Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Amerika bütün xalqların işinə müdaxilə etməkdə özünü haqlı bilən imperialist bir dövlətdir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü ərəfəsində bu gün (bazar günü) səhər minlərlə tələbə və şagirdlə coşqulu bir atmosferdə görüşdü. Görüş zamanı çıxış edən Ali Məqamlı Rəhbər imperializmin İran xalqına qarşı bəslədiyi düşmənçiliyin köklərini təhlil edərək hazırda Amerika ilə danışıqlar aparan ölkə rəsmilərini ciddi surətdə dəstəklədiyini bildirdi. O vurğuladı: “Amerikanın bura qədər atdığı addımlar göstərir ki, nüvə məsələsi İranla düşmənçiliyi davam etdirmək üçün onların əlində olan yeganə bəhanədir. Düşmənin aldadıcı təbəssümü heç kəsi səhv bir addım atmağa sövq etməməlidir. Danışıqlardan müsbət bir nəticə olunarsa, lap yaxşı, əgər olunmazsa, bu, bizim problemlərin həlli üçün öz daxili güc və potensialımıza əsaslanmaq lazım olduğu barədə dəfələrlə verdiyimiz tövsiyələrin doğru olduğunu bir daha sübut edəcək”.

Həzrət Ayətullah Xamenei 13 aban gününün üç tarixi hadisə ilə bağlı olduğunu qeyd edərək dedi: “1343-cü ildə (1965) Amerika rəsmilərinə və hərbçilərinə İranda hüquqi toxunulmazlıq verən kapitulyasiya qanununun əleyhinə çıxış etdiyinə görə İmam Xomeyninin (r.ə) sürgün edilməsi, Amerika tərəfindən himayə olunan Pəhləvi diktaturasının 1357-ci ildə (1978) Tehranda tələbə və şagirdləri amansızlıqla qətlə yetirməsi və buna cavab olaraq, 1358-ci (1979) ildə cəsur gənclərimizin Tehrandakı Amerika səfirliyini ələ keçirərək səfirliyin casus fəaliyyətini ifşa etməsi – bu hadisələrin hər içi bu və ya digər şəkildə Amerika dövləti ilə əlaqəlidir. Məhz buna görə də 13 aban tarixi Dünya İmperializminə Qarşı Milli Mübarizə Günü elan olunub”.

Ali Məqamlı Rəhbər çıxışını müqəddəs Qurani-Kərimdə yer alan və müasir fars dilində “imperializm” mənasında işlədilən “istikbar” kəlməsini izah etməklə davam etdirdi, lakin bundan əvvəl o, daha bir məqama toxunaraq dedi: “1358-ci ildə Amerika səfirliyini ələ keçirmiş mömin və şücaətli tələbə gənclər bu səfirliyin casusluq yuvasından ibarət olan gerçək sima və funksiyasını ifşa edərək dünya ictimaiyyətinə nümayiş etdirdilər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Elə həmin gün gənclərimiz Amerika səfirliyini casus yuvası adlandırdılar. Aradan 30 ildən çox vaxt keçdikdən sonra – bu gün Amerikanın müttəfiqləri olan Avropa ölkələrində fəaliyyət göstərən Amerika səfirlikləri casus yuvası adlandırılır. Bu onu göstərir ki, bizim gənclərimiz dünya tarixinin təqvimindən 30 ildən də çox irəli imişlər”.

Bu məqamı qeyd etdikdən sonra Həzrət Ayətullah Xamenei “imperializm” kəlməsinin mənası ilə bağlı aşağıdakıları dedi: “İmperializm sözü başqa xalqların işinə müdaxilə etməkdə, istədiyini onlara zorla qəbul etdirməkdə özünü haqlı hesab edən və kiminsə qarşısında hesabat verməyi də özünə borc bilməyən insanlara və dövlətlərə şamil olunur”.

O, əlavə etdi: “İmperializmin əksi isə qarşısındakı imperialist qüvvənin hegemonluğuna, müdaxiləçiliyinə və məcburiyyətinə boyun əyməyən, ona qarşı mübarizə aparan insanlar və xalqlardır. İran xalqı da belə xalqlardandır”.

“Amerika bütün xalqların işinə müdaxilə etməkdə özünü haqlı bilən imperialist bir dövlətdir” – deyə vurğulayan Ali Məqamlı Rəhbər əlavə etdi: “İran xalqı öz inqilabı ilə, əslində, Amerikanın işğalçılığına və hegemonluğuna qarşı çıxdı, İslam İnqilabının qələbəsindən sonra isə ölkədə imperializmin kökü tamamilə kəsildi. Bir çox xalqlardan fərqli olaraq, İran xalqı bu işi yarımçıq qoymadı ki, sonradan onun acısını dadmış olsun”.

İmperialist bir dövlətlə dil tapıb yola getməyin heç bir ölkəyə və xalqa fayda verməyəcəyini vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Amerikanın imperialist yanaşması xalqlarda bu dövlətə qarşı etimadsızlıq və narazılıq hissinin yaranmasına səbəb olub. Eyni zamanda təcrübə də göstərir ki, Amerikaya etimad bəsləyən istənilən dövlət və xalq, hətta onun dostlarından belə olsa, zərbə alacaqdır”.

Ali Məqamlı Rəhbər mövzu ilə bağlı tarixdən bir neçə misala, o cümlədən Dr. Müsəddiq hökumətinin ABŞ-a etimad göstərməsinə və ABŞ-ın bu etimada 28 mordad qiyamı ilə qarşılıq verməsinə, habelə amerikalıların İrandan qaçan Məhəmmədrza Pəhləviyə qarşı etdikləri vəfasızlığa toxunaraq aşağıdakıları vurğuladı: “Bu gün xalqlar arasında ən mənfur dövlət Amerikadır”.

O həmçinin dedi: “Bu gün Yer üzündə sağlam və ədalətli bir rəy sorğusu keçirilsə, dünya ictimaiyyəti heç bir dövlətə Amerika qədər mənfi rəy verməz”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Odur ki imperializmə qarşı mübarizə, Dünya İmperializminə Qarşı Milli Mübarizə Gününün qeyd olunması məsələsi düzgün təhlillərdən irəli gələn fundamental bir məsələdir”.

Ali Məqamlı Rəhbər bütün gənclərə imperializmə qarşı mübarizə mövzusunda düzgün təhlillər etməyi və bu mövzuya diqqət yetirməyi tövsiyə edərək dedi: “İnqilabın ilk nəslinin gəncləri Amerikaya qarşı mübarizə məsələsində təhlilə ehtiyac duymurdular, çünki bu dövlətin zülm və əzablarının, diktator şah rejimini necə himayə etdiyinin öz gözləri ilə şahidi olmuşdular. Bu günün gəncləri isə düzgün təhlil və araşdırmalar əsasında anlamalıdırlar ki, İran xalqı nəyə görə imperializmə və Amerikanın davranışlarına qarşı çıxır, bu xalqın Amerikadan bezar olmasının səbəbi nədir”.

Daha sonra Ali Məqamlı Rəhbər Amerika ilə əlaqəli cari məsələlərlə bağlı bir neçə mühüm və əsas məqama toxundu. O, “5+1” qrupu ilə müzakirələrdə iştirak edən bütün rəsmiləri dəstəklədiyini qeyd edərək aşağıdakıları vurğuladı: “Bu insanlar İslam İnqilabının övladları, İslam Respublikasının məmurlarıdır. Onlar öhdələrinə düşən çətin missiyanı gərgin səylə yerinə yetirməkdədirlər. Onlara heç kəs təzyiq göstərməməli, təhqir etməməli, sazişçilikdə günahlandırmamalıdır”.

Sıralarına Amerikanın da daxil olduğu 6 dövlətlə aparılan danışıqların yalnız və yalnız nüvə məsələsi ətrafında olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Allahın izni ilə, bu danışıqların bizə bir ziyanı olmayacaq, əksinə 1382-83-cü illərdə (2003-2004) uranın zənginləşdirilməsinə müvəqqəti olaraq fasilə verildiyi zaman olduğu kimi, xalqımız daha bir təcrübəyə yiyələnəcək, düşüncə və analiz səviyyəsi yüksələcək”.

Millətin qazandığı həmin təcrübənin nəticələrini daha ətraflı şərh edən Ali Məqamlı Rəhbər dedi: “10 il əvvəl Avropa dövlətləri ilə danışıqların nəticəsi olaraq biz, bir növ, bir qədər geri çəkilib, əslində, bizə zorla qəbul etdirilən həmin şərtlə razılaşdıq. Lakin iki əl ərzində bir sıra işlərə fasilə verdikdən sonra çoxları anladılar ki, hətta belə güzəştlərlə də Avropa dövlətləri ilə qarşılıqlı əməkdaşlığa qətiyyən ümid bəsləmək mümkün deyil”.

Həzrət Ayətullah Xamenei dedi: “Əgər biz bunu etməsəydik, bəziləri Avropa dövlətləri qarşısında bircə dəfə güzəştə getdiyimiz təqdirdə problemlərin həll olunacağını, nüvə protokolu ilə bağlı işlərin yoluna qoyulacağını iddia edə bilərdilər. Lakin bu təcrübə nəticəsində hamı anladı ki, qarşımızdakılar başqa məqsədlərin arxasıncadırlar. Ona görə də biz işimizə və inkişafımıza yenidən start verdik”.

İranda nüvə texnologiyalarının inkişafı baxımından 10 il əvvəlki vəziyyətlə müqayisədə yerdən-göyə qədər fərq olduğunu deyən Ali Məqamlı Rəhbər Amerika ilə hazırkı diplomatik münasibətləri istiqamətləndirən rəsmiləri ciddi və möhkəm surətdə dəstəklədiyini elan etməklə yanaşı, aşağıdakıları da əlavə etdi: “Mən hal-hazırda aparılan danışıqlara nikbin yanaşmıram, çünki onların xalqımızın gözlədiyi kimi nəticələnib-nəticələnməyəcəyi məlum deyil. Lakin düşünürəm ki, xalqın sayıq olduğu, nə baş verdiyini bildiyi təqdirdə belə bir təcrübənin heç bir ziyanı yoxdur”.

Həzrət Ayətullah Xamenei sadəlövh, yaxud qərəzli təbliğat aparan bəzi ünsürləri kəskin tənqid edərək dedi: “Bəziləri xarici KİV-in yolunu tutaraq ictimaiyyətdə belə bir yanlış fikir formalaşdırmağa çalışırlar ki, guya biz nüvə məsələsində Qərbə güzəştə gedib təslim olsaq, ölkənin bütün iqtisadi və qeyri-iqtisadi problemləri həllini tapacaq”.

Ali Məqamlı Rəhbər bu məkrli təbliğat planının yalan mahiyyətli və əsassız olduğunu sübut etmək üçün Amerikanın hələ nüvə məsələsi ortaya düşməmişdən öncə İran əleyhinə planlar qurduğuna istinad edərək bütün xalqı, özəlliklə də tələbə və şagird olan gəncləri bu barədə dərindən düşünməyə çağırdı”.

Həzrət Ayətullah Xamenei fikrini bir neçə sualla əsaslandırdı: Məgər İslam İnqilabının əvvəllərində – Amerikanın ilk dəfə İrana sanksiyalar qoyaraq onları davam etdirdiyi zaman nüvə məsələsi var idi? İranın sərnişin təyyarəsi hədəfə alındığı, 290 nəfər sərnişin qətlə yetirildiyi zaman ortada nüvə məsələsi adına bir bəhanə var idi? Məgər inqilabın ilk illərində Amerika Şəhid Nuje adına aviabazada çevriliş planını həyata keçirməyə cəhd göstərəndə nüvə problemi var idi? Məgər inqilabdan sonra Amerikanın əks-inqilabçı qruplara siyasi və hərbi təchizat dəstəyi göstərməsinin səbəbi İranın nüvə fəaliyyətləri idi?

Bütün bu sualların yalnız inkarla cavablandırıla biləcəyini qeyd edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Odur ki nüvə məsələsi bəhanədən başqa bir şey deyil. Tutaq ki, nə vaxtsa bu məsələ bizim geri çəkilib güzəştə getməyimizlə həll olunsa belə, onlar əziz İranımıza qarşı düşmənçiliyi davam etdirmək üçün onlarla başqa bəhanə tapacaq, o cümlədən raket texnologiyaları sahəsində inkişafımızı, İran xalqının İsrail rejiminə müxalif olmasını, İslam Respublikasının müqaviməti dəstəkləməsini ortaya atacaqlar”.

Bu reallığa istinad edən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Amerikanın İslam Respublikası ilə düşmənçiliyinin səbəbi budur ki, İran xalqı onların tələblərini rədd edir və bu dövlətin onun ölkəsinə heç nə edə bilməyəcəyinə əmindir”.

O həmçinin dedi: “Amerika İran İslam Respublikasının mövcudluğunun, İran xalqının seçdiyi hökumət rejiminin nüfuz, qüdrət və etibarının əleyhinədir. Amerikanın ideoloq siyasətçilərindən birinin bu yaxınlarda açıq-aşkar bəyan etdiyi kimi, İran – istər nüvə silahı olsun, istərsə də olmasın – onlar üçün təhlükəlidir. Çünki güc və nüfuza malikdir və onların təbiri ilə desək, İranın hegemonluğu regiona hakim kəsilib”.

Çıxışının bu hissəsini yekunlaşdıran Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Nüvə məsələsi bəhanədir. Amerikalılar İranla düşmənçilikdən o zaman əl çəkərlər ki, İran xalqı təcrid olunmuş, heç bir nüfuz və etibara malik olmayan bir xalqa çevrilsin”.

Çıxışının davamında Həzrət Ayətullah Xamenei qeyd etdi ki, mövcud problemlərin gerçək həlli yolu daxili imkan və potensiala müraciət etmək, öz gücünə arxalanmaqdır. O dedi: “Öz güc və bacarığına arxalanan bir xalqı düşmənin hədə-qorxu və sanksiyaları sarsıda bilməz. Biz məhz bu hədəfi gerçəkləşdirmək naminə çalışmalıyıq”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bizim keçmiş və hazırkı rəsmilərə həmişə sözümüz bu olub ki, inkişafa nail olmaq, işləri irəli aparmaq üçün İranın genişmiqyaslı və rəngarəng insan, təbii və coğrafi resurslarına əsaslansınlar”.

Həzrət Ayətullah Xamenei mövzu ilə əlaqədar olaraq, diplomatik fəallığın da son dərəcə lazımlı bir məsələ olduğunu bildirərək dedi: “Daxili imkan və potensiala əsaslanmaq diplomatiyanın rolunu inkar etmək demək deyil. Lakin bilmək lazımdır ki, diplomatik fəaliyyətlər işin yalnız bir hissəsidir, əsas mehvər isə daxili güc və bacarığa söykənməkdir. Elə danışıqlar masası arxasında da məhz bu, ölkəyə nüfuz və etibar qazandıra bilər”.

Ali Məqamlı Rəhbər xalqın və rəsmilərin diqqətini belə bir mühüm məqama yönəltdi ki, İran düşmənlərə qarşı mübarizəsində İslam İnqilabının qələbəsinin ilk illərindən bu günə qədər heç vaxt ifrat çarəsiz vəziyyətə düşməyib və bundan sonra da düşməyəcək.

Bu fikrini arqumentlə əsaslandıran Həzrət Ayətullah Xamenei dedi: “İnqilabın ilk onilliyində bizim əlimizdə maddi vəsaitlərin əksəriyyəti, o cümlədən pul, silah, təcrübə, təşkilatlanma və effektiv ordu yox idi. Halbuki İslam İnqilabının qarşısında duran cəbhə, yəni Səddam rejimi və onu himayə edən Qərb və Şərq dövlətləri qüdrət və imkanlarının zirvəsində idilər. Buna baxmayaraq, onlar İran xalqını diz çökdürə bilmədilər”.

O həmçinin dedi: “Bu gün İran xalqının və onun qarşısında duran cəbhənin vəziyyəti o illərdən tam fərqlidir. Çünki İran İslam Respublikasının elmi, texnologiyası, silahı, beynəlxalq nüfuzu, işləməyə hazır olan milyonlarla istedadlı gənci var. Halbuki onun qarşısındakı cəbhə, yəni Amerika və müttəfiqləri çoxsaylı siyasi və iqtisadi problemlərə, cürbəcür ixtilaflara düçardır”.

Ali Məqamlı Rəhbər Amerikadakı siyasi ixtilafların, hökumətin fəaliyyətinin 16 gün müddətində dayandırılmasının, mövcud olan böyük iqtisadi problemlərin, trilyonlarla dollar həcmində büdcə kəsirinin, müxtəlif məsələlər, o cümlədən Suriyaya hərbi hücumla bağlı Amerika və Avropa arasında mövcud olan dərin ixtilafların İran xalqının qarşısında duran cəbhənin hazırkı vəziyyətinə bariz nümunələr olduğunu qeyd etdi. O vurğuladı: “Bu gün İran xalqı gözüaçıq, qüdrətli, inkişaf etmiş bir xalqdır və onu 20-30 il əvvəlki ilə müqayisə etmək mümkün deyil”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Sözsüz ki, onlar təzyiq göstərəcəklər, amma biz öz daxili imkanlarımıza arxalanaraq bu təzyiqlərə dözməli və onları geridə qoymalıyıq”.

Ali Məqamlı Rəhbər bir daha hökumət rəsmilərinin diplomatiya və danışıqlar müstəvisində atdığı addımları dəstəklədiyini bildirərək dedi: “Bu addımlar bizim üçün bir təcrübədir və yəqin ki, faydalı olacaq. Müsbət bir nəticə əldə olunsa, lap yaxşı, əgər əldə olunmasa, bu o demək olacaq ki, ölkəmiz problemlərini həll etmək üçün öz ayaqları üstündə möhkəm durmalıdır”.

O həmçinin dedi: “Öncə verdiyim tövsiyəni bir daha təkrar edirəm: düşmənin təbəssümünə aldanıb ona etimad göstərmək olmaz”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Danışıqlar arenasında fəaliyyət göstərən rəsmilərimizə tövsiyəm budur ki, diqqətli olsunlar, düşmənin aldadıcı təbəssümü onları səhv addım atmağa sövq etməsin”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “Rəsmilər qarşı tərəfin bəyanatlarına və atdığı addımlara lazımi diqqət göstərməlidirlər. Çünki onlar bir tərəfdən insanın üzünə gülümsəyib danışıqlar aparmaq niyyətində olduqlarını ifadə edirlər, digər tərəfdən isə dərhal bütün seçimlərin masa üzərində olduğunu deyirlər. Başa düşmək olmur ki, nə etmək istəyirlər”.

Həzrət Ayətullah Xamenei Amerika siyasətçilərindən birinin İranı nüvə bombardmanına tutmağı təklif etməsinə toxunaraq dedi: “Əgər amerikalılar müzakirələrdə ciddi olduqlarını doğru deyirlərsə, danışığını bilməyən belə insanların ağzından vurmalı, belələrinin ağzını yığmalıdırlar”.

O, əlavə etdi: “Qlobal problemlərin, nüvə probleminin həllini öz vəzifəsi hesab edib, bu fantaziya ilə yaşayan bir dövlət qələt edib başqa bir dövləti nüvə silahı ilə təhdid edər”.

Ali Məqamlı Rəhbər həmçinin dedi: “ABŞ-da hökumət və konqres üzərində nəhəng sərmayədarlar və sionist kompaniyaları ağalıq etdiklərinə görə amerikalılar ən çox rəzil İsrail rejimindən çəkinirlər və onların rəyini nəzərə almaq məcburiyyətindədirlər. Amma biz ki onları nəzərə almaq məcburiyyətində deyilik?!”

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Biz ilk gündən demişik, indi də deyirik, gələcəkdə də deyəcəyik ki, İsraili qeyri-legitim və qanunsuz bir dövlət hesab edirik”.

Xalqın və rəsmilərin sayıq olduğunu qeyd edən Ali Məqamlı Rəhbər dedi: “Biz rəsmilərimizin ölkənin mənafeyinə uyğun olan istənilən addımını dəstəkləyirik, lakin xalqımıza, rəsmilərimizə, xüsusilə də gənclərimizə bunu da tövsiyə edirik ki, həmişə gözüaçıq olsunlar. Çünki xalqın qarşıya qoyduğu hədəflərə çatmağın yeganə yolu sayıqlığını qorumaqdır”.

Sonda Ali Məqamlı Rəhbər dedi: “Ümidvarıq ki, Allahın lütf və inayəti ilə, yüksək əhval-ruhiyyəli gənclərimiz ölkəni bizdən təhvil alacaq və öz təşəbbüsləri sayəsində onu zirvələrə çatdıracaqlar”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /