Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Düşmənin əsas planı müsəlmanlar arasına ixtilaf və konflikt salmaqdır İslam ümməti gözüaçıq olmalı, özünün və düşməninin yol xəritəsinə bələd olmalıdır

İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlik missiyası üçün göndərildiyi gün – Məbəs bayramı günü hökumət rəsmiləri, müsəlman ölkələrinin səfir və nümayəndələri, eləcə də şəhid ailələrindən bir qrupu İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Həzrət Ayətullah Xamenei görüş iştirakçılarını Məbəs bayramı münasibətilə təbrik edərək bildirdi ki, hazırkı şəraitdə İslam ümmətinin ən mühüm vəzifəsi sayıq olmaq, öz yol xəritəsini bilmək, həmçinin düşmənin planlarına bələd olmaqdır. O vurğuladı: “Düşmənin əsas planı müsəlmanlar arasına ixtilaf və konflikt salmaqdır. Odur ki İslam dünyasının ən zəruri ehtiyacı birlik, həmrəylik və əməkdaşlıqdır”.

İlahi peyğəmbərlərin və onların haqqa dəvət missiyasının daim qarşılaşdığı çətinlik və qarşıdurmalara toxunan Ali Məqamlı Rəhbər dedi: “Bu müxalifət və mübarizə İslam peyğəmbərinin (s) dəvətinə qarşı daha da kəskin və hərtərəfli olub və o həzrətin şərafətli ömrünün axırına qədər müxtəlif formalarda davam edib”.

İslamın çağırışlarına qarşı müxalifət və düşmənçiliyin bu gün də mövcud olduğunu vurğulayan Ali Məqamlı Rəhbər dedi: “Marksist və liberalist məktəblər də daxil olmaqla qeyri-ilahi dəvətlərin bəşəriyyətin səadətini təmin etmək iqtidarında olmadığı ortaya çıxdıqdan sonra bu gün qəlblər və nəzərlər İslama yönəlib. Məhz buna görə də ədalət və insanın uca tutulmasını tələb edən əsas ideoloji mehvər kimi İslama qarşı düşmənçilik daha da kəskinləşib”.

İslam peyğəmbərinə qarşı yol verilən təhqirlərin bu düşmənçiliyə bir nümunə olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslama yönələn təhqirlərin və dünyada gedən anti-islam təbliğatının böyük dövlətlərin kəşfiyyat xidmətlərinin layihəsi və həmin dövlətlərin maliyyə dəstəyi olmadan həyata keçirildiyinə inanmaq mümkün deyil”.

“Müsəlmanların gerilik və mürtəcelik kimi bəzi davranışları imperialist dövlətlərin əlinə İslamın əleyhinə iş aparmaq üçün bəhanə verir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlmanlar İslama dəvəti qətiyyət, şücaət, doğruculluq və ədalətlə həyata keçirməlidirlər ki, qəlbləri özlərinə cəzb edə bilsinlər”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Müsəlmanlar İslam peyğəmbərinin (s) və tarix boyu İslama iman gətirmiş həqiqi möminlərin etdikləri kimi, İslamın mesajlarına qarşı yönəlmiş düşmənçiliklə mübarizə aparmalıdırlar”.

İslam ümmətinin gözüaçıq olmasını, özünün və düşməninin yol xəritəsinə bələd olmasını olduqca vacib hesab etdiyini bildirən Həzrət Ayətullah Xamenei dedi: “Düşmənin əsas planı müsəlmanlar arasında ixtilaf yaratmaq, müxtəlif İslam məzhəblərini bir-birinin əleyhinə təəssübkeşliyə təhrik etməkdir. Bu planların məqsədi isə İslam ümmətinin diqqətini əsas düşmənçilik ocağından – yəni fasid kapitalizmdən, qəsbkar və qəddar sionizmdən yayındırmaqdır”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Xalqlar, siyasətçilər və ziyalılar da daxil olmaqla İslam ümməti düşmənin bu yol xəritəsini dərk etməlidir ki, ona qarşı tədbir görə bilsin və yanlış addımlar atmasın”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperialist dövlətlər müsəlmanlar arasında konflikt yaratmaqla onların diqqətini əsas problemlərindən və ehtiyac duyduqları tərəqqidən yayındırmaq istəyirlər”.

Həzrət Ayətullah Xamenei həmçinin qeyd etdi ki, keçmişdə Qərb dövlətləri bu hədəfi müstəmləkəçilik yolu ilə gerçəkləşdirirdilər, bu gün də müsəlmanlar arasına ixtilaf salmaqla eyni məqsədi güdürlər.

O vurğuladı: “Əlbəttə ki, Qərb dövlətləri insan haqları və demokratiyaya dəstək şüarları ilə rüsvayçı müstəmləkəçilik ləkəsini üzərilərindən silə bilməyəcəklər”.

Sözünü yekunlaşdıran Ali Məqamlı Rəhbər dedi: “Düşmənin yol xəritəsini nəzərə alaraq demək olar ki, müsəlmanlar gözüaçıq olmalı, düşmənlərini tanımalı, onun planlarına bələd olmalı, öz yol xəritələrini də düzgün bilməlidirlər. Müsəlmanların yolu isə birlik, həmrəylik, əl-ələ, çiyin-çiyinə olmaqdır”.

Qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin başçılarının, eləcə də Qurumun Mənafeyini Müəyyənləşdirən Şuranın sədrinin iştirak etdiyi görüşün əvvəlində ölkə prezidenti cənab Mahmud Əhmədinejad iştirakçıları Məbəs bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, Böyük İslam Peyğəmbəri (s) elmin və Uca Yaradanın sirlərinin xəzinəsidir. O, İslam peyğəmbərinin şəxsi keyfiyyətlərindən söz açaraq dedi: “Həzrət Məhəmməd Mustafanın (s) əsas missiyası bəşəriyyəti Haqq yoluna istiqamətləndirmək idi və o, bu yolda bir çox əzab-əziyyətlərə qatlaşdı”.

Cənab Mahmud Əhmədinejad əlavə etdi: “Böyük İslam Peyğəmbərinin (s) peyğəmbərlik missiyası üçün göndərilməsinin əsas hədəfi mənəvi-əxlaqi dəyərlərin bəşəriyyətə tam olaraq çatdırılması, onun xitab etdiyi auditoriya bütün bəşəriyyət, insanın kamala çatmasına xidmət edən peyğəmbərlik missiyasının əhatə dairəsi isə bütün Yer kürəsi idi”.

Ölkə başçısı İmam Xomeyninin (r.ə) rəhbərliyi ilə İranda həyata keçirilmiş inqilabı ilahi peyğəmbərlərin iftixar və səadət dolu yoluna dəvət kimi qiymətləndirərək dedi: “Yaradanın haqq vədinə əsasən, dünyada tövhid və ədalətin tam bərqərar olunması Allahın sonuncu ehtiyatının – İmam Mehdi Sahibəzzamanın (ə.f) zühuru ilə gerçəkləşəcək”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /