Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

İslam İnqilabı dünyaya “Zülm etmə, zülmə boyun əymə!” mesajını verir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları, qocaman zabitləri və sıravi heyəti ilə bu gün (çərşənbə axşamı) səhər keçirdiyi görüşdə qeyd etdi ki, korpusun parlaq keçmişi xalqın nə qədər böyük şəxsiyyətə malik olmasının və uğurlu təcrübələrinin göstəricisidir. Hamılıqla İslam İnqilabının Keşiyində durmağın nə demək olduğunu açıqlayan Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “İslam İnqilabının əsas və xalqları ən çox cəlb edən mesajı zülm etməkdən çəkinmək və zülmə boyun əyməməkdir. Bütün məsələləri, o cümlədən imperialist dövlətlərin rəftar və davranışlarını imperializm sisteminin bu mesaja qarşı əsaslı şəkildə mübarizə apardığını nəzərə alaraq təhlil və interpretasiya etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei görüş iştirakçılarını Ali-Məhəmmədin alimi Həzrət Əli ibn Musa Rzanın (ə) mübarək mövludu münasibətilə təbrik edərək dedi: “Məsum imamların (ə) mənəvi mübarizəsi ağılla dərk, dillə təsvir olunacaq dərəcədən çox-çox yüksəkdir. Bu böyük şəxsiyyətlərin həyat yolu isə əməli və əbədi bir ibarət dərsidir”.

8-ci imamın 55 il ömür sürdüyünü və təxminən 20 il ümmətə imamlıq etdiyini deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Həzrət Əli ibn Musa Rza (ə) bu nisbətən kiçik müddət ərzində, özü də Harun Ər-Rəşidin şiddətli repressiyalarının tüğyan etdiyi bir vaxtda uzaq müddəti hədəfə alaraq İslamın həqiqətlərini, məsum imamların rəhbərliyi ideyasını və Əhli-Beyt məktəbini elə genişləndirdi və fundamentallaşdırdı ki, dövrün qaniçən diktatura rejimi ona qarşı mübarizə aparmaqda aciz qaldı və ilkin planlarının əksinə olaraq, o böyük imamı şəhid etməyə məcbur oldu”.

8-ci imamın hansı şəraitdə şəhadətə yetişməsinin və müqəddəs Məşhəd şəhərində dəfn olunmasının ilahi bir tədbir və plan olduğunu bildirən Ali Məqamlı Rəhbər dedi: “Məhz imamın həmin motivi və yanaşması əsasında uzun müddətli işləri hədəfə almaq və buna uyğun fəaliyyət proqramları qurmaq lazımdır”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Keşikçi Korpusun həqiqətən parlaq keçmişini yüksək dəyərləndirərək dedi: “Dərin iman və ideologiya ilə cihad və müqavimət meydanına daxil olan Keşikçi Korpus burada ən güclü, ən zəkalı hərbi komandanlar və strategiyaçılar yetişdirməklə yanaşı, qeyri-nizami sferalarda da ən tədbirli və yaxşı rəhbər kadrlar yetişdirərək hökumət strukturlarına təqdim etdi”.

“İnqilabçı kimi yaşamaq, inqilabçı olaraq qalmaq və sabitqədəmlik Keşikçi Korpusun parlaq xüsusiyyətləridir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “Güclü bünövrəyə malik olan bu qurum heç bir zaman “dünyada dəyişikliklər gedir, daxildə də dəyişikliklər vacibdir” kimi bəhanələrlə əsas və düzgün yoldan sapınmayıb”.

Ali Məqamlı Rəhbər bəzilərinin öz peşmançılıq və zəifliklərinə müxtəlif bəhanələrlə don geydirməyə çalışdıqlarını deyərək aşağıdakıları vurğuladı: “Dünyada hansısa dəyişikliklərin getməsi hədəf və amalların dəyişdirilməsi, bura qədər qət edilmiş doğru yolun əvəzlənməsi üçün bəhanə ola bilməz”.

O, əlavə etdi: “İnqilabın keşiyində lazımınca dura bilmək üçün Keşikçi Korpus müxtəlif sferalarda gedən dəyişikliklər və proseslər haqda, mütləq, kifayət qədər və dəqiq məlumata malik olmalıdır”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar olaraq, son zamanlar ölkənin siyasi gündəmində mübahisə obyektinə çevrilmiş bir məqama da toxunaraq dedi: “Keşikçi Korpusun siyasi sferada fəaliyyət göstərməsi vacib deyil, lakin inqilabın keşiyində durmaq üçün reallıqlardan dəqiq surətdə xəbərdar olmaq lazımdır. Odur ki inqilabın qoruyucu biləyi olan bir qurum yanlış yolda olan, yanlış yolda olmayıb xaricdən asılı olan, yaxud digər cürbəcür siyasi cərəyanlara qarşı gözübağlı və məlumatsız vəziyyətdə olmamalıdır”.

Çıxışının davamında inqilabın keşiyində durmaq anlayışının dəqiq olaraq hansı mənanı ifadə etdiyini açıqlayan Ali Məqamlı Rəhbər mühüm bir mövzuya – İslam İnqilabının qarşısındakı əsl və əsas çətinliyin nədən ibarət olmasına toxundu.

“İslam İnqilabının qarşısındakı əsas çətinliyi ikinci dərəcəli çətinliklər, siyasi cinahlar arasında gedən qarşıdurmalar, ayrı-ayrı şəxslər arasındakı fərdi münaqişələr miqyasına qədər kiçiltmək lazım deyil” – deyə vurğulayan Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əsas çətinlik imperializm sisteminin İslam İnqilabının stimulverici mesajına – yəni zülm etməmək və zülmə boyun əyməmək çağırışına qarşı apardığı mübarizədir”.

İslam İnqilabının bəşəriyyətə yeni bir ictimai quruluş təqdim etdiyini bildirən Ali Məqamlı Rəhbər dedi: “İmperializm sistemi bəşəriyyəti iki hissəyə – zalımlara və məzlumlara bölüb. İslam İnqilabı isə gəlişi ilə dünyaya zülmə qarşı mübarizə və zülmdən çəkinmə məntiqini gətirib və bu məntiq İslam İnqilabının mesajlarının İranın sərhədlərində məhdudlaşmamasına, digər xalqlar tərəfindən alqışla qarşılanmasına səbəb olub”.

“Müstəbid rejimlər, imperializmdən asılı olan hökumətlər və beynəlxalq qarətçi şəbəkələr də İran xalqının inqilabının dünyaya verdiyi mesajların əleyhinədir” – deyən Ali Məqamlı Rəhbər əlavə etdi: “İmperializm sistemi və ondan asılı olan dövlətlər üç əsas siyasəti: müharibə törətmək, yoxsulluğa rəvac vermək və əxlaqsızlığı yaymaq siyasətlərini həyata keçirirlər. İslam dini isə bütün bu siyasətlərin əleyhinədir. İslam İnqilabına qarşı yönəlmiş ədavət və düşmənçiliyin kökündə də əsasən bu durur”.

Həzrət Ayətullah Xamenei son 34 ildə düşmənlərin nümayiş etdirdiyi bütün davranış və planları məhz bu başlıca səbəb çərçivəsində analiz etmək lazım olduğunu bildirərək əlavə etdi: “Nüvə məsələsini də məhz bu yanaşma əsasında dəyərləndirmək lazımdır”.

Ali Məqamlı Rəhbər dedi: “Biz Amerikaya, yaxud ondan qeyrisinə görə yox, məhz öz dini əqidəmizin tələbi ilə nüvə silahını qəbul etmirik və əgər deyiriksə ki, heç kəsdə nüvə silahı olmamalıdır, sözsüz ki, özümüz də bu silahı əldə etmək niyyətində deyilik. İrana müxalif olan qüvvələrin isə bu məsələdə əsl məqsədi bambaşqadır”.

O dedi: “Əlbəttə ki, bu bir neçə ölkə nüvə enerjisi ətrafında yaratdıqları inhisarın dağılmasını istəmirlər, lakin hay-küy salmalarının səbəbi bu deyil. Odur ki Amerika və Qərbin, eləcə də onlardan asılı olan cərəyanların bu mövzu ilə bağlı hay-küy və ajiotaj yaratmalarının səbəbini imperializm sistemi ilə İslam İnqilabı arasındakı dərin qarşıdurma çərçivəsində dərk və təhlil etmək lazımdır”.

Həzrət Ayətullah Xamenei imperialistlərin İslam İnqilabına nə qədər dərin ədavət bəslədiklərini daha yaxşı izah etmək üçün aşağıdakıları vurğuladı: “İmam Xomeyni (r.ə) o qədər əzəmətli bir şəxsiyyət idi ki, hətta düşmənlər də onun nüfuz və ehtiramını qəbul edirdilər. Lakin qəlblərinin dərinliyində onlar üçün o parlaq günəşdən daha nifrətəlayiq bir şəxs yox idi. Çünki mərhum imam mükəmməl müdriklik və uzaqgörənliklə onların düşmən niyyətli hədəflərini dərk edir və möhkəm bir sədd kimi qətiyyətlə onların qarşısında dururdu”.

Ali Məqamlı Rəhbər əlavə etdi: “Bu gün də eynilə o cürdür. Kim inqilabın başlıca mesajına daha sadiq olsa, düşmənlərin plan və davranışlarını imperializm sisteminin İslam İnqilabı ilə qarşıdurması çərçivəsində təhlil etsə, düşmənlərin gözündə başqalarına nisbətən qəzəb və nifrətə daha çox layiq olur”.

Diplomatiya aləmindəki mürəkkəb və dolaşıq münasibətlərə toxunan Həzrət Ayətullah Xamenei dedi: “Diplomatiya aləmi üzə gülümsəyib, davamlı olaraq müzakirələr təklif etmək aləmidir. Lakin bütün bu davranışlar yuxarıda qeyd etdiyim o əsas qarşıdurma çərçivəsində qavranmalıdır”.

Ali Məqamlı Rəhbər daxili və xarici siyasətdəki düzgün və məntiqli addımları dəstəklədiyini deyərək əlavə etdi: “İllər öncə qəhrəmancasına yumşaqlıq adlandırdığım məsələni də dəstəkləyirəm. Müəyyən situasiyalarda bu, olduqca yaxşı və lazımlı bir şeydir, lakin bir əsas şərtə riayət etməklə”.

Həzrət Ayətullah Xamenei qəhrəmancasına yumşaqlıq taktikasından istifadə etmək üçün vacib olan həmin əsas şərti aşağıdakı kimi formulə etdi: qarşı tərəfin mahiyyətini dərk etmək və onun qarşıya qoyduğu hədəfləri düzgün anlamaq. O həmçinin dedi: “Texniki güləşlə məşğul olan idmançı da bəzən işlətdiyi texnikanın tələbi ilə bir qədər yumşaqlıq, zəiflik göstərir, lakin rəqibinin kim olduğunu və hansı məqsədi güddüyünü unutmur”.

Çıxışının digər hissəsində Ali Məqamlı Rəhbər Keşikçi Korpusun Baş Komandanının bu qurumun vəzifələri ilə bağlı səsləndirdiyi fikirləri təsdiqləyərək dedi: “Bu vəzifələri keşiyində durmağı öhdənizə götürdüyünüz mövzunu düzgün dərk edərək və sabitqədəmliklə yerinə yetirin”.

Həzrət Ayətullah Xamenei Keşikçi Korpusun şəxsi heyətinə mənəviyyata xüsusi önəm verməyi bir daha təkidlə tövsiyə edərək dedi: “Əlbəttə ki, mənəviyyata önəm vermək işin maddi prinsipləri və düzgün tənzimlənməsi ilə qətiyyən ziddiyyət təşkil etmir”.

Ali Məqamlı Rəhbərin çıxışının yekun hissəsi İslam İnqilabının parlaq gələcəyi ilə bağlı vurğuladığı fikirlərə həsr olundu.

İnqilabın parlaq gələcəyinin aldadıcı bir xülya yox, bir reallıq olduğunu izah etmək üçün Ali Məqamlı Rəhbər iki arqument qeyd etdi. Bu arqumentlərdən birincisi təcrübə arqumenti idi.

“Hal-hazırda ölkənin elm, müdafiə hazırlığı, idarəçilik, iqtisadiyyat və digər sferalarda əldə etdiyi mövqe inqilabın ilk illərindəki mövqeyindən heyrətamiz dərəcədə fərqlənir” – deyən Həzrət Ayətullah Xamenei əlavə etdi: “Bütün bu nailiyyətlər düşmənlərin təzyiqlərinin və məkrli planlarının tüğyan etdiyi bir şəraitdə əldə olunub. Bu dəyərli təcrübə onu göstərir ki, tutduğu yolun doğru olduğunu bilən imanlı, yumruq kimi birləşmiş, qətiyyətli bir xalqın qarşısında heç nə əngəl ola bilməz”.

Ali Məqamlı Rəhbər mövzu ilə əlaqədar aşağıdakıları da qeyd etdi: “Regionda baş verən son olayların İslam dünyasına yaşatdığı zərbə də ondan qaynaqlanırdı ki, bəziləri hansı yolla getməli olduqlarını bilmir, doğru yolu tanımırdılar. Əlbəttə ki, vəziyyət belə qalmayacaq və misilsiz islami oyanış öz işini görəcək”.

Ali Məqamlı Rəhbər İslam İnqilabının gələcəyinin parlaq olacağını sübuta yetirmək üçün qeyd etdiyi ikinci arqumenti məntiq və elmi hesablamalarla əlaqələndirdi. O dedi: “İran xalqı məntiqlə, elmi hesablamalar əsasında irəli gedir. Daxilən ziddiyyətli struktura malik olan düşmən isə dildə boynuna almasa da, geridə qalıb və zəifləyib. Təbii ki, bu qarşıdurmada qələbə dəqiq hesablamalar əsasında hərəkət edən tərəfindir”.

Ali Məqamlı Rəhbər son olaraq dövlətin daxili strukturunun möhkəmləndirilməsi, elmi inkişafın davam etdirilməsi, daxili istehsalın rövnəqləndirilməsi, daxili istedad və potensiala əsaslanma kimi məqamları vurğuladı.

O dedi: “İnqilabın gələcəyinin parlaq olacağı mütləqdir, amma bunun tez, yaxud gec reallaşması xalqdan və rəsmilərdən asılıdır. Belə ki əgər birgə, möhkəm və qətiyyətli olsaq, bu gələcək tezliklə reallaşacaq. Yox əgər tənbəlliyə, eqoistliyə və digər nöqsanlara düçar olsaq, o bizə daha gec nəsib olacaq”.

Görüşün əvvəlində vəli-fəqihin Keşikçi Korpusdakı nümayəndəsi Höccətül-İslam vəl-muslimin Səidi çıxış edərək rəhbərlik etdiyi nümayəndəliyin əsas fəaliyyət istiqamətləri haqda məlumat verdi.

İslam İnqilabı Keşikçiləri Korpusunun Baş Komandanı general Cəfəri də çıxışında korpusun hərbi və mədəni sferalarda qazandığı dəyərli nailiyyətlərə toxundu. O vurğuladı: “İslam İnqilabının təcrübələrindən bəhrələnən Keşikçi Korpus bu gün inqilabın üzləşdiyi bütün çətinlikləri uğurla geridə qoymağa, inqilabi amalları rəhbər tutaraq tərəqqi yolunu başucalıqla qət etməyə qadirdir”.

“Keşikçi Korpus dövlətin, İmam Xomeyninin (r.ə) və şəhidlərin uca tutduğu amalların keşiyində hərtərəfli durmaq vəzifəsini tam məsuliyyəti ilə öhdəsinə götürüb” – deyən general Cəfəri əlavə etdi: “Hərtərəfli müdafiə qabiliyyətinə malik olan Keşikçi Korpus bütün müstəvilərdə hücum qabiliyyətini yeniləyib və daha da yüksək hazırlıq vəziyyətinə gətirib”.



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir


700 /