İslam dövlətinin inkişaf etməkdə israrlı olması bu dövlətin militarist niyyətindənmi xəbər verir? Zaman-zaman İslam dövlətinin bəzi düşmənlərinin dilindən, o cümlədən regionun quduz iti olan İsrail rejiminin nəhs nə nəcis ağzından eşidildiyi kimi, İslam dövləti dünyadakı bütün xalqlar və dövlətlərlə savaşmaq niyyətindədirmi?

Ali Məqamlı Rəhbər bu sualların cavabında dedi: “Düşmənin bu iddiası İslam dininin yanaşmasına və metoduna tam ziddir. Odur ki İslamdan, Qurandan, Peyğəmbərdən (s) və məsum imamlardan (ə) aldığı dərsə əsasən, İslam dövlətinin yeganə hədəfi bütün xalqlara ədalət və yaxşılıqdır”.

O vurğuladı: “Dünya üçün əsl təhlükə yer üzündə şər saçan qüvvələr, o cümlədən qondarma İsrail rejimi və onun himayədarlarıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dövləti həmişə bütün bəşəriyyətə sevgi və xidmət göstərmək, xalqlarla dostluq münasibətində olmaq istəyib”.

Ali Məqamlı Rəhbər fikrinə aşağıdakıları da əlavə etdi: “İslam dövlətinin hətta Amerika xalqı ilə də heç bir düşmənçiliyi yoxdur, hərçənd ABŞ dövləti İran xalqına və İslam dövlətinə qarşı imperialistcəsinə, düşmən və bədxahcasına, kin-küdurətlə davranır”.

O vurğuladı: “İslam dövləti məhz imperializmin əleyhinədir və buna qarşı mübarizə aparır”.

Bu reallığı vurğuladıqdan sonra Həzrət Ayətullah Xamenei çıxışını imperializmin tarixi xüsusiyyətləri və onların müasir dövrdəki təzahür formaları haqda fikirləri ilə davam etdirdi.

Fars dilində imperializm anlamına gələn “istikbar” kəlməsinin Qurandan götürüldüyünü bildirən Ali Məqamlı Rəhbər dedi: “Tarix boyu imperializmin strukturu eyni, işlətdiyi metodlar isə fərqli olmuşdur”.

“İstənilən sferada ağıl və məntiqdən uzaq olan istənilən addımın əleyhinə çıxış etmək lazımdır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün sahələrdə, o cümlədən imperializmə qarşı mübarizədə planlı surətdə, ağıl və müdrikliklə hərəkət etmək lazımdır”.

Ali Məqamlı Rəhbər imperializm qarşısında tədbir və müdrikliklə mövqe tutmaq üçün onun davranışlarındakı xüsusiyyət və tendensiyaları bilməyin vacib olduğunu qeyd edərək dedi: “İmperializm sisteminin özəlliklərinə bələd olub onları düzgün dərk etmədən ona qarşı mübarizə aparmaq üçün müdrik fəaliyyət planı qurmaq mümkün deyil”.

İmperializmin davranış xüsusiyyətləri haqqında daha ətraflı danışan Həzrət Ayətullah Xamenei əsas diqqəti onlardan başlıcasına, yəni eqosentrizm – özünü üstün görmək xüsusiyyətinə cəlb etdi.

O qeyd etdi ki, bir ölkə, yaxud beynəlxalq bir sistem özünü əsas mehvər, başqalarından üstün və əhəmiyyətli hesab etdikdə qlobal münasibətlərdə təhlükəli bir balanslaşma yaranır.

“Özünə başqa ölkələrin işlərinə müdaxilə etmək haqqı tanımaq, istədiyi dəyərləri başqa xalqların mədəniyyətinə zorla yeritmək və dünyanı idarə etmək iddiasında olmaq imperializm sisteminin mütləq eqosentrizminin nəticələrindən biridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerikanın dövlət rəsmiləri elə danışırlar ki, elə bil, xalqların ixtiyar sahibi, dünya və regionun yiyəsidirlər”.

O həmçinin qeyd etdi ki, imperializmə xas eqosentrizmin xoşagəlməz nəticələrindən biri də başqalarının haqqını qəbul etməməkdir.

İmperializm və Amerikanın xalqların hüquqlarının təmin olunmasına qarşı çıxdıqlarını deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İranın nüvə məsələsi imperialistlərin xalqların hüquqlarına qarşı çıxmalarına bariz nümunədir”.

O dedi: “Hər bir məntiqli insan və ya dövlət haqq sözlə razılaşır, imperialistlər isə haqq sözü, başqalarının danılmaz hüquqlarını qəbul etmir, bu hüquqların tapdanmasına çalışırlar”.

“İmperializmin daha bir xüsusiyyəti isə özünə xalqlara qarşı cinayət işlətməyi rəva görməkdir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializm sistemi ona tabe olmayan insanlara və xalqlara heç bir dəyər vermir və onlara qarşı hər cür cinayət işlətməkdə özünü haqlı hesab edir”.

Bu mövzuya saysız-hesabsız nümunələrin qeyd oluna biləcəyini deyən Həzrət Ayətullah Xamenei imperialistlərin Amerikanın aborigen tayfalarına qarşı rüsvayçı rəftarına, ingilislərin Avstraliyanın aborigen əhalisinə qarşı işlətdikləri cinayətlərə, amerikalıların qaradərili afrikalıları qula çevirmələrinə toxundu.

Həzrət Ayətullah Xamenei imperializmin müasir dövrdə törətdiyi cinayətlərə misal olaraq, Amerikanın Yaponiyada nüvə silahından istifadə etməsinə toxundu və dedi: “Yer kürəsində yalnız iki dəfə atom silahından istifadə olunub. Hər ikisində də bunu Yapon xalqına qarşı Amerika tətbiq edib. Bu cinayətlərinə rəğmən, bu gün onlar nüvə silahına qarşı mübarizə məsələsində dünyada söz sahibi olduqlarını deyirlər”.

Ali Məqamlı Rəhbər Vyetnam, İraq, Pakistan və Əfqanıstanda insanların qətlə yetirildiyini və işgəncələrə məruz qaldığını xatırladaraq dedi: “Qvantanamo və Əbu-Qureybdəki nifrət doğuran işgəncələr xalqların yaddaşından heç vaxt silinməyəcək”.

Müstəmləkə sisteminə qarşı ağılla mübarizə aparmaq üçün imperializmin özünəməxsus xüsusiyyətlərinə bələd olmağın vacibliyindən danışan Ali Məqamlı Rəhbər imperialistlərin daha bir özəlliyinə – yalançılıq və nifaq salmaq xüsusiyyətinə toxundu.

O, əlavə etdi: “Etdiyi cinayətə xidmət donu geydirmək imperializmin geniş surətdə istifadə etdiyi taktikadır”.

Fikrini faktlarla sübut etmək üçün Ali Məqamlı Rəhbər Amerikanın Yaponiyaya etdiyi nüvə hücumunu öz təbliğatında hansı formada şərh etdiyinə toxunaraq dedi: “Amerikalılar deyirlər ki, əgər Xirosima və Naqasakiyə edilən nüvə hücumunda 200 min nəfər ölməsəydi, II Dünya Müharibəsi sona çatmaz və bəşəriyyət daha 2 milyon insan itkisi verməli olardı. Sən demə, Yaponiyaya nüvə hücum etməklə, bunlar, əslində bəşəriyyətə xidmət edib!”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Özü də insanı heyrətə gətirən bu yalan, bu böyük aldatmaca elə bir şəraitdə təkrarlanır ki, əldə olan rəsmi sənədlərə əsasən, II Dünya Müharibəsinin əsas fiquru olan Hitlerin Amerikanın Yaponiyadakı atom cinayətindən bir neçə ay öncə intihar etdiyi, müharibənin 2-ci əsas fiquru olan Mussolininin həbs olunduğu, yaponların isə bu hücumdan 2 ay öncə təslim olmağa hazır olduqlarını elan etdikləri məlum olur”.

Amerikanın Yaponiyaya atom hücumunun gerçək səbəbini açıqlayan Ali Məqamlı Rəhbər dedi: “Həqiqət budur ki, amerikalılar öz yeni silahlarını – atom bombasını real bir meydanda sınaqdan keçirmək istəyirdilər. Onlar Hirosima və Naqasakidəki günahsız insanların kütləvi qətli hesabına bunu etdilər, indi isə öz təbliğatlarında bu cinayətlərinə xidmət donu geyindirirlər”.

Ali Məqamlı Rəhbər Suriyada kimyəvi silahdan istifadə mövzusuna münasibətdə ikiüzlü mövqe sərgiləmələrini imperialistlərin aldadıcı davranışlarına daha bir nümunə adlandırdı. O dedi: “Amerikanın prezidenti və digər dövlət rəsmiləri kimyəvi silahdan istifadənin onlar üçün qırmızı xəttin keçilməsi olduğunu dönə-dönə bəyan edirlər, lakin elə həmin Amerika Səddam Hüseyn rejiminin İran xalqına qarşı kimyəvi hücumlarının nəinki əleyhinə çıxmadı, əksinə, hətta Səddamı ən azı 500 ton son dərəcə təhlükəli kimyəvi maddə ilə təmin etdi və Bağdadın diktatoru həmin maddədən istehsal etdiyi bibər qazı ilə vətəninin müdafiəsinə qalxmış qeyrətli İran övladlarını hədəfə aldı”.

Ali Məqamlı Rəhbər Amerika hökumətinin digər cinayətləri sırasında bu dövlətin İrana məxsus sərnişin təyyarəsinə hərbi gəmidən atəş açaraq 300 insanı qətlə yetirməsini və Səddam rejiminə əlindən gəldiyi qədər təbliğat dəstəyi verməsini qeyd edərək dedi: “Müharibə alovunun körüklənməsi və konfliktlərin qızışdırılması imperializmin digər xüsusiyyətləridir”.

Çıxışının davamında tarix boyu haqq cəbhəsi ilə imperializm cəbhəsinin üz-üzə durduqlarını qeyd edən Həzrət Ayətullah Xamenei ortaya belə bir əsaslı sual qoydu: İmperializmin İslam Respublikasına qarşı bu cür məkrli planlar qurmasının başlıca səbəbi nədir?

Bu sualı cavablandıran Ali Məqamlı Rəhbər İslam İnqilabını meydana gətirmiş başlıca amilə istinad edərək aşağıdakıları vurğuladı: “Böyük İran xalqının inqilabı və bu xalqın seçdiyi hakimiyyət sistemi əsasən imperializmə və ondan asılı ünsürlərə etiraz əsasında formalaşaraq inkişaf edib. Odur ki, qeyd olunan xüsusiyyətlərə nəzərən, imperializm bu sistemin məhvindən tam olaraq əlini üzməyincə onun varlığını qətiyyən həzm edə bilməyəcək”.

Həzrət Ayətullah Xamenei imperializmi İran xalqı əleyhinə məkrli planlar qurmaqdan çəkindirəcək əsas amil kimi, düşməni məyus etməyin vacibliyini vurğulayaraq dedi: “İran xalqının bütün nümayəndələri, gənclər, hansı cəhətdən olursa-olsun – hətta qeyri-islami nöqteyi-nəzərdən – vətəninə və torpağına bağlı olan hər kəs elə etməlidir ki, düşmənin qəlbində məyusluq yaransın və o, məkrli planlarını davam etdirməkdən əlini üzsün”.

İnqilabın ilk illərindən indiyə qədər Amerikanın bütün ölkə başçılarının bu düşmənçiliyi davam etdirdiklərini bildirən Ali Məqamlı Rəhbər əlavə etdi: “Etnik qrupların qızışdırılması, çevriliş cəhdi, Səddamın müharibəyə təhrik edilməsi və İraqa göstərilən sonsuz yardımlar, sanksiyalar və növbənöv digər təzyiqlər Amerikanın 35 il bundan öncə həssas bir region olan Qərbi Asiya regionunda müstəqillik hərəkatına başlamış, bütün düşmənçiliklərə rəğmən, inkişafını davam etdirərək region xalqları üçün örnəyə çevrilmiş bir xalqa qarşı davamlı surətdə düşmənçilik apardığını göstərir”.

1388-ci il (2009) seçkilərindən sonra ölkədə baş vermiş iğtişaşlarda Amerikanın hazırkı prezidentinin rolu olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “O zaman iğtişaşçılara yardım edə biləcək sosial şəbəkələrdən birinin təmirə ehtiyacı var idi, buna baxmayaraq, Amerika hökuməti həmin şəbəkənin fəaliyyətini dayandırmasına icazə vermədi”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Onlar belə bir xam və axmaq xəyala düşmüşdülər ki, sosial şəbəkələr – Feysbuk, Tviter və s. İslam dövlətini dağıda bilər. Odur ki bu istiqamətdə bütün imkanlarını səfərbər etmişdilər”.

Sanksiyaların düşmənin İran xalqının əzmini qırmaq üçün istifadə etdiyi metod və vasitələrdən biri olduğunu deyən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Onların problemi odur ki, bu xalqı tanımır, onun imanını və həmrəyliyini dərk etmir, keçmişdə buraxdıqları səhvlərdən nəticə çıxarmırlar”.

Ali Məqamlı Rəhbər İran xalqının və İslam dövlətinin son 35 ildə daim sərgilədiyi mövqeyə istinadən aşağıdakıları dedi: “Bizim bütün uğurlarımız və imperializmin məğlubiyyətləri onu göstərir ki, güclü olub mübarizə aparmaq düşmənin yaratdığı çətinlikləri aradan qaldırmağın və onu geri oturtmağın yeganə yoludur. Xalqımız bunu yaxşı bilir”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei nüvə danışıqları və bu mövzu ətrafında yaranmış söz-söhbətə toxunaraq dedi: “Mən hazırkı hökuməti və ölkə rəsmilərini, eləcə də danışıqlarda iştirak edən rəsmiləri dəstəkləməkdə qərarlıyam, çünki hər bir hökuməti dəstəkləməyi öz vəzifəm hesab edirəm”.

O, əlavə etdi: “Mən bir neçə il ölkə prezidenti olmuşam, bunun nə qədər çətin və ağır bir məsuliyyət yükü olduğunu hiss etmişəm və icraedici rəsmilərin yardıma və dəstəyə ehtiyac duyduqlarını çox yaxşı bilirəm. Odur ki mənim hökuməti və rəsmiləri dəstəkləmək qərarım qətidir”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Əlbəttə ki, digər tərəfdən mən İran xalqının hüquqlarının, o cümlədən nüvə hüququnun təsbit olunmasının vacibliyi üzərində də təkidlə durur və israrla deyirəm ki, xalqın hüquqlarından bir addım belə olsun geri çəkilmək olmaz”.

O, əlavə etdi: “Mən danışıqların detallarına varmıram, lakin müəyyən qırmızı xətlər var ki, mütləq gözlənməlidir. Bu qırmızı xətlərə riayət etmək rəsmilərin borcudur. Onlar düşmənin təhdidlərindən və ictimai rəy formalaşdırmaq cəhdlərindən əsla çəkinməməlidirlər”.

“İran xalqına qarşı tətbiq olunan sanksiyaların əsas səbəbi Amerikanın imperialist kinliliyidir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Amerika İran xalqına qarşı dəvə kimi kin bəsləyir. Sanksiyaları tətbiq etməkdə onların məqsədi xalqımızı təslim etməkdir, lakin onlar yanılırlar. Çünki İran xalqı təzyiqlə heç kəsə boyun əyməyəcək”.

O həmçinin dedi: “Allahın yardımı və mənəvi dəstəyi ilə İran xalqı təzyiqlərə dözəcək və onları özü üçün fürsətə çevirəcək”.

Həzrət Ayətullah Xamenei ölkədə iqtisadiyyatla bağlı qəbul edilən qərarlarda və icra olunan proqramlarda bəzi zəif cəhətlərin mövcud olduğuna, düşmənin də məhz bu cəhətlərdən istifadə edərək əhalidə qorxu yaratmağa çalışdığına toxunaraq dedi: “Düşmənin qorxu yaratmaq cəhdlərinə baxmayaraq, bu təzyiqlər zəif cəhətlərimizi aradan qaldırmağımız üçün fürsətə çevriləcək”.

O vurğuladı: “Sanksiyalar heç bir işə yaramayacaq. Amerikalılar özləri də bunu anlayıblar. Buna görə də daim təzyiqlərlə yanaşı, hərbi təhdidlərdən də istifadə edirlər. Bu onu göstərir ki, sanksiyalar onların istədiyi nəticəni vermir”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Əlbəttə ki, Amerika prezidentinin və bu ölkənin digər rəsmilərinin tez-tez dilə gətirdiyi hərbi təhdidlər də rüsvayçı və nifrətamiz bir addımdır”.

O həmçinin dedi: “Amerika prezidenti və bu ölkənin digər rəsmiləri İran xalqını hərbi hücumla təhdid etmək əvəzinə, dağıdılmış iqtisadiyyatları və borcları haqqında düşünsünlər. Fikirləşib görsünlər nə etmək lazımdır ki, Amerika dövləti 2 həftədən çox fəaliyyətini dayandırmağa məcbur olmasın”.

Həzrət Ayətullah Xamenei aşağıdakıları da vurğuladı: “İran xalqı dünyanın bütün xalqlarına hörmətlə yanaşır, amma ona qarşı aqresiya nümayiş etdirənlərə cavabı peşmanedici olacaq. Aqresora elə bir sillə vuracaq ki, heç vaxt unutmasın”.

“Amerika rəsmilərinin sionistlərə məxsus kapitalist şəbəkəsini məmnun edəcək bəyanatlarla çıxış etməyi öhdələrinə götürmələri onların qərar qəbul etməkdə acizliyinə, alçalmasına və nüfuzlarını itirməsinə səbəb olub” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İsrail rejimi məhvə məhkumdur, çünki bu çürük rejim zor və məcburiyyət gücünə yaranıb. Məcburiyyətlə yaranmış heç bir təzahür isə varlığını davam etdirə bilməz”.

Bəzi Avropa dövlətlərinin, əslində, insan olmayan sionistlərin qarşısında yaltaqcasına danışmasından təəssüfləndiyini bildirən Ali Məqamlı Rəhbər aşağıdakıları dedi: “Müəyyən dövrdə Fransa prezidenti İngiltərə və Amerikaya qarşı çıxdığı üçün bu dövlət siyasi etibar qazanmışdı. Bu gün isə Fransa rəsmiləri nəinki Amerikanın, hətta nəhs və murdar İsrail rejiminin qarşısında da zəlillik və cılızlıq göstərirlər. Bu vəziyyət fransız xalqı üçün utancvericidir və onun əlacını da özləri tapmalıdırlar”.

Çıxışının digər hissəsində Həzrət Ayətullah Xamenei qeyd etdi ki, bəsicin əsl mənası xalqın müxtəlif sferalarda iştirakıdır. O həmçinin vurğuladı: “Bu, heç bir şübhə yeri olmayan, danılmaz bir prinsipdir ki, hansı meydanda xalq bir olub həmrəyliklə iştirak edirsə, orada qalibiyyət mütləqdir”.

Ali Məqamlı Rəhbər bəsicin də məhz bu mübarək iştirakın təzahürü olduğunu qeyd edərək dedi: “Bəsic bütün dövrlərdə və etaplarda sədaqət imtahanından üzüağ çıxıb”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam dininin dəyərlərinə bağlı olan, bəsicin çəkdiyi zəhmətə, əzab-əziyyətə və etdiyi xidmətlərə hörmət qoyan hər kəs bəsici hesab olunur – istər Bəsic Təşkilatının və kollektivinin üzvü olsun, istərsə də olmasın”.

Bəsicin imkanlarının müxtəlif sferalarda böyük və əhəmiyyətli işlərin həyata keçirilməsinə yol açdığını deyən Ali Məqamlı Rəhbər bu kollektivdə xalqın müxtəlif təbəqələrinin nümayəndələrinin, görkəmli elm, mədəniyyət, incəsənət, siyasət və ictimaiyyət xadimlərinin təmsil olunduğuna toxunaraq aşağıdakıları əlavə etdi: “Bəsicin imkanları bundan sonra da inkişaf etdirilməlidir”.

“Əməli, ictimai və əxlaqi tələblərə bağlılıq bəsicin ardıcıl inkişaf və yüksəlişi üçün zəmin yaradır” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Səbir, güzəşt və təvazökarlığı gücləndirmək, daxili potensialı artırmaq, möhkəm xarakterli olmaq, insanlara qarşı sevgi ilə davranmaq, ətrafdakılarla, cəmiyyətlə düzgün qarşılıqlı münasibətdə olmaq, xalqa xidmət üçün durmadan səy göstərmək ölkənin hədəflərini irəli aparmaqda bəsic kollektivinə günü-gündən daha artıq effektivlik bəxş edə biləcək tələblərdir”.

O vurğuladı: “Bu xüsusiyyətləri özündə əks etdirən bəsic dövlət üçün möhkəmlik, səbat, möhtəşəmlik və qürur mənbəyi ola bilər və əlhəmdulillah, elə belədir də”.

Çıxışının son hissəsində Ali Məqamlı Rəhbər üzünü gənclərə tutub dedi: “Heç şübhəsiz, ölkəmizin və dövlətimizin aydın və ümidverici gələcəyi sizə aiddir. Siz gənclər ölkəmizi və xalqımızı müvəffəqiyyətin zirvəsinə çatdıra, yeni İslam sivilizasiyasının mükəmməl bir nümunəsini qura biləcəksiniz”.

O, əlavə etdi: “Gənclərin bu ağır vəzifələrin öhdəsindən gəlməsi üçün dindarlığın, təqvanın, saf mənəviyyat və gözəl əxlaqın, həmçinin elmin, işləmək həvəsinin, əmanətdarlığın, sosial xidmət və idman sektorlarının gücləndirilməsi lazımdır”.

Mərasimin əvvəlində Ali Baş Komandan Həzrət Ayətullah Xameneinin əmri ilə bəsic birləşmələri tərəfindən ölkənin 9 ostanında “Məhəmməd rəsulullah” parolu ilə keçirilən “Beytül-müqəddəsə qədər” adlı əməliyyatın 2-ci mərhələsinə eyni anda start verildi.

Ali Məqamlı Rəhbərin çıxışından öncə İslam İnqilabı Keşikçiləri Korpusunun baş Komandanı general Məhəmmədəli Cəfəri dünya imperializminin İslam İnqilabına qarşı kəskin, genişmiqyaslı və çoxaspektli bir döyüşə başladığını qeyd edərək dedi: “Dövlətin daxili strukturunun möhkəmlənməsi ümumxalq səfərbərliyi olan bəsicin inqilab və dövlətin ehtiyac duyduğu meydanlarda iştirak üçün geniş surətdə təşkilatlanmasından asılıdır”.

Ali Baş Komandanın əmrlərinin yerinə yetirilməsi üçün Bəsic Təşkilatı tərəfindən münasib zəmin yaradıldığına toxunan general Cəfəri müxtəlif sferalarda həyata keçirilmiş tədbirlər, o cümlədən “Salehin”, “Əmr be məruf və nəhy əz münkər” şəbəkələrinin qurulması, quruculuq, yoxsulluğun aradan qaldırılması və yeni iş yerlərinin açılması istiqamətindən görülmüş işlər, elmi-tədqiqat, görkəmli xadimlər, müxtəlif sosial təbəqələr və idman sahələri ilə bağlı görülmüş işlər haqda danışdı. O, bütün bunların dövlətin daxili strukturunu gücləndirəcək kadrların sayının artırılması üçün lazımi infrastruktur tədbirlər olduğunu qeyd etdi.

Həmçinin Bəsic Təşkilatının sədri general Məhəmmədrza Nəqdi də çıxış edərək bildirdi ki, müqavimət qərargahlarının çoxşaxəli cihadı bəsic təşkilatının onurğa sütununu təşkil edir. O, əlavə etdi: “Bu gün bəsic qərargahları xalq üçün sayıqlığın mərkəzləri, təhlükəsizliyin dayağıdırlar”.

O vurğuladı: “Düşmən ölkəmizə qarşı bütün maddi, siyasi və yalançı təbliğat ordularını səfərbər etsə belə, biz dini rəhbərlik kursundan zərrə qədər geri çəkilməyəcəyik”.

Mərasimin əvvəlində görüşdə iştirak edən bəcis birləşmələri “İslam sivilizasiyasının bayraqdarları” adlı proqramı da nümayiş etdirdilər.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /