Ali Məqamlı Rəhbərin informasiya bloku

Hazırkı şəraitdə tərəqqinin İran-İslam modelini layihələndirmək üçün cürət, şücaət və olduqca güclü stimula ehtiyac var!

Tərəqqinin İran-İslam Modelinin Layihələndirilməsi Mərkəzinin Ali Şurasının və əlaqədar intellektual mərkəzlərin üzvləri bu gün (bazar ertəsi) səhər İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei ilə görüşdülər.

Akademik və teoloji sferanın müxtəlif sahələrində fəaliyyət göstərən ziyalı və müəllimlərin iştirakı ilə baş tutan görüşdə tərəqqinin İran-İslam modelinin layihələndirilməsi istiqamətində həyata keçirilmiş elmi-nəzəri müzakirələrlə bağlı söhbətlər və fikir mübadilələri aparıldı.

Görüş zamanı Ali Məqamlı Rəhbər tərəqqinin İran-İslam modelinin layihələndirilməsinin böyük, qürurverici, uzunmüddətli və dərin əhəmiyyətə malik bir iş olduğunu qeyd edərək vurğuladı: “Tərəqqinin İran-İslam modelinin reallaşdırılması və intellektual elita içərisində genişləndirilməsi üçün cəmiyyətdə bu istiqamətdə diskurs formalaşdırmaq lazımdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Tərəqqinin İran-İslam modelinin layihələndirilməsi, əslində, İslam İnqilabının məhsulunun dünyaya təqdim olunması, İslam ideya və məfkurəsinə əsaslanan, bütün sferalarda yeni və mütərəqqi bir sivilizasiyanın layihəsinin işlənib hazırlanmasıdır. Odur ki bu sahədə fəaliyyətin üfüqlərinə baxış uzunmüddətli olmalı və daim dərinləşməlidir”.

Müasir dünyanın Qərbə xas tərəqqi və sivilizasiya modelinin təsiri altında olduğunu, Qərb sivilizasiyasının həyatın bütün sferalarına hakim kəsildiyini qeyd edən Həzrət Ayətullah Xamenei dedi: “Belə bir şəraitdə tərəqqinin İran-İslam modelini layihələndirmək üçün cürət, şücaət və olduqca güclü stimula ehtiyac var”.

İdeya və məfkurənin bu hərəkatın əsas ruhu olduğunu qeyd edən Ali Məqamlı Rəhbər bildirdi ki, bu uzunmüddətli prosesdə ehtimal oluna biləcək istənilən qüsur və çatışmazlığı düzəliş etmək mümkündür. O dedi: “Bu işdə hər cür tələskənlikdən çəkinməklə yanaşı, yeni təcrübələrdən, gənc istedadlardan da istifadə etmək lazımdır ki, hərəkətverici mərkəz heç vaxt dayanmasın”.

Ölkənin yüksək stimul və əhval-ruhiyyəyə malik gənc alimlərinin nano və nüvə texnologiyaları, müdafiə sənayesi kimi ən qabaqcıl elmi mərkəzlərdə fəaliyyət göstərdiklərini qeyd edən Həzrət Ayətullah Xamenei aşağıdakıları vurğuladı: “Gənclərə etimad göstərmək lazımdır, çünki onlar gənc olduqları üçün tükənmək stimul və optimizmə malikdirlər”.

“Tərəqqinin İran-İslam modelinin layihələndirilməsində işin əsasını islami prinsiplər təşkil etməlidir!” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Modelin layihələndirilməsi işinin bütün mərhələlərində islami prinsiplər dəqiq və kompleks şəkildə nəzərə alınmalı, bu məsələdə heç bir üzgörənlik və şəxsi mülahizələrə yol verilməməlidir!”

Bu işdə teoloji mərkəzlərin imkan və potensialından istifadə etməyin vacib və lazımlı olduğunu bildirən Həzrət Ayətullah Xamenei dedi: “Tərəqqinin İran-İslam modelini layihələndirərkən 4 sferaya: təfəkkür, elm, mənəviyyat və gündəlik yaşama əsaslanmaq lazımdır. Bunlar arasında təfəkkür digər sferalara nisbətən daha əsas və fundamental xarakter daşıyır”.


Ali Məqamlı Rəhbər bildirdi ki, hər hansı bir sivilizasiyanın nöqsan və çatışmazlıqlarını araşdırmaq üçün Qərb sivilizasiyası, onun formalaşma mərhələləri, pik nöqtəyə yüksəlişi, ən nəhayət, müasir dövrdə əlamətləri müşahidə olunan süqutu əyani nümunədir. O dedi: “Qərb sivilizasiyası humanizm təfəkkürü, siyasi qüdrət, daha sonra isə kapitalist yanaşma əsasında formalaşmışdır və pik mərhələsini yaşadıqdan sonra hazırda onun süqutunun və məhvinin əlamətləri özünü göstərməkdədir. Həmin əlamətlər içərisində ən əhəmiyyətlisi cinsi deqradasiya, əxlaqi və cinsi özbaşınalığın kütləvi şəkildə genişlənməsidir”.

Qərb sivilizasiyasının əsas nöqsanlarından daha biri kimi Avropada son bir neçə əsrdə sayı həddən çox olmuş dağıdıcı müharibələri qeyd edən Ali Məqamlı Rəhbər vurğuladı: “Qərb sivilizasiyasında nöqsanların və süqut əlamətlərinin aşkara çıxmasının səbəbi mənəviyyatsızlıq olmuşdur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, nöqsanları minimum səviyyədə olan, mütərəqqi bir sivilizasiyanın qurulmasının əsas şərti İslam dininə söykənən mənəviyyatdır. O, əlavə etdi: “Dini mənəviyyat istedadların üzə çıxarılması, onlardan münasib istifadə, bütün müstəvilərdə arzu olunan və minimum riskli inkişaf üçün zəmin yaradacaq”.

Bu uzunmüddətli, olduqca mühüm və dəqiq işin həyata keçirilməsi üçün cihad ruhiyyəsinə və ixlasa ehtiyac olduğunu vurğulayan Həzrət Ayətullah Xamenei dedi: “Tərəqqinin İran-İslam modelinin reallaşması üçün başlıca şərt bu istiqamətdə diskurs yaratmaqdır”.

“Bu modelin öncə ziyalıların, daha sonra isə gənclərin və sadə xalqın düşüncəsində və varlığında dərin kök salması diskursun yaradılmasından asılıdır” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Diskurs yaratmaq, ziyalı və mütəxəssislərin fikrindən bəhrələnmək yolu ilə, səbir və hövsələ ilə qürurverici, fundamental və dəyərli bir tərəqqi modeli işləyib hazırlamaq lazımdır”.

İclasın əvvəlində Tərəqqinin İran-İslam Modeli Mərkəzinin sədri cənab Dr. Sadiq Vaizzadə çıxış edərək rəhbərlik etdiyi mərkəzin formalaşdırılması prosesi, mərkəzlə əlaqəli çalışan 28 beyin mərkəzi, mərkəzin təsdiq olunmuş vəzifələri çərçivəsində həyata keçirilmiş tədbirlər haqda məlumat verdi.

Dr. Vaizzadə Tərəqqinin İran-İslam Modeli Mərkəzinin fəaliyyətinin ən mühüm müddəaları sırasında aşağıdakıları qeyd etdi:

- Tərəqqinin İran-İslam modeli üçün ehtiyac duyulan elmi-tədqiqat istiqamətlərinin və sferalarının təyin olunması;

- Ölkədə müvafiq modelin yaradılması işinə töhfə verə biləcək beyin mərkəzləri və elmi fəaliyyət zəncirinin müxtəlif halqaları arasında koordinasiyanın yaradılması;

- Elmi iclas və seminarların, ixtisaslaşdırılmış kursların təşkil olunması;

- Elm adamları və elmi mərkəzlərlə əlaqə yaradılması;

- Tərəqqinin İran-İslam modelinin təbliği və genişləndirilməsi, bu istiqamətdə diskurs yaradılması üçün milli imkan və potensialdan istifadə;

- Yeni ideyaların ortaya qoyulması, nəzəriyyələrin işlənib hazırlanması sahəsində gənclərin aktiv fəaliyyətini təmin etmək üçün zəmin yaradılması;

- Başlıca dəyər və prinsiplərə əsaslanacaq tərəqqi modelinin ilkin layihəsinin işlənib hazırlanması;

- Ölkənin inkişafının dəyərləndirilməsi, mümkün risklərin diqqətə alınması, bu istiqamətdə futuroloji proqnozların verilməsi;

İclasın davamında Tərəqqinin İran-İslam Modeli Mərkəzində fəaliyyət göstərən professor və mütəxəssislərdən aşağıda adları qeyd olunmuş 6 nəfəri qurumun beyin mərkəzləri ilə bağlı ixtisaslaşmış mövzulara toxundular:

- Höccətül-İslam vəl-muslimin Dr. Seyidhüseyn Mirmüəzzi – “Ədalət” beyin mərkəzinin təmsilçisi;

- Dr. Salehi – “Elm” beyin mərkəzinin təmsilçisi;

- Höccətül-İslam vəl-muslimin Dr. Əlidust – “Fiqh və İslam hüququ” beyin mərkəzinin təmsilçisi;

- Dr. Zahidi Vəfa – “İqtisad” beyin mərkəzinin təmsilçisi;

- Dr. Zali – “Əkinçilik” işçi qrupunun təmsilçisi;

- Dr. Səbuti – Universitet müəllimi;

- Dr. Fərəhməndpur – “Ailə” beyin mərkəzinin təmsilçisi;



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /